Thursday, September 21, 2017

QHT Şurası haqqında yazılanlara aydınlıq gətirildi

Bir neçə gün əvvəl AFN-də “QHT Şurasına ayrılan vəsaitlərlə bağlı araşdırma-şok faktlar” sərlövhəli yazı dərc edilib. Yazı Şuranın rəsmi cssn.gov.az və dövlət satınalmalarının reyestr məlumatlarının yerləşdirildiyi tender.gov.az saytındakı rəsmi rəqəmlərə və informasiyalara əsaslanaraq hazırlanıb. Araşdırma zamanı qarşımıza çıxan çoxsaylı faktlardan biri də 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi tenderin qalibinin kimliyi ilə bağlı idi.

Onu da qeyd edək ki, araşdırmamız zamanı yaranan suallarımızı QHT Şurasının rəhbərliyinə açıq formada ünvanlamışdıq. Səbəb isə qurumun mətbuat xidmətinin rəhbəri Elməddin Behbudun bundan öncəki sorğumuzu təqdim etdikdə bizi qərəzdə, qeyri-obyektivlikdə, hətta qeyri-peşəkarlıqda suçlaması idi. Məhz bu səbəbdən də qanunvericiliyin bizə tanıdığı hüquqdan yararlanaraq yazıda açıq suallar qoyduq, o cümlədən də F.Qurbanovun adının Şuranın tenderlərində qalib gəlmiş şəxs kimi rəsmi reyestr məlumatlarında keçməsi məsələsini.

Yazı dərc edildikdən sonra F.Qurbanov redaksiyamızla əlaqə saxlayaraq, adının tenderin qalibi siyahısında olmasının mümkünsüz olduğunu bildirdi. Sonradan F.Qurbanov adının reyestrə texniki xəta ilə düşə biləcəyini deyərək bizi araşdırma aparmaq üçün Şuraya dəvət etdi. Onun təşəbbüsü ilə yazının müəllifi olaraq Şurada oldum və mənə sözügedən tenderdə qalib gələn şəxsin kimliyini sübut edən sənədlər təqdim edildi. Sənədlərdən məlum olur ki, həmin tenderin qalibi fiziki şəxs Hüseynov Yaşar Allahverdi oğludur. Həmin şəxsin adına Vergilər Nazirliyinin bazasında aktiv VÖEN-in olmaması da tərəfimizdən aydınlaşdırıldı. Təbii ki, 2013-cü ildən bəri ötən 4 il ərzində adıçəkilən şəxsin VÖEN-ini ləğv etdirməsi və ya dondurması hüququnun olduğunu da normal qəbul edirik.

Fərasət Qurbanov görüşümüz zamanı bildirdi ki, reyestr məlumatlarındakı yanlışlığı aradan qaldırmaq üçün müvafiq addımlar atılmaqdadır. Şura Katibliyinin rəhbəri həmçinin adı ilə bağlı olan yanlışlığı aşkarladığımız üçün bizə minnətdarlığını da bildirdi.

Şurada olarkən media ilə qarşılıqlı hörmətə əsaslanan açıq və peşəkar əməkdaşlıq mühiti haqda müzakirələrimiz oldu. Bir məsələni də qeyd edək ki, Şurada sənədlərin səliqəli şəkildə arxivləşdiyi, lazım olan sənədlərlə tanışlıq imkanının yaradılması faktı ilə rastalşdım ki, bunu da öz növbəsində qurumun fəaliyyətinin açıq və şəffaf olmasının göstəricilərindən hesab etmək olar. Şuranın fəaliyyəti ilə bağlı məni maraqlandıran suallar dəqiq və ətraflı şəkildə cavablandırıldı. Araşdırmanın müəllifi kimi, F.Qurbanovla bağlı rastlaşdığım yuxarıda qeyd olunan faktı əvvəlcədən qarşı tərəflə aydınlaşdırmadan dərc etdiyim üçün üzr istəmək mənim öncə jurnalist, sonra isə bir insan olaraq borcumdur. Ümid edirəm ki, bundan sonrakı əməkdaşlığımızda da Şuraya ünvanladığımız suallar cavablandırılacaq və bununla əməkdaşlıq münasibətlərimiz daha da dərinləşəcək.(
afn.az)

Bakıda meyiti tapılan şəxsin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl 1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayevin üzərində xəsarətləri olan meyitinin aşkar edilməsi barədə məlumat yayılmışdı. O, xalq şairi Fikrət Qocanın oğludur.

Azərbaycan hakimiyyətinin uzunmüddətli iqtisadi-strateji siyasətində turizmin inkişaf etdirilməsi xüsusi önəm daşıdığından hər il meşəçilik təsərrüfatına milyonlarla vəsait xərclənir.

2017-ci ilin dövlət büdcəsindən də meşəçilik təsərrüfatının inkişafına kifayət qədər böyük vəsait ayrılıb. Belə ki, bu il dövlət meşəçiliyə 13 milyon manata yaxın vəsait sərf edəcək.

Ancaq bütün bunlara baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu vəsaitlərin xərclənməsində, xüsusən də meşəçilik təsərrüfatında çox ciddi şübhəli məqamlar var.

AzToday.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2015 və 2016-cı illərdə meşəçilik təsərrüfatında görülmüş işlərin hesabatına nəzər yetirərkən kifayət qədər şübhə doğuracaq məqamlar var.

Belə ki, Nazirliyin 2015-ci ilə aid rəsmi hesabatında yazılır ki, “2015-ci il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10141 hektar ( 1!) sahədə meşəbərpa tədbirləri görülüb ki, bundan 2635 hektar plan-proqnoza qarşı 2636 ( 1!) hektar sahədə meşə əkini və səpini işləri aparılaraq 4310,4 min ədəd ting əkilib. Meşə əkinlərinin becərilməsi məqsədilə 32546,4 hektar sahədə xidmət, 33224,6 hektar sahədə suvarma, 2576,85 hektar sahədə torpaq hazırlığı işləri, 7505 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilib. Müxtəlif ağac və kol cinslərindən 175078,5 kq toxum tədarük edilib.”

Rəsmi hesabatdan da göründüyü kimi, burada çox ciddi suallar doğuracaq məqamlar var. Məlumdur ki, adıçəkilən müəssisənin 10140 hektar plan- proqnoza qarşı 10141 (?!) hektar ərazidə gördüyü meşəbərpa işləri və 2635 hektar plan-proqnoza qarşı 2636 (?!) hektar sahədə aparılan əkin-səpin işləri müxtəlif ərazilərdə aparılıb. Onu da nəzərə alsaq ki, Azərbaycanın meşə massivləri əsasən dağlıq relyeflərdə yerləşir, o zaman məsələ daha da qəlizləşir və ortaya bir sıra vacib suallar çıxır.

1.Nazirlik niyə açıq hesabatında rəqəmlərlə yanaşı görülən işlərin hansı ərazilərdə aparıldığını qeyd etməyib?

2.Nazirliyin meşə təsərrüfatında görülən işlərin qiymətləndirilməsini hansı təşkilat həyata keçirib?

3.Niyə hər iki – meşəbərpa və əkin-səpin- plan-proqnozda qarşıya qoyulan öhdəlik məhz 1 (!!!) hektar artıq görülüb?

Nazirliyin 2016-cı ilə olan hesabatında göstərilən rəqəmlər isə 2015-ci ildə verilən rəsmi hesabatda göstərilən rəqəmlərdən ciddi fərqlənmir. Belə ki nazirlik 2016-cı ildə meşəçilik təsərrüfatının hesabatında yazır:” 2016-cı il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılıb ki, bunun da 2646 hektarı (2635 ha qarşı) meşə əkini və səpini işləridir”. Hesabatın bir cümləsində göstərilən 4 rəqəmin ikisi ötən 2015-ci ilin hesabatındakı rəqəmlərin eynisidir. Belə ki, 2015 və 2016 cı illərdə nazirliyin qarşıya qoyduğu PLAN-PROQNOZun rəqəmi- 10140 hektar nədənsə heç dəyişmir. Bundan əlavə meşə əkini və səpini işlərində də qarşıya qoyulan plan proqnoz ötən ilki ilə eyni- 2635 ha təşkil edir. 2015-ci ildə hər iki plan-proqnoz 1 hektar artıqlığı ilə yerinə yetirilmişdisə, bu il, hər iki plan-proqnoz 11 (!!!) hektar artıqlığı ilə yerinə yetirilib.

Ekologiya nazirliyinin siam əkizləri xatırladan rəsmi hesabatlarından haqlı sual ortaya çıxır.

1.Meşəçilik təsərrüfatının qarşısına qoyulan plan-proqnozun həcmini hansı qurum müəyyənləşdirir?

2.Planlaşdırılan plan-proqnoz nədən iki il dalbadal (2015 və 2016-cı illər) eyni rəqəmləri təşkil edir?

3.Meşəbərpa və əkin-səpin işləri üzrə müəyyənləşdirilən plan-proqnoz 2015-ci ildə nazirlik tərəfindən hər iki sahə üzrə 1 hektar (!!!), 2016-cı ildə isə 11 hektar(!!!) artıqlaması ilə yerinə yetirilib. Başqa-başqa sahələrdə əlavə görülən işlərin bu qədər dəqiq, eyni, oxşar aparılmasında məqsəd nədir?

Göründüyü kimi suallar nazirliyin hesabatının məntiqindən (daha doğrusu məntiqsizliyindən) yaranan suallardır.

Qeyd edək ki, Azərbaycan bölgələrinin hər bir meşə ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində olan yeni ağacların yetişdirilməsi üçün “tinglik” deyilən iri sahələrdə nadir və müxtəlif ağaclar yetişdirilir. Əslində heç də pis hal deyil. Lakin bu işdə də şəxsi maraqlar ön plandadır.

AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlət büdcəsinin talanmasının ən unikal variantını illər öncə tapıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti sən demə yarandığı tarixdən Hüseynqulu Bağırovun xidmətində olub və qısa bir zamanda ETSN şefinin şəxsi büdcəsinə milyonlarla vəsait gətirib. Məlumatlarda xüsusilə vurğulanır ki, «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun «vəsait silmək» üçün əsas qurumlarından biri hesab olunur.

Yeri gəlmişkən qeyd edək ki, «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC – nin əsas işi ölkədə, xüsusən də magistral yollar boyunca yaşıllaşdırma işləri aparmaq və yeni meşə landşaftları yaratmaqdan ibarətdir. Yaşıllıqların salınması, bərpası və artırılması, müvafiq infrastrukturların inkşafı, eyni zamanda qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistiral avtomobil yollarında meşə zolağının salınması və mühafizə olunmasında ASC-nin xidmət sahələrinə aiddir. Səhmdar Cəmiyyətin tərkibində 10 yaşıllaşdırma və 5 istismar idarəsi fəaliyyət gösətərir. Bunlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 11, 12 saylı Yaşıllaşdırma İdarələri, həmçinin İstisaslaşmış Kompleks Mexanizasiya İdarəsi, Suvarma Sistemlərinin Quraşdırılması və istismar İdarəsi, “Bağlı Qurunt Şəraitində örtüklü Kök Sistemli Tinglik” İdarəsi, Xəzər Suyunun Duzsuzlaşdırılması idarəsi, Kür-Boyu və Digər Yaşayış məntəqələrində içməli suyun Ekoloji Standartlara Nəzarət və Təminat Mərkəzi idarələridir.

AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, faktiki olaraq yol boyu ağac əkən bu qurum hər il milyon manatlarla dövlət vəsaitini göyə sovurur. Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetində ayrılan vəsaitlərin bir qayda olaraq «silindiyini» bildiklərinə görə son 3 ildə quruma ayrılan vəsaitlər bir neçə dəfə azaldıb. Mənbə qeyd edir ki, 2012 – 2013 cü illərdə ASC-yə ayrılan 2 milyon manata yaxın vəsait (2012-ci ildə 1,4 milyon, 2013-cü ildə 550 min manat) yaşıllıqların salınması, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinə, boruların, aksesuarların, maşın avadanlqıların və digər cari xərclərə sərf olunub.

Yol qırağında əkilən ağacların alınması və əkilməsində də «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC-nin nazirliyin yüksək vəzifəli şəxsləri ilə əlbir olaraq qiymətləri fantastik dərəcədə şişirdərək mənimsəmələrə yol açdıqları bildirilir. ASC-nin yol qırağında əkdiyi ağacların çoxusu quruduğuna görə hər il yeni ağac və kollar əkilir. Bu isə il ərzində yenidən milyonların mənimsənilməsinə yol açır.

Eyni zamanda yaşıllaşdırma idarələrində çoxlu sayda işçilər var ki, onların sadəcə işdə adları gedir və hər ay əmək haqqlarını idarə rəisləri alır.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Çərşənbə axşamı, 14 Mart 2017 00:00

Hacı Zeynalabdin Tağıyevin qəbrinə məktub

Yazan

Eşitmişəm ki, Sovet dövründə Leninin qəbrinə məktub yazmaq dəbdə imiş. Məmur özbaşınalığına tuş gələn vətəndaş Leninin qəbrinə şikayət yazırmış. İnsafən, Lenin də dərhal cavab verirmiş. Qudruğu dövlətin ən ucqarda yaşayan vətəndaşını belə cavabsız qoymur, problemlərinin həlli üçün əlindən gələni edirmiş.

Bu günlərdə də Ağdam rayonunun bir kəndində tarix müəllimi işləyən, Qarabağ uğrundan gedən savaşlarda iştirak etmiş İntiqam Əsədov xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin qəbrinə məktub yazaraq, mərhumdan bir xahişdə bulunub. Tarix müəlliminin məhrum Hacıya ünvanladığı məktubu dərc edirik:  

"....Axşamın xeyir, ay Hacı. Əvvəl-əvvəl hamınızın ruhuna bir "Salavat" xətm eləyir və Sizə Allahdan rəhmət diləyirəm. Sual eliyə bilərsən ki, xeyirdimi gecənin bu vaxtı məni yad eləməkdə? Amma, səni biz tarix müəllimləri həmişə - V sinifdən XI sinifə kimi yad edirik. Bakıya çəkdirdiyin Şollar suyu, açdırdığın kişi və qadın gimnaziyaları, ticarət gəmiçiliyi, Muğanda tikdirdiyin toxuculuq fabriki, pulunla oxutdurduğun azərbaycanlı uşaqlar, neft buruqları, hətta Cənubi Azərbaycandakı Səttar xan hərəkatına dəstəyin, Pakistanda xəstələrə pul yardımın, İmama Hüseynin türbəsinə bağışladığın çilçıraq, hamısı tərəfimizdən yad edilir və ehtiramla xatırlanır. Şəxsən müraciət etməkdə məqsədim odur ki, iki il 6 aya dizlərim üstündə Azərbaycan tarixində özünəməxsus yeri olan Qacarlar sülaləsinin davamçısı məşhur Ağa Məhəmməd şah Qacara həsr olunan "Ağa Məhəmməd şah Qacar" kitabını fars dilindən tərcümə etmişəm. Ancaq çap etdirməyə maddi imkanım çatmır. Kitab tarixi məlumatlarla zəngindir ki, bizim tarix kitablarında bunlar yoxdur. Səndən iltimasım odur ki, imkan olsa bizim bəzi tanıdığın və sözünü eşidən varlıların yuxusuna gir və büründüyün ağ kəfəni onlara göstər ki, mən də bura 12 metr ağdan başqa bir şey gətirmədim. Amma bütün ölkə xeyriyyəçiliyimə görə mənə rəhmət oxuyur. Və mən həmin rəhmətlərin örtüyündə cəhənnəm alovunun tutmadığı cənnət məkandayam. Siz də o biçarə müəllimin kitabının çapına kömək edin, qoy millətimiz savadlansın, öz tarixi barədə məlumatlansın. Bəlkə hansısa sözünü eşitdi. Hamısı kafir deyil ha. Ayrı heç bir təvəqqəm yoxdur. Özündən muğayat ol. Ölüsü çox dirilərdən dəyərli insan. Allah sizə rəhmət eləsin!"

Xeber.İnfo

Bazar ertəsi, 13 Mart 2017 00:00

Tanınmış iqtisadçı vəfat etdi

Yazan

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Maliyyə-kredit şöbəsinin sabiq müdiri, iqtisadiyyat nazirinin keçmiş müavini, iqtisadçı-ekspert Oqtay Haqverdiyev martın 12-də 81 yaşında vəfat edib.

Allah rəhmət eləsin.

Bəziləri onu fitri istedad hesab edir, bəziləri isə deyir, Zirəddin qara magiya ilə məşğuldur

Dosye: Zirəddin Telman oğlu Rzayev

Doğum tarixi: 11 (yaxud 10) noyabr 1981

Doğum yeri: Şəmkir, Azərbaycan

Peşəsi: Ekstrasens. “Ekstrasenslərin döyüşü” tök-şousunun finalisti ( 6-cı sezon, 2008-ci il)

ÜNVANI-MOSKVA, “LİNİYA JİZNİ” ŞƏFA MƏRKƏZİ

Qiyməti: Saatı 1000 dollar ( 50 MİN RUBL).

Hobbisi-ixtisasca Kinoloqdur. Moskvadakı şəxsi it damında Türkiyədən gətirilmiş “Qanqal” cins köpəklərini yetişdirib, küçüklərin birini 10 min dollardan satır.

Evlidi, 3 uşaq atasıdır.

Xidmətləri, Rusiya təhlükəsizlik qurumlarının iki medalıyla mükafatlandırılıb.

Ekstrasensliyə iddialı şəxslər, hamı kimi təkcə gözləri ilə deyil, eyni halda öz kürəkləri ilə də görməyi bacarmalıdırlar. Heyvanlar, həşəratlar arasında bu nadir istedada cırcıramalar malikdi, insan dünyasında isə...

İnsan dünyasında isə, eşidin-bilin, xüsusi kəramət sahibləri. Müasir dillə desək, “ekstrasens”lər. Bu cür “kürəyi ilə görən”lərin kiçik siyahısında adətən bircə nəfərin adı həmişə xüsusi olaraq qabardılır. Altından qırmızı xətt çəkilir. “Həmin müəmmalı şəxs kimdi?” sualına, bəribaşdan bilirəm, hamı bir ağızdan eyni anda eyni cavabı verəcək - həmyerlimiz, xalq loğmanı, Şəmkir doğumlu, Moskva qeydiyyatlı Rzayev Zirəddin Telman oğlu!

***

2008-ci ilin baharı, Moskva şəhəri. “TNT” telekanalında yayımlanan “Ekstrasenslərin döyüşü” tok-şousu neçə vaxtı paytaxt sakinlərinin yuxusuna haram qatır, yazıqları qoymur rahat yatmağa. Şou iştirakçılarının biri - sakit təbiətli, mülayim baxışlı Zirəddin Razayev diqqət mərkəzindədir. Yarışın 3-cü mərhələsindən sonra o, ildırım sürəti ilə irəli sıçrayıb digərlərini xeyli geridə buraxır. 4-cü seriyada sübut edir ki, Yaroslavl şəhərindəki dörd yeniyetmənin qətli yerli satanistlərin əməlidir. 11-ci seriyada, kürəyi ekrana tərəf otuzdurulan Zirəddin Rzayev, yenə də digərlərini bütün şanslardan məhrum edir.

Ekrandakı səhnələri bitdə-bitdə, kadr-kadr görməyi bacarır. Yarış iştirakçıları - Yelena Smelova, Yekaterina Əhmədcanova, Liliya Bull, Vlad Kadoni, Aleksandr Ozeryanski, Nikolay Çumak, Lana Sinyavskaya, Asiyat Şabanova rəqabətə dözməyərək tezliklə müsabiqəni tərk edirlər. Səhnədə qalır ikicə yenilməz qəhrəman - azərbaycanlı Zirəddin Rzayevlə rusiyalı hərbi həkim Aleksandr Litvin.

Açıq səsvermə prosesi öz dramatizmi ilə yadda qalır. Tərəzinin bir gözü gah həmyerlimizə tərəf əyilir, gah o biri tərəfə. Son nəticədə səsvermə, Aleksandr Litvinə 31 min səs bəxş edir, Zirəddinə 17 min.

***

Ancaq bu müsabiqə təkcə öz finalistləri ilə deyil, bəzi digər müəmmaları ilə, pərdəarxası sirlərilə də məşhurdu mütəxəssislər arasında. Yarış zamanı Zirəddinin rəqibi Aleksandr Litvinov çox faciəli anlar yaşayıb - öz arvadını itirib. Normal təcrübəli ekstrasens bunu, uca göylərin əmri, yaxud... yaxud cəzası bilib qələbə iddialarından elə yarış əsnasında birdəfəlik əl çəkərdi. 

Bəli...burası adi məntiq dünyası deyil. Müəmma dolu mistik məkandı. Görünür, qələbə simvolu - “Büllür əl” heykəlini qazanmaq xoşbəxtliyi, bir bədbəxtçilik faktı ilə də müşayiət olunur burda.

Xüsusən, əgər sən bu qələbəni haqsız qazanıbsansa.

***

XÜSUSİ QEYD: Zirəddin Rzayevin bircə zəif cəhəti var - itləri, köpəkləri gördümü, vəssalam, anında mum kimi əriyəcək. Girişəcək bu itin tüklərini tumarlayıb, sığallamağa. Kürəyi ilə görmək istedadını da bəlkə məhz it tayfasından öyrənib o.

Deyərdim bu uşaqlıq hissiyyatını Zirəddin günün kommersiya qanunlarına uyğunlaşdırmağı da bacarıb. Türkiyənin məşhur Aksaray köpəklərini min cür əzab-əziyyətdən sonra Rusiyaya gətirməyi bacarıb.

Moskva ətrafında böyük bir ərazini hasarlayaraq oradakı it damını çöndərib bu cins itlərin bir növ damazlıq mərkəzinə. Burdakı Aslan, Toni, Xırsız, Onur, Sultan kimi törədici erkəklər Moni, Dilbər, Binnas kimi qancıqlarla vaxtaşırı cütləşdirilərək yaxşı nəsil artımı nümayiş etdirir, vallah. Küçükləri 10 min dollardan aşağı satılmır. Bəzən dəfələrlə baha qiymətə satılır hətta.

Türkiyə dövləti bu cins köpəklərin xaricə satışını çoxdan yasaqlasa da, Zirəddinə göz yumub nədənsə. İcazə verib Rusiyada bu nadir köpəklərin nəslini artırsın.

“Təsadüfmü bu? Qanunauyğunluqmu? Yoxsa bir şıltaqlıq?” sualına belə cavab verərdim indi mən. Qədim sufilər ağ, yaxud qara dərviş olmaqla iki qismə bölünərdi adətən. Ağlar, göyərçin bəslərdi, qaralar nəhəng qara köpəkləri. Zirəddin, görünür qara dərviş, müasir dillə desək qara maqdı. İtlərə sevgisi də bax, bu gizli cəhətindən qaynaqlanır. Gücünü, enerji qaynağını da məhz bu dörd ayaqlı dostlarından - Aksaray cinsli nəhəng köpəklərdən alıb qidalanır o. Xüsusən “Binnas” adlı nəhəng qara köpəkdən bəzən günlərlə əlini ayırmır.

Həmin it damında küçüklər deyilənə görə 40 gün qatı zülmət içində saxlanılır. Bu da mənə bilirsinizmi nəyi xatırladır, hə? Dərvişlərimizin 40 gün çiləxanada oturmağını!

Zirəddində, ola bilsin, bu hər iki təcrübə birləşib. Kəramətini də o, qədim sufilər kimi, deyəsən, vaxtilə zülmətxanalarda qazanıb özünə.

***

Rəsmi Ankara “Aksaray köpəkləri” məsələsində hədsiz qısqancdı. Bir köpəkoğluna indiyədək icazə verməyib bu it xılını Türkiyədən kənara çıxartsın. Zirəddin bu oyunda istisnadır. Əlində rəsmi lisenziyası var. “Kim verib ona bu ixtiyarı, kimdi onun Türkiyədəki havadarı?” sualının cavabını Zirəddinin son öncəgörmələrində axtarın. Orda deyilir: “Ərdoğan, bütün səylərinə rəğmən, Fətullah Güləni həbs edə bilməyəcək. Fətullah, qəfil keçirdiyi infarkt nəticəsində öz əcəli ilə öləcək. Hiss edirəm onun qan-damar dövriyyəsində ciddi problemlər mövcuddu”.

***

Zirəddinin bu itbazlığı sadaladığımız çox saylı faktlarla məhdudlaşmır. Hər gün özünə yeni-yeni məzmun qazanır Rusiyada. 

Bu ölkə son vaxtlar yeni təhlükəylə üzləşib. Adına “doqhanter” deyilən əli silahlı şəxslər şəhər küçələrindəki kimsəsiz itlərin kütləvi ovuna başlayıblar. Qəfil, turp kimi yerdən pıtlayıb çıxır, gördükləri itləri amansızcasına, fərq qoymadan ucdantutma qırırlar. Bir nəfər də onlara irad tuta bilmir, “gözünüz üstə qaşınız var” demir.

“Doqhanterlər” bir Amerika brendidir. İrqçiləri, hər cür sado-mazaxistləri, aşırı millətçiləri, müxtəlif psixopatları öz sıralarında birləşdirən bu hərəkat Rusiyaya Ukraynadan gəlib sızıb. Kiyevdəki son narıncı inqilabın, meydan hadisələrinin fəal iştirakçısı kimi tanınan “doqhanter”lər Rusiyada elə ilk günlərdən ciddi müqavimətlə qarşılaşıblar.

Həmin bədnam doqhanterlərin Rusiyadakı ən ciddi əleyhdarı indi bax bu bizim Zirəddin Rzayevdi. Müsahibələrinin birində o, bu hərəkatla İŞİD arasında ciddi paralellər aparıb. İddia edib, bəs bu hər iki hərəkatın sponsorları, mənşəyi eynidir. Hardan götürüb o bu müqayisəni, niyə bunu Rusiya mətbuatında ilk dəfə səsləndirib? Həəə, bax bu çox dolaşıq düyünü açsaq, kələfin bir ucu bizi götürüb gətirəcək Rusiya Federal Təhlükəsizlik Xidmətinin Lyubankadakı məlum ünvanına.

Orda başımızı əyib qulağımıza pıçıldayacaqlar ki, bəs “doqhanter projesi” əslində bir təxribat layihəsidir. Məqsədi nədi? Heç nə, cəmiyyətdəki sado-mazaxist, irqçi, aşırı millətçiləri bir araya toplayıb təşkilatlandırmaq. Sonra silahlandırıb şəhər küçələrinə salmaq. Əvvəlcə ilk təcrübəni kimsəsiz itlər üzərində sınaqdan çıxarmaq. Sonra isə...

Sonra isə bütün bu tör-töküntünü, Kiyevdəki kimi, meydanlara çıxarıb son anda onu siyasiləşdirməyə cəhd göstərmək. Silahları bu dəfə itlərə qarşı deyil, cəmiyyətə qarşı çevirmək.

1944-cü ilin 23 fevralında Stalinin xüsusi əmriylə Şimali Qafqaz xalqları öz doğma yurdlarından zorla ayrılaraq uzaq Sibirə sürgün olunublar. Hadisənin ildönümündə - 2017-ci ilin 23 fevralında Mahaçqalada itlərin gəmirib öldürdüyü bir qız cəsədi tapılır. Yerli doqhanterlər, əslinə qalsa gizli vəhabilər, bunu bəhanə edib əllərində silah küçələrə çıxırlar. Başlayırlar əvvəlcə kimsəsiz itlərin kütləvi qırğınına...

Sonra işə FSB qatılır. Şəhərdə kütləvi həbslər start götürüb növbəti vəhabi şəbəkəsinin darmadağın edilməsi ilə nəticələnir.

Sonra Zirəddinin telefonuna Lyubankadan növbəti zəng gəlir. Doqhanterlərə qarşı mətbuatda açdığı cəbhəyə görə ona xüsusi minnətdarlıq bildirilir. Axırda deyilir ki, Aksaray küçüklərindən birini mütləq FSB rəhbərliyi üçün yetişdirsin. Bəs güc strukturları içində bu küçüklərin yaxşı müştəriləri var.

***

İlahi möcüzələr həmişə əvvəlcə yuxu aləmində baş verir, sonra real dünyada. Müqəddəs heyvanların əvvəl ruzisi peyda olur yox yerdən, sonra özləri...

Zirəddin Rzayev Rusiya mətbuatına verdiyi çoxsaylı müsahibələrində həmişə ilk olaraq oxşar hadisəni danışır. Qeyd edir ki, hələ bətndə ikən, anası yuxuda Şəmkirin məşhur kəramət sahibi Seyid Əkbəri görüb. Nəcib seyid, anasına deyir, bəs ərin Telman evdədi? “Yox!” eşidincə, deyir, ona çatdırarsan, Zirəddinin kirvəsi gəlmişdi.

Bəli, ekstrasensorikada bu, ən vacib şərtdi - əvvəl pişiyin ruzisi gəlir yox yerdən, sonra özü qapıda görsənir. Əvvəl, gözəgörünməz kirvəsi gəlir Zirəddin kimilərin, sonra özləri.

İndi bu Zirəddin Moskva ətrafında cins köpəklər yetişdirərək bütün mehrini yönəldib bu istiqamətə. Müsahibələrində hansı mövzudan danışsa, mütləq axırda köpək söhbətinə qayıdacaq. Deyəcək:

“Gördüyünüz bax bu küçük Rusiya ərazisində doğulmuş ilk türk küçüyü, Aksaray cinsli malaklı köpəyidir. Atası ”Aslandı", anası “Dilbər”. 11 küçükdən biri də hələ satışa çıxarılmayacaq. Bu siftədi. Sonrası Allah kərimdi. Alıcı ilə xüsusi müqavilə bağlayırıq. Müqavilədə o, bizə boyun olur ki, bəs it boğuşdurmalarda iştirak etməyəcək. Daimi qida ilə təmin edəcək bu möcüzəli köpəklərimizi".

Fikirləşirəm, bu, Zirəddinlə tanışlığımızın qəşəng sonluğudur.

Gəlin söhbətimizin bu nöqtəsində onunla sağollaşıb vidalaşaq.

Həmid HERİSÇİ

İsveçdə yaşayan Azərbaycanlılar siyasi məhbus olan həmvətənlərinə azadlıq tələb edir. Bu barədə Xeber.İnfo aksiyada iştirak edənlərdən biri məlumat verib. Aksiyada Azərbaycanda baş verən proseslərdən danışılıb və saxta ittihamlarla həbs olunan siyasi və vicdan məhbuslarının azad olunması tələb edilib.

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında Masallı Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan BakiPost.az-a verilən məlumata görə, auditlə müəyyən edilib ki, Masallı rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən proqnozların tərtibi bir sıra hallarda iqtisadi əsaslandırmalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən aparılıb, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, mənzil fondunun hər m²-ə düşən xərclər araşdırılmayıb, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanıb. Küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməyib, şəhərdə olan işıq nöqtələrinin və yaşıllıq sahələrinin uçotu aparılmadan və müvafiq illər üzrə "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə xərclər tam araşdırılmadan proqnozlar tərtib edilərək təsdiq edilib.

"Yolların əsaslı təmiri” xərc maddəsi və "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə vəsaitlərin istifadəsi zamanı işlərin dəyərinin və iş həcmlərinin artırılması hallarına yol verilib, müqavilə şərtlərinə riayət edilməməsi səbəbindən büdcə vəsaiti podratçılara artıq ödənilib, quraşdırılmış işıq dirəkləri və xətləri əsas vəsait kimi uçota alınmayıb. Təsərrüfat gəlirləri hesabına maliyyələşməli bəzi xərclər büdcə vəsaiti hesabına ödənilib, artıq yanacaq və material silgisinə yol verilib, bir halda vergi qanunvericiliyinə əməl olunmayıb, məişət tullantılarının daşınması üzrə marşrut və manevr xətləri müəyyən edilməyib, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədilə bağlanmış bəzi müqavilələr Tarif Şurasının müvafiq qərarına uyğun olmayıb.

Qurumlar tərəfindən satınalmalar üzrə qanunvericiliyin bəzi tələblərinə əməl edilməyərək satınalma proseduru keçirilmədən müqavilələr bağlanıb, keçirilən satınalmalarda isə iddiaçılardan müvafiq məlumatlar tələb edilməyib, podratçılarla bağlanılmış müqavilələrin xüsusi şərtləri tərtib olunmayıb, müqavilənin yerinə yetirilməsinin təminatı alınmayıb.

Hesablama Palatasının kollegiyası Masallı Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

"İran bizim varlığımız üçün təhdiddir". Bunu İsrailin Türkiyədəki baş konsulu Şai Kohen deyib. Türkiyə və daha bir neçə ölkənin də rəsmi Tehranın fəaliyyətindən narahatlığını dilə gətirən diplomat, İraq və Suriya böhranlarının İransız həllini mümkün sayıb. Hətta bir qədər də irəli gedərək bildirib ki: "Dünya güclərinin, xüsusilə, ABŞ və Rusiyanın dəstəyi sayəsində bu dövləti təkləmək mümkündür. Ağıllı addımlarla İranın Yəmən, İraq, Bəhreyndəki fəaliyyətlərinə maneçilik törətmək olar. Amma hər yerdə qolları var. Buraya Azərbaycan, Türkmənistan və digərləri də aiddir; bir sözlə, şiələrin olduğu hər yerə qolu uzanır".   

        

İsrailin Türkiyədəki baş konsulu Şai Kohen

Əziz oxucu! Mübarək nəzər-diqqətinə ərz olunanların kimə məxsusluğunu bilməsəydin, hansısa terror təşkilatının rəhbəri tərəfindən söyləndiyini düşünərdin, elə deyilmi?

Amma çox təəssüf ki, ifrat düşmənçiliyə, qarşıdurmaya, qisasçılığa, birini digərinin üzərinə hücuma səsləyən sözləri ölkələrarası normal münasibətlərin qurulması və bölgədə əmin-amanlığın təmininə mükəlləf, sülh missiyası daşımalı bir elçi söyləyir. Yükləndiyi mənfilikləri, kökləndiyi vəhşilikləri, zahiri maskaların örtə bilmədiyi batini şeytansifətlikləri, təmsil elədiyi ideologiyanın mürtəceliklərini beş-altı cümləlik mətbu məlumat vasitəsilə faş eləmək də özəl istedad, qabiliyyət göstəricisidir...

El arasında "aravurmaq", "bir budaqda oturub, min budağı silkələmək", "dünyanı qana çalxamaq" kimi təfsirlənir. Bizim kənddə belə xüsusiyyətlərə malik, azca da mənəvi-əxlaqi cəhətdən problemli qız, gəlin, arvadla ehtiyatlı davranmağa, elələrinin yaşadığı, olduğu yerdən kənar durmağa çalışardı camaat - nahaqdan şərə düşməkdən qorxduqları üçün.

Lakin müasir geopolitikada həmin qəbildən nəsnələr – düşüncələr, sayıqlamalar, əməllər siyasət adlanır. Mütərəqqi beynəlxalq aləm, dinclik, hüzur, səadət arzulu ictimaiyyət sözügedən mübahisəli, münaqişəli situasiyalardan nə qədər uzaq qaçmağa səy göstərsələr də, cəhdləri nəticə vermir. Şər özü gəlib buynuzunu çomağa sürtür, qaşınmayan yerdən qan çıxartmaq istəyir.

Müsəlman aləmi ayrı-ayrı dövlətlərin, xüsusən ərəb liderlərin siyasi eqoizmi, sərvət hərisliyi, kənardan səpilmiş ixtilaf toxumları üzündən daim vəhdət problemi yaşasa da, dünya jandarmeriyası lazımi anda və yerdə birləşməyi, eyni mövqedən çıxış etməyi, batil ideologiyasını, əməllərini doğru qismində sırımağı bacarır.

Elə bu mövzuda da ağız-ağıza verərək oxunan və səsgücləndiricilər vasitəsilə yayılan yeknəsək ABŞ-İsrail xoru bütün planetin zəhləsini töküb. Neçə gün öncə Nümayəndələr Palatasının komitə rəhbəri, respublikaçı Ed Roysun "aydın səmamızı qara buludların alması" ilə bağlı səsləndirdiyi bəyanat və sərgilədiyi süni həyacan bu qəbildəndir. İslam Respublikasının "bölgə ölkələrinə təhlükəsi" proqnozu onun da sayıqlamalarında yer alıb: "İslam İnqilabı Keşikçiləri Korpusu regional sabitlik üçün narahatlıq doğurur və sanksiyalara məruz qalmalıdır". Konqresmenin bildirdiyinə görə, İran Yəmən, Bəhreyn kimi Yaxın Şərq ölkələrinə təhdid yaradır, husi qiyamçılarını Səudiyyə Ərəbistanına qarşı silahlandırır (?!). Diqqət yetirdinizsə, göstərilən nümunələrdə danışan ayrı-ayrı dövlətlərin yetkililrəidir, amma mətnlər sanki eyni adamın qələmindən çıxıb; kim bilir, bəlkə elə mason lojasında yazılıb?!  

 Başdan-başa yalan, iftira və qızışdırıcı niyyətlərdən ibarət müsahibələrin regionda və müsəlman dünyasında kütləvi xaos, qarışıqlıq törətməyə hesablandığı aydın məsələdir. Rəsmi Ankara və Bakının Tehranla qarşılıqlı anlaşmaya, sağlam əməkdaşlığa söykənən münasibətlərini, nüfuzlu məclislərdə, mötəbər tribunalardan bir-birinin, ən başlıcası isə haqq-ədalətin müdafiəsinə qalxmasını, dövlət rəhbərlərinin yüksək etimaddan qaynaqlanan çoxsaylı görüşlərini, eləcə də cənab İlham Əliyevin qonşu məmləkətə səfərə hazırlaşdığını (o zaman səfər hələ reallaşmamışdı) sadəcə, gözləri götürmür.

O ki qaldı, cari proseslərdə üst-üstə düşməyən müəyyən məqamlara, xarici siyasətdə müxtəlif uyğunsuzluqların mövcudluğu təbiidir; ən əsası, ortada ciddi fikir ayrılığının olmadığını liderlər özləri dəfələrlə bəyan ediblər. Adama deyərlər, Türkiyə, Azərbaycan İrandan, yaxud da əksinə - narazıdırsa elə özləri bir araya gəlib səbəblərini araşdıracaqlar da; daha ortada vasitəçi-yengəyə nə ehtiyac var?! Mason ünsürləri İslam Respublikasının beynəlxalq münasibətlərə verdiyi töhfələri, gərginliyin azaldılması istiqamətindəki xidmətlərini bilərəkdən görməməzliyə vurur, balıqları rahat və sorğu-sualsız qamarlamaları üçün bütün suları bulandırmağa can atırlar.

Axı adını çəkdiyiniz münaqişələrin həllinə bu dövləti sizlər – problemi yaradan ABŞ, İsrail, İngiltərə, Fransa və başqaları dəvət eləyibsiz. İraq və Suriya kələfini dolaşdırıb özünüzü də elə bir bataqlığa salmısız ki, indi nəinki İran, bütün dünya yığılıb dartır, çıxara bilmir; ara yerdə dağılan yaşayış məntəqələri, qədim sivilizasiya məskənləri, mədəni-tarixi abidələr, qırılan da məzlum, günahsız insanlar – qadınlar, qocalar, körpələrdir. Fələstin, Yəmən, Bəhreyn, Qarabağ, digər yüzlərlə çözümümüşkül düyünlərinsə tamam özgə illəti var, mövzunun davamında bir daha üzərinə qayıdacağıq.

         

Ancaq geniş kütlələr üçün qaranlıq qalan və maraqlı suallar doğuran xeyli mətləblər var. Gör, qos-qoca Cümhuriyyət başqanlığı bir konsula nə boyda səlahiyyət verib ki, o da başından böyük qələtlərə cəsarətlənib. Deyəsən, Ərdoğan hakimiyyəti Saxal əsgərlərinin 2010-cu ildə Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə azğın hücumunu və ötən ilin 15 iyul darbesini – dünya güclərinin ölkənin, dövlətçiliyin və xalqın başına gətirdiklərini yavaş-yavaş unutmaqdadır. İkincisi, Benyamin Netanyahunun Vaşinqtona son səfəri və birgə bəyanatlar rəsmi Tel-əvivin Ağ Evin yeni sahibinə "xod" tapmasının göstəricisidir. Beynəlxalq sionizm bu fürsətdən nəinki mövsümi layihələr, hətta uzaq perspektivlər üçün bəhrələnə bilib. ABŞ prezidenti qlobal oyunları pərdə arxasından idarə edən qrossmeysterlərə xatir, BMT qətnamələrində vurğulanan və bütün dünyanın dəstəklədiyi İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipindən əl çəkmədimi?

Bundan başqa, son günlər Tramp komandasının ölkəni Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Şurasından çıxarmağın mümkün variantlarını nəzərdən keçirməsi barədə məlumatlar yayılıb. Yekun qərarın qəbulunda dövlət katibi Reks Tillerson, BMT yanında daimi nümayəndə Nikki Heyli və prezidentin özünün iştirakı gözlənilir. Rəncidəliyin səbəbləri isə çox primitiv və gülməlidir: administrasiyanın Şuraya olan iradları arasında anti-İsrail siyasəti, ümumi təhlükəsizlik və üzvlərin şübhəli tərkibi (Məsələn, Çin və Səudiyyə Ərəbistanı) və sair var.

Ümumiyyətlə, indi dünya jandarmeriyasının öz mahiyyətini gizlətmək, bundan xəbər tutanları susdurmaq, bəd əməllərinin əleyhinə çıxanlardan incik düşüb qabaqlayıcı tədbirlər görmək cəhdləri çox dəbdədir. Sionistlərin müdafiə naziri Avidqor Liberman da Almaniyanın "Die Welt" qəzetinə verdiyi müsahibədə Avropanın Yaxn Şərq mövqeyinə kəskin tənqid yağdıraraq, sözügedən siyasəti qeyri-məhsuldar adlandırır. Sən demə, "avropalılar açıq-aşkar şəkildə fələstinlilərin tərəfində" çıxış edirlərmiş. Onların "münaqişənin həllinə verə biləcəkləri ən böyük töhfə isə Yaxın Şərqi unutmaqdır..."  Liberman İranla nüvə anlaşması imzalayan 6 dövləti (o cümlədən Almaniyanı) sərt tənqidə məruz qoyub. Və maraqlıdır ki, həmin sırada sazişin hazırlanmasının fəal iştirakçısı ABŞ-ın (artıq "qələtini düzəltmək" istiqamətində addımlar atdığından) adını çəkməyib.

Beləliklə İsrailin cığal rəhbərliyi və məmuriyyəti hamıdan küsür, inciyir, obyektiv mövqe sərgiləməyə çalışanlara barmaq silkələyir... Təkəbbürü elə həddə çatıb ki, dünyada hamı günahkardır – ondan və ABŞ-dan başqa; ali irqə mənsubluqları kimi cəfəng iddiaları var. Eyni sərsəmliklə Hitlerin nasional-sosialistləri ötən əsrin 40-cı illərində Yer kürəsini qana boyadı, indi sionizm on qat artığını törədir və tərəqqipərvər bəşəriyyəti daha böyük təhlükələr qarşısına atır.

Okeanın o tayına zəhər ötürmələri də faktlarla təsdiqlənən və zaman-zaman aşkara çıxan reallıqdır. Sadəcə, yeni rəhbər siyasətdə naşılığı üzündən diqtələri, sifarişləri gizlətmək, nəsə bir siyasi don geyindirmək iqtidarında deyil. Tramp Vaşingtonda nümayiş zamanı hava ilə doldurulmuş nüvə silahı maketini göstərərək, nüvə arsenalını genişləndirmək niyyətini bəyan edib: "ABŞ nüvə silahı gücü ilə geridə qalıb və o zirvədə olmalıdır". Özərinin 6,800 nüvə silahının, Rusiyanın isə 7000 belə raketinin mövcudluğuna toxunan ABŞ Silahlara Nəzarət Assosiasiyası, prezidentin belə arzuolunmaz sahədə rəsmi Moskva ilə qorxulu yarışa girdiyini təsdiqləyir. Məsələ bundadır ki, ABŞ və Rusiya arasında silahların məhdudlaşdırılması üzrə "Yeni başlanğıc" adlanan müqavilədə gələn ilin fevralın 5-dək hər iki ölkənin 10 il ərzində nüvə silahlarının sayını bərabər səviyyədə azaldılması istənilir.

Lakin Donald Tramp strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqaviləni ölkəsi üçün uğursuz sayır, birtərəfli adlandırır və yenə də sələfini tənqiq atəşinə tutur: "İranla bağladıqları saziş kimi, olduqca faydasız müqavilədir. Mənim dövrümdə daha yaxşı anlaşmalar imzalanacaq”. Ekspertlərin fikrincə, tərəflər dünyanın təhlükəsizliyi üçün kritik önəm daşıyan "Orta və kiçik mənzilli raketlərin ləğvi" haqqında sazişlə əlaqədar böhran yaranmayacağı təqdirdə, bu müqaviləni də qüvvədə saxlaya bilərlər. Xatırladaq ki, 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama arasındakı razılaşmaya görə, tərəflər nüvə başlıqlı raketləri 1550 ədədə qədər məhdudlaşdırmaq qərarına gəliblər. Bundan başqa, qitələrarası və ağır bombardmançıların 700- qədər endirilməsi də nəzərdə tutulub.

Hər hansı nüvə sazişinə qoşulmayan, bu səbəbdən də MAQATE ekspertlərini qapıdan içəri buraxmayan, kütləvi qırğın silahlarının məhdudlaşdırılması tələblərini birmənalı şəkildə saya salmayan İsrailsə dəhşətli atom arsenalına malikdir və arada İranın “uranı lazımi sentrafuqadan artıq zənginləşdirməsindən narahatlığını” dilə gətirməyi də unutmur. Lakin İslam Respublikası böyük səbr, təmkin və əzmkarlıqla elmi-texniki tərəqqi yoluna davam etməkdədir. Zəhmətsevər və mütərəqqi fikirli müsəlman qardaş və bacılarımız hətta “nüvə başlığı istehsalına hazırlıq” bəhanəli qadağalar, sanksiyalar dövründən də yaxşı mənada, yararlanmağı bacardılar: özləri üçün lazımi hər şeyin daxildə istehsalı düşmənlərin məkrli niyyətlərini alt-üst elədi; iqtisadi blokada əks-effekt verdi.

İİR-nın ali rəhbəri Seyid Əli Xamneyi cənablarının mütəal Allahın buyruqları, İslam humanizmi və Qurani-kərimin tövsiyələrinə tamamilə zidd sayılan kütləvi qırğın vasitələrinin əldə olunması və yayılmasını dəfələrlə pisləməsi belə, xofluların müxtəlif fitnələrlə dolu qəlblərini aramlaşdıra bilmədi. Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri Buşəhrdə, digər atom reaktorlarında yenidən yoxlamalara başlamaq qərarına gəliblər.

Təzadlısı odur ki, indiyədək hər hansı qövm İslam dövlətinin nəinki tətbiqi yasaqlanmış silahı, adi hücumundan da əziyyət çəkməyib. Şəhidpərvər xalq yalnız müdafiə məqsədilə, İslam inqilabının nəticələrinin məhvindən ötrü üzərinə qaldırılmış Səddam rejiminə və digər xain basqınlara sinə gərib. Hazırda İran hərbçilərinin Suriyada, İraqda görünməsi də daha çox həmin ölkə rəhbərlərinin dəvəti və ərazidə yerləşən müqəddəs ziyarətgahların mühafizəsi məqsədilədir. ABŞ-ın 1945-ci ilin avqustunda – faşizmin neçə ay öncə təslimçilik aktını imzaladığı və müttəfiqlərinin də heç bir təhlükə törətmədiyi bir zamanda Yaponiyanın Xirosimo və Naqasaki şəhərlərinə atdığı atom bombalarının fəsadları isə üstündən 72 il ötüşməsinə baxmayaraq, silinib getmir. Vyetnamda dinc insanlara – qocalara, qadınlara, uşaqlara qarşı işlətdiyi "napali" kimyəvi-bioloji silahları bu gün də bəşəriyyətin yaddaşını və vicdanını qarsımaqda, yandırmaqdadır...           

Yaxın keçmişdə baş vermiş, unudulmayan cinayətlər seriyası azmış kimi, rəsmi Vaşinqton yenidən sürətli silahlanmaya start verib. Donald Tramp federal idarələrə "müdafiə xərclərinin" kəskin artırılmasını nəzərdə tutan büdcə hazırlamağı tapşırıb, bunun müqabilində daxili agentliklərin xərcləri xeyli kiçiləcək. "The New York Times" qəzetinin yazdığına görə, Tramp yeni büdcədə ətraf mühitin mühafizəsi üzrə agentliyin və Dövlət Departamentinin məsrəflərini 10 milyardlarla dollar azaltmağı düşünür. Bundan başqa, sosial təminat proqramlarında da ciddi ixtisarların baş verəcəyi gözlənilir. Birləşmiş Ştatlar öz cəbbəxanasını ölümsaçan yeni modellər hesabına sürətlə zənginləşdirir və köhnəlmiş, sıradan çıxmış qurğularını bazara çıxarır.

Yer üzünə çeşidli faciələr və bədbəxtliklər gətirən “matah”a müştəri bolluğu isə müxtəlif regionlarda həssas münasibətləri qızışdırmaq və məhəlli münaqişələrə, müharibələrə yol açacaq yeni konfliktlər yaratmaqla mümkündür. Amerika xalqı özlərinə heç bir aidiyyatı olmayan ucqarlarda övladlarının ölümü ilə barışmadığından belə hallar kəskin daxili təlatümlərə (anaların etiraz nümayişləri zamanı Ağ Ev qarşısına əsgər çəkmələri düzmələrini yada salın) rəvac verməklə yanaşı, liderlərin reputasiyasına da mənfi təsir göstərir. Deməli, rəsmi Vaşinqton vuruşmaqda yox, vuruşdurmaqda maraqlıdır. Onun İŞİD-i öz hərbçilərini qorumaq və digər səbəblərdən meydana çıxardığı da generalitetin etirafları sırasındadır. General Vesli Klark terror qruplaşmasının ABŞ tərəfindən dünyada zombiləşmiş qorxunc qüvvə formalaşdırmaq, Səudiyyə Ərəbistanından pul "sağmaq" və ölkələrin işğalına bəhanə yaratmaq məqsədi ilə qurulduğunu bildirib. 11 sentyabr hücumundan 10 gün sonra Pentaqona getdiyini deyən Vesli, İŞİD-in qurulması barədə qərar verilən görüşdən söhbət açıb.

Görüşə müdafiə naziri Donald Ramsfeld və müavini Paul Volfovitz də qatılıbmış: "Sonra Ramsfeld məni aşağıdakı otağa çağıraraq, İraqa qarşı savaşa başlayacaqlarını bildirdi. O, müharibənin səbəbini bilmədiyini, rəhbərliyin başqa çarəsi qalmadığını vurğuladı. "Səddam və Əl-Qaidə qruplaşması arasında əlaqə tapa bildinizmi?" - sualıma nazir belə cavab verdi: "Yox. Bu məsələdə yeni bir şey yoxdur. Sadəcə, İraqa qarşı müharibə aparacağımız barədə qərar verdilər. Terrorçulara qarşı nə edəcəyimizi bilmirəm, amma yaxşı bir ordumuz var. Dövlətləri zəiflədə, çevrilişlərlə birdəfəlik silə bilərik. Bizə bir çəkic lazım idi. Buna görə də İŞİD-i qurduq". Vesli Klark devriləcək hökumətlərin siyahısını da açıqlayıb: "Biz Əfqanıstanı bombalayırdıq. Bir neçə həftədən sonra məsələni müdafiə nazirindən soruşdum. Bir kağıza 7 il ərzində çevriliş hazırlanacaq ölkələrin - Suriya, Liviya, Livan, Somali və İranın adını yazdı”.

Ötən illər ərzində İŞİD xeyli güclənərək saysız-hesabsız vandallıqlar törətdiyindən, beynəlxalq aləmdə terrorizmin xaç atası kimi dillərə düşmək zəminində labüd rüsvayçılıqdan yaxa qurtarmaqdan ötrü indi də faciə-tamaşanın ikinci pərdəsini oynamağa başlayıblar: “Biz müsəlman ölkələrini İŞİD-ə qarşı savaşdıracağıq. Şəriətçi düşməni Yer üzündən silmək üçün İslam dünyasındakı dost və müttəfiqlərimiz kömək olacaqlar” (D.Tramp). Guya İŞİD-ə qarşı mübarizədə 11,7 milyard dollar xərcləndiyi üçün iqtisadi çətinliklər yaşandığını söyləyən biznesmen-prezident, Müdafiə Nazirliyinə qruplaşmanın məhvi üçün xüsusi plan hazırlamağı da tapşırıb.

Necə də Bin Laden ssenrisini xatırladır? Əfqanıstanda SSRİ-yə qarşı yaratdılar, hansı əraziyə girmək lazımsa, "1 nömrəli terrorçu oradadır" - deyə bəhrələndilər, qudurub, cızığından çıxıb üzlərinə ağ olanda aradan götürdülər. Ən qəribə və gülünc isə adı İŞİD-in memarı qismində hallanan birisinin, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçular siyahısına (?!) salmaq istəməsidir...

Okeanın o tayından çalınan havalara indi bu tərəfdən Aviqdor Liberman züy tutur:

"İsrail Səudiyyə Ərəbistanına Yaxın Şərqdə NATO-ya bənzər alyans yaratmağı təklif edir. Terrora qarşı bütün mötədil güclərin birləşməsinin vaxtı gəlib çatıb". Tehran "rejimini" yəhudi dövlətinə təhdid sayan sionist nazirin sözlərinə görə, mötədil sünni dövlətləri onlara yönəlik ən böyük təhdidin İsrail, sionizm və ya yəhudilər deyil, İran olduğunu anlayırlar. Əgər həqiqi koalisiya qurulsa, bununla bağlı öhdəliklərdən də danışmaq olar: "Baxın NATO-ya. Alyans hər bir üzvün digərlərini müdafiə etməyə hazırlığı, digərləri tərəfindən də eyni təminat verilməsi prinsipi üzərində dayanıb". Libermana görə, yəhudi dövləti ərəblərə texnologiyalarla yardım göstərə bilər: "Onlar nə terrorizmlə mübarizə, nə hərbi plan, nə də elmi araşdırmalar sahəsində bizdəki imkanlara malik deyillər".

Dəhşətli müharibə layihələri cızılıb. Qərbdən qaynaqlanan irtica yenidən şahə qalxmaq, zəhərli dalğaları ilə fərqi yuyub aparmaq niyyətindədir. Həmin sunami çəkiləndən sonra yerində qalan viranə isə yeni dünya düzəni adlanacaq və (əgər şüurlu varlıqlar yaşasa) ona təzə nizam vermək üçün konfranslar keçiriləcək. Bundan ötrü əksər resurs və vasitələr – kütləvi qırğın silahları, zombilər qrupu, çeşidli bəhanələr, təbliğat mexanizmi, milli satqınlar sürüsü və sair çoxdan hazırdır. Sadəcə, mürtəce qüvvələrin öz təbirincə desək, "dikbaş", "təhlükəli", "naqolay", "ramolunmayan" bir dövlət yolları üstündə keçilməz maneəyə çevrilib. İslam Respublikası 38 ildir nəinki zalıma boyun əyməyərək müstəqil siyasət yeridir, hətta dünya məzlumlarının hüquqlarının bərpasına çalışır. Və bu mübarizənin haqq-ədalətin qələbəsi ilə yekunlaşacağına heç bir şübhə yoxdur.

Məni yalnız ölkəmdən havalanan "xaric" səslər – bozbaş politoloqlar və psevdovətənpərvərlər dəstəsinin vay-şivəni narahat edir. Kim təminat veriri ki, "antiterror əməliyyatı aparan" düz hədəfi nişan alaraq, "terrorçu siyahısına salınanı" sıradan çıxaracaq. Məgər Əfqanstanda, İraqda min dəfələrlə hərbi bazalar əvəzinə, yaşayış məntəqələri vurularaq, dinc sakinlərin qətliamı törədilmədi? Özünü millətçi sayan, o taydakı 30 milyon soydaşımızın başına bomba yağdırılmasını qəbul görən kəslər, imperializmin İrana hücumunun ikinci günü ərazilərimizi bütövləşdirəcəyi xülyasını unudun getsin.

Bundan ötrü ən əlverişli şərait İkinci Dünya savaşının gedişində yetişmişdi, gördünüz ki, heç nə alınmadı. Qərbə əyilməz, inkişaf edən, İslami İran kimi, böyük, güclü Azərbaycan da sərfəli deyil. Hələ qorxun ki, erməni daşnakları tərəfindən işğala məruz qalmış Qarabağımızda kürd dövləti yaratmaq niyyətlərini gerçəkləşdirsinlər. 30 ilə yaxındır, yüz minlərlə məcburi köçkünün təminatında çətinlik çəkən dövlətimiz, Allah eləməmiş, cənubdan gələn qaçqın selini necə yerbəyer edə bilər? Hücuma məruz qalan tərəf də təbii ki, əl-qolunu salıb oturmayacaq və indiki halda İranın Suriya, İraq, Əfqanıstan olmadığını azyaşlı uşaq da yaxşı bilir – deməli, cavab tədbirlərinin nə ilə nəticələnəcəyi... məlumdur.

Ona görə Azərbaycan Respublikasının dövlət, hökumət rəhbərliyi və xalqı bölgədə hər hansı hücum əməliyyatının birmənalı şəkildə əleyhinədir.

 

Qurban Cəbrayıl

24 -dən səhifə 148