Balakən DYP-də özbaşnalıq

Bu məqaləni qiymətləndir
(1 Səs)

Vətəndaş Vüsal Əliyev yol polisi Eldar Şeşkilov tərəfindən incidildiyini iddia edir

"Ələ salındığımı görüb rayon prokurorluğuna müraciət etdim"

Yol polisi işçiləri peşə vəzifələrinə uyğun olaraq sürücüləri qanunları pozmadığı halda saxlamamalı və əsassız yerə onları incitməməlidir. Buna baxmayaraq, paytaxtda və bölgələrdə fəaliyyət göstərən yol polisləri sürücülərlə müəyyən edilmiş təlimat çərçivəsində rəftar etmirlər. Dünən redaksiyamızla əlaqə saxlayan Balakən rayonu M.F.Axundov küçəsi ev 43 ünvanında yaşayan Əliyev Vüsal Yəhya oğlu Baş Dövlət Yol Polisi İdarəsinin Balakən rayon şöbəsinin əməkdaşı Eldar Şeşkilovun özbaşına əməllərindən şikayətçi olduğunu bildirdi.

Şikayətçi deyir ki, şöbənin əməkdaşı ötən ilin dekabr ayının son günündə heç bir səbəb olmadan onu saxlayıb: "Dekabr ayının 31-də Balakən rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşı Eldar Şeşkilov yol hərəkəti qaydalarının tələblərini pozmadığım halda məni saxladı. Ondan hansı səbəbdən saxlandığımı soruşanda bildirdi ki, maşın cərimə meydançasına getməlidir. Bunun şöbənin rəhbərliyi tərəfindən göstəriş olduğunu söylədi. Hörmətli polis əməkdaşına dedim ki, gəl bayram günü qanımızı qaraltmayaq, qaydanı pozmuşamsa cərimə protokolu yaz çıxım gedim. O isə qəti surətdə maşının cərimə meydançasına getməli olduğunu dedi. Maşın mənim əmlakımdır, həm də bankda olan maşındır. Yol polisi dedi ki, maşını cərimə meydançasına aparacam vəssalam. Eldar Şeşkilov maşını cərimə meydançasına apardı". Vüsal Əliyev deyir ki, maşını cərimə meydançasına aparılandan iki gün sonra Eldar Şeşkilova zəng vursa da, polis işçisi telefonu açmayıb: "Daha sonra Balakən rayon Polis Şöbəsinə getdim. Rəis məzuniyyətdə olduğundan onu əvəz edən şəxslə görüşdüm. Həmin şəxsə Eldar Şeşkilovun mənə qarşı etdiyi qanunsuz hərəkətləri danışdım. Mən hüquqlarımı yaxşı bilirəm. Ali təhsilli hüquqşünasam. Nəyə görə haqqım tapdalanmalıdır? Maşının markası "Daevo Sentra"dır. Rəisi əvəz edən şəxs mənə dedi ki, maşına baxış keçirilib, qanunsuz siqnal aşkarlanıb və siqnal sökülüb. Rəis əvəzi həmçinin maşının Balakən Rayon Dövlət Yol Polisi Şöbəsində olduğunu dedi. Belə başa düşdüm ki, artıq maşınımı götürə bilərəm. Daha sonra yol polisi şöbəsinə getdim. Maşın əlimdən alınarkən içərisində şəxsi əşyalarım var idi. Həmin əşyaların oğurlanmasından narahat idim. Şöbədə heç kim mənə dəqiq söz demədi. Vəziyyətin belə alındığını, yəni ələ salındığımı görüb rayon prokurorluğuna müraciət etdim. Orda da şikayətimə baxan olmadı. Sonra yenidən yol polisi şöbəsinə üz tutdum. Və bildirdim ki, heç olmasa maşının bank sənədlərini götürüm, çünki maşın bankda girovdadır. Gecikmə olan kimi kreditin üstünə faiz gəlir. Uzun sözün qısası, yenə məni ələ saldılar. Nə maşını verdilər, nə də bankın sənədlərini. Maşın artıq iki həftədən çox idi ki, cərimə meydançasında saxlanırdı. Hər yerdən əlim üzüldü. Çarəsiz qalıb bankla əlaqə saxladım və vəziyyəti onlara izah etdim. Dedim ki, sabah gecikmə olsa məni qınamayın. Şikayətimlə əlaqədar maşına yenidən baxış keçirildi. Maşında mənə məxsus iki telefon var idi. Baxış zamanı həmin telefonlardan biri tapılmadı. Halbuki, telefonda mənə məxsus nömrələr, şəxsi ailə şəkillərim və məlumatlar var idi. Şöbənin əməkdaşlarından baxış aktını tələb etdim. Dərdimi kimə deyəcəyimi bimirəm. Xahişimdən sonra bank rəsmiləri maşını cərimə meydançasından çıxarıb apardı. Əsas şikayətim Eldar Şeşkilovdandır. Çünki bu problemi mənə o yaradıb. Balakən rayon Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyi və əməkdaşları məni ələ salır. Mən maşını verməyə də bilərdim. Polis işçisi olduğu üçün ona hörmət etdim. Sizdən xahiş edirəm ki, şikayətimi işıqlandırasınız". Şikayəti araşdırmaq üçün Balakən rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Eldar Şeşkilovla əlaqə saxladıq. O bildirdi ki, vətəndaş Əliyev Vüsal Yəhya oğlu avtomobilinə "fifa" siqnalı quraşdırdığı üçün saxlanılıb: "Onun barəsində hal şahidlərinin iştirakı ilə akt tərtib edilib. İş artıq məhkəməyə göndərilib. Yəqin ki, məhkəmə qanun pozuntusuna yol verən sürücünün barəsində bir tədbir görəcək".

İlqar Sadıqov

Oxu 1299 dəfə