Müxalifət yenə uduzdu – Hakimiyyət isə indidən seçkinin qələbəsini qeyd edə bilər Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir: “... 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur... Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin”.

Sərəncam ilk baxışdan təqdir olunur, hətta müxalifət düşərgəsindən də alqışlar gəlir. Ama mən hesab edirəm ki, bu sərəncam müxalifətin uduzmasıdır. Əvvəla, ona görə ki, müxalifət bu zamana qədər Azərbaycan Xalq Cumhuriyyətinə qarşı rejimin aqressiv davranışına əsaslanıb, mübarizə aparırdı. İkincisi, müxalifət Xalq Cumhuriyyətini örnək və nümunə olaraq təqdim edirdi. Hakimiyyət hər iki şansı müxalifətin əlindən aldı. Rejimin bu sərəncamda səmimiliyi tam başqa bir mövzudur. Və hesab edirəm ki, rejim bu sərəncamda səmimi deyil, məqsədi həm də seçki ilində bütün variantları öz xeyirinə çevirməkdir və məncə çevirə bilir.

25 ildə rejimin Xalq Cumhuriyyətinə və o Cumhuriyyəti yaradanlara qarşı olan münasibəti ortadadır. Hətta Məhəmməd Əmin Rəsulzadənin bir heykəlinə və abidəsinə rast gəlmək mümkün deyil. Rejim var gücü ilə Cumhuriyyət fədailərinə hücum edib, tarixin künc-bucağından da onların adını süpürməklə məşğul olub. Təbii ki, tarixin yaddaşı daşlaşır, onu süpürgə ilə təmizləmək mümkün deyil...

Rejim bu sərəncamdan necə faydalanacaq?

Bütün halda Cumhuriyyətin 100 illiyində demokratik qüvvələr hakimiyyətdə olmalıydı və rejimin belə bir qeyri-səmimi sərəncamına da ehtiyac qalmazdı. Bunu bacarmadılar, hətta bir-birini ən ağır ittihamlarla suçlayaraq bacarmadılar. Belə suçlamalar İsa Qəmbər timsalında günümüzə qədər uzanır.

Hakimiyyətin sərəncamdan faydalanmasına gəldikdə, seçki ilində bütün təbliğat kütləyə hesablanır. Əhalinin çox azlığını təşkil edən qrupların maraqları pərdə arxasında həll olunur. Seçki şuarları və sair məsələlər əhalinin maraqlarını təmin etməlidir. Əlbəttə ki, bu seçki taktikasıdır və dünyanın hər yerində belədir. Rejim bu sərəncamla ənənəvi müxalifətin, yaxud üzdə olan müxalifət partiyalarının bütün şanslarını mənimsədi. Xalq Cumhuriyyətinə qarşı “mərhəmətli” davrandığını nümayiş etdirməklə, müxalifətin hakimiyyət barəsində irəli sürdüyü ittihamın qarşısını aldı. Digər tərəfdən müxalifətin özünə örnək götürdüyü Cumhuriyyəti özününkiləşdirdi. Yəni bu günə qədər müxalifət iddia edirdisə, biz Cumhuriyyətin varisiyik və o dövləti biz yaratmışıq, rejim varislik hüququna sahibləndi.

Qeyd etdiyim kimi məsələnin mahiyyəti və sərəncamdan məqsəd siyasi prosesləri azsaylı izləyənlərə məlumdur.

Müxalifət nə etməliydi?

Düşünürəm ki, müxalifət bu günə qədər hədəfləri düz təyin etməliydi. Konkret kiminlə və hansı dəyərlər uğrunda mübarizə apardığını dəqiqləşdirməliydi. Amma nə hədəfləri müəyyənləşdirdi, nə mübarizəni dəqiqləşdirdi. Əksinə, “ana müxalifət” adı uğurunda “döyüşdü”.  İtirən xalq oldu, qazanan rejim. Bu qədər hadisədən və təcrübədən sonra eyni məsələlərin təkrarı nikbin olmağa əsas vermir.

Üçüncü tərəf kimi, xalq nə etməliydi, sualı da aktualdır. Görünür xalq yaşayışından məmnundur. Bunun bir sıra səbəbləri var. Əminəm ki, sosial vəziyyəti yaxşı olduğu üçün məmnun deyil. Amma hər halda küçədə durub 10 nəfərdən soruşsan ki, ölkə başçısından razısanmı? 7 nəfəri “hə” deyəcək, 3-ü də mən siyasətə qarışmıram, deyib keçəcək. Çünki, ölkədə siyasi institutlar yoxdu, azadlıqlar məhdudlaşdırılıb və sair.

Nəticə: Azərbaycan cəmiyyətinin qarşısına iri bir qara daş çıxıb. Hamı bu daşın götürülməsinin vacibliyini anlayır, ama heç kim daşa əl vurmaq istəmir. Külək, heç güclü sel də daşı yerindən tərpədə biləcək qüdrətdə deyil. Deməli hələ bir neçə il də qara daşın – rejimin kölgəsində “üşüməliyik”.

İlahiyyatçı, jurnalist Cavid Cabbarlı 

Oxu 240 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.