Saturday, September 23, 2017

DİN “açıq bazar”a son qoymalıdır

Bu məqaləni qiymətləndir
(1 Səs)

Zöhrab Təmrazov: “Hamının gözü qarşısında Yol Polisi İdarəsinin bütün otaqlarında pul yığılır”

 “Sürücü olmaq istəyən şəxs yol polisi sisteminin qeyri-qanuni fəaliyyəti və korrupsiyası ilə qarşılaşır. Sürücülük vəsiqəsi almaq üçün Sürücülük Məktəbində oxumur, adını yazdıraraq bir müddətdən sonra məktəbi “bitirməsi”lə bağlı sənəd alır. Sonra vəsiqə almaq üçün qayda və qanunu bilmədiyindən təqribən 1000 AZN həcmində rüşvət verərək, sürücülük vəsiqəsi əldə edir”. Bu sözləri Sürücülərin Hüquqlarını Müdafiə komitəsinin sədri Zöhrab Təmrazov “Doğru xəbər”-ə deyib. Z.Təmrazov yol polisi ilə sürücü münasibətlərindən söz açıb: “Əgər hər hansı sürücü avtomobil almaq istəyərsə almaq istədiyi avtomobili mülkiyyətinə çevirmək üçün bütün tələb olunan prosedurları keçmək üçün “yol polisi aparatı”nın yaratdığı korrupsiya maşınının qurbanı olmalıdır. Bütün bu deyilənlər və deyilməyənlər yol polisi ilə sürücü münasibətlərinin qarşılıqlı dözümsüzlük prinsipi üzərində qurulmasına şərait yaradır. Mən hələ yol hərəkəti zamanı yaranan neqativ halları qeyd etmək isəmirəm”.

Z.Təmrazov belə neqativ halların qarşısını almaq üçün təklilər edib: “Bu durumun qarşısının alınması üçün Daxili İşlər Nazirliyi iradə nümayiş etdirərək “açıq bazar”a son qoymalıdır. Ona görə ki, Yol Polisi İdarəsinin Mərkəzi ofisində və şöbələrində şıdırığı pul yığımı prosesi gedir. Təsəvvür edin ki, hamının gözü qarşısında Yol Polisi İdarəsinin bütün otaqlarında pul yığılır. Bunu sübut etmək üçün sadəcə İdarədə bir neçə dəqiqə olmaq kifayətdir. Məncə ciddi kadr dəyişikliyi olmasa prosesin qarşısını almaq çətin olacaq, təbii ki, hələ hökumət bunu istəyərsə”.

Z.Təmrazov hesab edir ki, cəmiyyətin susqunluğu belə halların vüsət almasına səbəb olan amillərdəndir: “Problemin digər tərəfi cəmiyyətin prosesi sakit seyr etməsiylə bağlıdır. Yəni insanlar öz haqları üçün etiraz etmək istəmirlər. Bu isə “korrupsiya sistemi”nin davamlı işləməsini təmin edir. Həm də ölkədə vətəndaş cəmiyyəti tam sıradan çıxdığından ictimai müqavimət yoxdur. Digər tərəfdən Azərbaycan vətəndaşları öz vəzifə və hüquqlarından xəbərsizdirlər və öyrənmək belə istəmirlər. Buna görə də onların hüquqlarının pozulması qaçılmazdır”.

Alış Abdullayev

Oxu 399 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.