Kor yabılardan ziyalı düzəltdiyimiz üçün... Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Cənab Abdullayev, cəmiyyətin aydınlığa çıxmasına xidmət etməyən kitab kağız və mürəkkəbdən başqa bir şey deyil!

Növbədənkənar prezident seçkiləri cəmiyyətdə ciddi parçalanma yaradıb. Qarşılıqlı ittihamlar, təhdidlər, təhqirlər sosial şəbəkələrin əsas “bəzəyi”nə çevrilib. Normal və ədalətli seçkilər keçirə bilmədiyimiz kimi, normal dialoq da qura bilmirik.

Çox uzatmadan keçirəm mətləbə. Deməli, fevralın 9-da Anar, Fərhad Xəlilov, Fərhad Bədəlbəyli, Şəfiqə Məmmədova, Çingiz Abdullayev, Amaliya Pənahova, Afaq Bəşirqızı, Azərpaşa Nemətov və digərlərindən ibarət “ziyalı”lar bir yerə toplaşıb İlham Əliyevə dəstək olduqlarını bildiriblər. (Ziyalı sözünü dırnaqda ona görə yazdım ki, adını çəkdiyim bu zatların heç biri bu termini haqq eləmir). Bəyanat sosial şəbəkələrdə kəskin tənqid edilir, hətta seçki qanunvericiliyinə zidd olduğu vurğulanır. Məncə belə də olmalıydı. Amma və lakin hər cümləsində ziyalı olduğunu böyük hərflərlə camaatın gözünə soxan Çingiz Abdullayev kiçik və yarımçıq müsahibə verib. Adam danışdıqca özünü rüsvay edib. Əvvəlcə, onun dediklərindən bir neçə “nümunə” göstərim, sonra ziyalı sözünün mənasıni və kimə deyildiyini xatırladacam.

Abdullayev niyə İlham Əliyevə dəstək vermək istədiniz - sualını belə cavablandırır: “Birincisi, mən onu 30 ildən çoxdur tanıyıram. İkincisi də, mən üç dəfə onun vəkili olmuşam. Bəs mən kimin tərəfində olmalıyam? Məni qınayanlar başa düşmürlər ki, üç dəfə seçkilərdə onun vəkili olmuşam. O dəfələrlə deyib ki, mənim kitablarımı bəyənib, oxuyub. Bundan başqa, mən fikirləşirəm ki, doğrudan da, bu namizədlərin arasında ən yaxşısı budur. Ona görə də mən ona səs verməyə çağırmışam, vəssalam.

Sən demə, İlham Əliyev Çingizin kitablarını oxuyurmuş və bəyəndiyini də deyirmiş. Cingizin kitablarını kim çox oxuyursa, Abdullayevin məntiqilə ona səs verməlidir. Gerizəkalıq deyilmi?

Özünü həm də hüquqşünas kimi təqdim edən Abdullayev 25 il əvvələ qayıtmağı da unutmur. Zamanında mərhum Elçibəyi tənqid etdiyini deyərək, jurnalistləri axmaq adlandırır: “1993-cü ildə səkkiz adam ovaxtkı prezident Əbülfəz Elçibəyin evinə gedib bütün narazılıqlarımızı dedik... Hələliksə, axmaq jurnalistlər bunu başa düşmürlər.

Ç.Abdullayev jurnalistlərə axmaq desə də, özünə qarşı hörmətin zəruriliyini iddia edir: Bu necə xalqdır...? Hər şey keçib gedəcək, amma tarixdə o qalacaq ki, hansısa vicdansız öz ziyalılarını təhqir edib, söyüb. Görünür, utanmırlar”.

Adam bir şeydə haqlıdır, bir şeydə isə haqlı olduğunu demək mümkün deyil. Razıyam, ziyalısını dinləməyən, təhqir edən cəmiyyət mütləq tarixə vicdansız kimi düşəcək. Hətta ən çətin sınaqlarla üzləşə bilər və daim problemlərlə yaşayar, deyə də bilərik. Razı olmadığım cəhət isə özünü zorla cəmiyyətə ziyalı kimi pərçəmləməsidir.

Etiraf edək ki, biz ziyalı sözünü çox yanlış istiqamətə aparmışıq. Bir tərəfi qırılmış yüyənlə yabı sürməyin aqibəti gözdən olmaqdır. Yabı gedib girəcək kol-kosun içinə, gerisi məlumdur. Cəmiyyət ziyalı hesab etdikləri şəxs(lər)in çiyinlərində işığa çıxar. Biz isə özümüzü aldadıb kor yabılardan ziyalı düzəltdiyimiz üçün qaranlıqdan çıxa bilmirk.

O zaman, ziyalı kimdir – sualı aktuallaşır. Lüğət kitablarına baxsanız, görəcəksiniz ki, “ziya” nur, “ziyalı” isə nurlu deməkdir. Ziya və ziyalı sözlərini aydın və aydınlıq kimi də izah etmək olar. Əslində sözün mənası hər şeyi aydın göstərir. Lakin mən bir az da izaha lüzüm görürəm. Bu sözün mənbəyindən dolayı müqəddəs Qurana nəzər salaq. İlahi kitabda ziya sözü Allahdan başqa iki obyektə aid edilib.

a)Günəş; “O Allah günəşi  işıqlı (aydın) və ayı nurlu edəndir...” (Yunis surəsi, 5-ci ayə)

Ərəb dilində latin əlifbası ilə ayəni yazıram: “Huvəlləzi cəələş-şəmsə ziyaən vəl qəmərə nurən...”.

Günəş dünyamızı işıqlandırdığı üçün ziyalı adlandırılıb. Çünki bütün yaranmış günəşin ziyasından faydalanır.

b) Həzrət Musa; “Həqiqətən biz Musa və Haruna haqqı batildən ayırmaq vasitəsi, aydınlıq və təqvalılar üçün öyüd-nəsihət verdik”. (Ənbiya surəsi, 48-ci ayə)

Yenə ərəb dilində latin əlifbası ilə ayəni yazıram: “Və ləqəd atəyna Musa və Harunəl furqanə və ziyaən və zikrən lilmuttəqin”

Həzrət Musa və Harun peyğəmbərlərə haqqı batildən ayırmaq vasitəsi və aydınlıq verildiyi deyilir. Ziya haqqı batildən ayırmaq üçün həm də verilib. Kimsə soruşa bilər, bütün peyğəmbərlər haqqı batildən ayırmaq üçün görəvləniblər, niyə məhz Musa və Harun barəsində ziyalı termini işlədilib? Bu ayənin geniş izahında bütün suallara cavab tapmaq olar. Lakin yazının həcmini nəzərə alaraq, bir paralellik aparmaqla həqiqətin üstünə işıq tutmağa çalışacam. Əvvəl ziya (işıq, aydın) yaranır, sonra ziyalı (işıqlı, aydınlıq) meydana çıxır. Deməli hər ziya, ziyalı ola bilməz. Amma hər ziyalı mütləq ziya olmalıdır. Bu məsələnin incəliyi verilən görəvin yerinə yetirilməsindən asılıdır. Ziya o zaman ziyalı olur ki, ətrafı işıqlandırsın. Məsələn, Allah günəşi ziya olaraq yaradıb. Günəşin vəzifəsi ətrafı işıqlandırmaqdır. Vəzifəsini yerinə yetirdiyi üçün ziyalı yaxud işıqlı adlandırır. Həzrət Musa və Haruna da cəmiyyəti işıqlandırmaq görəvi verilmişdi. Ayədə qeyd olunur ki, Musa və Haruna haqqı batildən ayırmaq vasitəsi (fürqan) əta etdik, həmin vasitə ziyadır. Musa və Harun görəvlərini yerinə yetirincə ziyalı (işıqlı) oldular. Quranda Həzrət Musanın bir gəncin qətlini açması və həqiqi Tanrıdan üz döndərərək buzov pərəstişinə yönələn bir cəmiyyəti yanlış düşüncədən sağlam əqidəyə yönəltdiyi bəyan edilir.

Amma Həzrətin Musanın görəvi bunlarla tamamlanmır. O, haqqı batildən ayırmaq vasitəsi ilə silahlanıb dünyanın ən böyük diktatoruna qarşı savaşa girir və qələbə qazanaraq insanlara haqq yolu göstərir. Həzrət, cəmiyyəti kölə vəziyyətinə salmış “mən sizin ən böyük Tanrınızam” deyən Fironun qarşısına çıxır. Musa insanların düşüncəsini işıqlandırır və cəmiyyətə Fironun Tanrı olmadığını izah edir. Nəticədə, uzun illər diktatora baş əyən cəmiyyət aydınlığa çıxır.

Ziyalı, bütün varlığı ilə çirkaba batan, cinayətə bulaşan bir cəmiyyəti xilas edən şəxs(lər)ə deyilir, cənab Abdullayev. Siz özünüzü ziya hesab edərsiniz, bunun əksini heç kim söyləyə bilməz. Lakin ziyalı ola bilməzsiniz. Çünki, sizin əsas fəaliyyətiniz ədalətsiz və saxta przidenti dəstəkləməkdir. Yazdıqlarınıza gəldikdə, cəmiyyətin aydınlığa çıxmasına xidmət etməyən kitab kağız və mürəkkəbdən başqa bir şey deyil!

ad0145173c00f7fe99af7442fbe6a818 XL

 

 

 

 

 

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist

Oxu 470 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.