Thursday, September 21, 2017

Korrupsiya ümumbəşəri və milli dəyərləri sarsıdır...

Bu məqaləni qiymətləndir
(0 səs)

 Korrupsiya ümumbəşəri və milli dəyərləri sarsıdır, aztəminatlı insanlara ziyan vurur

Korrupsiya — dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Korrupsiya vəzifədə olanın öz imtiyazlarından istifadə edərək qanunları pozub bu və ya başqa məsələni səlahiyyəti olmayanların xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkarı korrupsioner adlandırmaq olmaz. Həmin cinayətkar rüşvət cinayətinə aiddir. Elmi ədəbiyyatda korrupsiya bu cür şərh olunur: korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Azərbaycanda da korrupsiya mövcuddur və bu gün xeyli sayda məmurlar vardır ki, onları korrupsioner adlandırmaq olar. Həmin korrupsionerlər hərbi xidmətdən yayınmaq istəyənləri, sürücülük vəsiqəsi almaq istəyənləri, işə düzəlmək istəyənləri və s. o istəklərinə çatdıraraq başqalarının hüquqlarını pozurlar. Eyni zamanda inzibati xətalara və ya qanun pozuntularına da korrupsioner göz yumaraq qanunların işləməməsini təmin edir. Buna görə də korrupsiyanın qarşısını almaq çətin olur. Azərbaycanda əslində bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirməlidirlər. Lakin, ölkədə korrupsiya o qədər genişlənib ki, heç kəs bu problemə görə “başını ağrıtmaq” istəmir. Azərbaycanda vəzifə sahiblərinin maddi durumuna nəzər yetirdikdə aydın olur ki, bunun arxasında korrupsiya dayanır. Buna görə də bu məsələləri açan və ictimai məlumatlar yayan jurnalistlər zaman-zaman həbs olunur və fəaliyyətləri məhdudlaşdırılır.

Əslində vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər ki, korrupsiyadan kənarda olması görsənsin:

· mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

· vergitutma obyekti olan əmlakı barədə;

· kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

· şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

· şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;

· şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

İstənilən sahədə inkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanın əksər ölkələrini narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial inkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir.

Fərid Heydarov

“Korrupsiyaya Qarşı Mübarizədə Vətəndaş Təşəbbüsləri” İctimai Birliyinin sədri 

Oxu 108 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.