Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyevin haqqında dələduzluq iddiası ilə bağlı redaksiyamıza şikayət daxil olub. 

Şikayətçilər Qaynarinfo-ya müraciət edərək bildirib ki, İbrahim Əliyev Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Bağlar" adlanan ərazidə onlara məxsus olan təqribən 4 sotluq torpaq sahəsini qanunsuz olaraq zəbt edib və hasarlayıb. 

Şikayətdə qeyd olunur ki, İbrahim Əliyev həmin ərazidə torpaq sahəsi olan 4 nəfər vətəndaşın istifadə etdiyi yolu da bağlayıb:

"İbrahim Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bizə təzyiq göstərir. Bizdən xəbərsiz torpaq sahələrimizi hasarladıb. Həmin ərazininin qonşuluğunda İbrahim Əliyevin 22 sotluq torpaq sahəsində tikilmiş 2 mərtəbəli dəbdəbəli villası var. İndi bizim torpaqları da öz həyətinə birləşdirmək istəyir. Deyir ki, "yuxarılarda" adamım var, gedin hara müraciət edirsiniz edin, heç kəs bu torpağı məndən ala bilməz!", - deyə şikayətçilər bildirib.

Şikayətçilər İbrahim Əliyevin qanunsuz əməlləri ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və Birinici vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşır.

Çərşənbə axşamı, 20 Fevral 2018 00:00

Əziz Orucov həbsdə qaldı - VİDEO

Yazan

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi "Kanal 13” İnternet televiziyasının icraçı direktoru Əziz Orucovun barəsində hökmdən şikayəti təmin etməyib. 

Məhkəmə iclasına hakim Əmir Bayramov sədrlik edib.

Vəkil Cavad Cavadov 2016-cı ilin yayında qəbul edilmiş Cinayət Məcəlləsinin 192-ci maddəsinin (qanunsuz sahibkarklıq) yeni redaksiyasının şərhi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.

Yeni redaksiyaya görə, qanunsuz sahibkarlıq vergi uçotuna dayanmadan fəaliyyət göstərmək və lisenziya almaqdır (əgər tələb olunursa).

Lakin istintaq materiallarında guya maliyyə pozuntusuna görə adı keçən Qafqaz Media Araşdırmaları Mərkəzi vergiödəyicisi olub. Onun fəaliyyəti üçün lisenziya tələb edilməyib.

Sonra müdafiə tərəfi müttəhimin qardaşı Anar Əzizovun rəhbərlik etdiyi həmin QHT-nin fəaliyyətinin maliyyə yoxlanışı haqqında aktı imzalayan ekspertlərin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Vəkil diqqəti ona yönəldib ki, akt formal olaraq tərtib edilib və ora Zöhrab İsmayılın rəhbərlik etdiyi başqa bir QHT-nin yoxlanmasına dair rəyi daxil ediblər. Ancaq məhkəmə hər iki vəsatəti təmin etməyib.

Vəkil C.Cavadov deyib ki, ittihamın Ə.Orucova aidiyyatı yoxdur. Çünki o, Qafqaz Media Araşdırmaları Mərkəzində heç bir post tutmayıb, qrant almayıb və sənədləri imzalamayıb.

Vəkil Bəhruz Bayramov da cinayət işini qərəzli adlandırıb və Ə.Orucova bəraət verilməsini istəyib.

Ə.Orucov ittihamın və cinayət işinin əsasının olmadığını bildirib. O, maliyyə yoxlamasına dair ekspertiza aktının saxtalaşdırıldığını deyib. Belə ki, bu sənəddə başqa QHT-dən və onun rəhbərindən danışılır.

Bununla belə, məhkəmə şikayəti təmin etməyərək, birinci insansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Demokratik ictimaiyyətin nümayəndələri, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli prosesi izləyib.

Müdafiə tərəfi qərar ilə razı deyil və Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Ə.Orucov özünü təqsirli bilmir. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

https://www.youtube.com/watch?v=b6_c1H1Rh4E

Çərşənbə axşamı, 20 Fevral 2018 00:00

Eldar Namazov kəndinə gəldi

Yazan

Eldar Namazov İlham Əliyevin namizədliyini müdafiə edib. O Eldar Namazov ki, 2013-cü ildə Milli Şuranın təsisçilərindən biri idi.

Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında spekulyasiyalar gedən vaxt o, Milli Şuranın seçki qərargahının rəhbəri təyin edilmişdi.

Milli Şuranın seçki qərargahının ACP qərargahında keçirilən iclasında onunla ciddi mübahisəm olmuşdu:

Eldar Namazov “yerin yiyəsi” olaraq tapşırıq verdi ki, partiyalar seçkidə imza toplayası, müşahidəçi olası adamların siyahısını ona təqdim etsinlər. Dedi ki, həmin şəxslər üçün təlim də keçəcəyik.

AXCP, Ziyalılar Forumu, ACP, ALP və digər təşkilatların nümayəndələri hərəsi böyük bir rəqəm səsləndirib bu siyahıları verəcəklərini bildirdilər.

Mən isə Müsavatın təmsilçisi olaraq, dedim sizə niyə siyahı verməliyik ki?! Dedim sol əllə sağ qulağı tutmaqdansa, sadəcə toplanası imzaların və müşahidə olunası məntəqələrin bölgüsü aparılmalıdır. Dedim ki, Müsavat həm imzaların, həm də məntəqələrin azı yarısını öz üzərinə götürə bilər. Müsavatçıların, cəbhəçilərin görəcəyi işdə Eldar Namazovun vasitəçiliyinə nə hacət var axı? O, yenə dedi ki, təlim keçəcəyik, pul xərcləyəcəyik. Cavab verdim ki, müsavatçılar imza və müşahidə məsələsində şəxsən sizə təlim keçə bilər və heç vaxt haqq mübarizəmizi pulla aparmamışıq.

Aramızda mübahisə qızışdı. ALP-dən Əvəz Temirxan və AXCP-dən 3 nəfər – Asəf Quliyev, Rafiq Daşdəmirli və Gözəl Bayramlı (Allah qapısını açsın) Eldar Namazovun mövqeyini müdafiə etdilər, daha dəqiqi, həmişəki kimi Müsavatın mövqeyinə qarşı getdilər.

Amma mən dirəndim. Mübahisəni uduzduğunu, arqument tapmadığını görən Eldar Namazov mənə xatırlatdı ki, bu iclasın sədri odur və o, söz vermədən kimsə danışmalı deyil. Ona cavab verdim ki, biz Anar Yusifoğlunun debatında deyilik, və burada ciddi bir məsələni müzakirə edirik.

Axırda mən deyən oldu. Siyahı vermədik, onların patronajlığı olmadan özümüz imza topladıq. Rüstəm İbrahimbəyov yox, Cəmil Həsənli üçün lazım olan imzaların təqribən 70-75 faizini müsavatçılar topladı. Məntəqələrdə müşahidəçilərimiz saxtakarlığa qarşı mübarizə apardı, pozuntular barədə aktlar, şikayətlər tərtib etdi. O cümlədən Avropa Məhkəməsinə şikayətlər verildi. Amma ona qədər Rüstəm İbrahimbəyov kimi, artıq Eldar Namazov da  Milli Şurada ön sıralardan çəkilmişdi. O vaxtdan sonra Eldar Namazovun adı bir də bu gün gündəmə gəldi. İlham Əliyevi müdafiə etməsi ilə…

Bu həmin Eldar Namazovdu. O Eldar Namazov ki, Heydər Əliyevin sağlığında televiziyalar üzərində hakimiyyətin senzoru rolunu icra edirdi. Üstəlik, “Panorama”, “Ekspress” kimi hakimiyyətyönlü qəzetlərin kuratoru idi.

Eldar Namazov Heydər Əliyevin katibi vəzifəsində işlədiyi dövrdə Space TV-də siyasi reportajlar hazırlayan həmkarlarım deyirdi: “Bizim bütün reportajlarımız Eldar Namazov yoxladıqdan sonra efirə gedir. Əgər bu reportajlarda Müsavatın xeyrinə yozulası bir şey varsa, qayçılanır”.

Spase TV… Sevil Əliyeva… İlham Əliyev… hünkarın övladları olan bacı-qardaş arasında ziddiyət və onların barışması… Budasizə xartiyalarEldarNamazovunpersonası buqədərbəsitimiş…

Bu, həmin Eldar Namazovdu. O, mövqeyini indi yox, əvvəl dəyişmişdi, indi sadəcə, türklər demiş, kəndinə gəlib.

Mustafa Hacıbəyli

Mirmahmud Mirəlioğlu: ”Bundan sonra, o, bu cür fəaliyyətlə məclisə bərpa oluna bilməz”

1518964267 miri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin 17 fevral toplantısında Oqtay Gülalıyevin məclisdəki fəaliyyətinə xitam verilib.

 O.Gülalıyevin özü iclasa qatıla bilməyib.

 Bildirilir ki, Oqtay Gülalıyevin məclis üzvlüyündən çıxarılması təklifini sədr   Mirmahmud Mirəlioğlu verib. Onun fikrincə, O.Gülalıyev destruktiv fəaliyyətlə   məşğuldur.

 Partiya sədri Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevin məclis üzvlüyündən   çıxarılmadığını, məclisdəki fəaliyyət səlahiyyətlərinə xitam verildiyini bildirib:

  “Nizamnaməni pozduğuna görə fəaliyyət səlahiyyətlərinə xitam verilib. Sadəcə, iclasda iştirak etmədiyinə görə biz onun səlahiyyətlərinə xitam verdik, çıxarıla da bilərdi. Bundan sonra, o, bu cür fəaliyyətlə məclisə bərpa oluna bilməz, təşkilatdaxili məsələdir, qeyri-adi bir şey yoxdur”.

Oqtay Gülalıyev isə qərardan təəssüfləndiyini və partiyanın müvafiq strukturlarına şikayət edəcəyini bildirib:

“Əslində, təklifi sədr özü verib və bu, nizamnamə pozuntusudur. Ən əsası üzrlü səbəbdən iştirakım olmadan mənim məsələm qoyulub və qərar qəbul edilib. Mən KXCP-də vəzifə üçün olmamışam, vaxtilə sədrin müavini və İdarə Heyətinin üzvü idim, məqsədim də partiyanın güclənməsidir. Qərar mənim siyasi və ictimai fəaliyyətimlə əlaqədardır. Çox qəribədir ki, deputat Çingiz Qənizadə də haqqımda ölçü götürüməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib”.(meydan.tv)

Ukraynanın paytaxtı Kiyevdə Yeni Qüvvələr Hərəkatı Partiyasının sədri Mixail Saakaşvili tərəfdarlarının kütləvi etiraz aksiyaları başlayıb.

Teleqraf.com xəbər verir aksiya iştirakçıları Prezident Petro Poroşenkonun istefasını və Ali Radaya yeni seçkilər keçirilməsini tələb edirlər.

Ukrayna Milli Polisinin “Feysbuk” səhifəsində bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətə nəzarət edirlər. Paytaxt küçələrinə polis və Milli Qvardiyanın ümumilikdə 3 min əməkdaşı çıxarılıb.

Kiyevin mərkəzində, həmçinin, kinoloqlar və partlayıcı maddələr üzrə texniklər növbə çəkirlər.

Bazar ertəsi, 19 Fevral 2018 00:00

Daha bir mühacirin yaxın qohumu həbs olundu

Yazan

28190720 1609100855822031 183073566 n Almaniyada mühacir olan Elmir Şirəliyevin kürəkəni Abdulla Abuzərov həbs olunub.      Bu barədə Xeber.İnfo-a Elmir Şirəliyev məlumat verib.

 E.Şirəliyevin sözlərinə görə, bacısının həyat yoldaşı Hacıqabul Rayon Məhkəməsinin   qərarı ilə 30 sutka həbs edilib: “Hacıqabul rayon sakini Abuzərov Abdulla Səməd oğlu   bacım Şirəliyeva Aynurun həyat yoldaşıdır. 17.02.2018-ci il tarixdə təqribən saat 17:00   radələrində Bakı şəhərində işlədiyi yerdən polis əməkdaşları tərəfindən tutularaq,   Hacıqabul rayon Polis İdarəsinə gətirilib və Hacıqabul Məhkəməsinin qərarı ilə 30   sutka həbs olunub. Kürəkənim A.Abuzərov fəhlə işləyir, ev təmiri işlərilə məşğuldur.

  Qeyd edək ki, Elmir Şirəliyev “Korrupsiyaya yox de” facebook səhifəsinin rəhbəri və   “Diktatoru tanidaq kompaniyasının” müəllifidir.

Xeber.İnfo

Bazar ertəsi, 19 Fevral 2018 00:00

Maliyyə Nazirliyində nə baş verir?

Yazan

Azər Bayramov və Nadir Qarayev Samir Şərifova qarşı...

Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlər var. 

Mediada yer alan məlumatlara görə, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları İlham Əliyevin yeni komandasının siyahısında olmayacaq. Belə ki, vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir.

Bu məlumatı AFN.Az məlumat yayıb.

Sayt xəbər verir ki, hakimiyyət üçün arzuolunmaz sayılan kadrlar arasında maliyyə naziri Samir Şərifovun, eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun adı çəkilir. Ölkənin maliyyə və bank sektorundakı vəziyyətdən sorumlu olan bu şəxslər neftin dünya bazar qiymətinin düşdüyü dövrdə qeyri-peşəkar yanaşmalarıyla iqtisadiyyatda böyük problemlərin yaranmasına rəvac veriblər. Belə ki, böhranın başlandığı ilkin dövrdə yerli və xarici ekspertlərin təkidli çağırışlarına rəğmən Azərbaycanda manatın məzənnəsi sərbəst buraxılmadı. 

Maliyyə-bank sektorunun başbilənləri Mərkəzi Bankın vəsaitləri hesabına manatın məzənnəsini süni surətdə saxlamağa cəhd göstərdilər. Nəticədə, qısa bir müddətdə Mərkəzi Bankın 18 milyard dollar təşkil edən valyuta ehtiyatları 4 milyard dollara düşdü. 

Manatın devalvasiyalarından sonra məlum oldu ki, manatın məzənnəsinin böyük zərər hesabına saxlanması heç də səbəbsiz deyilmiş: müəyyən qüvvələr Azərbaycanda dolların ucuz olmasından istifadə edərək milyardlarla dollar qazanc əldə ediblər. Dövlət başçısı səviyyəsində açıqlanan məlumatlardan aydın oldu ki, bu qüvvələr gündə yüz milyonlarla dollar əldə etməyi bacarıblar. 

Bu haqda bir neçə gün əvvəl "Yeni Müsavat” qəzeti yazıb.

"Eyni zamanda aydın məsələdir ki, uzun illər Mərkəzi Banka rəhbərlik etməklə ölkənin bank sektorunu əlinin içi kimi tanıyan E.Rüstəmov, maliyyə sisteminə rəhbərlik edən S.Şərifov proseslərin belə xarakter alacağını görməmiş deyildilər. Bu halda onların hansı maraqlardan çıxış edərək dolları ucuz saxlamağa çalışdıqları sıravi vətəndaşlardan tutmuş, ölkə rəhbərliyinə qədər hamını düşündürəcək sualdır.

Baş bankirlə baş maliyyəçinin mütləq və mütləq görməli olduqları digər cinayət, əlbəttə ki, Beynəlxalq Bankdan oğurlanan on milyardlarla manat dövlət vəsaitidir. Biri bank sektorunun, digəri isə maliyyə sisteminin tənzimləyicisi, biri banklardan verilən kreditlərə, digəri birbaşa Beynəlxalq Bankdan verilən kreditlərə nəzarət edən iki məmurun gözləri önündəcə dövlətin pulu talan edilirsə və onlar bunu görmürlərsə, demək ki, ya tutduqları vəzifəyə uyğun bilik-bacarıqları yoxdur, ya da baş verənlərdə hansısa maraqları və iştirakları olub. Bu, sübuta ehtiyacı olmayan aksiomdur”, – deyə qəzetin yazdığı məqalədə bildirilir.

Samir Şərifovun da yeni komandada yer almayacağını yazan afn.az saytı qeyd edir ki, artıq nazirlikdə onun yerinə hazırlaşanlar da var: "Maliyyə nazirinin birinci müavini Azər Bayramov və 1 saylı Xəzinədarlıq idarəsinin rəisi Nadir Qarayev birincinin nazir postuna gətirilməsi uğrunda fəaliyyətə başlayıblar. Yaxın günlərdə Samir Şərifov haqda mediaya kompromatların ötürülməsi planlaşdırılır. Artıq bunun əlamətləri görünməkdədir. Belə ki, hər iki şəxs, özləri haqda mediada yüngül tənqidi yazılar yazdırmağa başlayıblar. Belə təəssürat yaratmağa çalışırlar ki, guya onlar rəhbərliyin tələbi ilə qanundankənar işlər görməyə məcbur edilirlər. Bu barədə hər iki məmur yaxın ətrafları vasitəsilə də məlumat yayır. Azər Bayramov maliyyə idarələrinin əksəriyyətinə öz adamlarını yerləşdirib. Onlar da Samir Şərifovun adından yerlərdə qanunsuz işlər görür, idarələrə işi düşən adamları incidirlər. Bütün fəaliyyət hazırkı naziri gözdən salmağa, onun haqqında mənfi rəy yaratmağa yönəlib. Düzdür, Samir Şərifov da təmiz adam deyil, o da bilərəkdən, yaxud bilməyərəkdən yaxşı rəhbərlik edə bilməyib maliyyə sahəsinə. Amma Azər Bayramovun etdiyi arxadan zərbədir. Onun isə bütün bu işlərdə bir nömrəli əlaltısı Nadir Qarayevdir. Onlar yaxın qohumdurlar, səhv etmirəmsə qudadırlar. Azər Bayramov qohumunu Dövlət Xəzinədarlıq Agentliyinə baş direktor gətirmək istəsə də, bacarmadı. Bunun əvəzində isə Nadir Qarayev məclislərin birində demişdi ki, "Azərin (Azər Bayramov nəzərdə tutulur-red.) canı sağ olsun, o nazir olanda mənin vəzifəm agentlik rəhbərliyindən də yüksək olacaq”. 

N.Qarayevin DXA-ya baş direktor gətirilməməsinin səbəbləri haqda bir neçə gün əvvəl mediada məlumat gedib. Bildirilir ki, N.Qarayev "MTN işi” ilə bağlı təqsirləndirilən tərəf olaraq istintaqda dindirildiyi üçün Samir Şərifovun yanında etimadını itirib və bu səbəbdən də vəzifədə irəli gedə bilməyib. 

N.Qarayev haqda yayılan məlumatlarda daha sonra qeyd edilir ki, o, tikinti işinə girişib və hazırda Bakıda tanınmış iş adamı ilə birgə çoxmərtəbəli bina tikdirir.

"Bu günlərdə AFN-də də dərc edilən daha bir yazıda qeyd edilirdi ki, rabitə Rabitə və Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri, hazırda isə dövlət əmlakının mənimsənilməsinə görə həbs edilən Vidadi Zeynalov Nadir Qarayevlə yaxın dost olub. Elə Nadir Qarayevi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovla əməkdaşlığa cəlb edən də məhz Vidadi Zeynalovun olduğu qeyd olunur. Bildirilir ki, Akif Çovdarov böyük maliyyə maxinasiyalarına görə Nadir Qarayevi həbs edib. Bundan sonra isə dövriyyəyə Vidadi Zeynalov girib. Dostunu Akif Çovdarovun caynaqlarından qurtaran Vidadi Zeynalov onu Akif Çovdarovla əməkdaşlığa da sövq edib", - sayt yazır. 

Məlumatda iddia edilir ki, Nadir Qarayev MTN-ə Maliyyə Nazirliyi və nazir Samir Şərifovla bağlı çoxlu sayda faktlar ötürüb. Həmin məlumatlar sayəsində isə MTN-də Maliyyə Nazirliyində bəzi şəxsləri qısa müddətdə həbs edərək onlardan külli miqdarda pul alıblar. Məlumatda qeyd edilir ki, 1 saylı Xəzinadarlıq İdarəsi rəisinin bu xəyanəti barədə Samir Şərifovu məlumatlandırıblar və bundan sonra nazir onun üstündən xətt çəkib. Nazirin bu qərarına etiraz etdikdən isə Nadir Qarayevə qarşı yoxlama təşkil edilib və çox ciddi maliyyə yeyintiləri ortaya çıxıb. Ancaq nazir müavini, N.Qarayevin yaxın qohumu Azər Bayramovun məsələyə müdaxiləsi nəticəsində Nadir Qarayevin cinayəti qabardılmayıb və o öz vəzifəsini qoruyub saxlaya bilib.

1 saylı Xəzinədarlıq İdarəsi rəisinin macəraları bununla da bitmir. Bəzi məlumatlara görə, N.Qarayev indi də bütün fəaliyyətini Dövlət Xəzinədarlıq Agentliyinin baş direktoru Elman Piriyevə qarşı yönəldib. Onun hər addımda baş direktor haqda mənfi rəy yaratmağa çalışması haqda məlumatlar da yayılıb. 

Maliyyə Nazirliyi isə yayılan məlumatlara və yazıya hər hansı bir rəsmi reaksiya verməyib. 

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb.

Bu barədə APA-nın Rusiya bürosuna Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib.

Fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü Quliyeva Sədaqət Eysevər qızı bu gün xəstəxanada ölüb.

Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda dörd nəfərinin xəstəxanada olduğunu, onlardan 82 yaşlı İzzət Quliyevanın vəziyyətinin olduqca ağır olduğunu söyləyib.

Qeyd edək ki,  fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib.

Nəticədə 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüblər.

Yanğın zamanı 2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1969-cu il təvəllüdlü Sevinc Quliyeva və 1936-cı il təvəllüdlü İzzət Quliyeva, o cümlədən 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva ağır yanıq xəsarəti almışdı.

Məscidin imamının İlham Əliyevə səs istəməsi namaza gələnlər arasında narazılıq yaratdı.

Dünən Bakıda Əjdərbəy məscidində (Göy məscid) Cümə namazı zamanı xoşagəlməz, eyni zamanda qanunvericiliyə də zidd hadisə yaşanıb. Məscidin imamı əvvəlcə Cümənamazının fəzilətlərindən, məscid ədəb-ərkanından danışandan sonra prezident seçkilərinə keçib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bir neçə gün əvvəlki çağırışını yada salıb. Bildirib ki, bir neçə gün öncə Şeyxin məscidlərin imamları ilə görüşü olub, həmin görüşdə prezident seçkiləri haqda ətraflı danışılıb.

Fevralın 14-də baş tutan həmin görüşdə A.Paşazadə axund və imamlara göstəriş vermişdi ki, bütün məscidlərdə bu həftənin cümə günü xütbələrdə seçkilərdə İlham Əliyevin namizədliyinə səs verilməsi üçün çağırış etsinlər.

Görünür, məscidin imamı A.Paşazadə ilə görüşü yada salaraq, demək istəyirdi ki, bundan sonrakı çıxışı onun öz təşəbbüsü yox, Şeyxin göstərişidir.

Şeyxlə görüş haqda bir qədər danışandan sonra isə konkret ad çəkməsə də, dolayısıyla İlham Əliyevə səs verməyə belə çağırış edib: "Bu məscidləri tikən, təmir etdirən, azan səslərinin ucalmasına şərait yaradan, torpaqları işğaldan azad edən, bizə yaxşı yaşamağa şərait yaradan adama siz də arxa durmalısınız, bu, sizin borcunuzdur…"

İmamın bu cür çıxışı namaza gələnlərin bir çoxunun narazılığına səbəb olub. O, ad çəkmədən "məscidləri tikən, yaşamağa şərait yaradan şəxs" haqqında danışanda Cümənamazına gələnlərdən biri yerindən müdaxilə edib: "Bunları eləyən Allahdır…"

Daha bir nəfər isə dinin siyasətə qatılmasına etiraz edib: "Adamların heysiyyəti ilə oynamayın…"

Hətta bir neçə nəfər bundan sonra həmin məscidə namaza gəlməyəcəyini bildirib. (azadliq.info)

Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Verilən xəbərlərə görə, İranda Tehran aerportundan havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra İsfahan əyalətinin Semirem rayonunda Dena dağına çırpılan sərnişin təyyarəsində 60 sərnişin və 6 ekipaj üzvü olub. Qəza nəticəsində təyyarədə heç kəs sağ qalmayıb.

Təyyarənin Tehran-Yasuc aviareysini yerinə yetirdiyi açıqlanıb.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib. Ehtimallara görə təyyarə pis hava şəraitinə görə dağa dəyib. Hadisə yerinə axtarış-xilasetmə briqadası göndərilib, lakin briqadanı aparan vertolyot pis hava şəraitindən eniş edə bilməyib. Təyyarənin qalıqlarının yeri hələ müəyyən deyil.

“Fars” agentliyi bildirir ki, qəzaya uğrayan təyyarənin komandiri Höccət Fulad peşəkar pilot olub. O, 2013-cü ildə Tehran-Yəsuc reysi ilə uçarkən havada təyyarənin mühərrikləri sıradan çıxıb. Komandir bu vəziyyətdə təyyarəni yerə endirə bilib və sərnişinlərin, heyət üzvlərinin həyatını xilas edib. Bu dəfə isə görünür komandirin heç bir şansı olmayıb.

Aviaşirkət bildirir ki, ATR 72-500 tipli təyyarə Tehran-Yəsuc reysini həyata keçirərkən İsfahan vilayətində radarlardan itib. Təyyarə Dena dağına dəyərək partlayıb. 

18 -dən səhifə 181