“Azərbaycan cəmiyyəti şablon informasiya eşitməkdən bezib”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Vüsal Bağırov: “Müstəqil qəzet və telekanalları hakimiyyət məqsədli şəkildə sıradan çıxarır”

“Mətbuatı daha çox siyasi hakimiyyəti mədh edən yazılar bəzəyir. Müstəqil düşüncəli yazarlar sıxışdırılır və təqibə məruz qalırlar. Jurnalistlərin peşəkar təşkilatları isə hakimiyyətdən vəsait aldığına görə müstəqil jurnalistləri müdafiə etmirlər” bu sözləri gənc jurnalist Vüsal Bağırov Azərbaycan mətbuatının vəziyyətini şərh edərkən “Doğru xəbər”ə bildirib. V.Bağırov hesab edir ki, mətbuatın bir əldə cəmləşdirilib: “Azərbaycanın bir neçə regionunda – Qubada, Mingəçevirdə, Zaqatalada və sair müstəqil region televiziyalar fəaliyyət göstərirdi. Həmin televiziyalar müxtəlif üsullarla sahiblərinin əlindən alınaraq vahid əldə cəmləşdirildi. İndi mərkəzdən idarəolunan “Region TV” AzTV-nin funksiyasını davam etdirir. Qəzet və saytlarda isə müstəqil mövqeyə rast gəlmək çox çətindir. Belə ki, siyasi hakimiyyəti mədh edən yazılar daha çox yer alır. Digər tərəfdən müstəqil yazarlar sıxışdırılır və təqibə məruz qalırlar. Jurnalistlərin peşəkar təşkilatları isə hakimiyyətdən vəsait aldığına görə müstəqil jurnalistləri müdafiə etmirlər. Sanki, müstəqil mövqe qoyan jurnalistlər sabah həbs olunacaqları ilə bağlı daim psixoloji təzyiq altındadırlar. Çap mediaya xüsusi nəzarət var və yalnız bir-iki qəzeti saymaq olar ki, onlar müxalif mövqe qoyurlar. Lakin müstəqil mətbuatın maddi sıxıntısını da nəzərə alsaq yaxın vaxtlarda ölkədə azad söz ifadə edən mətbuata rast gəlmək çətin olacaq. Çünki, ölkədə qəzet satışı üçün də başqa maneələr yaradılır və qəzetlər vergi cərimələri vasitəsilə məhkəmələrə çəkilir”.

V.Bağırov mətbuatın və jurnalistkanın zəifliyindən də danışıb: “Jurnalistikanın zəifliyi təkcə ifadə azadlığıyla bağlı deyil. Lakin, savadlı və peşəkar mustəqil mövqeyi olan jurnalistlər sıxışdırılanda, həbsə atılanda və maddi cəhətdən çətinlik çəkəndə media sahəsinə gəlmək istəyən şəxslərin sayı azalır. Bu isə müstəqil mövqeyi olmayan və peşəkarlığı aşağı olan şəxslərin jurnalistikada fəaliyyətinə zəmin yaradır. Təbii ki, bugünkü texnoloji imkanlardan istifadə etməklə mətbuatda çalışmaq daha asandır. Bu proses özü də peşəkarlığa təsir edən amillərdəndir. Telekanalların heç birində müstəqil və ya hökumətin siyasətinə əks mövqe göstərilmir. Bəlkə də, tədqiqat aparılsa ölkə əhalisinin böyük əksəriyyəti yerli telekanallara  baxmır. Çünki, ictimai yüklü məsələlər o qədər də efirə verilmir. Cəmiyyət isə şablon informasiyadan sözün əsl mənasında bezib.

V.Bağırov müstəqil mətbuatın zəifləməsində hökuməti suçlayıb: Müstəqil qəzet və telekanalları hakimiyyət məqsədli şəkildə sıradan çıxarır. Onları vəzifəli şəxslər məhkəmələr vasitəsilə cərimələtdirir. Sonra cərimə ödənməyəndə cinayət işi açılır, əməkdaşların normal fəaliyyəti pozulur və sair. Son zamanlar “Azadlıq” qəzetinin nəşr oluna bilməməsini və əməkdaşların istintaqa cəlb edilməsini görürük. “Gündəm-xəbər” qəzeti 70 000 manatadək cərimə edilib və faktiki qəzetin bu cəriməni ödəməsi qeyri-mümkündür. Baş redaktora cinayət işi açılıb”.

Cavad Bədəlov

Oxu 484 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.