Çərşənbə, 05 Aprel 2017 00:00

Bakı-Gəncə qatarı ləğv edildi

Yazan

Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.

Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə, 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir.

Çərşənbə, 05 Aprel 2017 00:00

Deputat öldü - hamamda yıxılaraq

Yazan
Rusiya Federasiya Şurasının üzvü Vadim Albertoviç Tülpanov vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Fontanka nəşri yayıb.
Bildirilir ki, V.Tülpanov Sankt-Peterburqdakı evinin hamam otağında sürüşərək yıxılıb və başından ağır zədə alıb. Senator aldığı zədədən hadisə yerində dünyasını dəyişib.
Rusiya Dövlət Dumasının deputatı Sergey Boyarski məlumatı təsdiqləyib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi ilə Sumqayıtda tikilən Karbamid zavodunun inşaatçıları arasında əlbəyaxa dava düşüb.
Məlumata görə, dava-dalaş tikintidə çalışan türkiyəli və azərbaycanlı işçilər arasında baş verib. Olaya səbəb türklərin azərbaycanlıları aşağılaması, onları ələ salması olub.
Belə ki, inşaat işlərində azərbaycanlılardan daha yüksək maaş alan türkiyəli işçilərin "siz heç nə bilmirsiniz, bacarıqsız və savadsızsınız, ona görə də sizdən yaxşı maaş alırıq” demələri azərbaycanlıların etirazına səbəb olub. Daha sonra etiraz əlbəyaxa davaya çevirilib. Olayda hər iki tərəfdən xeyli  adamın iştirak etdiyi bildirilir.
Hadisə barədə SOCAR rəhbərliyi məlumatlandırılandan sonra dava-dalaş salan türkiyəli fəhlələr inşaat işlərindən kənarlaşdırılıb. Bununla da kifayətlənməyərək, türkiyəli fəhlələri Azərbaycandan deportasiya ediblər.
Saytımıza verilən məlumata görə, inşaat ərazisini tərk edən türkiyəli fəhlələr gedərkən divara azərbaycanlılara ünvanladıqları pis söyüşlər yazıblar. Ancaq söyüşü kimin yazdığı məlum olmadığından heç kimi cəzalandıra bilməyiblər.
 Modern.az saytı olaya aydınlıq gətirlməsi üçün SOCAR-la əlaqə saxlayıb. SOCAR-ın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, doğrudan da Karbamid zavodunun inşaat işləri tərəfdaş şirkətlərin işçiləri tərəfindən həyata keçirilir. Ancaq bu günlər orada hansısa insidentin olduğunu təsdiqləməyiblər.
"Karbamid zavodunda insidentin yaşanması ilə bağlı yayılan məlumatlar yanlışdır. Zavodun tikinti işləri davam etməkdədir. Tikinti işlərində çalışan işçilər arasında belə bir qarşıdurma və ya insidentin olmasına heç bir halda yol verilmir”,-deyə SOCAR-dan bildirlib.
Çərşənbə, 05 Aprel 2017 00:00

ANS-lə bağlı daha bir müəmma

Yazan

Qulu Məhərrəmli: “ANS-in bağlanması hüquq məsələsi deyil”

ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. AzadlıqRadiosunun yaydığı məlumatda qeyd olunur ki, şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu göstərilib.

Eyni zamanda ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub.

Onu da qeyd edək ki, son günlər ANS-in rəhbərliyi arxivlərinin təhlükədə olması ilə bağlı bəyanat yaymışdı. Bəyanatda bildirilirdi ki, son zamanlar ANS-ə məxsus maddi və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunur.

Yayılan xəbərə münasibət öyrənmək və məlumatı dəqiqləşdirmək üçün ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri olmuş Mais Məmmədovla əlaqə saxladıq. M. Məmmədov “Yeni Müsavat”a bildirdi ki, məsələdən xəbərsizdir: “Mən yayılan xəbərdən məlumatsızam. Avropa Məhkəməsinə müraciət məsələsinə gəlincə isə bu barədə də heç bir fikrim yoxdur. Ümumiyyətlə, ANS-lə bağlı hansı işlərin görülməsindən xəbərim yoxdur”.

ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru olmuş Sevda Həsənova ilə də əlaqə saxladıq. S. Həsənova da oxşar fikirlər səsləndirdi: “Bu barədə məndə məlumat yoxdur. Xəbərin AzadlıqRadiosunda yayıldığını deyirlər. Radionun saytına isə daxil olmaq mümkün deyil”.

ANS-in digər rəhbər şəxsləri ilə əlaqə cəhdimiz baş tutmadı.

Sosial şəbəkələrdə də bu məsələ istifadəçilər tərəfindən müzakirəyə çıxarılıb. Bəzi istifadəçilər yazırlar ki, hər zaman vətənpərvərlikdən danışan ANS-in rəhbərləri indi Avropa Məhkəməsinə müraciət edir. Digər bir qisim isə hesab edir ki, bu addım hökuməti daha da qıcıqlandıracaq.

Telejurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a mövzu ilə bağlı bildirib ki, bu məsələdə ANS-in rəhbərliyini qınamaq doğru deyil: “Ümumilikdə, bu proses çox mürəkkəb bir prosesdir. Əlbəttə ki, Azərbaycanda heç kim qəzetin və ya televiziyanın bağlanmasını istəməz. Avropa Məhkəməsinə müraciət etmək isə hesab edirəm ki, vətənə xəyanət anlamına gəlmir. Çünki insanlar belə hesab edirlər ki, əgər pozulmuş hüquqları yerli məhkəmə bərpa edə bilmirsə, bunu Avropa Məhkəməsi həll edə bilər. Məncə, bu, sadəcə olaraq, bir prosedurdur. Şəxsən bu prosedurun bir faydasını görməsəm də, heç kimi də Avropa Məhkəməsinə müraciət etməsinə görə qınamaq olmaz. Belə hesab edirəm ki, ANS-in bağlanması hüquq məsələsi deyil. Ona görə də problemin hüquqi yolla da həll olunması bir qədər çətin məsələdir. Hər kəsə məlumdur ki, ANS hansı səbəbdən bağlanıb. Bu baxımdan, hüquq yolu ilə kanalın açılmasına nail olmaq cəhdi hüququn nə dərəcədə təsirli olmasını yoxlamaqla əlaqədar ola bilər. Məsələ ilə bağlı insanların da fikirlərinin birmənalı olmaması onunla əlaqəlidir ki, əvvəldən hüquq yolu ilə həll kursu götürülməyib. Azərbaycanda məhkəmələrin durumu, qərarların necə qəbul olunması da çoxlarına bəllidir. Digər tərəfdən də ANS-çiləri də anlamaq olar ki, onlar kanalın açılmasını istəyirlər və bu yolu götürüblər. Bunun sonu necə olacaqsa, indidən söyləmək çətindir”.

Q.Məhərrəmli bildirib ki, bu addım hökuməti, eləcə də bəzi şəxsləri qıcıqlandıra bilər: “Əlbəttə ki, bu addım hökuməti, müəyyən adamları, ANS əleyhdarlarını qıcıqlandıra bilər. Yaxşı, bəs bu qıcıq nə verəcək? ANS onsuz da efir məkanından məhrum olub, arxivlərinə də yaxın düşə bilmirlər. Ona görə də məhkəməyə müraciət edirlər. Qıcıqlandırma məsələsi bir qədər hissi məsələdir. Yəni bu addım qıcıqlandırıb daha pis nəticələrə səbəb olur, yaxud da indiki halda nə əldə olunur, deyə bunları götür-qoy etmək lazımdır. Götür-qoy etdikdə problemin həllinin daha da mürəkkəb bir mərhələyə qədəm qoyduğunu görürük”.

Yada salaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə ötən il 15 iyul hadisələrindən sonra ANS-in efirində Fətullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.

Teleradio Şurası ANS-ÇM radiosunun da lisenziyasını ləğv edib. ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.

Teymur Ələsgərov: “Siyasi hakimiyyət ölkədəki narkomaniyanı kasmetik şəkildə ört-basdır etməyə can atır”

 “Azərbaycanda narkomaniya xeyli cavanlaşıb. 20-25 yaş arasında kütləviləşmə daha çox olsa da, 12-13 yaş həddində olan yeniyetmələrin də narkomaniyaya bulaşdığının şahidi oluruq”. Bu sözləri ictimai-siyasi fəal Teymur Ələsgərov deyib.

T.Ələsgərov hesab edir ki, Azərbaycanda digər sahələrdə olduğu kimi narkomaniya sahəsində də korrupsiya halları kifayət qədərdir: “Hər il narkomaniya və pis vərdişlərlə mübarizə adı ilə büdcədən milyonlarla vəsait ayrılır. Bu sahədə görülən iş isə sadəcə bir neçə tədbir keçirib, şəkil çəkdirməkdən ibarətdir. Hətta bu sahədə qanun layihələri təsdiq olunub, ölkə başçısının xüsusi sərəncamları var. Nəticələr isə tam əksinədir. Çünki konkret iş görülmür. Ölkəni ümumilikdə narkomanlar şəhərciyinə çeviriblər. Beynəlxalq hesabatlarda da Azərbaycanda narkomaniyanın artması ilə bağlı faktlara rast gəlirik. ABŞ Dövlət Departamentinin “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası” adlı hesabatına görə, Azərbaycan əsas narkotranzit ölkələrdən biridir. Sənədə görə, Azərbaycan Efqanıstandan və Mərkəzi Asiyadan Qərbi Avropaya, o cümlədən İrandan Rusiyaya, oradan da Qərbi Avropaya qədər olan narkotranzit marşrut boyunca yerləşən bir ölkədir. Hətta hesabatda göstərilən marşrutlardan birində Azərbaycana gələn “mal”ın buradan Ermənistana keçirildiyi də bildirilir. Bu hesabatın 2007-ci ilə aid olan hissəsində isə Azərbaycanda 180-200 min narkoman olduğu deyilir ki, onların da 30-35 faizi tələbələrdir. Lakin Azərbaycan hökumətinin rəsmi statistikasında bu rəqəm 18 min göstərilir”.

T.Ələsgərov vurğulayıb ki, Azərbaycan hökumətinin rəsmi statistikasına inansaq 2007-ci ildən bu günə qədər narkomanların sayının fantastik dərəcədə artdığını müşahidə edərik: “Nəinki kişilərin arasında, hətta gənc xanımların narkotikə meyillənmələri ciddi təhlükədən xəbər verir. Məsələn, hökumətinin rəsmi statistikasında göstərilir ki, 2005-ci ildə 1483, 2006-cı ildə 1297, 2007-ci ildə 2687, 2008-ci ildə 2256, 2009-cu ildə 2230, 2010-cu ildə 2185, 2011-ci ildə 2353, 2012-ci ildə 1999, 2013-cü ildə 1878, 2014-cu ildə 1509 və 2015-ci ilin ilk 6 ayında 1235 nəfər ilk dəfə  narkoman kimi qeydiyyatdan keçib. Bu statistikaya başqa amilləri də əlavə eləsək çox böyük rəqəm alınar. Yəni Azərbaycanda ictimai qınaq hələ də bu kimi halların gizlədilməsinə əsas səbəbdir. Bu rəqəmlər dəfələrlə azaldılsa da, biz dəqiq bilirik ki, ən ağır formada narkotikdən asılı olanların siyahısıdır. Minlərlə şəxs var ki, onları ailələri qoruduqları üçün rəsmi qeydiyyata düşmürlər. Hesab edirəm ki, ölkədə narkomanların dəqiq statistikası hazırlansa çox faciəli vəziyyətdə olduğumuzu yaxından anlayarıq”.

 T.Ələsgərov narkomanlar 35-40 ilden artıq yaşaya bilmədiklərini də qeyd edib: “Spirtli içki, siqaret, narkotik maddə ömrü qısaldır. Onların arasında ən çox təsir narkotikdədir. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Çünki qəbul etdikcə, təsiri hiss etmək üçün dərəcəni artırmalıdır. Demək istəyirəm ki, bir müddətdən sonra narkotik istifadəçiləri xəstə hesab olunurlar. Onların qeydiyyata alınmaları da məhz müalicə olunmaları üçün nəzərdə tutulur. Bildiyimiz kimi, narkotik vasitələr səbəbindən müxtəlif xəstəliklər yaranır. Ölüm kabusuna çevrilən xəstəliklərin əksəriyyəti də keçici xarakterli olur. Yəni müxtəlif vasitələrlə sağlam insanlar da belə xəstəliklərə yoluxa bilərlər. Narkotik istifadəçisi olaraq ağır xəstəliklərin daşıyıcıları nəinki müalicə və nəzarət altına alınır, əksinə onlar cəmiyyətdə ağır cinayətkar kimi təqdim olunur və həbsxanalara salınırlar. Hökumətin bu istiqamətdə bir dənə də proqramı yoxdur. Vardırsa, buyursun təqdim eləsin. Ölkədə bir dənə də olsun normal narkodispanser yoxdur. Ancaq çox şəraitsiz formada ucqar yerlərdə günün böyük hissəsini qapısının bağlı olduğu bəzi kabinetlərə rast gəlmək mümkündür. Lakin milyonlarla vəsait sadəcə tarixləri dəyişməklə guya yeni layihələr həyata keçirmək üçün büdcədən silinir. Heç kimə sirr deyil ki, narkomaniya Azərbaycan cəmiyyətinin əsas problemlərindən biridir. Bu ilin ilk 6 ayında 12764 boşanma olub. Ekspertlər isə ölkədəki boşanmaların əsas səbəbini narkomanlıqda, sosial problemlərdə və xəyanətdə görürlər. Bax Azərbaycanın gələcəyi bu cür xarakterizə olunur. Siyasi hakimiyyət isə var gücü ilə bu kimi problemləri kasmetik şəkildə ört-basdır etməyə can atır”.

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb

 
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub.
 
Azərbaycan nümayəndə heyəti qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən Mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb
Azərbaycanda ərzaq məhsullarının qiymətində artımlar müşahidə olunur. 
 
Meydan TV-nin məlumatına görə, "ifact.ge” saytı yanvar ayının sonundan etibarən Bakı və regionlarda ərzaq qiymətlərini müşahidə etməyə başlayıb.
 
Bazardakı qiymət artımının müşahidə prosesi bir qida səbətini əhatə edir. Buraya: 1 kq "İvanovka” pendiri, 100 qr "Azərçay” çayı, 1 bağlama "Ankara” makaronları, 1 litr "Final” günəbaxan yağı, 1 kq "Westgold” kərə yağı, 1 ədəd çörək, 1 qutu "Azərşəkər” qəndi, 1 kq mal və 1 kq qoyun əti daxildir.
 
Toplanılan məlumatlar həftəlik bir ailəyə lazım olan qida məmulatlarının üzərində qurulub. Qiymətlər isə Bakı şəhərinin mərkəzində, Binəqədidə, Cəlilabad rayonunun Privolnoye kəndində, Neftçala və Gəncədə yerləşən marketlərdən götürülüb. Əsasən Bakı şəhərində qiymət artımı müşahidə edilib.
 
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə isə yanvar-fevral ayları ərzində ərzaq qiymətlərində 15.6 faiz artım müşahidə olunub. Fevral ayında isə daha 2.5 faiz qiymət artımı baş verib. Buna baxmayaraq, əhalinin gəlirlərində artım yoxdur. 
 
"Bu, iqtisadi qanundur"
 
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov Toplum.Tv-yə deyib ki, əgər alıcılar bu gün aldıqları ərzağı, sabah dəyişən qiymətlə də istehlak edə bilirlərsə, deməli, tələb və təklif uzlaşır.
Image result for Deputat Aydın Hüseynov
Deputat Aydın Hüseynov
 
Onun sözlərinə görə, liberal  bazar iqtisadiyyatlı bütün ölkələrdə olduğu kimi Azərbaycanda da qiymətləri tələb və təklif tənzimləyir: 
 
"Bu, iqtisadi qanundur. Mən bazarda süni qiymət artımı və ya qiymət artıran subyektiv amillər görmürəm. Ərzaq və Tarif Şürasına daxil olmayan bütün məhsulların qiymətinin tənzimlənməsinin bazar şəraitinə uyğun olaraq dəyərləndirirəm”.
 
"Rüşvət və korrupsiyanın nəticəsidir"
 
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, qiymət artımı Azərbaycanda illərdir davam edən xroniki xəstəliklərin, rüşvət və korrupsiyanın nəticəsidir:
 
"Əhalinin gəlirləri və qiymətlərin artımı ayrı-ayrılıqda analiz olunacaq məsələlədir. Əhalinin gəlirlərinin artmaması büdcənin azalması ilə bağlıdır. Dollar ekvivalentində son 10 ilin ən kiçik büdcəsi müşahidə olunur. Digər mühüm məsələ Azərbaycan hökuməti və Mərkəzi Bankın dollara olan axının qarşısını almaq üçün manat kütləsini kifayət qədər sıxmasıdır. Bu da iqtisadi aktivliyə çox mənfi təsir göstərir. İqtisadi aktivliyin zəifləməsi də insanların sosial durumunun ağırlaşmasına gətirib çıxarır”.
Image result for Natiq Cəfərli
Natiq Cəfərli
 
İqtisadçının fikrincə, ölkə iqtisadiyyatı idxaldan asılı olduğuna görə, məzənnə təsir edir: 
 
"Həm ərzaq həm də qeyri-ərzaq məhsullarında 100 faizlik idxaldan asılılıq olan sahələr var. Ən yaxşı ehtimalda yarı-yarıya asılılıq var, çünki bazara çıxarılan yerli məhsullara belə xammal xaricdən gətirilir. Valyuta məzənnəsinin oynaması da onların qiymətinə təsir edir. Üçüncü səbəb isə mövsümü səbəbdir. Azərbaycanda qış aylarında həmişə yerli məhsulların tükəndiyini və xaricdən asılılığın artdığını görürük. Gəlirlərin azalması fonunda qiymətlərin artması da əhalinin sosial durumuna mənfi təsir göstərir”.

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə İran məsələsinin müzakirəsinə “Qara su” (Black water) özəl təhlükəsizlik şirkətinin qurucusu Erik Prinsi göndərib.

Axar.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, Prins Putinə yaxın bir şəxslə İranla bağlı razılaşma üçün gizli şəkildə görüşüb. Yanvarın 11-də Seyşel adalarında baş tutan görüşdə İranla yaxın əlaqələrindən imtinanın qarşılığında Rusiya ABŞ sanksiyalarının ləğv edilməsini tələb edib.

Maraqlı məqam odur ki, tərəflər arasında bağlantını Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi Şeyx Məhəmməd bin Zaid əl-Nahyan qurub. Üstəlik, Putinə yaxınlığı ilə seçilən şəxsin kim olduğunu hələ də müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, “Qara su” 1997-ci ildə qurulub. Şirkət ABŞ-ın İraq və Əfqanıstandakı müharibələrində iştirak edib. Belə ki, şirkət buradakı ABŞ obyektlərinin qorunmasını təşkil edib. 2007-ci ildə Bağdadda 17 nəfərin öldürülməsindən sonra şirkət bölgəni tərk edərək adını dəyişdirmişdi. 2011-ci idl yenidən Yaxın Şərqə qayıdan kompaniya BƏƏ üçün özəl ordunun hazırlanmasına başlamışdı.

Çərşənbə axşamı, 04 Aprel 2017 00:00

Deputatdan mərhum Heydər Əliyevə qarşı ağır ittiham

Yazan

Fazil Qəzənfəroğlu: “Bir zaman Müaviyyə də Həzrət Əliyə qarşı çıxarkən əsgərlərinə mizraqların ucuna Quran ayələri yazılmış vərəqələri keçirməyi əmr etmişdi.

"Dözənlər və səbr edənlər

Millətin səsini hayqıracaq insanlar hər zaman tapılacaq. Vacib deyil ki, millət qulaq assın və dərhal hərəkətə keçsin. Taleyin bəxş etdiyi qəhrəmanlıq anından imtina etmək olmazdı. Vicdanlı vətəndaş Əşrəf Mehdiyev də bu yolu izlədi. Bu metodun nə Qandiyə, nə də başqa birisinə dəxli vardı. Sadəcə normal bir vətəndaş hərəkəti idi. Əvvəlcə kəfən geydi, yalın əliylə zülmün qalasına yumruğunu silkələdi. Dalınca da hamımızın indiyə qədər xısın-xısın öz aramızda danışdığımız bir həqiqəti üzümüzə söylədi. Yəni qaçacaq yer qoymadı. İndi acı həqiqətlə üz-üzə qalan bir millət var. Artıq “o zaman bilmirdik bizi kimlər idarə edir” bəraətinin işə yarayacağını da düşünməyə dəyməz. Əşrəf Mehdiyev dedi ki, qos-qoca Azərbaycan türklərini öz məmləkətində millətini gizlədən bir qrup idarə edir. Küçədə görən tanışlar “gördünmü Əşrəf Mehdiyev hakimiyyəti necə ifşa elədi?” deyib, qisas dolu təbəssümlərilə adamın içini yoluxdurmağa çalışırlar. Ancaq əslində ifşa olunan biz idik. Yəni idarə olunan, dözümlü Azərbaycan türklərinin hamısı. Beş il öncəni yadınıza salın, hər kəsin Elçibəyə birinci ittihamı bu idi ki, “niyə çıxıb televiziyadan xalqa müraciət etmədi?” Gözlə gördüyünüzə, qulaqla eşitdiyinizə inanmadığınız bir yerdə müraciətlə, hayqırtıyla nəyinsə düzələcəyinə inanacaq qədər sadəlöhv deyildi Elçibəy. Bağırdı ki, öz içinizdən, sizdən olanın dəyərini bilin, dinlədinizmi? Üstündən beş il keçəndən sonra dinlədinizmi sizə edilən başqa bir müraciəti? Heysiyyətinizə, milli mənliyinizə toxunan bir şeylər oldumu? Oldusa, o zaman yaxın günlərin dirənişi hər şeyi göstərəcək. Ancaq başqa-başqa işlərə şahid olduq.  Dilindən böhtandan başqa  bir şey eşitmədiyimiz Nizami Süleymanov oktyabrın 10-da Quranla çıxdı televiziyaya. Qurana and verdi ki, qalxın ayağa. Çoxlarınız da yəqin ki, qalxdınız. Düşünmədiniz ki, Həzrət Məhəmmədin çatdırdığı Quranın hallalıqdan danışa-danışa H.Əliyevi öz “atası” adlandıran Nizami Süleymanova nə dəxli var? Ondan bir qədər əvvəl Allahşükür Paşazadə əlinə Quran alaraq aclıq və səfalət içində inləyən müsəlmanlara, həm də cəmi Qafqaz müsəlmanlarına Heydər müəllimə səs verməyin şəriətcə caiz olduğunu bəyan etdi. İmkanı olsaydı, bəlkə də XX əsrdə Heydər Əliyev adında birisinin doğulacağını övliyaların xəbər verdiyinə dair bir əhbar da qoşardı. Sonra da gəlib çıxdıq andiçmə mərasiminə. Orda da H.Əliyev əlini Qurana basaraq bu xalq üçün “canını fəda etdiyini” və daha beş də eyni cür bu “canı fəda etmək” missiyasını davam etdirəcəyinə and içdi. Və andiçmə mərasimində çıxış edərkən xoşuna gələn bir cüməni də təkrar etməyi unutmadı: Çadırda yaşayan insanlarımız çox dözümlüdürlər”.

Beləliklə, hər kəs öz anladığı Quranı məmləkətimizin insanına təqdim etdi. Bir zaman Müaviyyə də Həzrət Əliyə qarşı çıxarkən əsgərlərinə mizraqların ucuna Quran ayələri yazılmış vərəqələri keçirməyi əmr etmişdi. Və Həzrət Əlinin adamları Quran ayələriylə gələn qoşunla döyüşmək istəməmişdilər. O halda Məhəmmədin Quranından başqa bir qüdrət tanımayan Həzrət Əli bu müqəddəs kitabın yazıldığı vərəqlərə onun ruhundan daha çox üstünlük verən tərəfdarlarının hesabına sonralar məğlubiyyətinə səbəb olacaq danışıqlara getməli olmuşdu.

İndi hamı əlini Qurana basaraq üstümüzə gəlir. Böhtançılar, saxtakarlar, satqınlar, el malını yeyənlər və daha kimlər. Dözümlü xalq epitetini qulağımıza çırpırlar. Bir şeyi də deyək ki, bu dözümlü xalq təkcə çadırlarda yaşayanlardan ibarət deyil. Bu dözümlü deyilən kütlə hamımızıq, zülmə dirəniş göstərməyən bədənlərin hamısı.

Əşrəf Mehdiyevin göz yaşardan çağırışından söz açdıq. Dözməyə aludə olmuş insanlarımızın hisslərini tərpədəcək səmimi bir monoloq söylədi. Bu monoloqa içi titrəməyənlər heç olmasa müqəddəs Quranı dinləsinlər. orada insanlar üçün dözməyə çağırış yoxdur. Ali-İmran surəsində (200) “Ey iman edənlər! səbr edin” deyiləndə , Allah iman sahiblərinə , yəni Allahın qullarına səbr etməyi gərəkli sayır. Dözüm isə kölələr üçün düşünülüb. Səbr hərəkətdir, dirənişə hazırlıqdır. Dözüm isə çöküşdür, çürüməkdir. Bu gün əllərində öz anladıqları Quran üstümüzə gələnlərin hamısı bizi dözümə çağırır. Əşrəf Mehdiyev isə Qurana əl basaraq müraciət etmədi. Ancaq içində Məhəmmədin təbliğ etdiyi Quranı gətirdi. Bütün iman sahiblərinə müraciət elədi. Həm də kimliyi şübhəli olanların idarə etdiyi bu məmləkətin sahiblərinə.

Axşamtərəfi aclıqla azadlığımızın meydanında işəng qəlpələri doldurulurdu.

“Azadlıq” qəzeti, 21 oktyabr 1998"

Azərbaycan prezidenti İlham Əliyev şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya ödəniləcək.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilməyəcək.
Nazirlər Kabinetinə şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etmək tapşırılıb. 
Sosial səhifələrdə paylaş

23 -dən səhifə 152