Tuesday, September 26, 2017

İşsiz qalan gənclərimizi nə gözləyir?

Bu məqaləni qiymətləndir
(1 Səs)

İsmayıl Bağırov: “Gənclərin zərərli vərdişlərə, alkoqolizmə, narkomaniyaya, oğurluğa, cinayət hallarına meyl etməsi qaçılmaz olacaq”

“Hər hansı biznes qurmaq istəyən gənci nə qədər bürokratik əngəllər, korrupsiya tələbləri, müxtəlif yoxlamalar gözləyir. Bu durumda biznesdə perespektiv görməyən gəncin biznesə üz tutması inandırıcı görsənmir” – bu sözləri Azərbaycanda işsizliklə bağlı vəziyyəti şərh edərkən ictimai fəal İsmayıl Bağırov “Doğru xəbər”-ə dedi. İ.Bağırov Azərbaycanda gənclərin problemlərindən söz açaraq, bildirdi: “Bu gün Azərbaycanda gənclərin kifayət qədər problemi var. Amma ilk növbədə gənclər daha çox işsizlikdən əziyyət çəkirlər. Ölkədə onsuz da mövcud olan işsizliyin vəziyyəti, son dövrlər baş verən iqtisadi böhranla əlaqədar olaraq daha da dərinləşmişdir. Müqayisə baxımından demək olar ki, yeni işə başlamaq istədiyindən bu prosesdə ağırlıq daha çox gənclərin üzərinə düşür. Belə ki, yeni ixtisasa yiyələnən və yeni işə başlamaq istəyən bu yaş qrupunu hər kəs işə götürməkdə maraqlı deyil. Eyni zamanda mövcud durum özünü hər hansı sahədə göstərmək istəyən gənclərin qarşısını alır. Özəl şirkətlər, müasir texnologiyaya söykənən xidmət və servis işlərinin zəifləməsi problemi daha da qabarıq şəkildə göstərir. Qeyd olunanlarla yanaşı gənclər həm də ictimai və sosial həyatda olduqca passivdirlər. Çünki, onların bir gənc kimi özünü göstərməsi üçün şəraitləri yoxdur”.

İşsizlik problemi hansı fəsadları yarada bilər - sualına müsahibimiz belə cavab verdi: “Reallıqdan doğan bir sualdır və qeyd edim ki, əslində ölkə ərazisində bu problemi həll etmək olduqca çətindir. İş yerləri sıradan çıxıb. İctimai təşkilatların fəaliyyəti çətinləşib və bu təşkilatlarda çalışan gənclər ümidlərini dini təriqətlərə bağlayıblar. Belə olan halda gənclərin zərərli vərdişlərə, alkoqolizmə, narkomaniyaya, oğurluğa, cinayət hallarına meyl etməsi labüd olur. Buna görə də bu gün narkomaniya və onun fəsadları ilə üz-üzə qalırıq. Digər tərəfdən təbii yaşamlarını təmin etmək üçün gənclər digər ölkələrə, xüsusilə Rusiyaya getməyə üz tutacaqlar. Rusiyada isə normal iş şəraiti və yaşayış təminatı olmadığından gənclərimizi orada daha çox kriminal qruplara meyllilik və qeyri-leqal məşğuliyyət gözləyir”.

İsmayıl bəy işsizliyin yaranmasında hökumətin daha çox məsuliyyət daşıdığını vurğuladı: “Hökumət vaxtında siyasi iradə nümayiş etdirib Bakıda və regionlarda neft gəlirlərindən istehsal və xidmət müəssisələrinin yaradılmasını təmin etməliydi ki, müəyyən qrupun işlə təminatı məsələsi aradan qalxsın. Ölkədə heç olmasa normal biznes mühiti yaradılmalıydı ki, gənclərin də biznes bacarıqları inkişaf etsin. Hazırda bankların kredit vermək imkanları məhdudlaşıb, ölkədə bürokratik əngəllər var. Təsəvvür edin ki, hər hansı biznes qurmaq istəyən gənci nə qədər bürokratik əngəllər, korrupsiya tələbləri, müxtəlif yoxlamalar gözləyir. Bu durmuda onsuz da biznes qurmaqda perespektiv görməyən gəncin biznesə üz tutması inandırıcı görsənmir. Gənclərin işsizliklə üz-üzə qalması isə bu gün bizim reallığımızdır”.

Cavad Bədəlov

Oxu 512 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.