Tuesday, November 21, 2017

Azərbaycanda ailə hakimiyyətinin bərqərarı, yoxsa cəmiyyətin sifarişi?

Bu məqaləni qiymətləndir
(2 səs)

Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Sərəncam ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. 

Maraqlıdır, bu təyinat ölkədəki siyasi proseslərə necə təsir edəcək?

Toplum TV suala siyasətçilərdən cavab almağa çalışdı. 

"Sərəncam Azərbaycanın maraqlarına ziddir" 

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyir ki, bu təyinat gözlənilən idi: "Ötən il hakimiyyət heç bir ehtiyac olmadan mənasız referendum təklif edərkən əksər ekspertlər kimi biz də fikrimizi bildirmişdik ki, məqsəd ailə hakimiyyətini formalaşdırmaq və rəsmiləşdirməkdir. Təəssüf ki, bu proqnozlar doğruldu və İlham Əliyev bugünkü qərarı ilə Azərbaycanı 21-ci əsrə yaraşmayan şəkildə yenidən dünyaya təqdim etdi. Bu sərəncamla o, Azərbaycanı sülalə hakimiyyəti ilə idarə olunacaq orta əsrlər dövlətinə çevirmək istiqamətində ciddi bir addm atdı. Bu, çox yanlış bir addımdır və istənilən mənada Azərbaycan maraqlarına ziddir. Hesab edirəm ki, bu yalnış addım öz mənfi təsirini göstərəcək”. 

"Azərbaycan hakimiyyəti verdiyi qərarları icra etməkdə tərəddüd edir"

REAL Hərakatının İdarə Heyətinin üzvü Azər Qasımlı hesab edir ki, Azərbaycan hakimyyətinin qərarları icra etməkdə ciddi tərəddüdləri var: "Bu vəzifəyə kimin təyin olunmasından asılı olmayaraq, İlham Əliyevin kimisə vitse-prezident, yaxud da birinci vitse-prezident təyin edəcəkdisə, bunu niyə daha öncədən, referendumdan həmən sonra etmirdi?! Ümumiyyətlə, belə bir pauzanı götürmək nəyə, kimə lazım idi? Ötən ilin noyabr ayında referendumun nəticələri elan olundu, üzərindən 3 ay keçəndən sonra kimisə birinci vitse-prezident təyin edirlər. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan hakimiyyəti verdiyi qərarları icra etməkdə tərəddüd edir və hakimiyyətin qərarvermə mexanizmində ciddi problemlər var. Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsi bir daha onu göstərir ki, Azərbaycanda sülalə hakimiyyəti formalaşıb və bu proses daha da dərinləşir. Hakimiyyətin çevrəsi daha da daralır. Bir ailədən iki şəxs ölkədə ali vəzifələrdən ikisini tutacaq. Bu, o deməkdir ki, Azərbaycanda respublika adına heç nə qalmadı, əvəzində açıq şəkildə sülalə hakimyyəti quruldu. Bundan sonra proseslər daha rahat inkişaf edəcək, çünki hakimiyyət bütün kartlarını, yəni istək və arzularını ortaya qoymuş oldu. Buraya ağır iqtisadi durumu və sosial problemlərin dərinləşməsini əlavə etsək, deyə bilərəm ki, proseslər çox sürətlə inkişaf edəcək və siyasi həyat daha maraqlı olacaq. Baxmayaraq ki, bugünkü təyinatı həyata keçirən şəxs bunun əksini edib”. 

"Mehriban xanımın təyinatı cəmiyyətin sifarişi idi” 

Yeni Azərbaycan Partiyasının üzvü, deputatı Elman Nəsirov isə cəmiyyətin bu təyinatı gözlədiyini deyib: "Azərbaycanın həm daxilində, həm də hüdudlarından kənarda tanınmış şəxsiyyət olan Mehriban Əliyevanın belə yüksək dövlət vəzifəsinə təyin olunması cəmiyyətdə çox müsbət qarşılanır. Mehriban xanımın bütün fəaliyyəti insanlıq naminə idi. Belə bir insanın yüksək vəzifəyə təyin olunması Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə xidmət göstərəcək. Bütün hallarda onun fəaliyyəti dövlətçiliyə xidmət edib. Hesab edirəm ki, Mehriban xanımın ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyətin sifarişi idi. İctimaiyyət bunu gözləyirdi və bu gün də insanlarımız bu qərara sevinirlər”.

"Ölkənin birinci vitse-prezidenti vəzifəsinə uyğun namizəd təyin olunub"

"Mehriban Əliyevanın birinci vitse-prezident kimi siyasi kursun səmərəli fəaliyyətinə faydası olacağı indidən proqnozlaşdırıla bilər”, -bunu BQP sədri, deputat Fazil Mustafa deyir. Deputat hesab edir ki, ölkənin birinci vitse-prezidenti vəzifəsinə uyğun namizəd təyin olunub: "Mehriban Əliyevanın beynəlxalq arenada aktiv siyasi fəaliyyətdə olduğu hamıya məlumdur və ölkənin real siyasətində birinci vitse-prezident kimi siyasi kursun səmərəli fəaliyyətinə faydalı olacağı indidən proqnozlaşdırıla bilər. Ümid edirəm ki, Mehriban Əliyevanın yeni vəzifəsi ölkənin həm daxili, həm də xarici siyasətində stimul yaradacaq”. 

"Bu təyinat hakim partiyanın daxilində mərkəzdənqaçma etimadsızlığını gücləndirəcək”

AXCP sədri Əli Kərimli təyinatı ailə hakimiyyətinin rəsmiləşdirilməsi kimi qiymətləndirib:

"Bu təyinat Azərbaycanda de-fakto mövcud olan ailə hakimiyyətinin rəsmiləşdirilməsidir, bunun başqa bir izahı yoxdur. Bu, onu göstərir ki, hakimiyyət Azərbaycanda ailə hakimiyyəti qurmaqda tamamilə əmindir, heç kimə etimad göstərmir. Düşünürəm ki, bu təyinat həm də hakim partiyanın daxilində mərkəzdənqaçma etimadsızlığını gücləndirəcək”.  

"Bu, hakimiyyət içində ən uyğun təyinatdır” 

Ümid Partiyasının sədri İqbal Ağazadə təyinatı düzgün addım hesab edib: "Konstitusiyanın 109-cu maddəsilə bu səlahiyyət prezidentdədir. Prezidentin komandasının bütövlükdə fəaliyyətindən həmişə narazılığımızı ifadə etmişik. Amma bu səlahiyyət prezidentdədir və o , hansısa naziri, komitə sədrini yaxud da vitse-prezidenti təyin etdikdə bizim buna qarışmaq, qarşını almaq kimi tədbir imkanlarımız heç vaxt olmayıb. Hakimiyyət içərisindən kimin təyin olunması isə olduqca maraqlı konfiqurasiya yaradır. Hesab edirəm ki, dəyişiklik etmək imkanlarımız olmadığını nəzərə alsaq, bu təyinat digərlərindən daha uğurlu təyinatdır. Ən azından içəridə fərqli münasibətlər sisteminin yaranması, rüşvət və korrupsiya ilə bağlı məsələlərdə şikayətlərin dinlənilməsi, vətəndaşların cari problemlərin həll olunması və başqa məsələlərdə ənənələr bir qədər sərtdir. Bəziləri bunun əleyhinə gedə bilər, lakin ən azından vətəndaşların uzun müddət öz problemlərinin həllinə nail olması kimi məsələlər aktual olacaq. Hesab edirəm ki, ölkənin birinci vitse-prezidentini cəmiyyət təqdim edir və cəmiyyətin, o cümlədən siyasi institutların bu istiqamətdə təsir imkanları yoxdursa, bu təyinat hakim komanda içərisində ən doğru təyinatdır”. 

Oxu 349 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.