Tuesday, November 21, 2017

“Bir kənddə bir nəfər acından ölsə, bütün kənd qatildir” - Həzrət Əli (ə)

Bu məqaləni qiymətləndir
(2 səs)

Cavid Cabbarlı: “Demokratiya azadlıqların təminatı deməkdirsə, din hesab edir ki, Allahın insana verdiyi ən böyük nemət ağıl və azadlıqdır”

Zaman-zaman dinlə demokratiyanı üz-üzə qoyub cəmiyyətdə ciddi problemlərə yol açılır. Lakin demokratiyanın dindən, dinin də demokratiyadan ayrı olmasını elm və məntiq qəbul etmir. Mövzuya ilahiyyatçı, yazar Cavid Cabbarlı aydınlıq gətirir.

- Demokratiya və Din terminləri əksər halda bir-birinə qarşı işlədilir. Bu, nə qədər düzgündür?

- Dini demokratiyadan ayırıb sonra da dinlə demokratiyanı qarşı-qarşıya qoymaq çox ciddi fəsadlara yol aça bilər. Bu taktika idarəçiliyi asanlaşdırmağa xidmət edir. Dini qaydalarla tərbiyyə olunan fərd saxta demokratik dəyərlərə boyun əyə bilməz. Hesab edirəm ki, dinlə demokratiyanı qarşı-qarşıya qoymaq böyük yanlışlıqdır. Bu iki ifadə eyni mənanı çatdırır. Əslində bu gün müasir dünyanın təqdim etdiyi demokratiya hegamonluq etmək üçün vasitəyə çevrilib. Konkret olaraq suala gəldikdə, din və demokratiyanı bir-birindən ayırsaq çox eybəcər görüntü alınacaq. Yəni din hər bir fərdin hüquq və azadlıqlarını qorumaqla cəmiyyətə təqdim olunan qanun toplusudursa, demokratiya nədir? Eyni mənanı ehtiva etmirmi demokratiya? Bir şəxsin kamil şəxsiyyətə çevrilməsi üçün din və demokratiyanın vahid məna əks etdirməsi zəruridir. Şəxsiyyətlərdən formalaşan cəmiyyəti idarə etmək həm ciddi məsuliyyət yaradır, həm də xeyli çətinləşir. Xalqları və dövlətləri idarə etmək iddiasında olanlar isə belə bir məsuliyyətli vəzifənin öhdəsindən gəlməyə aciz görünürlər. Düşünürəm ki, bu kimi amillər demokratiyanı dindən ayırmaq zorunda quyur.

- Sizcə, dinin dediyiniz kimi formalaşdırılan müasir demokratik cəmiyyətlərlə uzlaşması nə qədər mümkündür?

- Bu sualın cavabı birmənalı deyil. Çünki dinə və demokratiyaya baxışlar fərqlidir. Yəni din deyəndə hamı düşüncəsində eyni mənzərəni canlandırmır. Eyni halda demokratiya deyəndə də fərqli dünya görüşləri yaranır. Məsələn bəziləri demokratiyanı fiziki anlamda qəbul edirsə, digərləri insan hüquq və azadlıqları çərçivəsində izah edir. Din də elədir. Əslində bu düşüncələrin əksəriyyəti bir-birini təkzib eləmir. Din və demokratiya barəsində olan baxışların çoxu bir-birini tamamlayır. Kimsə istədiyini geyinməyə demokratiya deyirsə, başqası istədiyi sözü ifadə etməyə demokratiya hesab edir. O zaman çox maraqlı sual ortaya çıxır – həqiqi demokratiya və həqiqi din nədir? Bu barədə kifayət qədər izahlar verilib. Mən kiçik bir cümlə ilə fikrimi tamamlayıram. Demokratiya başqasının huquq və azadlıqlarının sərhəddinə qədər uzanan münasibətlər və davranışlar sistemidir. Din nədir? Dini dərindən araşdıranda görürük ki, din də insandan bundan əlavə nəsə tələb etmir. (Din deyəndə mən İslamı nəzərdə tuturam. Çünki İslam sonuncu ilahi və səmavi din olduğu üçün əvvəlki şəriətlərdən daha mükəmməldir). İslamın sosiallaşması, daha çox ictimai yaşam tərzini təbliğ etməsi əsas verir ki, biz dinin haqqında müsbət düşünək. Məsələn Həzrət Əli (ə) buyurur: “Bir kənddə bir nəfər acından ölsə, bütün kənd qatildir”. Dinin ictimailəşməsini təzahür edən minlərlə kəlam və etibarlı hadisələr var. Yaxud İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: “Bir nəfər qonşusunun ac və tox yatmasından xəbərdar olmasa müsəlman deyil”. Demokratik cəmiyyətləri təsis edənlərin dilindən bu qədər dəqiq və dürüst ifadə eşitməmişəm. Əslində din 14 əsr əvvəl demokratiya gətirib.

- Demokratik Avropada yaşam səviyyəsi ilə Şərq islamında yaşam səviyyəsi tərsmütənasibdir. Bunu necə izah edirsiniz?

-Dünyanın istənilən ölkəsində kiminsə haqqı pozulursa, azadlıqları məhdudlaşdırılırsa tənqid eləməliyik. Bu hal həm Avropada, həm müsəlman ölkələrində birmənalı pislənilməlidir. Dünyanı qütblərə bölüb, hissələrə parçalamaqla da idarə etməni asanlaşdırıblar. Eyni zamanda bütün parçalanmış hissələrdə müxtəlif problemlər yaradılıb. Bu hal təbii yaranmış çətinlik deyil. Mükəmməl cəmiyyəti ancaq kamil insan və mükəmməl idarəçilik sistemi idarə edə bilər. Cəmiyyətlərdə müxtəlif proeblemləri əksər hallarda asan idarə etmək üçün yaradırlar. Suala dolğun cavab vermək üçün bir məsələni fərqləndirməliyəm. Din və dekomratiya dindar və demokratdan fərqli anlayışlardır. Yəni, biz dindən danışanda dindarın naqis əməlini nümunə çəkirik, demokratiyadan danışanda da hansısa dekomratın yanlışlarını göstəririk. Birmənalı olaraq deyirəm, din və demokratiya eyni tələb və istəyi hədəfləyən anlayışlardır. Hər hansı bir müsəlmanın yanlış hərəkətini dinə bağlayıb, dini gözdənsalma hallarına rast gəlirik. Necə ki, hansısa avropalının səhv davranışını əldə bayraq edib, demokratik avropanı lənətləmək çox böyük yanlışlıqdır. Şərq İslamının həyat səviyyəsinin aşağı olması dinin və demokratiyanın problemi deyil, insanların, cəmiyyətin yanlışlarının problemidir. Avropa cəmiyyətinin də fiziki azadlıq tələb etməsi nəticəsində giriftar olduğu əxlaqsız fəsadlar demokratiyanın gətirdiyi yanlışlıq deyil, fərdlərin Allahdan uzaq düşməsindən yaranıb.

-Terror və bu kimi hadislərə son dövürlər daha çox şahid oluruq. Bu hadisələrin böyük əksəriyyəti müsəlman birlikləri tərəfindən həyata keçirilir.

-XXI əsrin ən böyük bəlalalrından biri terrordur. Bu gün hətta heç bir ölkə terrordan sığortalanmayıb. Terror ən alçaq cinayət növüdür. Cinayətkarın isə dini və milləti olmur. Tam məsuliyyətlə deyirəm ki, istənilən vəhşiliyi törədən şəxsin dinlə əlaqəsi ola bilməz. Kimsə dindar görüntüsü yaradıb terror və cinayət edirsə, bu halı dinin adına yazmaq insafsızlıqdır. Mən təkcə İslam dinini demirəm. Üç səmavi dini dərindən araşdırın, hansısa cinayətə meyilli kiçik element tapa bilsəniz, sizinlə tam razılşaram və dindan imtina edərəm. Digər tərəfdən bu gün din adı ilə ortaya çıxan İŞİD və başqa terror təşkilatlarının etdiklərini kim İslamın ana yasasında aşkar edə bilər? Burada daha bir misal göstərmək zorundayam. Əziz İslam Peyğəmbəri çox ağır döyüş kimi tarixə düşən Ühüd savaşında əsir alınan insanlarla mehriban davranmağı, onlara əziyyət etməməyi tapşırır və hər bir əsirin 10 müsəlmana yazıb-oxumağı öyrədəcəyi təqdirdə azad olunacağını deyir. Yaxud İmam Əlini Kufə məscidində  səcdə halında zəhərli qılıncla yaralayan Əbdürrəhman ibni Mülcəmə özünə nə verilirsə ona da eyni qidanı verməyi tapşırır və böyük oğlu Həsənə deyir: “Oğlum bu zərbədən sağalsam, Əbdürrəhman ibni Mülcəmlə necə davranacağımı özüm bilirəm, lakin şəhid olsam ona bir qılıncdan artıq vurmağa və əziyyət etməyə haqqınız yoxdur”. Bu hadisələr İslamın ana xəttini göstərir. Qurana baxanda isə tam fərqli şey görürük. Allah Quranda buyurur: “Valideynlərinizə uff deməyin...” Yəni heç bir halda onların üstünə qabara bilməzsiniz. Özünü müsəlaman hesab edən vəhhabizm əqidəsi isə bunun tam əksini təbliğ edir. Ata anaının şiə olarsa ölümünü vacib hesab edir, sünni olarsa kafir sayır. Yəni onlarla hansısa formada görüşmək qadağandır. Hətta bir az əvvəl bir vəhhabi əqidəsini qəbul edən gənc doğma atasını, əqidəsinə qarşı çıxdığı üçün öldürdü. Baş kəsmək və sair cinaytkar vəhşilikləri dinin adına yazmaq çox böyük ədalətsizlik və insafsızlıqdır.

- Terrorizmi dinlə bağlamaqada məqsəd nədir?

-Demokratiya və din idarəçilikdə ən müəkəmməl model hesab olunur. Dini demokratiyadan ayırmaq və demokratiyanı da öz məqsədinə vasitə edən hegamon, istismarçı qruplar müxtəlif formalarda həm dini, həm də demokratiyanı gözdən salırlar ki, idarəçiliyi istədikləri kimi qəbul etdirsinlər. İnsan zatən, fitrətən dinə və demokratiyaya ehtiyaclı yaranıb. Demokratiya azadlıqların təminatı deməkdirsə, din hesab edir ki, Allahın insana verdiyi ən böyük nemət ağıl və azadlıqdır. Eyni amalı hədəfləyən dini demokratiyadan, demokratiyanı da dindən qoparmaq mümkün deyil. Lakin bunların düzgün anlaşılması üçün səy göstərilməlidir. Əxlaqsız davranışları demokratiya hesab edib, demokratiyanın prinsiplərini zədələmək yanlışlıq olduğu ki, hansısa terror və cinayət hadisəsini dinin göstərişi kimi təqdim edərək dini ləkələmək də çox böyük yanlışlıqdır. 

Oxu 806 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.