Şəkidə məmur özbaşınalığı pik həddə çatıb...

Bu məqaləni qiymətləndir
(2 səs)

Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Şəki şəhərində vətəndaşların ciddi narazılıqlarına yol açan məmur özbaşınalıqlarından, eləcə də bu neqativ tendensiyanın birbaşa Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsləri tərəfindən dəstəklənməsindən bəhs olunur. Bu xüsusda açıqlama verən mənbənin sözlərinə görə, bu gün Şəkidə məmur özbaşınalıqlarının ən fəal "müəlliflərindən” biri icra başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadovadır. Daxil olan məlumatlardan birində deyilir: "Şəkidə səhiyyə, mədəniyyət və təhsil bərbad vəziyyətdədir. Həmin sahələrə Şəki şəhər İHB-nın müavini Zərinə Cavadova rəhbərlik edir...” Ümumilikdə isə, bizimdovr.az-a olunan müraciətlərin demək olar ki, hamısında Şəkinin humanitar sahələrində yaşanan bütün problemlərin başında məhz Z.Cavadovanın yol verdiyi özbaşınalıqların durduğu birmənalı vurğulanır. Qeyd edək ki, qəzetimizin ötən saylarında Şəkinin mədəniyyət və turizm, eləcə də səhiyyə sahələrində müşahidə olunan neqativ hallara dair bir neçə tənqidi yazı ilə çıxış etmişik.

Həmin materiallarda biz göstərmişdik ki, bu gün Şəki şəhər Mədəniyyət və Turizm Şobəsinin yarıtmaz işi bu qurumun nəzdində fəaliyyət göstərən musiqi məktəblərində, klublarda və digər analoji müəssisələrdə də çoxsaylı neqativ halların yer almasına səbəb olur. İlk növbədə mənbələr iddia edirlər ki, rayonda fəaliyyət göstərən bütün bu mədəniyyət ocaqları və eləcə də turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə "haqq” ödəyirlər. Lakin bu pullar təbii ki, adi bir şöbə müdiri tərəfindən mənimsənilə bilməz. Elə açıqlama verən mənbələr də iddia edirlər ki, aylıq haqq yığımları birbaşa Zərinə Cavadova tərəfindən təyin olunur və onun nəzarəti altında da həyata keçirilir.
Həmçinin rayondan daxil olan məlumatlarda Şəkinin səhiyyə sisteminin bərbad durumda olmasını təsdiqləyən müxtəlif faktlar təqdim olunmaqdadır. İlk növbədə, aldığımız məlumatlarda vurğulanır ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti rayon sakinlərinin ciddi narazılıqlarına yol açır. Açıqlamalara görə, eynilə Zərinə Cavadovanın kurasiyasına daxil olan Şəki RMX-da Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hən mərkəzi xəstəxanada, həm də Şəkinin digər tibb müəssisələrində davamlı olaraq müxtəlif pul yığımları, ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi xüsusunda maxinasiyalar və digər korrupsiya halları həyata keçirilir.
Bununla belə, daxil olan məlumatlarda bu gün Şəki təhsilinin daha dözülməz bir vəziyyətdə olduğu bildirilir. Bu barədə aldığımız açıqlamalardan birində deyilir: "Bu gün Şəkidə mövcud olan mənfi tendensiyalar təhsil sistemində xüsusi qabarıqlığı ilə seçilir. Gənc nəslin təlim-tərbiyəsinə laqeyd münasibət, baxımsızlıq belə məqamlardandır. Təlim-tərbiyənin əsası sayılan orta təhsil əsas şərtlərdən biridir. Amma belə çıxır ki, Şəkidə bəzi şəxslər sanki bu faktorların zəruriliyinə göz yumurlar. İcra başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova müxtəlif yollardan istifadə edərək günahı özündən uzaqlaşdırmağa çalışır. Halbuki, onun Şəki təhsilinə gəlir mənbəyi kimi baxdığı, bu sektora biznes sahəsi kimi yanaşması hamıya məlumdur...”
Yeri gəlmişkən, bu günlərdə aldığımız daha bir məlumatda Zərinə Cavadovanın ümumiyyətlə rüşvət və korrupsiya hallarına münasibəti çox bariz şəkildə əks olunur. Bizə müraciət etmiş Şəki sakinlərindən birinin dediyinə görə, bu yaxınlarda o, sürücülük vəsiqəsi almaq məqsədilə DYP-nin bu şəhərdə yerləşən 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə müraciət edib. Burada isə, ondan vəsiqəyə görə 1000 manat pul istəyiblər. Bundan sonra vətəndaş Şəki şəhər İcra Hakimiyyətinə, həm də birbaşa Zərinə Cavadovanın qəbuluna gələrək, məsələni ona bildirib və səlahiyyətli dövlət orqanı kimi, icra hakimiyyəti tərəfindən hər hansı tədbir görülməsini tələb edib. Amma Zərinə Cavadovanın cavabı şikayətçini mat qoyub. "Məgər sən bilmirsən ki, Natiq (8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Natiq Yaqubov – red.) "pravanı” 1000 manata satır? Buna görə şikayətə niyə gəlmisən ki?..” Əlbəttə, belə cavabdan sonra heç bir əlavə şərhə ehtiyac qalmır.
Mterialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq. 

İlqar Sadıqov

Oxu 1543 dəfə