Saatlı SMM-də İlyas Mahmudov biabırçılığı

Bu məqaləni qiymətləndir
(1 Səs)

Ünvanlı sosial yardım almaq istəyənlər Qarabağ Veteranları Şurası yerli şöbəsinin sədri Elməddinə 50 manat verməlidirlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Sosial Müdafiə Mərkəzində sözün həqiqi mənasında özbaşınalıq yaşanır. Mərkəzin direktoru İlyas Mahmudov camaatı incitməklə yanaşı, həm də elə bir oyun qurub ki, ünvanlı sosial yardım almaq istəyənlər kələfin ucunu itirirlər. Bu barədə rayondan məlumat veriblər. 
Məlumatda deyilir ki, ünvanlı sosial yardım almaq üçün elektron müraciət sisteminə keçilməsinə rəğmən, Saatlıda bunu nə bilən var, nə də edən. Saatlı sakinlərinin dediyinə görə, SMM-ə müraciət etdikdə İlyas Mahmudov onlara deyir ki, sənədləri ona yox, Elməddin adlı şəxsə aparıb versinlər. Elməddin adlı şəxs SMM-in işçisi deyil və tamamilə başqa bir yerdə oturur. Qarabağ Veteranları Şurasının Saatlı şöbəsinin sədri olan həmin şəxsin əsas işi isə ünvanlı sosial yardım almaq üçün müraciət edənlərini sənədlərini alıb, baxdıqdan sonra SMM-ə göndərməkdir. Təbii ki, bu da qarşılıqsız deyil. Müraciət edənlər ən azı 50 manat verməlidir ki, onların sənədləri hazırlanıb, nazirliyə göndərilsin. Məsələ ilə bağlı etirazlarını bildirmək üçün Saatlı İcra Hakimiyyətinə də gediblər. İcra Hakimiyyətindən də onlara deyilib ki, əgər ünvanlı sosial yardım almaq istəyirlərsə, Elməddinə müraciət etsinlər. «Biz başa düşə bilmirik, Elməddin Sosial Müdafiə Mərkəzinin işçisi deyil, orayla yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. Amma İlyas Mahmudov da, Saatlı İcra Hakimiyyətindən də bizi onun üzərinə göndərirlər. O da 50-100 manat almadan sənədləri hazırlayıb, SMM-ə göndərmir. Bu adam Qarabağ Veteranları Şurasının yerli şöbəsinə rəhbərlik edir. Bildiyimizə görə, Elməddinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaxın adamı var və onun tapşırığı ilə belə edilir». Qeyd edək ki, ƏƏSMN-in yerli mərkəzlərində faktiki vəziyyət biabırçı həddədir. Durumun ağırlığı səbəbindən şikayət edənlərin də sayı çoxdur. Səlim Müslümov yeni gəldiyindən rüşvət və korrupsiya hallar bir o qədər diqqəti çəkmirdisə, hazırda vəziyyət acınacaqlı şəkil alıb. Saatlıda baş verənlərə gəldikdə isə bu artıq biabırçılığın ən pik nöqtəsidir. Qarabağ Veteranları Şurasının yerli şöbəsinin sədrinə bu qədər səlahiyyət vermək, onun əliylə pul yığdırmaq heç fələyin də ağlına gəlməzdi. Görünür, Müslümovun seçdiyi kadrlar sözün həqiqi mənasında Şeytana papaq tikib, ortasından da dəlik qoymağı yaxşı bilirlər. 
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)

Oxu 370 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.