Təfriqənin əsas səbəbi – Seyid Samir Fədai yazır

Bu məqaləni qiymətləndir
(1 Səs)

Xeber.İnfo gənc istedadlı şair Seyid Samir Fədainin "İmamətin, sübutu, cəhalətin süqutu" adlı kitabından bir parça təqdim edir.

 I fəsil

Rəhmanın adıyla yazdım bir daha,

Həmdu-səna olsun uca Allaha.

İmamət nemətin bəxş edib bizə,

Mərifət nədirsə öyrədib bizə.

Bəlkə bu neməti düşünüb barı,

“Hamınız birləşin” buyurur Tanrı.

And ola İmamət adlı nemətə,

İmamdır xilaskar bəşəriyyətə.

Nemətə and içmək deyil k, xəta,

And içib nemətə həzrəti Musa.

Gəlməyir çoxunun haqq söz xoşuna,

Deyirlər: “özünü yorma boşuna!”

İmamət deyərək təfriqə salma

Dində ayrılığa gəl, rəva qılma

Qəbul et Quranla Rəsulu yetər,

İmamət islama ən böyük xətər.

Peyğəmbər bizlərə hamıdan əziz,

Şübhəsiz hamımız müsəlmanıq biz.

Bizlərdə Allaha bağlıdır ürək,

Təfriqə salmağa dində nə gərək?!

Etmişik Allaha, Rəsula beyət,

Quran bu ümmətə edir kifayət.

Kitabımız birdir, Rəsulumuz bir,

Hamımız Allaha deyirik təkbir.

Gəl, qulluq eyləyək bir şəriyyətə,

İnsanlıq naminə gələk vəhdətə.

Bu sözlər sarsıtdı məni içimdə,

Sanki, qalmış idim iki seçimdə.

Ya gərək haqq olub bir ömür susam,

Ya da ki, nahaqqın dilimi kəsəm.

Əvvəlcə Tanrıya eylədim dua,

Haqqa sevgimizi qılmasın fəna.

Yaradar istəsə Tanrı vəhdəti,

Ali-Məhəmməddir onun höccəti.

Doğrudur insanlıq ən əsasıdır,

Insanlıq hər işin ibtidasıdır.

Vəhdətə gəlməkçün bəşəriyyətdə,

Gərək hamı ola bir şəriyyətdə!

O zaman İslamı gəlin tərk edək,

Məsihi dininin ardınca gedək.

Onlar da eyləyir Tanrını qəbul,

Deyirlər İsadır sonuncu rəsul.

Həm onlar çoxdular bizdənüstəlik,

Təəssüb eyləmək ruhi xəstəlik.

Dəyişək əhkamı, əqidəmizi,

Dəyişək ədəbi, əqidəmizi.

Sən, belə vəhdətə razısan dəyiş,

Çox yaxşı bilirsən alınmaz bu iş.

Həzrəti  İsadan var rəvayət,

“Sonda Məhəmmədə edin itaət”.

Təhrif eləyiblər lakin İncili,

Paxıllıq olubdur bunun amili.

Özündən sonra da bizim Peyğəmbər,

Yerinə Əlini seçibdi rəhbər.

Bəzi səhabələr lakin birləşib,

Şeyati siyasət hey fikirləşib.

Əlinin haqqına edib təcavüz,

Xilafət haqqına etdilər nüfuz.

Onlar da Əliyə həsəd apardı,

Onun əleyhinə fitnə qopardı.

Peyğəmbər xanımı, həm də səhabə,

Xəyanət etdilər Əbu Turabə.

Deyirsiz bəzisi edib ictihad,

Xəta eyləsə də göstər etimad.

Batil yolda olan kəsləri  əsla,

Ört-basdır etməyin heç bir əsasla.

Səhabə Rəsula tabe olandır,

Nəinki haqq yola mane olandır.

Nəinki səhabə hətta bunu bil,

Peyğəmbər xanımı günahsız deyil.

Deməyin şiələr bunu uydurub,

İnsanlıq vicdanın üstündə durub.

Demək biz daima haqqa doğruyuq,

Həqiqət naminə sizdən ayrıyıq.

Kitabımız birdir rəsulumuz bir,

Deyildir firqəmiz, üsulumuz bir.

Qiyamət qopunca axtar haqqı tap,

Haqq elə haqq olub az da olsa lap.

Biz iki dəstəyik yaxşı və yaman,

İlahi bizləri edir imtahan.

Bu din ayrılsa da yetmiş üç qola,

Quran və ağılla gələk haqq yola.

Bizi firqələrə ayıran səbəb,

Haqqı tapmamızı eyləyir tələb.

Doğru yol hər kimə olunca aşkar,

Onu rədd etməyə olarsa vadar

Sonda cəhənnəmə olacaq vasil,

Çün, ona həqiqət olubdur hasil.

Gəlin firqələrə ayrılmayaq biz,

Müşriklər bənzəri deyilik aciz.

Quran buyurur ki, budur həqiqət,

Bir firqə iblisə uymayıb fəqət.

Bütün firqələrin bu bir şansıdır,

Bilələr həqiqi firqə hansıdır.

Getsə qəlbimizdən kin və küdurət,

İlahi bizləri edər hidayət.

İmaməti qəbul eyləsək  əgər,

İslam firqələrə ayrılmaz hədər.

Xeber.İnfo

Oxu 636 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.