Hüseynqulu Bağırov prezidenti aldadır – ARAŞDIRMA (FOTO) Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Azərbaycan hakimiyyətinin uzunmüddətli iqtisadi-strateji siyasətində turizmin inkişaf etdirilməsi xüsusi önəm daşıdığından hər il meşəçilik təsərrüfatına milyonlarla vəsait xərclənir.

2017-ci ilin dövlət büdcəsindən də meşəçilik təsərrüfatının inkişafına kifayət qədər böyük vəsait ayrılıb. Belə ki, bu il dövlət meşəçiliyə 13 milyon manata yaxın vəsait sərf edəcək.

Ancaq bütün bunlara baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu vəsaitlərin xərclənməsində, xüsusən də meşəçilik təsərrüfatında çox ciddi şübhəli məqamlar var.

AzToday.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2015 və 2016-cı illərdə meşəçilik təsərrüfatında görülmüş işlərin hesabatına nəzər yetirərkən kifayət qədər şübhə doğuracaq məqamlar var.

Belə ki, Nazirliyin 2015-ci ilə aid rəsmi hesabatında yazılır ki, “2015-ci il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10141 hektar ( 1!) sahədə meşəbərpa tədbirləri görülüb ki, bundan 2635 hektar plan-proqnoza qarşı 2636 ( 1!) hektar sahədə meşə əkini və səpini işləri aparılaraq 4310,4 min ədəd ting əkilib. Meşə əkinlərinin becərilməsi məqsədilə 32546,4 hektar sahədə xidmət, 33224,6 hektar sahədə suvarma, 2576,85 hektar sahədə torpaq hazırlığı işləri, 7505 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilib. Müxtəlif ağac və kol cinslərindən 175078,5 kq toxum tədarük edilib.”

Rəsmi hesabatdan da göründüyü kimi, burada çox ciddi suallar doğuracaq məqamlar var. Məlumdur ki, adıçəkilən müəssisənin 10140 hektar plan- proqnoza qarşı 10141 (?!) hektar ərazidə gördüyü meşəbərpa işləri və 2635 hektar plan-proqnoza qarşı 2636 (?!) hektar sahədə aparılan əkin-səpin işləri müxtəlif ərazilərdə aparılıb. Onu da nəzərə alsaq ki, Azərbaycanın meşə massivləri əsasən dağlıq relyeflərdə yerləşir, o zaman məsələ daha da qəlizləşir və ortaya bir sıra vacib suallar çıxır.

1.Nazirlik niyə açıq hesabatında rəqəmlərlə yanaşı görülən işlərin hansı ərazilərdə aparıldığını qeyd etməyib?

2.Nazirliyin meşə təsərrüfatında görülən işlərin qiymətləndirilməsini hansı təşkilat həyata keçirib?

3.Niyə hər iki – meşəbərpa və əkin-səpin- plan-proqnozda qarşıya qoyulan öhdəlik məhz 1 (!!!) hektar artıq görülüb?

Nazirliyin 2016-cı ilə olan hesabatında göstərilən rəqəmlər isə 2015-ci ildə verilən rəsmi hesabatda göstərilən rəqəmlərdən ciddi fərqlənmir. Belə ki nazirlik 2016-cı ildə meşəçilik təsərrüfatının hesabatında yazır:” 2016-cı il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılıb ki, bunun da 2646 hektarı (2635 ha qarşı) meşə əkini və səpini işləridir”. Hesabatın bir cümləsində göstərilən 4 rəqəmin ikisi ötən 2015-ci ilin hesabatındakı rəqəmlərin eynisidir. Belə ki, 2015 və 2016 cı illərdə nazirliyin qarşıya qoyduğu PLAN-PROQNOZun rəqəmi- 10140 hektar nədənsə heç dəyişmir. Bundan əlavə meşə əkini və səpini işlərində də qarşıya qoyulan plan proqnoz ötən ilki ilə eyni- 2635 ha təşkil edir. 2015-ci ildə hər iki plan-proqnoz 1 hektar artıqlığı ilə yerinə yetirilmişdisə, bu il, hər iki plan-proqnoz 11 (!!!) hektar artıqlığı ilə yerinə yetirilib.

Ekologiya nazirliyinin siam əkizləri xatırladan rəsmi hesabatlarından haqlı sual ortaya çıxır.

1.Meşəçilik təsərrüfatının qarşısına qoyulan plan-proqnozun həcmini hansı qurum müəyyənləşdirir?

2.Planlaşdırılan plan-proqnoz nədən iki il dalbadal (2015 və 2016-cı illər) eyni rəqəmləri təşkil edir?

3.Meşəbərpa və əkin-səpin işləri üzrə müəyyənləşdirilən plan-proqnoz 2015-ci ildə nazirlik tərəfindən hər iki sahə üzrə 1 hektar (!!!), 2016-cı ildə isə 11 hektar(!!!) artıqlaması ilə yerinə yetirilib. Başqa-başqa sahələrdə əlavə görülən işlərin bu qədər dəqiq, eyni, oxşar aparılmasında məqsəd nədir?

Göründüyü kimi suallar nazirliyin hesabatının məntiqindən (daha doğrusu məntiqsizliyindən) yaranan suallardır.

Qeyd edək ki, Azərbaycan bölgələrinin hər bir meşə ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində olan yeni ağacların yetişdirilməsi üçün “tinglik” deyilən iri sahələrdə nadir və müxtəlif ağaclar yetişdirilir. Əslində heç də pis hal deyil. Lakin bu işdə də şəxsi maraqlar ön plandadır.

AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlət büdcəsinin talanmasının ən unikal variantını illər öncə tapıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti sən demə yarandığı tarixdən Hüseynqulu Bağırovun xidmətində olub və qısa bir zamanda ETSN şefinin şəxsi büdcəsinə milyonlarla vəsait gətirib. Məlumatlarda xüsusilə vurğulanır ki, «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun «vəsait silmək» üçün əsas qurumlarından biri hesab olunur.

Yeri gəlmişkən qeyd edək ki, «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC – nin əsas işi ölkədə, xüsusən də magistral yollar boyunca yaşıllaşdırma işləri aparmaq və yeni meşə landşaftları yaratmaqdan ibarətdir. Yaşıllıqların salınması, bərpası və artırılması, müvafiq infrastrukturların inkşafı, eyni zamanda qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistiral avtomobil yollarında meşə zolağının salınması və mühafizə olunmasında ASC-nin xidmət sahələrinə aiddir. Səhmdar Cəmiyyətin tərkibində 10 yaşıllaşdırma və 5 istismar idarəsi fəaliyyət gösətərir. Bunlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 11, 12 saylı Yaşıllaşdırma İdarələri, həmçinin İstisaslaşmış Kompleks Mexanizasiya İdarəsi, Suvarma Sistemlərinin Quraşdırılması və istismar İdarəsi, “Bağlı Qurunt Şəraitində örtüklü Kök Sistemli Tinglik” İdarəsi, Xəzər Suyunun Duzsuzlaşdırılması idarəsi, Kür-Boyu və Digər Yaşayış məntəqələrində içməli suyun Ekoloji Standartlara Nəzarət və Təminat Mərkəzi idarələridir.

AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, faktiki olaraq yol boyu ağac əkən bu qurum hər il milyon manatlarla dövlət vəsaitini göyə sovurur. Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetində ayrılan vəsaitlərin bir qayda olaraq «silindiyini» bildiklərinə görə son 3 ildə quruma ayrılan vəsaitlər bir neçə dəfə azaldıb. Mənbə qeyd edir ki, 2012 – 2013 cü illərdə ASC-yə ayrılan 2 milyon manata yaxın vəsait (2012-ci ildə 1,4 milyon, 2013-cü ildə 550 min manat) yaşıllıqların salınması, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinə, boruların, aksesuarların, maşın avadanlqıların və digər cari xərclərə sərf olunub.

Yol qırağında əkilən ağacların alınması və əkilməsində də «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC-nin nazirliyin yüksək vəzifəli şəxsləri ilə əlbir olaraq qiymətləri fantastik dərəcədə şişirdərək mənimsəmələrə yol açdıqları bildirilir. ASC-nin yol qırağında əkdiyi ağacların çoxusu quruduğuna görə hər il yeni ağac və kollar əkilir. Bu isə il ərzində yenidən milyonların mənimsənilməsinə yol açır.

Eyni zamanda yaşıllaşdırma idarələrində çoxlu sayda işçilər var ki, onların sadəcə işdə adları gedir və hər ay əmək haqqlarını idarə rəisləri alır.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Oxu 786 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.