Javid Jabbarli

Javid Jabbarli

"Gün gələcək hər birinizdən hesab sorulacaq”

"Baş Prokurorluq iddia edir ki, 2017-ci ilin aprel ayında Bakı İstintaq Təcridxanasında həyatına müəmmalı şəkildə son qoyulmuş siyasi məhbus, blogger Mehman Qelenderovla bağlı cinayət işinin icraatına cinayət hadisəsi olmadığına görə xitam verilib”.

Meydan TV xəbər verir ki, bunu Facebook səhifəsində hüquq müdafiəçisi Oqtay Gülalıyev yazıb. 

O, vurğulayıb ki, "təsəvvür edirsinizmi Heydər Əliyevin heykəli önündə tək başına aksiya keçirdiyinə görə insanı narkotika ittihamı ilə şərləyib həbs edirlər, ağır işgəncələr verirlər, "sən həbsxanadan salamat çıxmayacaqsan” deyə xəbərdarlıq və təhdid edirlər, sonra həyatına son qoyurlar”.

O.Gülalıyev xatırladıb ki, M.Qələndərovun nəşini yaxınlarına verməyib gizlicə dəfn ediblər.

"Sonra da deyirlər ki, adamın ölümündə cinayət hadisəsi olmadığına görə görə cinayət işinə xitam verilir. Bir nəfərimizin də qanını belə batırmaq istəyirlər. Amma batmayacaq. Gün gələcək həyatını qaraltdığınız, ömrünə son verdiyiniz Mehmanlarla, Elmarlarla, Rasimlərlə bağlı sizlərin hər birindən hesab sorulacaq. Etdiyiniz cinayətlərə görə. Mən buna adım kimi əminəm!”

Həbsdə olan siyasi fəal Mehman Qələndərovun Kürdəxanı İstintaq Təcridxanasında aprelin 28-də saxlandığı kamerada müəmmalı şəkildə intihar edib.

Mehman Qələndərov bloger fəaliyyəti ilə məşğul olub. 2016-cı ildə Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən "Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. Eyni zamanda o heykəl önünə gedərək, "heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələb edib. Tbilisidən Bakıya qayıtdıqdan sonra 7 fevral 2017-ci ildə narkotika ittihamı ilə həbs olunub.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun Mehman Qələndərovla bağlı bəyanatında deyilir ki, "müəmmalı ölümündən xeyli müddət keçməsinə, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq qurumlar, o cümlədən ABŞ Dövlət Departamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi tərəfindən ölüm faktının səbəblərinin obyektiv araşdırılması haqda çağırışlara baxmayaraq, hökumət bu istiqamətdə yetərli addımlar atmayıb”.


Xeber.İnfo-a daxil olan məlumata görə, Bakı kəndlərində məmurlara məxsus pomidor parniklərində çalışan xanımların şəxsiyyət vəsiqələri yığılır. Parnikdə çalışan bir xanım adının açıqlanmasını istəmədən qeyd edir ki, şəxsiyyət vəsiqəmizi tələb edirlər. Deyirlər ki, İlham Əliyev gələcək, onunla görüşmək üçün vəsiqələrinizi gətirin qeydiyyatdan keçin. Seçkiylə bağlı olduğunu başa düşürük. Çox güman ki, vəsiqələrimizin seriya nömrələrini götürüb bizim yerimizə İlham Əliyevə səs verəcəklər. Lakin əlacsız qalıb burda işlədiyimiz üçün etiraz edə bilmirik. Çoxumuzun həyat yoldaşı iş tapa bilmir, biz də məcburuq, heç olmasa çörək pulumuz çıxır. Etiraz eləsək acından ölərik.

Qeyd edək ki, bir bir müddət əvvəl İlham Əliyev pomidor monopoliyasını kürəkəninə həvalə etmiş və dövlət büdcəsindən böyük məbləğdə vəsait ayırmışdı.


Milli məclisin bu gün keçirilən iclasında deputat Arif Rəhimzadə ilə spiker Oktay Əsədov arasında narazılıq yaranıb.

Ədliyyə nazirinin müavini Vilayət Zahidovun çıxışından sonra söz alan Arif Rəhimzadə ona vaxtında söz verilməməsindən şikayətlənib: “Burada prosedurlar belədir ki, adətən hesabatlardan sonra Milli Məclisin komitə sədri çıxış etməlidir. Ondan sonra deputatlar danışmalıdır. Ancaq Vilayət Zahidoov danışandan sonra mənə söz verilmədi. Çıxış-zad etmək fikrim yoxdur”.

Oktay Əsədov isə Rəhimzadənin bu iradına adekvat cavab verib: “Arif müəllim, çıxış etmək fikriniz var idisə, çıxışa yazılaydınız. Sizin bu “pretenziya”nızı başa düşə bilmirəm. Burda kimə məhdudiyyət yaradılır ki? Kim istəyir o da çıxış edir”.

Qeyd edək ki, spikerin bu sözlərindən sonra deputat fikrindən daşınmayıb.


Cənab Abdullayev, cəmiyyətin aydınlığa çıxmasına xidmət etməyən kitab kağız və mürəkkəbdən başqa bir şey deyil!

Növbədənkənar prezident seçkiləri cəmiyyətdə ciddi parçalanma yaradıb. Qarşılıqlı ittihamlar, təhdidlər, təhqirlər sosial şəbəkələrin əsas “bəzəyi”nə çevrilib. Normal və ədalətli seçkilər keçirə bilmədiyimiz kimi, normal dialoq da qura bilmirik.

Çox uzatmadan keçirəm mətləbə. Deməli, fevralın 9-da Anar, Fərhad Xəlilov, Fərhad Bədəlbəyli, Şəfiqə Məmmədova, Çingiz Abdullayev, Amaliya Pənahova, Afaq Bəşirqızı, Azərpaşa Nemətov və digərlərindən ibarət “ziyalı”lar bir yerə toplaşıb İlham Əliyevə dəstək olduqlarını bildiriblər. (Ziyalı sözünü dırnaqda ona görə yazdım ki, adını çəkdiyim bu zatların heç biri bu termini haqq eləmir). Bəyanat sosial şəbəkələrdə kəskin tənqid edilir, hətta seçki qanunvericiliyinə zidd olduğu vurğulanır. Məncə belə də olmalıydı. Amma və lakin hər cümləsində ziyalı olduğunu böyük hərflərlə camaatın gözünə soxan Çingiz Abdullayev kiçik və yarımçıq müsahibə verib. Adam danışdıqca özünü rüsvay edib. Əvvəlcə, onun dediklərindən bir neçə “nümunə” göstərim, sonra ziyalı sözünün mənasıni və kimə deyildiyini xatırladacam.

Abdullayev niyə İlham Əliyevə dəstək vermək istədiniz - sualını belə cavablandırır: “Birincisi, mən onu 30 ildən çoxdur tanıyıram. İkincisi də, mən üç dəfə onun vəkili olmuşam. Bəs mən kimin tərəfində olmalıyam? Məni qınayanlar başa düşmürlər ki, üç dəfə seçkilərdə onun vəkili olmuşam. O dəfələrlə deyib ki, mənim kitablarımı bəyənib, oxuyub. Bundan başqa, mən fikirləşirəm ki, doğrudan da, bu namizədlərin arasında ən yaxşısı budur. Ona görə də mən ona səs verməyə çağırmışam, vəssalam.

Sən demə, İlham Əliyev Çingizin kitablarını oxuyurmuş və bəyəndiyini də deyirmiş. Cingizin kitablarını kim çox oxuyursa, Abdullayevin məntiqilə ona səs verməlidir. Gerizəkalıq deyilmi?

Özünü həm də hüquqşünas kimi təqdim edən Abdullayev 25 il əvvələ qayıtmağı da unutmur. Zamanında mərhum Elçibəyi tənqid etdiyini deyərək, jurnalistləri axmaq adlandırır: “1993-cü ildə səkkiz adam ovaxtkı prezident Əbülfəz Elçibəyin evinə gedib bütün narazılıqlarımızı dedik... Hələliksə, axmaq jurnalistlər bunu başa düşmürlər.

Ç.Abdullayev jurnalistlərə axmaq desə də, özünə qarşı hörmətin zəruriliyini iddia edir: Bu necə xalqdır...? Hər şey keçib gedəcək, amma tarixdə o qalacaq ki, hansısa vicdansız öz ziyalılarını təhqir edib, söyüb. Görünür, utanmırlar”.

Adam bir şeydə haqlıdır, bir şeydə isə haqlı olduğunu demək mümkün deyil. Razıyam, ziyalısını dinləməyən, təhqir edən cəmiyyət mütləq tarixə vicdansız kimi düşəcək. Hətta ən çətin sınaqlarla üzləşə bilər və daim problemlərlə yaşayar, deyə də bilərik. Razı olmadığım cəhət isə özünü zorla cəmiyyətə ziyalı kimi pərçəmləməsidir.

Etiraf edək ki, biz ziyalı sözünü çox yanlış istiqamətə aparmışıq. Bir tərəfi qırılmış yüyənlə yabı sürməyin aqibəti gözdən olmaqdır. Yabı gedib girəcək kol-kosun içinə, gerisi məlumdur. Cəmiyyət ziyalı hesab etdikləri şəxs(lər)in çiyinlərində işığa çıxar. Biz isə özümüzü aldadıb kor yabılardan ziyalı düzəltdiyimiz üçün qaranlıqdan çıxa bilmirk.

O zaman, ziyalı kimdir – sualı aktuallaşır. Lüğət kitablarına baxsanız, görəcəksiniz ki, “ziya” nur, “ziyalı” isə nurlu deməkdir. Ziya və ziyalı sözlərini aydın və aydınlıq kimi də izah etmək olar. Əslində sözün mənası hər şeyi aydın göstərir. Lakin mən bir az da izaha lüzüm görürəm. Bu sözün mənbəyindən dolayı müqəddəs Qurana nəzər salaq. İlahi kitabda ziya sözü Allahdan başqa iki obyektə aid edilib.

a)Günəş; “O Allah günəşi  işıqlı (aydın) və ayı nurlu edəndir...” (Yunis surəsi, 5-ci ayə)

Ərəb dilində latin əlifbası ilə ayəni yazıram: “Huvəlləzi cəələş-şəmsə ziyaən vəl qəmərə nurən...”.

Günəş dünyamızı işıqlandırdığı üçün ziyalı adlandırılıb. Çünki bütün yaranmış günəşin ziyasından faydalanır.

b) Həzrət Musa; “Həqiqətən biz Musa və Haruna haqqı batildən ayırmaq vasitəsi, aydınlıq və təqvalılar üçün öyüd-nəsihət verdik”. (Ənbiya surəsi, 48-ci ayə)

Yenə ərəb dilində latin əlifbası ilə ayəni yazıram: “Və ləqəd atəyna Musa və Harunəl furqanə və ziyaən və zikrən lilmuttəqin”

Həzrət Musa və Harun peyğəmbərlərə haqqı batildən ayırmaq vasitəsi və aydınlıq verildiyi deyilir. Ziya haqqı batildən ayırmaq üçün həm də verilib. Kimsə soruşa bilər, bütün peyğəmbərlər haqqı batildən ayırmaq üçün görəvləniblər, niyə məhz Musa və Harun barəsində ziyalı termini işlədilib? Bu ayənin geniş izahında bütün suallara cavab tapmaq olar. Lakin yazının həcmini nəzərə alaraq, bir paralellik aparmaqla həqiqətin üstünə işıq tutmağa çalışacam. Əvvəl ziya (işıq, aydın) yaranır, sonra ziyalı (işıqlı, aydınlıq) meydana çıxır. Deməli hər ziya, ziyalı ola bilməz. Amma hər ziyalı mütləq ziya olmalıdır. Bu məsələnin incəliyi verilən görəvin yerinə yetirilməsindən asılıdır. Ziya o zaman ziyalı olur ki, ətrafı işıqlandırsın. Məsələn, Allah günəşi ziya olaraq yaradıb. Günəşin vəzifəsi ətrafı işıqlandırmaqdır. Vəzifəsini yerinə yetirdiyi üçün ziyalı yaxud işıqlı adlandırır. Həzrət Musa və Haruna da cəmiyyəti işıqlandırmaq görəvi verilmişdi. Ayədə qeyd olunur ki, Musa və Haruna haqqı batildən ayırmaq vasitəsi (fürqan) əta etdik, həmin vasitə ziyadır. Musa və Harun görəvlərini yerinə yetirincə ziyalı (işıqlı) oldular. Quranda Həzrət Musanın bir gəncin qətlini açması və həqiqi Tanrıdan üz döndərərək buzov pərəstişinə yönələn bir cəmiyyəti yanlış düşüncədən sağlam əqidəyə yönəltdiyi bəyan edilir.

Amma Həzrətin Musanın görəvi bunlarla tamamlanmır. O, haqqı batildən ayırmaq vasitəsi ilə silahlanıb dünyanın ən böyük diktatoruna qarşı savaşa girir və qələbə qazanaraq insanlara haqq yolu göstərir. Həzrət, cəmiyyəti kölə vəziyyətinə salmış “mən sizin ən böyük Tanrınızam” deyən Fironun qarşısına çıxır. Musa insanların düşüncəsini işıqlandırır və cəmiyyətə Fironun Tanrı olmadığını izah edir. Nəticədə, uzun illər diktatora baş əyən cəmiyyət aydınlığa çıxır.

Ziyalı, bütün varlığı ilə çirkaba batan, cinayətə bulaşan bir cəmiyyəti xilas edən şəxs(lər)ə deyilir, cənab Abdullayev. Siz özünüzü ziya hesab edərsiniz, bunun əksini heç kim söyləyə bilməz. Lakin ziyalı ola bilməzsiniz. Çünki, sizin əsas fəaliyyətiniz ədalətsiz və saxta przidenti dəstəkləməkdir. Yazdıqlarınıza gəldikdə, cəmiyyətin aydınlığa çıxmasına xidmət etməyən kitab kağız və mürəkkəbdən başqa bir şey deyil!

ad0145173c00f7fe99af7442fbe6a818 XL

 

 

 

 

 

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist


Polis əhmədovlar ailəsinə qarşı təhdid və təzyiqlərini dayandırmır.

Almaniyadan siyasi sığınacaq istəyən ictimai-siyasi fəal Lamiyyə Əhmədovanın ailəsini polis təhdid edir.

Bu barədə Xeber.İnfo-a L.Əhmədova məlumat verib.

30124663 187525338535568 4181748689607327744 nL.Əhmədova bildirib ki, Almaniyanın paytaxtı Berlində keçirilən mitinqə qatıldığı üçün qaynı Elxan Əhmədovu polis təhdid edib: “06 fevral 2018-ci il tarixdə Berlində təşkil olunan mitinqə qatılıb, Azərbaycan hakimiyyətinə səslənmişəm ki, ölkədə korrupsiya və məmurözbaşınalığına son qoyulsun. Günahsız insanlar saxta ittihamlarla həbs olunmasın, insan hüquq və azadlıqlarına hörmət olunsun, məhkəmələrdə rejimin sifarişiylə ədalətsiz qərarlar çıxarılmasın. Həmin mitinqdən bir neçə gün sonra polis qaynım Elxan Əhmədovun Sumqayıt şəhərində yaşadığı ünvana gələrək, onu həbs edəcəyini bildirib. Yaşlı qayınanam və digər qohumlarım qorxu içindədirlər. Polis onlara deyib ki, guya mən Almaniyada dövlətin əleyhinə fəaliyyət göstərirəm. Mitinqlərdə iştirakımı davam etdirəcəyim halda qaynım E.Əhmədovu həbs edəcəklərini deyiblər”.

L.Əhmədova bu hadisənin ilk olmadığını bildirib: “Bir müddət əvvəl Sumqayıt polisi bacım və kürəkənimi təhdid edirdi. İndi də qaynıma qarşı təzyiq göstərir. Hakimiyyət siyasi fəalları həbs edə bilmədiyi üçün onların qohumlarını təhdid altında saxlayır. Mühacir həyatı yaşayan siyasi fəalların bir çoxunun qohumları həbs olunub. Bu yolla hakimiyyət bizim siyasi mübarizədən əl çəkəcəyimizi düşünür. Biz hüquqlarımız uğrunda son qədər mübarizə aparacağıq”.


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev İran hökumətinin dəvəti ilə qonşu ölkədə İslam İnqilabının 39 illiyinə həsr olunmuş tədbirlərdə iştirak üçün Tehrana gedib.

VİP sədrinin bir neçə gün davam edəcək səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin türk əsilli deputatları və siyasi dairələrin təmsilçiləri ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın siyasi partiya sədrinin İrana rəsmi səfəri nadir hadisələrdən biridir.


Partiyanın Məclisi qərar verdi

Müsavat Partiyasının Məclisi fevralın 10-da növbəti toplantısını keçirib.

Ali Məclis 11 aprel prezident seçkisində iştirak etməmək haqda qərar qəbul edib.

Partiyadan verilən məlumata görə, 81 məclis üzvündən 6 nəfər bitərəf qalıb, 12 nəfər isə qərarın əleyhinə səs verib.


Siyasi mühacir Məmməd Qurbanovun həyat yoldaşı bu gün bandotdelə aparılıb. 3-4 saatdır heç bir xəbər yoxdu

Almaniyada siyasi mühacir kimi yaşayan, Naxçıvanlı iş adamı, 2011-2013-cü illərdə Naxçıvanda Vasif Talıbov və Əhməd Əhmədov tərəfindən ağır işgəncələr görmüş Məmməd Qurbanovun həyat yoldaşı Fəridə Qurbanova bu gün Polis Əməkdaşları tərəfindən aparılmışlar. Qeyri-rəsmi məlumata görə F.Qurbanovanı aparanlar Banditizəmə və Terrorizmə Qarşı Mübarizə İdarəsinin əməkdaşları olub.

Məlumatı verən siyasi mühacir M.Qurbanov bildirir ki, baş verənlər onun ictimai fəaliyyətilə bağlıdır: “Həyat yoldaşımdan və digər ailə üzvlərimdən bir tələb var. Mən siyasi fəaliyyətimi dayandırım. İlham Əliyevin və Vasif Talıbovun diktatura rejimi haqqında danışmayım”.

Memmed qurbanovMəmməd Qurbanov bildirir ki, bu gün həyat yoldaşının polisə aparılması onun 6 fevral 2018-ci ildə Berlin mitinqində iştirakıyla bağlıdır. “Əslində mən öz fikirlərimi son dövrlər daha az yazıram. Çünki, dəfələrlə facebook hesabım bağlanılır. Bu o deməkdir ki, həyat yoldaşımın polisə aparılması Berlin mitinqində mənim və siyasi mühacir olan kürəkənim Nadir Məmmədovun iştirakıyla və Almaniyanın Xarici İşlər Nazirliyinin qarşısında Heydər Əliyevin şəkli olan plakatın aşırılmasıyla bağlıdır”.

M.Qurbanov siyasi təzyiqlərə görə qohumlarıyla əlaqələrinin kəsildiyini də bildirdi: “Artıq bəzi qohumlarımız bizdən imtina etməyə məcbur olublar. Ailə üzvlərimlə də normal əlaqə saxlaya bilmirəm. Onlar hətta telefonda belə mənimlə danışmağa qorxurlar”.

Məmməd Qurbanov sonda onu bildirdi ki: “60 yaşlı şəkər xəstəsi olan həyat yoldaşıma bildiriblər ki, onu narkotika adıyla həbs edəcəklər. Bu siyasi hakimiyyətin əsl gerçək üzünü göstərir. Çünki, hamı bilir ki, nə Qiyas İbrahimov, nə Bayram Məmmədov, nə də həbsdə olan digər gənclər narkotika ilə bağlı adam deyillər”.


Mahir Şəkərov Elşad Mirinin müqəddəsliklə bağlı yalanını Quranla ifşa etdi.

Quranın müqəddəsliyini birbaşa təsdiq edən ayələr. (Quran, İncil, Zəbur, Tövrat və səhiflər də müqəddəsdir)

Bəziləri iddia edir ki, Quranın müqəddəsliyini təsdiq edən birbaşa ayə yoxdur. Lakin belə deyildir. Quranın müqəddəsliyinə birbaşa dəlalət edən ayələr mövcuddur. Həmin ayə həm də isbat edir ki, Qurandan öncə nazil olan Tövrat, İncil, Zəbur və digər səhiflər də müqəddəsdir. Söhbət “Bəyyinə” surəsi 2-ci, “Əbəsə” surəsi 13 və sair bu qəbildən olan ayələrdən gedir. Həmin ayələri oxuyaq:

“(Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan , Allah tərəfindən göndərilmiş peyğəmbərdir.” (“Bəyyinə” surəsi, 2)

“(Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.” (“Əbəsə” 13)

 Müqəddəs kitabımızda Allah səhifələri “pak”, “hörmətli” və “şərəfli səhifələr” adlandırır. Bilirik ki, “müqəddəs” sözünün məna çalarlarından biri də “pak”, “hörmətli”, “şərəfli” deməkdir.

Öncəki səhifələr niyə müqəddəsdir? Həmin ayələrin davamında var. Çünki, Allah tərəfindən nazil olub və orada ilahi hökmlər vardır. (Bax: “Bəyyinə” surəsi, 3)

“Bəyyinə” surəsində səhiflərin paklığına dəlalət edilir. Sözün qısası Quranın söz açdığı o paklıq və hörmətli olmağı elə müqəddəslik deməkdir. Quranın bu ayələrinə əsasən Qurandan öncə peyğəmbərlərə nazil edilmiş kitab və səhifələr də müqəddəsdir. Bəli, Tövrat, Zəbur, İncil də müqəddəsdir

Beləliklə Quran “Quranın müqəddəsliyinə dair Quranda heç bir ayə yoxdur” deyənlərin yalanını üzə çıxartmış oldu. Bəli Quranda dəlil var! Sadəcə görmək istəmirsən. Çünki, sən müqəddəs Quranda eyib ardıncasan. Sən görmək istədiyini görmək istəyirsən.

Mahir Şəkərov

İlahiyyatçı, araşdırmaçı.


Vicdan məhbusu Taleh Bağırzadə adının əfv siyahısına salınmasına etiraz edir. O, fevralın 9-da bu barədə açıqlama yayıb. Hazırda Qobustandakı qapalı həbsxanada saxlanılan T.Bağırzadə açıqlamada bildirir:“Bu yaxınlarda İşçi Qrupun əfv olunmasını tövsiyə etdikləri şəxslərin siyahısını hazırladıqlarını öyrəndim. Eşitdiyimə görə, siyahıda mənim də adım var. Buna etiraz edirəm. Birinci, ona görə ki, əfv üçün İlham Əliyevin masasının üstünə qoyulacaq siyahıda adımın olmasını istəmirəm. Mən bu müqəddəs mübarizəyə ona görə başlamadım ki, zalımın mərhəmətinə sığınım…

İkinci səbəb odur ki, niyə o siyahıda Hacı Mövsümün, Haçı Abgülün, Elcin Qasımlının, Nicat Əliyevin və digər dindarların adı yoxdur? Necə olur ki, eyni şəkildə şərlənib həbs olunan dindarların adı o siyahıya daxil edilmir, amma mənim adımı ora salıb, hələ bunu ədalətli əməl kimi də dilə gətirirlər?
Bu haqsızlıqdır və mən buna etiraz edirəm.

Nəhayət, İşçi Qrup niyə digər dindarları siyasi məhbus kimi tanımayıb? Mütəşəkkil cinayətkar dəstə donu geyindirmək üçün günahsız dindarları həbs edib, sonra mənim adımı siyasi məhbus kimi əfv siyahısına salıb, onları isə heç siyasi məhbus kimi tanımamaq hansı məntiqə sığır?

Əgər onların adını “İslamçı”, “dindar”dır deyə, ora salmırsınızsa, bilin, mən fəxr edirəm ki, İslamçıyam və adım müqəddəs İslam dini ilə yanaşı çəkilir. Əgər dindarlardan çəkinirsinizsə, o zaman mənim də adımı o siyahıya salmayın.

Mənim və qardaşlarımın müqəddəs mübarizəsində Allahın köməyi bizə yetər. Çünki ən böyük və ədalətli vəkil Odur!”

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da polisin Nardaranda keçirilən polis əməliyyatında həbs olunub. Ona 20 il həbs cəzası verilib.

Həmin əməliyyatda və ondan sonra yüzə qədər dindar həbs edilib.

Taleh Bağırzadə və digər dindarlar özlərini təqsirli bilmir. Şərləndiklərini, əməliyyatda ölən altı nəfərin hamısının polislərin özləri tərəfindən qətlə yetirildiklərini, onların heç birində silah olmadığını, namaz qıldıqları yerdə polisin silahlı hücümuna məruz qaldıqlarını bildiriblər. Bəyan ediblər ki, onların nə ölkənin konstutision quruluşunu dəyişmək, nə də dini dövlət yaratmaq niyyəti olmayıb. Həbslərinin yeganə səbəbi isə hakimiyyəti, o cümlədən İlham Əliyevin siyasətini tənqid etmələri olub.


44 -dən səhifə 268