Saturday, November 25, 2017

«Sovetski» böhranı: Tarixi binalar sökülür, sakinlərin kommunal xətləri kəsilir - VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)

Narazı sakin: «Məcbur edirlər ki, sənədlərə qol çəkim, evdən çıxım» 

Bakıda elə yerlər var ki, iki avtomobil bir-birinin yanından çətinliklə keçir, bəzən heç o da mümkün olmur. Evlər sıx-sıx, yan-yana, balaca və köhnə...

Amma buranın sakinləri yaşadıqları yerdən məmnundurlar. Çünki alışıblar, burada doğulublar, burada böyüyüblər. Lakin, getdikcə Dubaya bənzədilməyə çalışılan Bakıya bu görkəm yaraşmır. Hündür binalar, aqlay daş vurulmuş divarlar, əkilib sonra isə su verilməyən ağaclar olmasa, olmur. Elə "Sovetski" də buna görə sökülür.

İlk dəfə deyil ki, fotokameramı götürüb, "Sovetski"yə yola düşürəm. Hər dəfə hansısa yaşayış evinin fotosunu çəkəndə, növbəti dəfə həmin yerin düzlənmiş bir ərazi olacağı haqda düşünürəm. Elə də olur. Ötən reportajımda fotosunu çəkdiyim ev artıq yoxdur. "Sovetski" getdikcə xəritədən silinir.

Keçək əsas məsələyə... Son günlərdə "Sovetski"də söküntülər intensiv aparılmasa da, sahibi ilə razılaşdırılmış evlər yavaş-yavaş sökülür. Lakin bəzi ev sahibləri təklif edilən məbləğlə razılaşmasalar da, onların evlərini sökmək istəyirlər. Hətta bəzi evlərin bir hissəsi sökülüb. Baxmayaraq ki, orada yaşayış davam edir. Belə sakinlərdən biri də Kəmalə Şəfiyevadır.

«Məcbur edirlər ki, sənədlərə qol çəkim, evdən çıxım»

K.Şəfiyeva deyir ki, onlarla razılaşma olmadan evinin həyətini, mətbəxini söküblər: "Həyəti ölçmədən sökdülər. Bununla kifayətlənməyib, mətbəximi də sökdülər. Aramızda da heç bir razılaşma olmayıb. Qazı, suyu, işığı kəsiblər. Məcbur edirlər ki, sənədlərə qol çəkim, evdən çıxım. Amma bunu görməyəcəklər. Mənim hüquqlarım tapdalanıb. Mən fəlsəfə doktoruyam. Ziyalı insanın başına bu oyunu açırlar. Həyəti sökəndə başıma daş düşdü. Mən 10 gün xəstəxanada yatmışam. Keçən gün evimə adam girmişdi. Burada yaşamaq təhlükəlidir. Yaxşı ki, həyətdə itlər var. Onlara güvənirəm.

1500 manat pul təklif edirlər. Bu pulla harada ev almaq olar? Şəhərin mərkəzindən çıxarırsansa, elə pul verməlisən ki, mən özümə normal evə ala bilim. Qaçqın deyiləm, köçkün deyiləm. Bura mənim babamın mülküdür".

Baş nazirin müavini Abid Şərifov, “Sovetski”də heç kimin evi zorla sökülmür, bu barədə söhbət ola bilməz” sözləri deyəsən, artıq unudulub. Bəli, heç kimi qolundan tutub, bayıra atmırlar. Amma kommunal xətləri kəsmək də məcburi çıxarılmanın başqa bir yoludur.

«Qazımızı, suyumuzu, işığımızı kəsirlər»

 Sakinlər deyirlər ki, kommunal xətlərin qanunsuz olaraq, kəsilməsi onlara həm maddi, həm də mənəvi ziyan verir: «Qəsdən belə edirlər ki, sənədə qol çəkək, 5-10 min manat alıb, gedək. Hara gedək? Hə, bizim evlərimizin kvadratmetri azdır. Lap elə daxmada, quş yuvasında yaşayırıq. Birdən-ikidən küçəyə çıxıb, "Bizim evlərimiz balacadır, bizə ev verin" demişik? Yox... Siz gəlib bizə «Evdən çıxın» deyirsiniz. Deməli, bizi razı salmalısınız. Qazımızı, suyumuzu, işığımızı kəsirlər. Biz ustaya pul verib, təzədən bərpa etdiririk. Artıq pulumuz da qalmayıb. Qardaş, niyə kəsirsiniz? Heç bir kommunal borcumuz yoxdur. Qəpiyinə kimi ödəyirik. Deməli, kəsməyə haqqın çatmır».

«Burada böyük pul "yeyintisi" gedir»

«Sovetski» sakinlərindən biri olan Faiq Əliyev daha maraqlı faktları ortaya çıxardı. Onun dediklərinə görə, sakinləri aldadaraq, pul «yeyirlər»: «Burada gedən söküntü dövlət əhəmiyyətli deyil. Bunu özləri də deyib. Amma camaatı razı salmaq üçün deyirlər ki, guya dövlət əhəmiyyətli söküntüdür. Yaxşı, əgər elədirsə, niyə pulu düzgün vermirlər? Belə ki, dövlət əhəmiyyətli söküntülər zamanı hər kvadrat metrə görə 1500 manat verilməlidir. Üstəgəl, yaşayış müddətinə görə əlavə faiz, prezidentin 2007-ci ildə verdiyi qərara görə də 20 faiz əlavə edilməlidir. Amma etmirlər. Burada böyük pul "yeyintisi" gedir. Camaatın məlumatsızlığından istifadə edirlər».

«Sapı özümüzdən olan baltalar» buranı məhv edirlər»

F.Əliyev yaşadığı binanın tarixi əhəmiyyətinin olmasına baxmayaraq, söküləcəyini bildirdi: «Bu binaya xarici görünüşünə görə yüksək qiymət verilib. 1 əsrə yaxın yaşı olan binanı sökmək istəyirlər. Təklif edilən heç bir qiymətlə razılaşmıram. Çünki mən ölüb gedəcəyəm, qalan bu bina, bu tarix olacaq. Onun üçün mübarizə aparıram. Bu yaxın ərazidə qeyri-qanuni yolla tarixi binaları söküblər. Çingiz Mustafayev, Mustafa Suphi, Süleyman Rəhimov və Murtuza Muxtarov küçələrində ümumilikdə 33 ədəd tarixi binanı məhv ediblər. Binaları özləri zədələyirlər ki, "qəzalı" adı ilə söksünlər. Deyəndə ki, "Nəyə əsasən sökürsən? Sənəd göstər”, bizi hədələyirlər. Bir yandan deyirik ki, ermənilər Qarabağda tariximizi məhv edirlər. Bir yandan da “sapı özümüzdən olan baltalar” buranı məhv edirlər».

Ərazidə sökülməsi gözlənilən yerlərdən biri də 1902-ci ildə inşa edilmiş Hacı Əbdülrəhimbəy Qulubəyov məscididir. Qapısında, "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur" yazılmış lövhə olsa da, deyəsən, artıq bu abidənin əhəmiyyəti qalmayıb.

Sakinlərin bu sözləri diqqəti çəkir. Bəs, kim düz deyir? 

Çünki Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bunları demişdi: «Bütün tarixi və mədəniyyət binaları araşdırılaraq, onların dislokasiyası tərtib edilib. Ümumiyyətlə, söküntü ərazisində yerləşən abidələrin sayı 168, ilkin mərhələdə söküntü ərazisinə düşən abidələrin sayı isə 44-dür. Onların toxunulmazlığı ciddi nəzarətə götürülüb və sökülməsinə yol verilə bilməz».(Musavat.com)

Oxu 426 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.