Bu icra başçıları Elçibəyin kadrlarıdır - SİYAHI Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

İcra başçıları Cəbhə-Müsavat hakimiyyətində hansı vəzifələri tuturdular?

Azərbaycanın vəzifəli şəxsləri arasında müstəqillik tarixində ilk dəfə demokratik seçkilər nəticəsində formalaşan Elçibəy hakimiyyətinin ünvanına kəskin ittihamlar yağdırmaq vərdiş halını alıb. 

Xüsusilə yerli rəhbərlər - icra hakimiyyətlərinin başçıları hələ də rayon miqyaslı tədbirlərdə əhalinin sosial-iqtisadi problemlərini müzakirə etməkdən daha çox 11 aylıq Cəbhə-Müsavat hakimiyyətini "ifşa etməyə” çalışırlar. 

Halbuki hazırda Azərbaycan rayonlarına rəhbərlik edənlərin bir çoxu elə Elçibəy iqtidarı zamanı - 1992-1993-cü illərdəki Cəbhə-Müsavat hakimiyyətində müxtəlif vəzifələrdə işləyiblər. 

Qaynarinfo.az belə icra başçıları haqqında araşdırma aparıb. Məlum olub ki: 

2006-cı ildən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Əziz Əzizov Elçibəy hakimiyyəti vaxtı Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbəsinin rəisi olub. 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışan Əzizov 2006-cı ilədək sahibkarlıq fəaliyyəti məşğul olub. 

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Elçibəy iqtidarı dövründə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. O, bu posta 1991-ci ildə təyin edilib və 1996-cı ilədək həmin vəzifəni yerinə yetirib. 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə isə Astara rayonuna rəhbərlik edən Qaraşov 4 ildir Lənkəranın icra başçısıdır. 

Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədov Cəbhə-Müsavat hakimiyəti zamanı Maliyyə Nazirliyi sistemində çalışıb. 1992-1993-cü illərdə nazirliyin "Azəraudit" mərkəzinin Bərdə rayon şöbəsinin rəisi olan Məmmədov, 1993-1995-ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində işləyib. 2004-cü ildə Samux rayon İcra Hakimiyyətinin, bir il sonra isə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 

Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev Elçibəy hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb. O, bu posta 1991-ci ildə təyin olunub və 1995-ci ilədək işləyib. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Abıyev 5 ildir Daşkəsənə rəhbərlik edir. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babyev də Cəbhə-Müsavat iqtidarında işsiz deyilmiş: O, 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından isə Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləyib. 11 ilə yaxındır Zərdab rəhbərlik edir.

Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov isə bu posta məhz Cəbhə-Müsavat hakimiyyəti zamanı - 2 iyul 1992-ci ildə təyin edilib və indiyədək naməlum səbəblərdən vəzifəsini qoruyub-saxlaya bilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə Elçibəy hakimiyyəti zamanı Səbail rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 1992-ci ildə bu posta təyin olunan Bayramov 1995-ci iədək həmin görəvdə qalıb. 4 ildir hazırki vəzifəsini yerinə yetirir. Samux rayonu İcra Hakimiyyətinin başçısı Alı Qocayevə gəlincə, o, Elçibəy iqtidarında "Bakı Su Kəməri" İdarəsinin idarə rəisi vəzifəsini həyata keçirib. 1997-ci ilədək bu postda qalan Qocayev, 1997-2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000-2004-cü illərdə Bakı şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Dörd ildir Samuxa rəhbərlik edir. 

2007-ci ildən Ağsu rayonuna rəhbərlik edən Ənvər Seyidəliyev Cəbhə-Müsavat hakimiyyəti vaxtı Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri postunu tutub. Həmin vəzifəyə 1989-cu ildə gələn Seyidəliyev 2003-cü ilədək işində qalıb. Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Elçibəy hakimiyyətində kifayət qədər mühüm postlar tutub. 1992-ci il iyulun 10-da Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Hüseynov, 1992-ci il dekabrın 18-də Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini postuna təyinat alıb. 4 ildir Masallı rayonuna rəhbərlik edir. 

11 ildir Şirvan rayonuna rəhbərlik edən müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov isə Cəbhə-Müsavat hakimiyyəıti illərində o dövrdə kifayət qədər nüfuzlu qurumlardan biri olan "Azərittifaq”ın Əli Bayramlı şəhər İstehlak Cəmiyyətinin sədri postunu tutub. 

Oxu 1822 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.