Thursday, November 23, 2017

Bu gün xanim Zeynəbin (s.ə) mövlud günüdür Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı

ATANIN ZİNƏTİ

Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

SƏMAVİ AD

Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə(s.ə) Əlidən(ə) istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın(s.ə) uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.
Ondan sonra Cəbrail nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.
Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

PEYĞƏMBƏR İLƏ BİRLİKDƏ

Həzrət Zeynəb(s.ə) beş ilə qədər Peyğəmbərlə(s) bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Bu beş il fürsət idi ki, Həzrət Zeynəb(s.ə) Peyğəmbərin (s) mübarək vücudundan səbr və dözüm hədisini yazsın. Çünki o, Zeynəbin(s.ə) həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin(s.ə) taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.

DƏRDLİ YUXU

Zeynəb(s.ə), onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın(s.ə) qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb(s.ə) onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:
«Ey Peyğəmbər, bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.»
Peyğəmbər(s) Zeynəbin(s.ə) yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:
«Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.»

BİRİNCİ HADİSƏ

Çox keçmədi ki, Zeynəbin(s.ə) yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.

ANASI FATİMƏ İLƏ GÖRÜŞ

Həzrəti Fatimə (s.ə) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra(s.ə) kimi bir ananın məhəbbətindən yalnız bir neçə il bəhrələndi.
Bir neçə illik bu qısa müddət Zeynəbi(s.ə) Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb(s.ə) Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.
Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.

HAQQIN MÜDAFİƏSİ

Zeynəb(s.ə) anası Fatimənin(s.ə) Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi.
O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin.

SONUNCU GÖRÜŞ

Nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır. Zəhranın(s.ə) pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın(s.ə) balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:
«Zəhranın(s.ə) kəfənini düyünləyərək Ümmü Gülsüm(s.ə), Zeynəb(s.ə), Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. Növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (s.ə) ölmündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamamızı babamız Məhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq».
Əli (ə) buyurur: «O zaman göydən bir səs eşitdim ki, deyirdi: Ey Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər.»
Beləliklə, Zeynəb(s.ə) körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi. ++

ANASINDAN SONRA

Artıq Əli evi Fatimə(s.ə) vücudunun şamı ilə nurlanmırdı. Buna görə də uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət Zəhranın(s.ə) ögey bacısı «Əmaməyə» mənsub idi.
Zeynəb(s.ə) anasından sonra Əli(ə) kimi atanın tərbiyəsi sayəsində, Həsən(ə) və Hüseyn(ə) kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb təcrübə toplayır.
Zeynəb(s.ə) Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə(s.ə) qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. Necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.

ŞƏRİKLİ HƏYAT

Artıq Zeynəbin(s.ə) ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki, izdivac hər bir insan üçün təbii və şəri vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir.
Lakin Zeynəb(s.ə) izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır.
Bu səbəbdən Zeynəb(s.ə) izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt(ə) dostlarından olan Əbdüllah ibni Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın(s.ə) əri olmaq şərəfinə nail olur.

ZEYNƏBİN(s.ə) HƏYAT YOLDAŞI

Əbdüllah Cəfərin övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: «Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?» Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi.
Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: «Allah Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.» Buna görə də ona Cəfəri-Təyyar (uçan) deyiblər.
Əbdüllah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki. Cəfər öz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, Peyğəmbərin (s) təklifi ilə həbəşəyə hicrət etmişdilər.
Əbdüllahın atası Cəfərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə sanki Əbdüllaha və başqa balalara təsəlli verərdi.
Peyğəmbərdən(s) sonra Əbdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Süffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.

Həzrət Zeynəbin (s.ə) Kərbəla dərsləri

Kərbəla deyəndə, İmam Hüseyn (ə) aşiqi olan hər bir insanın qəlbi çox ağrıyır, çox yanır. Əslində bizi ağladan, qəlbimizi sızladan Kərbəla deyil, çünki Kərbəla adi bir şəhərdir. Bizi ağladan Kərbəla vaqiəsidir. Mən də, bu acizanə sözlərimlə, o hadisələrdən, xüsusən də əziz xanım, Kərbəla qəhrəmanı olan Zeynəbi-Kubra (ə)-dan danışmaq istəyirəm. Əziz Peyğəmbərimizin (s) əziz nəvəsi, Həzrət Əli (ə) və Zəhrayi-Mərziyyə (ə.s)-in ətirli bağlarının nübarı, İmam Həsən və İmam Hüseyn (ə)-in bütün bacılardan seçilən bacısı və nəhayət əziz Ruqəyyanın sevimli bibisi, əmməsi olan xanım Zeynəb (ə), bütün məhəbbətlərin ən üstününə layiq olan bir xanımdır. Elə bir xanım ki, 3 yaşlı o balaca Ruqəyyanın, yaralı qəlbində böyük yer tutmuşdu. Az yaşlı uşaqlar kimin ona məhəbbət, sevgi bəslədiyini çox yaxşı bilirlər. Həzrət Ruqəyya da az yaşlı idi, adi xanım deyildi, imam qızı idi. Onun o kiçik qəlbində böyük bir həyat, nitqində gözəl sözlər vardı. Həzrət Zeynəb (s.ə), belə bir xanımın bibisi, Ruqəyyanın dilindən desək, əmməsi idi. Həzrət Zeynəbin (s.ə) göstərdiyi cəsarəti, dözümlülüyü, Allaha məhəbbəti hər xanım göstərə bilməz. Yezid kimi bir məlunun nitqinə heyran qaldığı Zeynəb, sizcə necə ola bilər? Xanım Zeynəb (ə) qədər iffətli, xanım Zeynəb qədər qeyrətli, xanım Zeynəb qədər Allahına, öz əhli-əyalına məhəbbət bəsləyən bir xanım tapa bilməzsiniz. İmam Səccad (ə) buyurur: «Atam İmam Hüseyn(ə)-in şəhid olan gününün gecəsi, mən xəstə olduğum üçün bibim Zeynəb mənimlə məşğul idi. Atamın öz xeyməsində oturub şer oxuduğunu eşidərkən, məni ağlamaq tutdu, amma sükut etdim. Bildim ki, bəla və müsibət gəlmişdir, amma bibim Zeynəb şeiri eşidərkən, özünü saxlaya bilmədi, pərişan halda atamın yanına gəlib dedi: «Kaş ölüm gəlib mənim həyatımı alaydı». Atam ona buyurdu: «Əziz bacım! Səy et ki, şeytan səbrini əlindən almasın». Sonra isə gözləri dolmuş halda, bu məsəli dedi: «Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı. İndi düşmən bizdən əl çəkməyəcək». Sonra bibim dilləndi: «Bizi daha çox ağrıdan sənin üçün bir çıxış yolunun olmaması və çarəsiz ölüm şərbətini içməyindir» – deyib huşunu itirib, yerə yıxıldı. Atam bibimin üzünə su səpib, onu ayıldır və buyurur: «Ey bacım, təqvanı uca tut, səbrli ol! Bil ki, bütün yer-göy sakinləri öləcəklər və Allah-Taalanın müqəddəs Zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da vəfat etdilər. Bacı səni and verirəm və səndən bu andıma əməl etməni istəyirəm, məbada, mənim müsibətimdə üz və yaxanı cırasan və ya mənim şəhadətimdə ucadan nalə və fəqan edəsən». İmam Səccad (ə) buyurur: «Atamın bu tövsiyələrindən sonra bibim mənim yanımda oturdu. Bu tövsiyələr bibimdə dərin təsir qoydu. Bibimin qamətini daha mətin, səbrini daha üstün, mərdliyini daha da qüvvətli etdi». Bu səhnələrdən Xanım Zeynəbin qardaşına olan dərin məhəbbətini dərk etməmək mümkün deyil.
Xanım Zeynəb (ə) Kərbəlaya daxil olanda bilirdi ki, bura onun qardaşı ilə birgə olacağı son mənzildir. Elə ona görə də qardaşından bir an belə ayrılmırdı. Kərbəla, adından göründüyü kimi, Zeynəbi-Kubraya «kərbu-bəla» (yəni qəm və bəla) oldu.
Aşura gecəsi, İmamın mübarək vücudu Əhli-beyt xeymələrinə nur saçdığı son gecə idi. İmam Hüseyn (ə)-dan sonra böyük, ağır yük xanım Zeynəbin öhdəsinə düşürdü. O, qardaşının tövsiyələrinə əməl edirdi. O Xanım hələ yolun əvvəlində idi. Qarşıda isə onu daha dəhşətli bəlalar gözləyirdi. Döyüş başlananda Əhli-beytdən(ə) döyüş meydanına gedən ilk döyüşçü, İmam Hüseyn (ə)-in böyük oğlu Əli Əkbər oldu. O şəhid olarkən döyüş meydanından səsi eşidilir. O, atası ilə vidalaşırdı. Xanım Zeynəb qardaşının ağlamaq səsini eşidir, qəzəb və nifrət qəhəri boğazını sıxır, İmam Hüseyn (ə)-in ağlar səsi canına od salırdı.
Bax, belə bacı idi Zeynəb. O Xanımın Kərbəlada öz övladlarını da şəhid verməsinə baxmayaraq, yenə də dözür, səbr edirdi. Kərbəlada olan hər bir müsibətli səhnəyə tamaşa etmək Zeynəbin ürəyinə bir dağ qoyurdu. Bəlkə də övlad şəhadəti onun üçün Seyyidiş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asan idi. Çünki Zeynəb özünü qardaşının yolunun fədaisi bilirdi. Sonra o xanım Əhli-beytin(ə) məzlumiyyəti və Yezidin alçaqlığı nəticəsində ən acı səhnənin şahidi oldu. Belə ki, İmam Hüseyn (ə) son anlarda Zeynəbi-Kubranın xeyməsinin yanına gəlir və deyir: «Bacı, Əli Əsğəri mənə ver vidalaşım». Zeynəb qardaşının altı aylıq südəmər oğlunu ona verir. Susuzluqdan halı pərişan olmuş o balaca körpənin halını təssəvvür edirsinizmi? Hansı ata belə bir faciəyə dözər? Ata susuz körpə ilə vidalaşmamış, məlunların oxu Əli Əsğərin boğazına saplanır. İmam Hüseyn (ə) uşağı Zeynəbə verir. İndi Zeynəb bu səhnəyə necə dözsün?! Bəli, Zeynəb dözdü. Allaha görə, Əhli-beytə(ə), namaza görə, bizə görə. Kərbəlada o xanımın bir qulağı hərəm əhlinin «əl-atəş» (su, su) nalələrində, bir qulağı isə döyüş meydanında idi.
Şəhriyar öz şerində belə deyir:
Kərbəla faciəsi bəzrin əkib başlandı
Ta Qiyamət nə qopa, Zeynəbi Kubra başına
Qardaşının acı səhnəsinə tamaşa edən Zeynəb(s.ə), ürək yanğısı ilə fəryad edirdi: «Kaş yer-göy dağılaydı, kaş dağlar əzilib çölləri dolduraydı» – deyir və qardaşının yanına gəlir.Qanına qəltan və bədəni tikə-tikə olmuş qardaşının başı üstündən üzünü Mədinəyə çevirib ata-anasını, baba və əcdadını səsləyir, ah və nalələr çəkir. Camaat şivən qoparıb ağlayırdı. Xanım Zeynəb (s.ə) onları sakitləşdirib elə bir xütbə oxudu ki, kufəlilərin yatmış vicdanı oyandı. Əzizə xanım elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi. Ravi belə deyir: «Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim. Xanım Zeynəb(s.ə) ibn Ziyadın sarayında öz gözəl nitqi ilə məclisdəki camaatın gözləri qarşısında ibn Ziyadı rüsvay etdi. Zeynəbin(s.ə) kəsərli sözlərindən sınan məlun ibn Ziyad elə atıldı ki, sanki Zeynəbi(s.ə) öldürəcəkdi. İbn Ziyadın ətrafındakılarından biri dilləndi: «Ey əmir, bu qadındır!» Zeynəbin(s.ə) dağlı qəlbindən gələn sözlər Kufə camaatına od vurdu. Ravi deyir: «And olsun Allaha, o gün camaatı çox heyran və pərişan gördüm. Narahatlıqdan əllərini ağızlarına qoyub, təəssüflə ağlayırdılar. Yanımda ağlamaqdan üzünün tükləri göz yaşları ilə islanmış bir kişi, Əhli-beytə(ə) xitab edərək belə deyirdi: «Atam-anam sizə qurban olsun!Sizin yaşlılarınız yaşlıların ən yaxşısı, cavanlarınız cavanların ən üstünü, qadınlarınız qadınların ən yaxşısıdır və nəsliniz nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstündürlər». Xanım Zeynəbin (s.ə) sözü qurtarmağa az qalmış İmam Səccad (ə) buyurdu: «Bibican sakit ol, gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən təlim görməmiş alim, öyrədilməmiş müdriksən! Ağlamaq və nalə şəkmək gedənləri qaytarmaz».
Gəlin, xanım Zeynəbin(s.ə) qəhrəmanlıqlarından, xanım Zeynəbin(s.ə) şücaətindən örnək alaq! Gəlin, bunu bir dərs kimi, xanım Zeynəbin(s.ə) «Kərbəla dərsləri» kimi oxuyub, öyrənib layiqincə əməl edib, xanımı özümüzdən razı salaq! Həzrət Zəhra(s.ə) və Həzrət Zeynəb (s.ə) hicabını, onlara layiq qoruyub saxlayaq. Saxlayaq ki, Qiyamətdə o əzizə xanımların mübarək vücudlarının qarşısında üzü qara qalmayaq və mövlamız İmam Zaman (ə.c) ağanın zühurunu səbirsizliklə gözləyənlərdən, zühur gününü görənlərdən və ağanın köməkçilərindən olaq, inşaallah!
(faktxeber.com)

Oxu 594 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.