Saturday, April 21, 2018

Bakı Qızlar Universitetində yeni “cəza” növü: tələbə təhsildən 6 aylığa uzaqlaşdırılıb Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Fəridə İsmayılova: "Rektor mənə deyir ki, məsələni ictimailəşdirməklə özünü çətinə salmısan”

Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin 3-cü kurs tələbəsi Fəridə İsmayılovanın təhsil aldığı müəssisədə təzyiqlə üzləşməsi haqda məlumat vermişdik. 

F.İsmayılova bir neçə gün əvvəl mətbuata müraciət edərək bildirib ki, qaib limiti bitmədiyi halda universitetə getmədiyi üçün rektor Sevinc Rəhimova tərəfindən dərsdən çıxarılması tələb edilib: "5 qaibim var və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. 

Biz isə dərsdə iştirak etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə dəqiqə sonra rektor sinif otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi. Əvvəlcə yalandan etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi. 

Sevinc xanımın atası Ağarəhim Rəhimov (sabiq rektor) gəldi və bizə qarşı hamının içində alçaldıcı ifadələr işlətdi. Limiti aşmadığım təqdirdə dərsə necə gəlib-getdiyimin heç kimə aidiyyəti yoxdur. Özü də Baloniya sistemində təhsil alırıqsa, ümumiyyətlə, bir söz deyə bilməzlər. Mən də artıq emosiyalarıma sahib çıxa bilmədim. Odur ki, universitetdə avtoritar sistem olduğunu dedim. İndi bizə şər atırlar, universitetdə başqa bir cənublu qızla dövlət əleyhinə hansısa bir təşkilata üzv olduğumuzu və separatçılıq etdiyimizi iddia edirlər. DTX ilə qorxudurlar. Saxta şahidlər tutaraq etmədiyim bir şeyi boynuma qoymaq istəyirlər.

Atamı universitetə çağırıb yanımda təhqir ediblər. "Qızın 6 ay universitetdən uzaq qalsın, ağlı başına gəlsin” deyiblər”.

Məsələ ictimailəşdikdən sonra müxtəlif reaksiyalar oldu. İnsanlar gənclərə qarşı ali təhsil müəssisəsində baş verən haqsızlıqdan hiddət ifadə etdilər. AFN olaraq biz də məsələni dərindən araşdırmaq, F.İsmayılovanın özünü, atasını, tələbə yoldaşlarını bir daha dinləmək qərarına gəldik. 

Gənc tələbənin atası İldırım İsmayılovun sözlərinə görə, ona universitetdə bildiriblər ki, guya qızı hansısa təşkilatın üzvüdür, ona görə 6 aylığa uzaqlaşdırılır: 

"Mən Ağarəhim Rəhimovun yanına gedəndə ayağını stulun üstünə qaldırıb oturmuşdu, iki dəfə qapını döydüm ki, müəllim, olar gəlim? Axırda qayıtdı ki, gəl da, daha gəlmisən. Qapıdan uşaq da girəndə adam ixtiyarsız olaraq tərpənir, özünü qaydasına salır, o isə heç vecinə də almadı ki, valideyn girib otağa, özü də yaşlı adamdır. Neçə dəfə getdim yanına, eyni sözü dedi mənə. Hadisə təzə olanda mən qızımı tənbeh etdim ki, get üzr istə, ağsaqqal adamdır, qızı təhqir etmişdi, üstəlik, mənim də barəmdə təhqiramiz ifadə işlədim qızımın yanında”. 

F.İsmayılova bildirdi ki, artıq bir neçə dəfə təhsil aldığı universitetə getsə də, onu dərsə buraxmayıblar: "Dedilər ki, guya məni başqa qrupa keçiriblər, amma universitetdə başqa qrup deyə bir şey yoxdur. Heç məni universitetə də buraxmırlar, deyirlər, get 6 aydan sonra gələrsən. Bu, hansı qanunda yazılıb, hansı əsaslarla bunlar məni "cəzalandırırlar”, bilmirəm. Ağarəhim müəllim atama deyib ki, qızın ruhi xəstədir. Halbuki mən psixologiya oxuyuram, gələcəkdə kiməsə diaqnoz qoyacam. Gələcəyin mütəxəssisinə belə şər atmaq cinayətdir”.

F.İsmayılova ilə eyni qrupda oxuyan ondan çox tələbə saytımıza tələbə yoldaşları ilə bağlı danışıblar. Təzyiqlərdən ehtiyac edən tələbələr adlarının çəkilməməsi şərtilə F.İsmayılovanın universitetdəki davranışı, oxuması haqda fikir bildirdilər. Ümumi rəy olduqca müsbətdir. Tələbələr birmənalı olaraq yoldaşlarının haqsızlıqla üzləşdiyini deyirlər. Eyni zamanda onun heç bir təşkilata, quruma üzv olmadığını, F.İsmayılova haqda hər hansı bir şübhəyə düşmədiklərini bildirirlər. Söhbət zamanı o da məlum oldu ki, bütün müəllim və tələbə heyəti ilə F.İsmayılovanın münasibəti yüksək səviyyədə olub, hər zaman dərslərini yaxşı oxuyub: "Biz anlamırıq ki, təşkilat söhbəti nə məsələdir ki, ortaya atırlar. Fəridəyə qarşı bu haqsızlığa etiraz edirik”.

Tələbələrlə söhbətdən o da məlum oldu ki, S.Rəhimova bu ildən dekan olub: "Bu ilədək Nərminə xanım idi, o çıxarılandan sonra Sevinc xanım rektor ola-ola dekan qoyuldu, indi o, həm dekandır, həm də rektor”.

Hadisə baş verən gün auditoriyada olan tələbələrin hadisə haqda danışdırlaqından aydın olur ki, dekan 1-ci saatda keçirilən gender psixologiyası dərsinə girərək Bahar müəllimdən dərsdə ola-ola iki tələbəyə - F.İsmayılova və Sevinc adlı digər tələbəyə qaib yazılmasını, özlərinin isə dərsdən çıxarılmasını tələb edib. Lakin müəllim buna etiraz edib, tələbə dərsdə ola-ola qaib yaza bilməyəcəyini deyib. Hadisələrin gedişində Sevincin halı pisləşib, Fəridənin yardım etməsinə isə dekan icazə verməyib. Sonra o gedib və atası A.Rəhimovla birlikdə qayıdıb. A.Rəhimov öncə Bahar müəllimi qovub, sonra isə F.İsmayılovanı təhqir edərək sinifdən qovmağa çalışıb. Tələbələrin sözlərinə görə, digər tələbənin halı pisləşsə də, rektor və atası onun artistlik etdiyini deyib gediblər: "Biz təcili yardım çağırdıq və ona tibbi yardım göstərildi”.

F.İsmayılova deyir ki, bütün aidiyyatı rəsmi qurumlara üzünü tutaraq ona atılan böhtanın araşdırılmasını istəyir: "Onlar deyirlər ki, ola bilsin mən hansısa təşkilatın üzvüyəm, ölkə rəhbərliyinə, DTX-ya, hüquq-mühafizə orqanlarına üzümü tuturam, bu iddianı araşdırsınlar, mənə vurulan ləkəni təmizləsinlər”.

F.İsmayılova bu gün də universitetə gedərək S.Rəhimova ilə söhbət edib. Rektor ona bildirib ki, məsələni ictimailəşdirməklə işini çətinə salıb(?). Eyni zamanda tələbə hansısa təşkilata üzv olması barədə ona böhtan atılması məsələsini önə çəkərkən S.Rəhimova "nə isə deməliydik da” deyərək özünə haqq qazandırmağa çalışıb. Rektor tələbənin 6 ay müddətinə universitetdən uzaqlaşdırılması qərarına da şərh verə bilməyib və "mənlik deyil” deməklə canını qurtarıb.

Təhsil eksperti Almaz Həsrət məsələyə münasibət bildirərkən dedi ki, 6 ay müddətinə təhsildən uzaqlaşdırılmaq kimi bir cəza növünə hələ rast gəlməyib: "Bəlkə də, təhsil qanunvericiliyinə nə isə yenilik ediblər, yaxud ali təhsil müəssisəsinin daxili qaydalarında bu əksini tapıb. Amma bu zaman da tələbəyə yazılı formada təqdim olunmalıdır ki, filan qanuna, filan qaydaya əsasən, filan hərəkətə görə 6 ay müddətinə təhsildən kənarlaşdırılma ilə cəzalandırılır. Əks halda, baş verənlər tam bir hüquq pozuntusu, haqsızlıqdır”.

Qeyd edilənlərlə bağlı Sevinc Rəhimovanın mövqeyini almaq istəsək də, xanım rektoru yerində tapa bilmədik. Rəhbəri olduğu dekanlığın 012-596-20-39 saylı telefona zəng etdiyimiz zamanı cavab verən xanım S.Rəhimovanın yerində olmadığını deyib bizdən əlaqə nömrəsi götürsə də, sonradan nə əlaqə saxlandı, nə də həmin nömrəyə edilən zənglər cavablandırıldı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

afn.az

Oxu 311 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.