“Heydər Əliyevin yetimin papağını qaytarma hərəkəti...” Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Fazil Mustafa: “Azad mətbuatın susdurulması kampaniyasının ilhamçısı, Azərbaycanda demokeratiyanın varlığından ən çox qorxanların önündə məhz bu gün Milli Məclisin başında duran şəxs gəlir”

Sabitliyin acılığı və canlı konstitusiya nağılı

Bir həftədir iyirmi qəzet redaktoru aclıq edir. Məmləkətimizdə ağalıq edən iqtidar sahiblərisə bu aclığa göz yumurlar. Beş ildir ki, məmləkət əhlinin halı heç də bu qəzet redaktorlarının halından yaxşı deyil. Yəni onlar da aclıq edirlər və onların da bu binəva durumunu “gördüm, duydum” deyən yoxdur. Ancaq aclıqdan aclığa da fərq var. Bir var niyyət edib orucluqda ac qalasan, yaxud da bizim qəzetçi dostlarımız kimi azadlıq üçün niyyət edib canını ortaya qoyasan. Bir də var ac olasan evinin bir küncündə gizlənərək kimlərinsə sənin haqqını müdafiəsi üçün çalışmalarını seyr edəsən və hətta onları “dağıdıcı müxalifət” deyə söyəsən.

Romalılar aforizmləri çox sevər,“ümumun salamatlığı ən yüksək qanundur” deyərdilər. Elə bizim məmləkət əhlinin də aforizmlərlə arası pis deyil. Beş ildir bizdə də “ac qalsaq da olar, bu sabitlik hər şeyə dəyər” deyənlər var. Onların arzuladığı “bu sabitlik” hər şeydən öncə azadlığımıza dəyir. Bizlərsə aclıqdan qurtuluş üçün cəmiyyətə azadlıq təlatümü gətirmək istəyirik. Sabitliyin aclığından azadlığın təlatümünə keçidi qəbul etdirmək istəyirik.

Siyasi qeybət çevrələrində mətbuata, partiya liderlərinə qarşı bir mərkəzdən idarə olunan total hücumları iqtidarın taktiki gedişi kimi qiymətləndirənlər var. Bu mülahizələrə görə saxta seçki yoluyla hakimiyyəti yenidən mənimsəyənlər xalqın bu qədər kəskin münasibətiylə qarşılaşacaqlarını düşünmürdülər. Saxta nəticələri 1995-ci ilin Milli Məclis seçkisindəki tək millətə soxuşdurmaq mümkün olmadı. Sağlam müxalifət saxta seçkiylə hakimiyyəti qəsb etmiş klanın legitimliyini tanımadı. Əslində xalq da bundan imtinanı susqun vəziyyətdə ifadə etdi. Ancaq əziyyət çəkib meydanlara enmədilər. Bu o demək deyildir ki, xalq müxalifətə inanmadı. Meydanın müxalifətə nə dəxli. Sadəcə azadlığa inanmaq üçün iman lazım idi. Bu isə ermənilərlə savaşda da ortaya çıxdığı kimi bizlərdə hələ zəifdir. Məhz bu imanı qazandırmaq üçün bizlər “demokratiya” deyib durmuşuq. Azad düşüncəsini ifadə edə bilməyən insanlar hər cür zülmə layiq sayıla bilərlər.  

Bir azdan yəqin ki, bu işə müdrik rəhər müdaxilə edəcək. Vasitəçi kimi yanına gəlmiş Amerika və ya Böyük Britaniya səfirinə bu işdən xəbəri olmadığını söyləyəcək. Elə bəlkə də Elçibəyin də prokurorluğa çağrılmasından xəbərsiz olduğunu deyəcək.  Sonrası da məlumdur ki, yetimin papağını özünə qaytaracaqlar. Və sonra da düşünəcəklər ki, həm mətbuatın, həm də siyasi partiyaların başını özlərinə qataraq seçki məsələlərini unutdura bildik. Ancaq özlərinin keçmiş doğma rejimlərindəki bir şuarı xatırlatmaq yerində olardı: “Heç nə unudulmur, heç nə yaddan çıxmır!” Doğrudur, indiki hakimiyyətdə yetim mallarını mənimsəmə faktları bizi bir az pessimis məcraya yönəldir. Və düşünürük ki, Heydər Əliyevin yetimin papağını qaytarma hərəkətindən komandanın içindəkilərin çoxu narazı qalacaq. Yəni bunların çoxu papağa “şapka” kimi baxırlar. “Şapka” məsələsində isə kimsəyə güzəştə getmək olmaz.

 Bizlərdə hər şeyi Heydər Əliyevin adına bağlamaq alışqanlığı da əməlli-başlı özünə yer edib. Ailə hakimiyyətini də çox zaman onun adı ilə bağlayırlar. Burada əlbətə həqiqət payı böyükdür. Bu cür ümumi anlayışların fonunda hakimiyyətin formal olaraq ikinci adamı Murtuz Ələsgərovun ailə şəbəkəsini də unutmaq doğru olmaz. H.Əliyevi müxalifət cinahında fenomen, hətta syasətin balinası kimi tanıyanları kimsə inkar edə bilməz. Biz əlbəttə, bu barədə fərqli düşünürük. Bizcə, bütün fenomenlər, siyasət balinaları ancaq tarixə oynayanlar hesab oluna bilər. Burada mənfi və ya müsbət impulsların bir o qədər də əhəmiyyəti yoxdur. Ancaq özünün fiziki varlığıyla qəbul edilən siyasi portretlər bir günün içində zamanın yoxluğuna qərq olurlar. Bu iqtidar başçısı haqqında fenomen sözünü işlətmək bəlkə də mümkündür. İqtidarın bu gün formal da olsa, ikinci adamı sayılan Murtuz Ələsgərova fenomen tanıtımını tətbiq etmək isə heç bir halda mümkün deyil. Bilirsinizmi niyə M.Ələsgərovdan söz saldıq? Çünki azad mətbuatın susdurulması kampaniyasının ilhamçısı, Azərbaycanda demokeratiyanın varlığından ən çox qorxanların önündə məhz bu gün Milli Məclisin başında duran şəxs gəlir. M.Ələsgərovun kəmhövsələliyini bildiyim üçün bəri başdan söyləyim ki, bu yazıda onun haqqında heç bir təhqir və ya böhtan faktı olmayacaq. Mənim haqqımda da hər zaman arzuladığı qəti tədbirlər üçün də əziyyət çəkməsin. Bizlərinki artıq o tədbirlərdən də o tərəfə keçib. Sadəcə, bu adamın parlamentdəki çıxışlarını dinlədikdə, düşünürsən, H.Əliyevə elə M.Ələsgərovun bir çıxışını dinləmək kifayətdir ki, özünə və millətə zərər vuracaq addımları atsın. Seçkidən sonrakl bir-birinin ardınca buraxılan səhvlərdə də ən çox M.Ələsgərovun dəs-xətti görünür. Məclisdə millət vəkillərinə dəyanət oxumağa söz verməməsi bir yana, millət vəkili haqqında “zibillərdən təmizlənirik” ifadəsinin işlənməsinə yaşıl işıq yandırır, özünü Azərbaycanın canlı konstitusiyası kimi tanıtmağa cəhd etdiyi halda, millt vəkili və özünün qürurla tələbəsi elan etdiyi Əli Kərimova cavabı elmlə heç bir əlaqəsi olmayan “Əcəb edirəm!” kəlməsi olur. Əlbəttə, bu şəxsin azacıq siyasi uzaqgörənliyi olsaydı, yəqin ki, 13 il bundan qabaq İsraili sionizmin mərkəzi, terrorçu dövlət adlandırıb bu gün yəhudilərlə bir araya gələrkən təriflər düzüb-qoşmaq məcburiyyətində qalmazdı. Allah izn versə, eyni tərifləri bu gün Məclis sədarətindən ələ saldığı müxalifət qüvvələrinə də söyləyəcəyinə heç şübhəmiz yoxdur. Demokratiyaya bu qoca professorun nifrəti elə universitet illərindən qalmadır. Çünki 10 il bundan qabaq hüquq fakultəsinə demokratik yolla dekan seçkisində tələbəli-müəllimli verilən 40-a yaxın səsin özü qarışıq yalnız 4-nü alan M.Ələsgərov demokratiyanın nə qədər zərərli olduğunu gözəl bilir. Qaldı tələbə məsələsinə, yəqin məndən də soruşacaqlar ki, nə oldu, indi müəlliminizi bəyənmirsiniz? Bizim bu suala cavabımız dostlar arasında aforizmə çevrilib, oxuculara da bildirməkdə qəbahət yox. Hər zaman vurğulamağa məcbur oluram ki, M.Ələsgərov bizə yalnız dərs deyib. Dərs demək isə hələ müəllim olmaq demək deyil.

Müəllim bizlərdə yol göstərən mənasını daşıyır. Nə isə... Azadlıq niyyətiylə aclıq edən qəzetçi qardaşlarımıza niyyətlərinə qovuşmaq arzulayıram.

Fazil Qəzənfəroğlu

“Azadlıq” 25 noyabr 1998

Oxu 881 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.