Zərdab Rayon Prokurorluğunun müstəntiq vəzifəsindən istefasını ölkədə insan haqlarının ucdantutma pozulmasına, prokurorluq orqanlarındakı qanunsuzluqlara bağlayan və bundan az sonra həbs olunan Rüfət Səfərov noyabrın 17-də yenidən məhkəmə önünə çıxarılıb - bu dəfə Şirvan Apelyasiya Məhkəməsində.

Rüfət Səfərovun vəkili Bəhruz Bayramov keçmiş müstəntiq haqqındakı qərarın başqa bir qətimkan tədbiri ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. O, vəsatəti əsaslandırarkən deyib ki, Rüfət Səfərov ibtidai istintaq və birinci instansiyada işə baxıldığı 9 ay boyunca həbsdə olmasa da, nə istintaqdan yayınıb, nə də məhkəmənin gedişinə də heç bir təsir göstərməyib.

Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Daha iki vəsatət verilib

Vəkilin daha iki vəsatəti olub - Rüfətin zaldakı dəmir qəfəsdən çıxarılıb müdafiəçisinin yanında əyləşməsinə imkan verilməsi, bir də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılması haqda.

Bəhruz Bayramov deyir ki, ibtidai istintaq və Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi obyektiv və hərtərəfli araşdırılmayıb. Rüfət Səfərova rüşvət verdiyi iddia olunan şəxslər gəlib ifadə verməyib, sadəcə, məktub göndərməklə kifayətləniblər: "Rüfətə ən çox rüşvət verdiyi iddia olunan Zərdab rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi nə istintaqda onunla üzləşdirilib, nə də məhkəmədə. Rüfət bu adamın üzünü görməyib. Bu və başqa məqamlara aydınlıq gətirilməsi üçün apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmalıdır".

"Ev dustağı olduğum müddətdə...”

Rüfət Səfərov vəkilinin vəsatətlərinə münasibət bildirərkən, siyasi sifarişlə həbs olunduğunu vurğulayıb: "Mən ev dustağı olduğum müddətdə mediada, sosial şəbəkələrdə müəyyən açıqlamalar vermişdim. Bu da müəyyən adamları qıcıqlandırırdı. Sonuncu dəfə sentyabrın əvvəlində sosial şəbəkədə Milli Şuranın 11 sentyabr mitinqinə çağırış eləmiş, həmin mitinqdə iştirak edəcəyimi bildirmişdim. Məhz buna görə mitinqdən üç gün əvvəl mənim barəmdə tələsik hökm verildi və həbsxanaya göndərildim".

Haqqındakı hökmün qərəzli, əsassız olduğunu, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona, hətta son söz deməyə imkan verilmədiyini xatırladan Rüfət Səfərovun fikrincə, keçmiş səhiyyə naziri Əli İnsanovu həbsdə saxlamaq üçün başlanmış yeni cinayət işinə dair söylədikləri də öz hökmünə təsir göstərib.

Məhkəmə yalnız apelyasiya şikayətinə qismən istintaqla baxılması haqda vəsatəti təmin edib. Məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.

Xatırlatma

Rüfət Səfərov ötən ilin dekabrında ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verəndən sonra prokurorluqda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılmışdı. Yanvarın 15-də R. Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvətalma) maddəsi ilə ittiham irəli sürülmüş və o həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etmişdi.

Bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi R. Səfərova 9 il həbs cəzası kəsib. Keçmiş müstəntiq ona ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

R. Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.(azadliq.org)

"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Hüseynov Beytulla İbrahim oğlunun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Birliyin keçmiş direktoru dindirililən zaman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki,1984-cü ildə Azərbaycan Politexnik Universitetinin Elektroenergetika fakultəsini bitirib, Naxçıvan Muxtar Respublikasının (MR) Naxçıvan şəhər 5 nömrəli Texniki Rabitə idarəsində əvvəl elektromontyor, sonradan isə elektromexanik, mühəndis, baş mühəndis, daha sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib. B.Hüseynov 1998-ci ildə Bakı şəhərinə gəlib və həmin ildə Qaradağ, 1999-cu ildə Xəzər, 2000-ci ildə Nizami, 2003-cü ildə isə Xətai Telefon qovşağına rəis təyin olunub və son vəzifədə 2005-ci ilin aprel ayına kimi çalışıb, həmin ildə isə BTRİB-in baş direktoru vəzifəsinə təyin olunub, birliyin baş mühasibi vəzifəsində isə Anar Mustafayev işləyib.

Bundan başqa, o, ifadəsində qeyd edib ki, birliyin strukturuna 6 rayon qovşağı, bundan əlavə "Azevrotel” də nəzərə alınmaqla "Bakı Kabel Qovşağı”, "Rabitə Qurğularının Təmiri İdarəsi”, "Bakı Avtomat Telefon Qovşağı”, "Layihə Axtarış Kontoru” ilə birlikdə cəmi 11 struktur qurumu daxil olub. 2009-2015-ci illərdə BTRİB-ə əhaliyə, müəssisə və təşkilatlara, özəl təşkilatalara göstərilən rabitə və internet xidmətlərindən, həmçinin dövlət büdcəsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) struktur qurumu olan "Azintelekom” MMC-dən vəsaitlər daxil olub, həmin vəsaitlərdən əmək haqqı və digər zəruri xərclər çıxıldıqdan sonra, qalan vəsaitlər Bakı şəhərı və Bakı ətrafı kəndlərdə rabitə xidmətinin, o cümlədən internet xidmətinin təşkilinə sərf edilib, yəni qeyd edilən dövrlərdə BTRİB və onun struktur bölmələri tərəfindən Bakı və Mingəçevir şəhərləri ərazisində yeni ATS binaları tikilib, yeni rabitə və kabel- kanalizasiya xətləri çəkilib, istismara cavab verməyən bina və qurğularda təmir işləri aparılıb, TPP, fibrooptik kabel xətləri çəkilib.

Həmçinin, B.Hüseynov dindirililərkən söyləyib ki, 2009-2015-ci illərdə nazirliyin rəhbərliyi tərəfindən ona BTRİB üzrə aparılan təmir-tikinti işləri və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılıb əldə olunan vəsaitlərin 80 faizinin nazirliyə verilməsi barədə tapşırıq verilib, həmin göstərişin icrasını təmin etmək məqsədilə BTRİB və onun struktur bölmələri tərəfindən görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılması barədə telefon qovşaqlarının rəhbərlərinə və iş görən təşkilat kimi "Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru Bayram Vəliyevə və "Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova göstəriş verib, sonuncular da onun göstərişini icra edərək görülən işlərin, alınan mal-materialların qiymətlərini 20-25 faiz artırıb, əldə olunan vəsaitin 5 faizini telefon qovşaqlarının rəislərinə, 5 faizini qovşaqların baş mühasibi və baş mühəndisilərinə verib, mal-material xərcini, əmək haqqı xərclərinı çıxdıqdan sonra qalan vəsaiti onun göstərişi ilə birliyin baş mühasibi A.Mustafayevə verib.

O, ifadəsində vurğulayıb ki, keçmiş nazir Əli Abbasovun tapşırığı əsasında birliyin baş mühasibi A.Mustafayev hər ayın sonunda görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin artırılması ilə əldə olunan vəsaitlər barədə nazirliyin yüksək vəzifəli şəxsinə məlumat verib.

Bundan sonra A.Mustafayev birbaşa Aparat rəhbərinə hesabat verib, onun göstərişi ilə əldə olunan vəsaitin 80 faizini sonuncuya verib. Bu qayda ilə A.Mustafayevin vasitəsi ilə ilk aylarda nazirliyin rəhbər şəxslərindən birinə 200.000-250.000 manat, sonrakı aylarda isə 100.000-150.000 manat olmaqla, ümumilikdə 10.000.000 manat pul verib.

Bundan əlavə, o, ifadəsində göstərib ki, qiymətlərin artırıması ilə əldə etdiyi vəsaitdən nazirliyin rəhbər şəxsinə verdiyi hissəsindən sonra qalan vəsaitdən birliyin baş mühasibi A.Mustafayevə ayda "konvert” olaraq 7000 manat, "Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevə "konvert” şəklində 1500 manat, birliyin əməkdaşlarına - şöbə rəislərinə "konvert” olaraq ayda 500-700 manat olmaqla qeyd olunan dövr ərzində ümumilikdə hər ayda 4000-5000 manat, nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verib. O, B.Vəliyev və E.Məmmədovun vasitəsi ilə vergi orqanları əməkdaşlarına 11 milyon manat pul verdiyini, qiymətlərin artırlıması ilə əldə etdiyi vəsaitdən şəxsən özünə hər ay 25.000-30.000 manat olmaqla ümumilikdə 1 milyon 200.000 manat pul qaldığını, həmin pulu da şəxsi ehtiyaclarına sərf etdiyini bildirib.(Report)

Cümə axşamı, 17 Noyabr 2016 00:00

Ölümdən başqa bütün xəstəliklərə dərman

Yazan

Mükəmməl immun sistemə malik olan insan çox gümrah olur və nadir hallarda xəstələnir. Bu mükəmməllik onun xəstəliklərə qarşı möhkəm müqavimətinin olması ilə əlaqədar olur. Xəstəliklərə qarşı müqavimətli olmaq üçün immun sistemin möhkəm olması vacibdir. Bəs immun sistemi möhkəmləndirmək üçün nə etmək lazımdır?

Elm adamları bu sualın cavabını müasir texnologiyanın köməyi ilə tapmışlar. Qara zirənin toxumunda orqanizmin normal fəaliyyətini təmin edən yüzlərlə maddələr vardır. Məhz bu maddələrə görə 14 əsr bundan əvvəl Peyğəmbərimiz (s.a.s.) qara zirəni “Ölümdən başqa bütün xəstəliklərə dərmandır” deyə qeyd etmişdir. Peyğəmbərimiz (s.a.s.) qara zirəni hədislərində ilahi möcüzəyə malik bir nemət adlandırmışdır. Qara zirənin toxumunun tərkibində 38% karbohidrat, 35% müxtəlif yağlar və 21% albumin aşkar edilmişdir. Buraya çox qiymətli doymamış yağ turşuları da daxildir. Qara zirə toxumunun tərkibində B qrup vitaminlər, amin turşular, linolen turşusu, bir çox minerallar da vardır ki, onlar orqanizmin müdafiə sistemini möhkəmləndirir.
İmmun sistemi möhkəmləndirmək üçün hər gün bir miqdar qara zirə toxumu qəbul etmək və ya 1 çay qaşığı zirə yağını1 çay qaşığı balla yarım stəkan suya qatıb şam yeməyindən 15 dəqiqə əvvəl içmək lazımdır. Hər dəfə qəbul etmədən əvvəl şüşə qab yaxşı çalxalanmalıdır.
Xəstəlikləri olan adamlara hər gün yeməkdən sonra 1 xörək qaşığı qara zirə yağı içmək tövsiyə olunur. 3 çay qaşığı qara zirə yağı orta yaşlı adamın bir günlük dozasıdır.

Cümə axşamı, 17 Noyabr 2016 00:00

Fazil Məmmədov müşavirini işdən azad etdi

Yazan

Vergilər naziri Fazil Məmmədov Habil Amil oğlu Məmmədovu müşavir vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, H.Məmmədov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib. O, bu vaxta qədər həmin departamentin rəisi vəzifəsini müvəqqəti icra edib.

Nazir həmçinin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə yeni rəis təyin edib. Adıçəkilən departamentin yeni rəisi baş vergi xidməti müşaviri Səməd Ədil oğlu Vəliyevdir. Qeyd edək ki, V.Səmədov bundan öncə 2 saylı Ərazi Vergi Departamentinin (ƏVD) rəisi olub.

Qeyd edək ki, hazırda nazirin müşavirlərinin sayı 9-dur. Bu, Ələkbər Comərd oğlu Məmmədov, Riyad Zakir oğlu Hüseynov, İlham Əli oğlu Əmirəliyev, Taryel Aydın oğlu Quliyev, Elçin Fərrux oğlu Məmmədov, Rəşad Vaqif oğlu Həbibov, Firuz Akif oğlu Həsənov, Əflatun Məsim oğlu Məmmədov və Natiq Telman oğlu Şirinovdur.

Son günlər millət vəkilləri aldıqları maaşla dolana bilmədiklərini dilə gətirib.

Deputat Aqil Abbas açıqlamasında bildirib ki, deputatın maaşı artırılmalıdır. Onun sözlərinə görə, Azərbaycanın millət vəkilləri digər ölkələrə nisbətən az məvacib alır:

"Azərbaycanın millət vəkillərinin aldığı maaş MDB məkanındakı digər respublikalarla müqayisədə xeyli aşağıdır. Hətta Dağıstanın millət vəkilləri belə bizdən çox maaş alır. Digər tərəfdən bizim maaşımız 2200 manat yox, 1750 manatdır. Nəzərə almaq lazımdır ki, millət vəkilləri tez-tez müxtəlif səfərlərə çıxırlar. Məsələn, mən ayda 3-4 dəfə Ağcabədiyə, Füzuliyə gedirəm. Bütün bunlar isə maliyyə tələb edir. Deputata gərək normal maaş verəsən ki, o da işini görə bilsin".

Deputat Vahid Əhmədov da maaşının azlığından şikayətlənib. O bildirib ki, deputat maaşı 2 min 200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir: "Gəlirlərimlə xərcimi həmişə hesablamağı bacaran insanam. Bədxərc insan deyiləm. Çalışıram ki, müəyyən qədər problemlərimi həll edə bilim".

Millət vəkilləri aldıqları maaşla dolana bilirmi? Onların maaşları artırıla bilərmi? Qaynarinfo.Az-ın suallarını cavablandıran deputat Aydın Mirzəzadə bildirib ki, millət vəkillərin maaşları yüksəkdir, maaşların arıtırlmasına ehtiyac yoxdur:

"Millət vəkillərin maaşları yüksəkdir. Bizim məqsədimiz bu gün əhalinin az gəlirli təbəqəsinin maaşının qaldırılmasıdır. Bu məsələdə prezidentin atdığı addımları dəstəkləyirik. Ötən gün ölkə başçısının sosial mənzillərlə bağlı sərəncam cəmiyyətin rəyindən xəbər verir. Ümumi götürdükdə, ayrı-ayrı təbəqələrin maaşları, pensiyalar vaxtaşırı qaldırılır. Məhz bu addımlar bizim üçün prioritet məsələdir".

Qeyd edək ki, Azərbaycanda millət vəkillərinin maaşı 2013-cü ildə artırılaraq ayda 1950 manatdan 2250 manata çatdırılıb.

 “Dedi ki, “Cəmil müəllim, sən nahaq özünü yorursan, Eynulla bizim adam olub, qaydaları pozub, cəzasını çəkir, çıxıb yenə bizim adam olacaq”

 Milli Şuranın sədri Cəmil Həsənli “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayevə qarşı, oğurluq da daxil, bir sıra ittihamlar irəli sürüb. Hurriyyet.org-un məlumatına görə, C.Həsənli E.Fətullayevin “Elçibəyin müavini olub hakimiyyətə necə işləmək olar?” adlı məqaləsinə sərt reaksiya verib. Bu məqalədə Cəmil Həsənli müəllifin sərt tənqid və hətta təhqirlərinə məruz qalıb.
E.Fətullayev Milli Şura sədrini “barmaqları “nakolkalı” bu miskin tarixçi”, “istedadsız və heç nəyə yaramayan tarixçi-yazıçı, darıxdırıcı kanselyariyaçı-arxiv arayışlarının məcmusunun müəllifi” adlandırıb, “Cəmil Həsənli tarixə baş vurmasa yaxşıdır, yoxsa o özünü çoxsaylı alçaqlıq, məkrlilik və satqınlıq nümunələri ilə ifşa edəcək” kimi sözlərlə təhqir edib.
Cəmil Həsənli bu təhqirlərə "feysbuk" üzərindən paylaşdığı yazı ilə cavab verib. Milli Şura sədri yazır: “Guya biz “The New York Times”i oxumadığımızdan, “Spiegel”i vərəqləmədiyimizdən, “Le Figaro”nu açıb baxmadığımızdan dünyadan xəbərsiz qalmışıq və bütün bunlara baxdığı üçün Eynulla əməlli başlı inkişaf edib. Halbuki, mən ilk dəfə 1979-1980-cı illərdə Moskvada o zamankı Lenin kitabxanasının xüsusi fondunda, SSRİ İctimai Elmlər üzrə Tədqiqat Mərkəzində bu nəşrlərlə tanış olanda Eynulla hələ əmzikdən ayrılmamışdı…”
C.Həsənli qarşı tərəfin “nakolka” iradına belə cavab verib: “Yeri gəlmişkən burada “nakolkalı” məsələsində də aydınlıq gətirmək istərdim. Mənim barmaqlarımda “nakolka” var. Şübhəsiz ki, bu yaxşı şey deyil. Amma, axı bu “nakolka” Eynullanın alnında, təpəsində yazılıb və özü də öz xətti ilə bunu alnına həkk edib, həm də əbədi həkk edib…”
Yazısının davamında C.Həsənli E.Fətullayevi oğurluqda ittiham edir. Sitat: “Eynulla bununla kifayətlənmir, mənim elmi nailiyyətlərimi də şübhə altına almağa cəhd göstərir və yazır: “Cəmil Həsənli-ay istedadsız və heç nəyə yaramayan tarixçi-yazıçı, darıxdırıcı kanselyariyaçı-arxiv arayışlarının məcmusunun müəllifi, mən bunu çoxdan başa düşmüşəm”. Mənim haqqımda bu sözləri kim deyir, kim yazır, dostlar? O şəxs ki, onu mən elmi oğurluq üstündə tutmuşam, qarşımda hönkür-hönkür ağlayıb. Bu hoqqabaz Nərimanov haqqında bir kitabça yazmışdı. Kitaba baxanda gördüm plagiat, yəni oğurluqdur. Tarix institutunda şöbə müdiri Nigar xanımla danışdıq, bunu çağırdıq, atası ilə gəldi. Köçürdüyü, yəni oğurladığı yerləri bir-bir qoyduq qarşısına, söz tapa bilmədi, hönkür-hönkür ağladı, səhv etmişəm, qələt eləmişəm… dedi. Bax, həmin vaxt Eynullanın yanaqlarından süzülən göz yaşlarının hər biri mubah ildə yetişən Bığır narının giləsindən böyük idi. İndi görün ölçü hissi nə qədər itib ki, elmdə qələm təcrübəsinə oğurluqla başlayan birisi mənim əsərlərim haqqında bu sözləri deyir”.
Milli Şura sədri daha sonra E.Fətullayevin vaxtilə həbs olunmasını Eldar Mahmudovla əlaqələndirməsinə münasibət bildir və onu hər zaman hakimiyyətə işləməkdə ittiham edir. “Mən bir dəfə Milli Məclisdə bu “vicdan” məhbusun müdafiə edəndə hakimiyyətin ən yuxarı təbəqəsinə aid olan yaşlı adamlardan biri mənə yaxınlaşıb dedi ki, “Cəmil müəllim, sən nahaq özünü yorursan, Eynulla bizim adam olub, qaydaları pozub, cəzasını çəkir, çıxıb yenə bizim adam olacaq”. Sən demə, o, düz deyirmiş, biz sadəlövh olmuşuq. Axı, Eldar Mahmudovun nazirliyi ən gizli səs yazılarını sənin qəzetin vasitəsi ilə verirdi, necə oldu ki, səni tutmalı oldu. Eldar Mahmudov öz istəyi ilə adam tutmurdu, kimi deyirdilər onu da tuturdu. Səni də elə tutmuşdu”.
C.Həsənli həbsdən çıxandan sonra E.Fətullayevin təşəbbüsü ilə görüşdüklərini xatırladır: “Sənin zənginlə “Pizza Hut”da görüşdük. Dedin İlham Əliyev heç vaxt Fərhadla Rafiqi belə buraxmayacaq və təklif etdin ki, Avropada sənə bir ofis açsınlar, sən orada oturub onların lobbiçiliyini edəsən, bir keçmiş “vicdan” məhbusu kimi bütün Qərbi ayağa qaldırasan. İndi nə oldu, Qərb artıq o Qərb deyil? Ya hökumət səni sındırandan sonra ilk əməliyyatını məndən başlamaq istəyirdin? Mən də dedim ki, bu söhbətləri sən onların özləri ilə elə, mən belə işlərə baxmıram. Söhbət həbsdən çıxandan sonra ömür boyu Qərbə xidmət etməkdən getmir, söhbət ondan gedir ki, sən keçmiş “vicdan” məhbusu adından istifadə edib Azərbaycan hakimiyyətinin Qərbə qarşı çirkli, natəmiz oyunlarının icraçısına çevrildin. Sən Qərb ölkələrində xüsusi etnik, mühacir, qaçqın qrupların ayrı-ayrı sərsəri nümayəndələrini şirnikləşdirib onlardan yerləşdikləri ölkələrin əleyhinə etirazlar, çıxışlar almalı idin. Etdin də, bir-iki cındır lent çəkdin. Amma Almaniyada bu işə cəlb etmək istədiyin vicdanlı azərbaycanlılar sənin toruna düşmədilər. Hansısa bir Avropa fonddan qrant aldığını onlara demişdin, sonra o fond açıqlama verdi ki, sən adlı adama qrant verməyib.
Bu natəmiz iş üçün pulu Azərbaycandakı ağalarından almışdın. Elə görüş zamanı da sənə Bakıdan zəng olundu, kənara çəkilsən də hər şeyin üstü açıldı. Hə, sənə Bakıdan zəng olanda, o gənclər də mənə zəng etmişdilər, dedim ki, uzaq olsunlar səndən. Sağ olsunlar, oldular da! Amma bütün dünya gördü ki, sənin qara yaxdığın Almaniya bir milyon müsəlman qaçqının sosial ehtiyacların qarşılamaq üçün 19 milyard avro həcmində büdcə qəbul etdi, halbuki, xidmət etdiyin Azərbaycan hakimiyyətinin 10 milyonluq xalq üçün 2017-ci ilə toplam büdcəsi 8 milyard avrodur. Hələ mən onu demirəm ki, İsaxan Aşurovla sonuncu görüşümüzdə, birgə Vaşinqtona uçanda bunun ləyaqətsiz hərəkətləri barədə necə hiddətlə danışırdı. Deyiləsi çox söz var. Qoy bu sonraya qalsın. Çünki hakimiyyətin əlində nişangahı pozulmuş Tula silahına çevrilən bu “navodçik” hələ çox əməllərdən çıxacaq”.

Cümə axşamı, 17 Noyabr 2016 00:00

Mirşahin ölkəni tərk etdi

Yazan

Uzun zamandır ANS kanalı ətrafında baş verən hadisələr ölkə gündəmini məşğul edir

 Kanalın bağlanmasından sonra onun yaradıcıları məhkəmə instansiyalarına müraciət etsələr də, müsbət nəticəyə nail ola bilməyiblər.
 Turaninfo.az  faktor.az-a istinadən xəbər verir ki, bundan sonra əlaqədar şəxslərin başqa bir sahədə iş quracaqları, yaxud ölkəni tərk edib, yaşamağa xarici dövlətlərdən birini seçəcəkləri də ehtimal edilirdi.
 Bu saatlarda ANS kanalının ən məşhur siması Mirşahinin ölkəni tərk etdiyi görüntülənib.
 Onu da əlavə edək ki, Mirşahinin aprel döyüşlərində geyindiyi gödəkçəsi də əynində olub, O, Qarabağ savaşı müddətində bu geyimi üstündə daşıyıb.

Çərşənbə, 16 Noyabr 2016 00:00

Fikrət Sadıq vəfat edib

Yazan

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Fikrət Sadıq vəfat edib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.

F.Saqdıq bu gün dəfn ediləcək.

Allah rəhmət eləsin!

Bu il “Azərbaycan Beynəlxalq Bankı”nın  toksik aktivlərinin "Aqrarkredit"ə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Bu barədə bankın ilk yarımilə aid birləşdirilmiş audit hesabatında deyilir. 

Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlər 9 milyard 930 milyon manat həcmindədir. Həmin aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. “Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin 2-ci, 2017-ci ilin 1-ci yarısında tamamlanması planlaşdırılır”, - sənəddə belə yazılıb.

Ümumiyyətlə, ABB-də problemli kreditlərin həcmi tam açıqlanmır. Xatırladaq ki, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və “Aqrarkredit” QSC arasında ötən il avqustun 11-də imzalanan baş sazişə əsasən, ABB-nin problemli kreditləri 2015-ci ildən 2017-ci ilədək “Aqrarkredit”ə transfert ediləcək. ABB ötən il dekabrın 28-də “Aqrarkredit” QSC-dən “Zəmanət və öhdəlik” məktubu alıb. Bu məktub çərçivəsində “Aqrarkredit”in ABB-yə 5,7 milyard manat məbləğində öhdəliyi yaranıb.

Virtualaz.org qeyd edir ki, bu rəsmi məlumatda Azərbaycan Beynəlxalq Bankından təkcə birinci mərhələdə 10 milyard manatlıq problemli aktivin çıxarılması bankda Cahangir Hacıyevin dövründə hökm sürmüş dəhşətli korrupsiyanı bir daha göz önünə çıxarır. Bu, manatın indiki məzənnəsi ilə təqribən 5.8 milyard ABŞ dolları edir. Söhbət bankın geri qayıtmayan və müxtəlif layihələrdə batan  kreditlərindən gedir. Lakin bankda problemli aktivlər hələ qalır və açıqlamada deyildiyi kimi prosesin ikinci mərhələsi hələ başlamayıb. Deməli Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərinin həcmi C.Hacıyevin bankdan uzaqlaşdırıldığı vaxtda təxmin ediləndən dəfələrlə çox imiş. Hansı ki, o vaxt rəsmi məlumatlarda bankın problemli aktivlərinin həcmi heç 1 milyard dollara da çatmırdı.

İqtisadçılara görə manatın dalbadal iki dəfə kəskin devlvasiyaya məruz qalmasının və hazırda da dəyərdən düşməkdə davam etməsinin əsas səbəbini məhz Azərbaycan Beynəlxalq Bankının “zəhərli” aktivlərində axtarmaq lazımdır.

Çərşənbə, 16 Noyabr 2016 00:00

Məktəblilərin payız tətili başlayır

Yazan

Bu gündən, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır.

5 günlük tətil noyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olur. İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

88 -dən səhifə 182