Tuesday, September 26, 2017

Avstriyalı professor: "Dəyanət Rzayev qətlə yetirilib"

Bu məqaləni qiymətləndir
(0 səs)

Psixoloq Dəyanət Rzayevin meyitinin yaşadığı mənzildə asılmış vəziyyətdə tapılması fərqli versiyalara yol açdı.

Əsasən, intihar faktının üzərində dayanılsa da, D. Rzayevin öldürülməsini də iddia edənlər var.

Qeyd edək ki, tanınmış psixoterapevt Elmir Əkbər ilk dəfə bu iddianı səsləndirmişdi.

Baş Prokurorluq isə psixoloqun qəsdən öldürülməsi iddialarına münasibət bildirib.

“Yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb. Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə  məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”-deyə Baş Prokurorluğun məlumatında bildirilib.

D. Rzayevlə bağlı müəmma dünya psixoloq və psixiatrlarının də diqqət mərkəzindədir. Belə ki, Sankt-Peterburqdakı Viktor Frankl mərkəzində tanınmış avstriyalı professor Harald Mori və Frankl mərkəzinin kuratoru, loqoterapevt Yekatirina Vulfsonun iştirakı ilə D. Rzayevin ölümü müzakirə edilib.
Bu haqda modern.az-a həmin müzakirələrdə iştirak edən Elmir Əkbər məlumat verib.
Dünyada psixoterapevtlərin qətlə yetirilməsindən danışan Harald Mori D. Rzayevin ölümündən dəhşətə gəldiyini bildirib.

“Harald Mori dedi ki, psixoterapevtlərin öldürülməsi rast gəlinən bir haldır. Hətta bu haqda filmlər də çəkildiyini dedi. Harald Mori vurğuladı ki, psixoloq, psixoterapevt ixtisası risk qrupuna daxil olan ixtisaslardır”- deyə E. Əkbər qeyd edib.

Avstriyalı professor psixoloqların öldürülməsinin hansı səbəblərlə bağlı olduğuna da aydınlıq gətirib.

Onları təqdim edirik:
1.Bəzən psixoloqlar, psixoterapevtlər elə sirləri, məlumatları bilir ki, başqa adamlar bundan xəbərsiz olur. Bu sirləri bilməyin özü psixoloq ya da psixoterapevtin özü üçün təhlükə yaradır. Belə ki, konsultasiya, terapiya zamanı psixoloqa elə bir sirr açılır ki! Sonra ola bilər ki, psixoloqun yanına gedən həmin adam, sonradan öz çevrəsində nə dediklərini danışsın. Və ola bilər ki, onun çevrəsi kriminal qruplaşmalardan ibarət olsun. Məsələn, deyə bilər ki, mən filan sirri açıb demişəm. Bu zaman həmin çevrənin insanları qərara alırlar ki, sirr yayılmamalıdır. Buna görə də, həmin sirrin üstüörtülü qalması üçün yeganə yol həmin psixoloqun qətlə yetirilməsidir.
2. Xüsusi risk qrupuna daxil olan adamlar var ki, onlar xüsusi şəxsiyyət pozuntulu insanlar qrupuna aid edilir. Bu cür insanlar çox təhlükəlidir. Bir insan şizofreniya ola bilər, amma bu, təhlükəli deyil. Çünki cəmiyyət özü onu şizofreniya xəstəsi kimi qəbul edir. Xüsusi şəxsiyyət pozuntusu olan insanlar isə tam fərqlidir. Onlar cəmiyyətdə normal insan kimi görünürlər, özlərini normal aparırlar. Amma belələri insanları öldürəcək qədər potensial təhlükədirlər.

Bu məqamda professor Mori öz şəxsi təcrübəsindən də misal çəkib. Onun sözlərinə görə, özü də bu tip insanlarla qarşılaşıb və tezliklə belələrindən uzaqlaşıb. Çünki başa düşüb ki, bu tip adamlarla onları yola gətirməkdən ötrü söhbət etməyin heç bir mənası yoxdur. Halbuki, belə insanlar heç ruhi xəstə də deyillər. Sadəcə onların psixikasında müəyyən defektlər olduğuna görə, onların hədəfinə düşmək çox təhlükəlidir.

Mümkündür ki, belə adamlar müəyyən səbəblərdən dolayı psixoloq yanına getsinlər və ondan məsləhət alsınlar. Adətən isə psixoterapevtlərin qətlində bu cür insanların əli olur.
3. Hüquq-mühafizə orqanlarının apardığı elə əməliyyatlar ola bilər ki, bura psixoterapevtlər də cəlb oluna bilər. Bunlar, adi məsələdir.

Hər halda, avstriyalı professorun düşüncələrində bu qənaətə gəlmək olar.

O qeyd edib ki, sadalanan səbəblərdən biri psixoterapevtin öldülürülməsinə gətirib çıxara bilər. Morinin fikrincə, psixoloqların qətli istənilən halda, peşəkarcasına, səriştəli adamlar tərəfindən həyata keçirilir ki, onlardan heç kim şübhələnməsin. Hətta təhqiqat aparan hüquq-mühafizə orqanlarının əməkdaşları nə qədər peşəkar olsalar belə, bəzən cinayətin üstünü aça bilmirlər.
E. Əkbər bildirib ki, aparılan müzakirələrdən birmənalı olaraq belə nəticə çıxıb ki, psixoterapevt heç bir halda intihar edə bilməz.

“Praktik şəkildə psixoterapevtin özünə qəsd etməsi mümkün olan bir şey deyil. Haral Mori bununla bağlı gözəl bir nümunə çəkdi. Dedi ki, hələ tibb aləmində vərəmi müalicə edən həkimin özünün vərəmə yoluxması faktı qeydə alınmayıb. Hətta qədim dövrlərdə belə. Həkim bir sahədə çıalışırsa, onada həmin xəstəliklərə qarşı immunitet yaranır. Psixoterapevtlərdə də psixi xəstəliklərə qarşı immunitet yaranır.

İkincisi isə bizlər üçün vacib bir qayda var və hamımız buna riayət edirik. Əks halda, aid olduğumuz hər hansı beynəlxalq təşkilat bizi öz sıralarından xaric edə bilər. Şərt budur ki, psixoloqlar özləri ilə ərzində bir neçə dəfə analizdən keçməlidir.  Psixoterapevtlər il ərzində daha təcrübəli və daha savadlı professorların nəzarəti altında superviziyalardan keçir. Bizlər problemlərimizi danışırıq, çətinə düşdüyümüz vəziyyətlər haqqında məlumat veririk.

Üçüncüsü isə, psixoterapevtlər il ərzində öz şəxsi terapiyalarını keçirirlər. Bütün bunlar profilaktikadır. Hələ başqa məqamlar da var. Bütün bunlar əl yeri qoymur ki, hansısa psixoloq, psixoterapevt intihar etsin”.

Oxu 337 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.