Saturday, April 21, 2018

Son əməliyyatlar Ordumuza hansı üstünlüklər tanıyır? - HƏRBÇİ RƏYİ

Bu məqaləni qiymətləndir
(1 Səs)

Nazim Bayramov Seysulan, Talış kəndlərinin, habelə Lələ Təpənin azad edilməsinin mühüm strateji əhəmiyyət daşıdığını deyir

Birinci Qarabağ Müharibəsi qazisi, peşəkar hərbçi, Sverdlovsk ali hərbi- siyasi tank və artilleriya məktəbinin məzunu Nazim Bayramov Azərbaycan Ordusunun ötən gün həyata keçirdiyi əməliyyatlara qiymət verib. 
Nazim Bayramov bildirib ki, ilk olaraq azad edilmiş Seysulan kəndi barədə danışıb. O qeyd edib ki, bu kəndin yüksəkliyi yoxdur, amma strateji əhəmiyyəti var. “Bu kənddə ermənilər yaşayıblar. Seysulana ilk dəfə hücüm, Xocalıya hücuma keçmiş düşmən qüvvələrini yayındırmaq məqsədilə 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə həyata keçirilmişdi. Hücumu Tərtərin o vaxtkı rəisi polkovnik Ələsgər Əliyev və müavini Rasim Vəliyev təşkil etmişdi. “Milli Qurtuluş” batalyonun komandiri Cahangir Kərimov, müavini Fuad Rzayev, “Azadlıq” batalyonun komandiri Ələmşah Məmmədov dəstələri onlara dəstək veriblər. Döyüşdə Tərtər polis bölməsi və Seyidimli, Cəmilli rotasının döyüşçüləri də iştirak etmişdilər. Kənd alınıb, yandırılmışdı. Döyüşdə “Qurtuluş” batalyonun komandiri Cahangir Kərimov, “Qurtuluşun” döyüşçüsü İlqar Hüseynov (Bakının Saray qəsəbəsindən) Şəhid olmuşdular”.
Bayramov qeyd edir ki, o zamandan Seysulanda yaşayış olmayıb. “1993-cü ildə kənd ermənilərin əlinə keçmişdi. Bu günə kimi oradan düşmənin müdafiə xətti keçirdi. Seysulanın alınması o ərazidəki cəbhə xəttinin konfiqurasiyasını xeyrimizə dəyişməklə, onun digər mövqelərinin cinahlarına daim təhdid yaratmaq imkanı verir”.
Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Talış kəndi barədə danışan keçmiş komandir vurğulayıb ki, bu yaşayış məntəqəsinin üstündəki yüksəklik Tapqaraqoyunlu- Borsunlu- Torpaq Təpə-Tərtər-Goranboy yol boyu Tərtərin kəndlərini əhatə edən ərazilərin komanda yüksəkliyidir. “Talış kəndi və həmin yüksəklik ilk dəfə Şaumyan əməliyatının davamında 1992-ci ilin iyunun 16-ı Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandiri olduğum tank batalyonu tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində alınmışdı. Daha sonralar,səhv etmirəmsə 1994-cü ildə yüksəklik itirilmiş, yüksəkliyi qaytarmaq məqsədilə 94-cü ilin şiddətli hücumları nəticə verməmişdi. Hərbi əhəmiyəti ilə bərabər, məhz yuxarıda göstərdiyim səbəbdən də Talışın ətraf yüksəkliyinin bu gün ordumuz tərəfindən alınması böyük uğur hesab olunmalıdır”.
Horadiz yaxınlığında tutulmuş Lələ-təpə yüksəkliyinə gəlincə Nazim Bayramov bildirib ki, 1994-cü ilin Horadiz əməliyatı zamanı nəzarətimizə keçmiş, lakin sonra itirilmişdi. “Yüksəklik, ordumuza Horadiz qəsəbəsinə qədər ətraf əraziləri bilavasitə müşahidə və atəş nəzarətinə almağa imkan verir. Uzaq məsafələrdə belə düşməni gizli cəmləşmə və hərəkət imkanlarından məhrum edir”.

 

Oxu 1828 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.