Tuesday, November 21, 2017

"Əfqan Muxtarlının həbsindən Gürcüstan hökumətinin xəbəri var" - Amnesty International

Bu məqaləni qiymətləndir
(1 Səs)
"Azərbaycan hakimiyyəti avtoritar meyillərindən əl çəkmək istəmir"
 
''Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə təzyiqlər bizi son dərəcədə hiddətləndirir. Əfqan Muxtarlı qeyd-şərtsiz azadlığa buraxılmalı və işgəncələr araşdırılmalıdır'', - Amnesty International təşkilatının yaydığı bəyanatda belə deyilir.
 
Təşkilatın Gürcüstan bürosunun rəhbəri Levan Asatiani jurnalistin həbsini onun fəaliyyəti ilə əlaqələndirir: ''Həbs olunması Əfqan Muxtarlının jurnalist fəaliyyəti ilə bağlıdır, siyasi sifarişdir. Belə görünür ki, bundan Gürcüstan hökumətinin xəbəri olub. Ailəsi də bildirib ki, o, Tbilisi küçələrində izlənilirdi. Gürcüstan tərəfi məsələni nəzarətə götürməli və araşdırmalıdır''.
 
Nida Vətəndaş Hərəkatı da Əfqan Muxtarlının həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, mayın 29-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində jurnalist, Nida Vətəndaş Hərəkatının üzvü, Qarabağ döyüşlərində könüllü iştirak etmiş, qazi Əfqan Muxtarlı naməlum şəxslər tərəfindən oğurlanıb. Ailəsi və yaxınları Gürcüstan polisinə müraciət etsə də, heç bir nəticəsi olmayıb:
 
''Yalnız 21 saatdan sonra o vəkili ilə əlaqə saxlaya bilib və Azərbaycanda Dövlət Sərhəd Xidmətində saxladığını deyib. Bundan sonra vəkil Elçin Sadıqov Əfqan Muxtarlı ilə görüşüb. O, baş verənləri vəkilə ətraflı danışıb''.
 
Məlumatda bildirilir ki, Gürcüstanda oturum icazəsi olan Əfqan Muxtarlı Tbilisidə bir neçə gürcü xüsusi xidmət orqanı əməkdaşı tərəfindən başına torba keçirilərək zorla maşına mindirilib və naməlum istiqamətə aparılıb. Daha sonra boş bir ərazidə əlini arxadan bağlayıb döyüblər və yenidən gözlərini "skoç"la bağlayaraq, 3 maşın dəyişərək Azərbaycan sərhəddinə gətiriblər:
 
''Sərhəddə cibinə 10 000 avro pul qoyularaq DSX əməkdaşlarına təhvil veriblər. Ondan sonra isə Bakıya DSX-nın mərkəzi qərargahına gətirilib. Azərbaycan hakimiyyəti artıq tək ölkə daxilində yox, ölkə xaricində də repressiyalara, fərqli fikir daşıyıcılarına qarşı qanunsuz həbslər həyata keçirməyə başlayıb. Bu artıq üçüncü oxşar saxta ittihamlarla həbs edilmiş Azərbaycan vətəndaşıdır. Bundan əvvəl AXCP sədrinin müavini Gözəl Bayramlı Azərbaycan sərhəddində, Gürcüstanda fəaliyyət göstərən "Lancet" klinikasının təsisçilərindən biri, cərrah Fərman Ceyranlı isə həmin ölkədə həbs edilib.
 
Baş verənlər bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti avtoritar meyillərindən əl çəkmək istəmir. Ölkəni saldıqları ağır iqtisadi-siyasi böhrandan çıxarmaqda aciz olan, artan sosial narazılıq və kütləvi işsizliyin qarşısını almaqda çətinlik çəkən hakimiyyət çıxış yolunu müxalif düşüncəli insanları şərləyərək həbs etməkdə görür.
 
Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin bu pis niyyətli əməllərinə avrointeqrasiya yolunu seçmiş Gürcüstan hakimiyyəti də şərik olur''.
 
Nida Vətəndaş Hərəkatı olaraq bəyan edirik: ''Hakimiyyətin bu repressiv addımları ölkəni saldıqları bataqlıqdan çıxarmayacaq, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan insanları da yolundan döndərməyəcək. Dünyanın ən avtoritar rejimlərindən biri kimi ad çıxarmış Azərbaycan hakimiyyətindən əməllərindən əl çəkməyi, ölkəmizi beynəlxalq ictimaiyyətdə daha çox rəzil etməməyi və siyasi məhbusları dərhal azadlığa buraxmağı tələb edirik''.
 
Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz pozma) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir.
 
Mayın 30-da Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı həbs edilərək Bakıya gətirilib. O, mayın 29-da, axşam saatlarında "yoxa" çıxıb. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Leyla Mustafayeva məlumat vermişdi. Onun sözlərinə görə, həmin gün axşam saat 7 radələrindən etibarən Əfqanın telefonuna zəng çatmayıb.
 
Əfqan Muxtarlı Azərbaycan hakimiyyətini tənqid edən fikirləri ilə tanınır. Bir müddət öncə hakimiyyətyönlü "haqqın.az" saytı Gürcüstanda yaşayan fəal azərbaycanlılarla bağlı məqalə yazmışdı. Həmin məqalədə adı çəkilən şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi vurğulanırdı. Adı hallandırılan şəxslərdən biri də Əfqan Muxtarlı idi.
 
Bundan əvvəl məqalədə adı keçən daha iki nəfər - professor Fərman Ceyranlı və AXCP sədrinin müavini Gözəl Bayramlı həbs olunublar. Artıq Gürcüstanda fəaliyyət göstərən İnsan Haqları Evinə Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı məlumat verilib. Gün ərzində məsələ ilə bağlı mətbuat konfransının keçiriləcəyi gözlənilir.
Oxu 251 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.