"Yorğan davası"na sərt reaksiya: "Hökumət istefaya getməlidir"

Bu məqaləni qiymətləndir
(1 Səs)

"Hökumət nümayəndələri yanlışlarını etiraf edərək, yuxarıdan tutmuş aşağıya qədər istefa vermək əvəzinə, xalqa yalanlar söyləməklə məşğuldurlar”.

Bunu Toplum.Tv-yə açıqlamasında Milli Strateji Düşüncə Mərkəzinin sədri  İsa Qəmbər ötən gün Milli Məclis sədrinin müavini Bahar Muradovanın 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı səsləndirdiyi "Hər kəs ayağını yorğanına görə uzatmalıdır” fikrinə münasibət bildirərkən deyib.

İsa Qəmbərin sözlərinə görə, hakimiyyətin korrupsiya, monopoliya siyasəti ölkəni çox ağır vəziyyətə salıb: "Milli Məclisdə səsləndirilmiş açıqlamaların içərisində ziddiyyətli fikirlər çoxdur. Bahar Muradovanın açıqlamasındakı qara yumor hissəsi cəmiyyətin diqqətindədir. Əslinə qalsa Bahar Muradovanın açıqlamasında təzadlı bir çağırış var: əhali yoxsul yaşamağa öyrəşməlidir. Deputat demir ki, əhali bundan sonra yoxsul yaşayacaq, yəni bu faktiki olaraq əhalinin əksəriyyətinin yoxsul yaşadığının etirafıdır. Bu da illər uzunu İlham Əliyev və digər hökumət nümayəndələrinin ölkədə yoxsulluğun cəmi 5 faiz olduğunu təbliğ etməsini yerdən-yerə vurur. Düşünürəm ki, əsas diqqət yetirilməli məqam əhalini yoxsul yaşamağa çağırışdır və bu, biabırçılıqdır”.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, orta gəlirli təbəqənin qənaət etməsi mümkün olsa da, azgəlirli təbəqənin qənaət etməsi mümkünsüzdür:

"İlkin olaraq minimum istehlak səbətindəki ərzaq məhsulları gündəlik tələbat hesab olunur və onlara qənaət etmək vətəndaşın sağlamlığı üçün qısa zamanlı təhlükə yarada bilər. Təhsil məsələsi vətəndaşların ikinci təxirəsalınmaz tələbatlarından biridir. İndiki vəziyyətdə ailələr təhsil xərclərini azaldaraq,  gələcəkdə bunun fəsadları ciddi şəkildə ortaya çıxacaq. Son olaraq səhiyyə məsələsidir. Vətəndaş istənilən halda öz sağlamlığını qorumalıdır və səhiyyə xərclərinə heç bir halda qənaət edə bilməz. Düşünürəm ki, bu üç istiqamətdə xərclərə qənaət edilməsi heç bir halda doğru deyil. Orta gəlirli ailələrə nisbətən, azgəlirli ailələrin  qənaət etməsi mümkünsüzdür. Çünkü onların gəlirləri ilə xərcləri arasında ciddi fərq var. Gəlirlər xərclərdən azdırsa, burada qənaətdən söhbət gedə bilməz. Gəliri xərcindən az olan ailələrin qənaət etməsi mövcud şəraitə uyğun deyil".

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə məsələyə belə münasibət bildirib:

”Milli Məclisin başlıca vəzifəsidir ki, hökumət nümayəndələrini dəvət edərək büdcə məsələsini müzakirəyə çıxarsın. Amma onlar müzakirə şəraitini yaratmırlar. Milli Məclisin vəzifəsi seçkiqabağı stabillik yaradıb, rifahı artıraraq vətəndaşların istehlakçı hüquqlarını qorumaqdır. Hesab edirəm ki, Milli Məclisin tam tərkibdə deputatları istefa verərək, öz səlahiyyətlərindən imtina etməlidirlər. Milli Məclisin nümayəndələri ya öz vəzifələrini yerinə yetirsin, ya da belə tövsiyələrlə çıxış etməsinlər. Vəziyyət kifayət qədər pisdir və gərginləşməkdə davam edir". 

Deputat Vahid Əhmədov isə məsələyə münasibət bildirməkdən imtina edib: ”Bu məsələni Bahar Muradovanın özü ilə əlaqə saxlayıb, ondan soruşun”.

Deputat Nizami Cəfərov isə Azadlıq Radiosuna müsahibəsində deyib ki, vitse-spikerin fikri kontekstdən çıxarılıb:

”Bahar xanım belə söz deyə bilməz. Görünür, o fikir kontekstdən çıxarılıb. Heç vaxt heç kim deyə bilməz ki, "yoxsul yaşamağa öyrənməlisiz”. Qənaətcilliyə öyrənmək söhbəti ola bilər. Yoxsa... Mən Bahar xanıma dəfələrlə qulaq asmışam, heç vaxt belə söz deyə bilməz”

Xatırladaq ki, Dekabrın 2-sində Milli Məclisdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın səsləndirdiyi "Hər kəs ayağını yorğanına görə uzatmalıdır” fikri ictimaiyyətin narazılığına səbəb olub.

Oxu 965 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.