Friday, September 22, 2017

Çərşənbə, 30 Noyabr 2016 00:00

Şeyx məscidlərə axund təyin edə bilmir

Yazan

1500 məscidə axund və ya imam təyin olunmayıb; dini sahədə ən ciddi problemlərdən biri kadrların yetişdirilməsi və onlara müvafiq statusun verilməsidir

Azərbaycanda 1500 məscidə axund və ya imam təyin olunmayıb. Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli məlumat verib. O bildirib ki, ölkədə hazırda 2100 məscid var və onlardan yalnız 600-ə yaxınına QMİ axund və imam təyin edib.

1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir. Hacı Sabir Həsənli məscidlərin boş qalmasının başqa bir təhlükəli tərəfinə toxunub. Onun sözlərinə görə, boş qalan məscidlər radikal qüvvələrin təsiri altına düşür. Sitat: “Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar”.

S.Həsənli bildirib ki, BİU-nun tələbələrinin 46-47 faizi qızlar olduğundan onları imam və axund kimi göndərə bilmirlər. Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdə dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. 

Qeyd edək ki, bu məsələ əslində yeni deyil və bir daha Azərbaycanda dini təhsil və din xidməti mövzularını gündəmə gətirir. Azərbaycanda həqiqətən də savadlı, hansısa xarici dini qrupların təsiri altında olmayan ilahiyyatçı kadrların sayı azdır. Ümumilikdə, ölkədə dini mühitdə xarici təsirin çox güclü olması heç kimə sirr deyil. Uzun illər bu sahə boş qalıb və dövlətin hansısa bir konsepsiyası olmadığı üçün din sahəsində yetişən kadrların böyük çoxluğu xarici təsir altında olub və ya xaricdə yetişib. Hökumət bu sahəyə çox gec, 2000-ci illərin əvvəllərində diqqət ayırmağa başlayanda isə artıq gec idi. Üstəlik və ən pisi o idi ki, hökumətin bu yöndə fəaliyyətləri problemin yenidən aradan qaldırılması, vəziyyəti düzəltmək üçün kifayət edəcək səviyyədə deyildi.

Konkret olaraq məscidlərdə əhaliyə din xidməti verəcək kadrların olmamasının və ya bu sahənin yarıtmaz olmasının bir sıra səbəbləri var. Qeyd etdiyimiz kimi, bu sahədə uzun illər boşluq səbəbindən yerli kadrlar yetişdirilməyib, din təhsili dəstəklənməyib, bu səbəbdən də çoxları normal dini təhsili xarici dini təhsil mərkəzlərində almaq yolunu tutub. Bu məsələdə xarici ölkələrin missioner fəaliyyətləri də rol oynayıb, nəticədə bütöv bir 10 illik dövrdə dini kadrlar xaricdə təhsil alıb. Ancaq 2000-ci illərin əvvəllərində hökumət xaricdə dini təhsil alan ilahiyyatçılara qarşı savaş açıb və nəticədə “Dini etiqad azadlığı haqqında” Qanun dəyişdirilib və xaricdə dini təhsil alanların Azərbaycanda dini vəzifə tutması yasaqlanıb.

Yerli kadrların sayı isə dini vəzifə tutmaq üçün yetərli olmayıb. Çünki Azərbaycanda 1989-cu ildən yaradılmış Bakı İslam Universiteti (ilk 3 il mədrəsə - K.R) və onun Zaqatala, Lənkəran və daha bir neçə filialı (daha bir neçəsi qapadılıb - K.R.) və o cümlədən Bakı Dövlət Universitetinin ildən-ilə kiçilən ilahiyyat fakültəsi yetərli sayda kadr hazırlaya bilmir. Dövlətin isə nə özünün bu cür dini məktəblər yaratmağa həvəsi var, nə də başqalarının yaratmasını təmin edəcək qanuni baza. 

Din xadimi çatışmazlığının daha bir obyektiv səbəbi isə din xadimlərinin maddi təminatı mövzusudur. Azərbaycan qanunları din xadimlərinin təminatına icazə vermir. Yəni məscid mollalarına dövlət tərəfindən maaş verilmir. Belə olan halda din xadiminin və ya belə desək, mollanın yeganə yolu yas mərasimlərindən aldığı pulla dolanmaqdır. Bu isə heç də hamı üçün münasib deyil. Üstəlik, normal ictimai və dövlət statusu verilmədiyi üçün din xadimliyi iş yeri hesab olunmur. 

Yəni BDU-nun ilahiyyat fakültəsini və ya BİU-nu bitirən ilahiyyatçı gedib hansısa ucqar kənddə işləməyə həvəsli deyil. Üstəlik, yerli ənənələr, bu istiqamətdə qanunvericiliyin və ya fəaliyyət əsasnaməsinin olmaması məscidlərdə ruhani işini sistemli hala gətirməyib. Bu səbəbdən də məscidlərdə işləmək istəyən gənc ilahiyyatçıların sayı azdır və paralel olaraq məscidlər boş qalır. 

QMİ-nin bu vəziyyəti aradan qaldırması üçün müvafiq qanunvericilik, hüquqi baza yaradılması, bu istiqamətdə ciddi fəaliyyət konsepsiyası hazırlanmalıdır. Hələlik isə bu istiqamətdə hansısa əməli fəaliyyət yoxdur. 

Kənan Rövşənoğlu

Bakı metropoliteninin "Koroğlu" stansiyasında intihara cəhd hadisəsi baş verib.

Baş verən hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə Ölkə.Az-a açıqlamasında hadisənin təfərrüatlarını bildirib:

"Hadisə "Koroğlu" stansiyasında saat 09:15-də olub. İntihara cəhd edən şəxs özünü "Həzi Aslanov" stansiyası istiqamətinə gedən qatarın altına atıb.

Özünü qatarın altına atan şəxs Əhmədov Nəsir Əlihüseyn oğlu 1951-ci il təvəllüdlü Nardaran sakinidir. Hadisə qəfil baş verdiyindən maşinist qatarı tam saxlaya bilməyib. Özünü qatarın altına atan şəxs xoşbəxtlikdən ölməyib. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisəyə görə xətdə müvəqqəti gecikmə yaranıb. Qatar orada saxlanılıb, ona görə də, metroda gecikmə var. Polislər hadisənin təfərrüatını aydınlaşdırır".

Qeyd edək ki, intihara cəhd edən şəxs artıq xəstəxanaya yerləşdirilib.

Tarif Şurasının son bahalaşma qərarlarının digər bazarlara da təsiri olacaq 

Politika.Az-ın Analitik qrupu təcrübədən çıxış edərək bildirir ki, tənzimlənən qiymətlərin, xüsusilə də qaz və işığın, yanacağın qiymətlərin bahalaşması xüsusilə ərzaq bazarına kəskin təsirləri olur. 
Növbəti qərarın da həm psixoloji və həm də iqtisadi təsirlərinin olacağı danılmazdır. Adətən psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzun müddətli və davamlıdır.
Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək. 
Lakin buna qədər ərzaq bazarında kəskin bahalaşmanın olacağı qaçılmazdır. Məlumat üçün xatırladaq ki, onsuz da dolların bahalaşması fonunda ərzağın qiymətində ciddi artımlar müşahidə edilirdi. Mal əti, toyuq və toyuq məhsulları son günlər pik həddə bahalaşmışdı. Bu qərardan sonra isə bahalaşmanın növbəti dalğasının olacağı qaçılmazdır. 
Bakıdakı marketlərdən birinin mühasibi Politika.Az-a bildirib ki, artıq bir sıra firmalar qiymətləri qaldırıblar: “Əsasən yağ, un və un məmulatları, şəkər, şəkər tozu kimi məhsulların qiyməti baha təklif edilir. Deyilənə görə, “Azərsun” firmalara mal verilişini ciddi azaldıb, demək olar ki, dayandırıb. Bir çox təminatçı şirkətlər həmçinin eyni addımı atır. Görünən odur ki, dekabrın 1-dən daha baha qiymətlərlə verəcəklər mallarını”.
Qeyd edək ki, qarşıdan Yeni il bayramı gəlir. Hər bayram ərəfəsində psixoloji amillərin təsiri altında ərzaq bazarında kəskin bahalaşma olduğunu nəzərə alsaq, Tarif Şurasının son qərarının təsiri ilə müşayiət olunan bahalaşma hətta bəzi məhsullarda 100 faizə yaxın ola bilər. Bu isə qiymətlərdə iki dəfə artım deməkdir.

Çərşənbə, 30 Noyabr 2016 00:00

"Ölüm hökmü bərpa olunsun" - Deputat

Yazan

Bahar Muradova isə deyib ki, geri qayıtmağa, ölüm hökmünü bərpa etməyə ehtiyac yoxdur

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirib.

APA-nın məlumatına görə, E. Axundova qeyd edib ki, statistikaya görə qadınlara qarşı həyat yoldaşları tərəfindən zorakılıq halları artır: "Belə insanlar ömürlük həbsə məhkum edilməlidirlər. Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur?"

Vitse-spiker Bahar Muradova isə deyib ki, geri qayıtmağa, ölüm hökmünü bərpa etməyə ehtiyac yoxdur.

Xəbər verdiyimiz kimi, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb 


Qazın illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik, işığın isə aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Bundan əlavə bir sıra dərmanların qiymətləri artırılıb.

İqtisadçı ekspertlər qaz və işığın bahalaşmasının bir çox sahələrdə qiymət artımına səbəb olacağını proqnozlaşdırır.

Bakipost.az bahalaşma ilə bağlı siyasətçilərin rəylərini öyrənib. 

Ümid partiyasının sədri İqbal Ağazadə hesab edir ki, qiymət artımından sonra əhalinin sosial vəziyyəti ağırlaşacaq:

"İşıq və qazın qiymətinin qalxması ölkədə istehsal olunan bütün məhsulların qiymətinə təsir edəcək. Sürətlə qiymət qalxacaq. Çox güman ki, yaxın vaxtlarda yanacağın da qiyməti qalxacaq. Yanacağın qiyməti artandan sonra proses daha sürətli bahalaşmaya doğru gedəcək. O cümlədən əhalinin sosial vəziyyəti ağırlaşacaq. Çünki Azərbaycanın bütün kənd rayonlarında qızdırılma sistemləri qaz və işıq vasitəsi ilə həyata keçirilir. 

Elektrik enerjisinin 11 qəpik olması çox baha və fantastik bir qiymətdir. O cümlədən qazın qiymətinin 20 qəpiyə qaldırılması acınacaqlı bir vəziyyət yaradacaq. Hesab edirəm ki, bundan sonra əhalinin vəziyyəti çox pis olacaq. Kasıblaşma kəskin artacaq. Bunun da büdcəyə xeyri olmayacaq. Əksinə olaraq qiymət artımın büdcəyə xeyri olacağını deyənlər yanılır. Çünki insanlar bir dəfə 1500 kubmetr istifadə edəndən sonra ikinci dəfə qazdan istifadə etməyəcək. Demək olar ki, tamamilə qazdan istifadə etməyi saxlayacaq”. 

Azərbaycan Demokrat Partiyası Sərdar Cəlaloğlu vurğulayıb ki, ölkədə kasıbçılıq və dilənçilik artacaq:

"Bölgələrdə rəsmi olaraq kasıb insanların sayı çoxalacaq. Dilənçilik çoxalacaq. Vəziyyət bundan da pis olacaq”. 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, bahalaşmadan sonra ölkədə sosial gərginlik artacaq:

"Qiymət artımlarının olması əhalinin vəziyyətinin daha pisləşməsinə səbəb olacaq”. 

Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirib ki, bahalaşma əhalinin gündəlik həyat tərzinə birbaşa ciddi şəkildə təsir edəcək:

"Hökumət iqtisadi terminlərlə bahalaşmanın əhaliyə o qədər təsir etmədiyini gizlətməyə çalışır. Amma çox yaxın zamanda, hətta bir ayın yekununda belə insanlar onların kommunal xərclərində ciddi şəkildə fərqlər yarandığını hiss edəcək. 

Bahalaşma həmçinin enerji daşıyıcıları işləyən sahələrə də öz təsirini göstərəcək. Məsələn, çörək sexlərinin də fəaliyyətinə təsir edəcək. Amma çörəklə yanaşı digər xidmət sahələri də bahalaşacaq”.

"Ağ Blok”un təsisçilərindən olan Tural Abbaslı düşünür ki, iqtisadi əsası olmayan artım əhalinin sosial yaşayışına birbaşa mənfi təsir edəcək:

"Ən azından aylıq kommunal xərclərdə qazda 100 faiz, işıqda isə 55 faiz artıq ödəyəcəklər. Təbii ki, enerji daşıyıcılarının qiymətinin qalxması iqtisadiyyatın bütün digər sahələrində də qiymət artımına səbəb olacaq. Çünki istənilən məhsulun maya dəyərinin formalaşmasında enerji daşıyıcılarının rolu var. Məsələn, qazın qiymətinin artırılması çörək sexlərinə, istixanalara və digər sahələrə təsir edəcək. Elektrik ilə işləyən bütün sahələrin məhsullarının da qiyməti qalxacaq. 

Devalvasiyalar və neftin qiymətinin düşməsi ilə başlayan Azərbaycanın əhalisinin vəziyyətinin ağırlaşması daha da pisliyə doğru irəliləyəcək. Bunun heç də müsbət nəticələr doğuracağını gözləmirəm. Bundan sonra kortəbii etirazlar başlaya bilər. Bu da təhlükəli ola bilər. 

Ümumiyyətlə, dünənki qərarı lüzumsuz addım hesab edirəm. İqtisadi əsası olmayan soyğunçu artımın ləğv edilib, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün real addımların atılmasını təklif edirəm. Yoxsa bu gedişlə vəziyyət pisləşəcək”. 

Bu gecə Nizami rayonunda baş vermiş dəhşətli yanğın zamanı 4 ev tamamilə kül olub, bir ailə - ata, ana, 2 azyaşlı ölüb. 

Hadisə təxminən gecə saat 3-də baş verib. Qısaqapanma nəticəsində baş vermis yanğın tez bir zamanda ətrafa yayılıb. Evləri yanan sakinlər hazırda küçədə gözləyirlər. Nizami rayon İcra başçısı Arif Qasımov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hadisə yerinə baş çəkərkən hamının köçürüləcəyini deyiblər. Amma yanğından saatlar keçsə də, sakinlər üçün yer müəyyənləşdirilməyib.

“Evim tamamilə kül oldu, heç nə çıxara bilmədim. Qonşular paltar veriblər. Gecə saat 4-dən küçədə gözləyirəm”, - Rəna Zamanova deyir.

Onun sözlərinə görə, dəhşətli yanğından xəbərləri olmayıb: “Bir də gördük qapı möhkəm döyülür, açdıq ki, polislərdir Yanğın baş verib, ailə məhv olub, amma küləkdən bizim xəbərimiz olmayıb. Çünki evin hər yeri taxta, lambirin, kartonlarla örtülüb. Külək olarkən səsdən-küydən heç nə eşidilmir”.

Yanğın baş verən əraziyə toplananlar hələ də hadisənin şokunu yaşayırlar. Qadınlardan biri göz yaşı içərisində yanaraq ölən uşaqlardan danışır. “Uşaqlardan biri 4-cü, digəri isə 6-cı sinifdə oxuyurdu. Baxın, 6-cı sinifdə olan uşağın başı bura dəyib, yıxılıb. Onun külünü torbaya yığıb apardılar. Ata-ana görünür xilas ola bilməyəcəklərini biliblər, uşaqları ortaya qoyub qucaqlaşıblar. Yəqin düşünüblər ki, özləri yansalar da, uşaqlar xilas ola biləcəklər. Hamamdaca külə dönüblər”, - qadın hönkürür.

Sakinlər deyirlər ki, 20 ildən çoxdur bu vəziyyətdə yaşayırlar. “Qaçqınkom” da, icra hakimiyyəti də vəziyyətimizdən xəbərdar idilər. Deyirdilər ki, gözləyin, ərazini hansısa şirkət alıb, sizi köçürəcəklər. Amma heç bir şirkət qapımızı döyüb, bizimlə maraqlanmayıb”.

21 ailənin yaşadığı yarımçıq tikiliyə qaz verilməyib, hava soyuduğundan sakinlər elektrik qızdırıcılardan istifadə edirlər. Elektrik xətləri isə pərakəndə çəkilib. “Hava soyuyub, hamı qızdırıcı istifadə edir. Ona görə də tez-tez qısa qapanma baş verib. Dünənki yanğın da qısaqapanmadan olub. Sadəcə, yanğın qapı ağzından başlayıb, hər yan taxta olduğundan tez bir zamanda böyüyüb. 10-12 yanğın söndürən gəlmişdi”, - qonşular deyirlər.

Əli Həsənov sakinlərlə görüşündə tikilinin yerində yeni binanın inşa ediləcəyini deyib. Sakinlər isə deyirlər ki, ailə məhv olandan sonra tikiləcək evin önəmi qalmır. “20 ildir deyirik, gərək ölüm olaydı ki, kimlər isə tədbir görəydi. Axı, bu fəlakətin qarşısını almaq mümkün idi”.

Evi tamamilə yananlardan biri də Rəsmiyə Məmmədovadır. Onun sözlərinə görə, heç nəyini çıxara bilməyib. “Qonşular paltar veriblər. İndi küçədə gözləyirəm ki, hara köçürüləcəyimizi xəbər etsinər”.

Sovetlər dönəmindən tikintisi yarımçıq qalmış tikili qəzalı vəziyyətdədir. Hazırda burda yaşayan digər sakinlərin də həyatı təhlükədədir. Binada qaçqınlarla yanaşı yerli sakinlər də yaşayırlar. (virtualaz.org)

Çərşənbə axşamı, 29 Noyabr 2016 00:00

Dollar yenə qalxdı – Mərkəzi Bank yeni kursu açıqladı

Yazan

Azərbaycan Mərkəzi Bankı dolların sabaha olan rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bank xəbər verir ki, noyabrın 29-u üçün dolların rəsmi kursu 1,7246 manat müəyyən edilib. 

Qeyd edək ki, dünən dolların rəsmi kursu 1,7196 manata bərabər olub.

Çərşənbə axşamı, 29 Noyabr 2016 00:00

Terapiyasız şok - Rövşən Ağayev yazır

Yazan

Qaz və elektrik enerjisi tariflərinin kəskin artımı ölkədə sosial böhranı dərinləşdirəcək.

Hələ 2015-ci ilin əvvəllərində Dünya Bankının hesabatında qeyd edilirdi ki, Azərbaycanda 5 faiz kiritik yoxsulluq və 28 faiz təminatlı orta təbəqə arasında qalan 67 faizlik əhali qrupu hər hansı daxili və ya xarici iqtisadi şoklar səbəbindən dərhal yoxsullar cərgəsinə düşə bilərlər. Əksinə, hökumətin dayanıqlı sosial siyasət həyata keçirəcəyi təqdirdə həmin qrup tədricən orta təbəqənin sırasını genişləndirə bilər.

Bizdə birinci variant baş verir: neft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirlərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil. Əvvəla, əmək qabiliyyətli insanları onların itirdiyi iş yerləri müqabilində çevik şəkildə alternativ iş yerləri yaratmaq gücündə olan iqtisadiyyat yoxdu. Bəyanatlarda, rəsmi statistikada olan xəyali iqtisadiyyatdan söhbət getmir, real həyatda bizim malik olduğumuz iqtisadiyyatdan söhbət gedir.

Başqa tərəfdən, sosial müdafiəsi bilavasitə hökumətdən asılı olan təxminən 2.5 milyon nəfərə yaxın insan var ki, sürətlə kiçilən büdcənin bu təbəqənin yaşayışının sürətlə pisləşməsinin qarşısını almağa resursu yoxdur. Söhbət, 1.3 miyon nəfər pensiyaçıdan, 800 min nəfərə yaxın büdcə işçisindən, 200 min nəfərdən artıq yoxsulluq müavinəti alan insandan gedir.

Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, manatın 2 dəfə ucuzaşdığı, ən zəruri istehlak malları səbətinin 50 faizədək bahalandığı son 2 ildə həmin bu çoxmilyonlu həssas təbəqənin büdcə hesabına gəlirləri cəmi 10 faiz indeksasiya edilib.

Hökumət ölkədə yoxsulluğun miqyasının kütləvi genişlənməsinin qarşısını almağa nəinki hazır görünmür, əksinə qarşıdakı 4 il üçün açıqlanan və hər il üçün azalma ilə proqnozlaşdırılan büdcə göstəriciləri daha çox hökumətin yaranmış durum qarşısında əlacsızlığına işarədir. Məsələn, açıqlanan proqnozlara görə, 2020-ci ildə büdcə xərcləri 2016-cı ilin göstəricidindən azı 3 mlrd. manat az olacaq.

90-cı illərdə sosialist sisteminin bazar iqtisadiyyatına transformasiyası ilə bağlı "şok terapiyası" islahatları geniş yayılmışdı (buna qədər isə 80-ci illərin ortalarında Boloviya və İsrail bu siyasəti tətbiq etmişdi). Qiymətlərin liberallaşdırılması nəticəsində əhalinin üzləşdiyi şoka hökumət dövlətsizləşdirmə, pul kütləsinin kəskin azaldılması, özəl sektora geniş meydan verməklə cavab verirdi.

Bizdə isə indi şok var, amma terapiya yoxdu. Hökumət hətta nəhəng sərmayələr hesabına ayaqda saxlaya bilmədiyi, keyfiyyətli xidmətin elementar nümunələrini yarada bilmədiyi kommunal sektoru (qaz, elektrik, su, məişət tullantılarının daşınması, isitmə) məmur monopoliyasından çıxarıb konsessiya müqavilələri əsasında, şəffaf tenderlər vasitəsilə özəl sektora ötürməyə tələsmir. Hətta öz idarəçiliyində saxladığı şəraitdə belə, bu şirkətlərə korporativ idarəçilik prinsipləri gətirməyə, onların şəffaflğını təmin etməyə maraqlı görünmür.
İndi isə islahatlar çox gec görünür - vaxtı keçmiş, ağırlaşmış xəstəlik kimi...

İqtisadçı Natiq Cəfərli: “Tarif Şurasının qərarı qəliz formada yazılıb, anlaşılan deyil, hətta insanları çaşdıran açıqlamadır”

Xəbər verildiyi kimi, ölkədə bəzi kommunal xərclərin qiymətləri artırılıb. 

Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

“Bir il üçün 1500 kubmetr qaz limiti qoyulub. Əgər siz bu limiti 1 ildən tez doldursanız, ondan sonrakı istifadə etdiyiniz hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaqsınız. Əgər limiti 1 il ərzində aşmasanız dəyişən bir şey olmayacaq” 

Bu xəbərdən sonra ölkə əhalisi arasında çaşqınlıq yaranıb. Vətəndaşlar qiymətin necə hesablanacağını, aylıq xərclərinin artıb-artmayacağı haqqında düşünürlər. Çünki Tarif Şurasının yaydığı bəyanatdan məsələnin məğzini anlamaq çətindir. Bu səbəbdən musavat.com saytının əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə əlaqə saxlayıb. 

Ekspert məsələni belə izah edib: "Tarif Şurasının qərarı qəliz formada yazılıb, anlaşılan deyil, hətta insanları çaşdıran açıqlamadır. Gərək rəsmi şəxslərdən kimsə telekanallar vasitəsilə vətəndaşlara vəziyyəti asan dillə başa salardı, amma bunu edən yoxdur. 

Məsələnin asan anlama üsulu belədir. Əgər siz ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra, bu məbləği keçən qaz sərfinin ikiqatını ödəyəcəksiniz. Yəni hər kubmetrə görə 20 qəpik... Burada bir məsələ var. Bir il üçün 1500 kubmetr qaz limiti qoyulub. Əgər siz bu limiti 1 ildən tez doldursanız, ondan sonrakı istifadə etdiyiniz hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaqsınız. Əgər limiti 1 il ərzində aşmasanız dəyişən bir şey olmayacaq. Nəzərə alsaq ki, bu limiti qışda dolurmaq ehtimalı daha çoxdur, deməli yay aylarında ödənişlər artacaq. 

“Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyyata 55 faiz daha çox ödəniş edəcəksiniz. Yəni siz 20 gün ərzində limiti keçsəniz, qalan 10 gün üçün işıq sərfiyyatınız 11 qəpikdən hesablanacaq”

Elektrik qiymətlərində məsələ belədir -  Burada aylıq limit qoyulub, 250 kilovat-saat... Əgər siz bu aylıq limiti keçsəniz, hər kv-a görə 11 qəpik ödəməli olacaqsınız. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyyata 55 faiz daha çox ödəniş edəcəksiniz. Yəni siz 20 gün ərzində limiti keçsəniz, qalan 10 gün üçün işıq sərfiyyatınız 11 qəpikdən hesablanacaq". 

- Qaz ödənişi üçün istifadə edilən smart kartlarda bu proses necə aparılacaq? 

- Bu kartların yenilənməsi, proqramlaşması lazımdır. Bir milyondan çox abonent var. Sistemi necə quracaqlar, məlum deyil. Və ya elektrik sayğacları olsun. Burada tənzimləmə necə olacaq? Sayğacları necə ayarlayacaqlar? Əslində texniki cəhətdən bir çox cavabsız suallar qalır. Bu qədər qısa müddətdə bu işi həll edə biləcəklərmi? Bunun üçün gərək əlavə minlərlə işçi götürülsün. Bu da əlavə maaş deməkdir. Bu qədər insana maaş veriləcəksə qiymət artımının büdcəyə nə faydası olacaq? 

- Qaz və elektrik enerjisinin qiymətinin artması digər sahələrdə də artımın olmasına yol aça bilərmi? Məsələn, çörək sexinin sahibi çörəyin qiymətini qaldırmalı olacaqmı? 

- Təbii ki, bu artım olacaq. Çörək və digər un məhsullarında bəlkə də qiyməti artırmamaq üçün məhsulun çəkisini azaltdılar. Amma digər yerlərdə bu mümkün deyil. Məsələn, su, süd məhsullarında qiymət artımı ola bilər. Hətta fermerlər belə məhsullarının qiymətini artıra bilərlər. Nəzərə almaq lazımdır ki, onlar parniklər üçün qazdan istifadə edirlər. Bu da qiymətə təbii ki, təsir edəcək. Kommersiya və xidmət sahələrində xərclər artırsa, deməli qiymətlər də artacaq. Belə getsə elə bir vəziyyət yarana bilər ki, insanlar kommunal xərclərini ümumiyyətlə ödəyə bilməzlər.(musavat.com)

48 -dən səhifə 148