Çərşənbə axşamı, 29 Noyabr 2016 00:00

Terapiyasız şok - Rövşən Ağayev yazır

Yazan

Qaz və elektrik enerjisi tariflərinin kəskin artımı ölkədə sosial böhranı dərinləşdirəcək.

Hələ 2015-ci ilin əvvəllərində Dünya Bankının hesabatında qeyd edilirdi ki, Azərbaycanda 5 faiz kiritik yoxsulluq və 28 faiz təminatlı orta təbəqə arasında qalan 67 faizlik əhali qrupu hər hansı daxili və ya xarici iqtisadi şoklar səbəbindən dərhal yoxsullar cərgəsinə düşə bilərlər. Əksinə, hökumətin dayanıqlı sosial siyasət həyata keçirəcəyi təqdirdə həmin qrup tədricən orta təbəqənin sırasını genişləndirə bilər.

Bizdə birinci variant baş verir: neft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirlərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil. Əvvəla, əmək qabiliyyətli insanları onların itirdiyi iş yerləri müqabilində çevik şəkildə alternativ iş yerləri yaratmaq gücündə olan iqtisadiyyat yoxdu. Bəyanatlarda, rəsmi statistikada olan xəyali iqtisadiyyatdan söhbət getmir, real həyatda bizim malik olduğumuz iqtisadiyyatdan söhbət gedir.

Başqa tərəfdən, sosial müdafiəsi bilavasitə hökumətdən asılı olan təxminən 2.5 milyon nəfərə yaxın insan var ki, sürətlə kiçilən büdcənin bu təbəqənin yaşayışının sürətlə pisləşməsinin qarşısını almağa resursu yoxdur. Söhbət, 1.3 miyon nəfər pensiyaçıdan, 800 min nəfərə yaxın büdcə işçisindən, 200 min nəfərdən artıq yoxsulluq müavinəti alan insandan gedir.

Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, manatın 2 dəfə ucuzaşdığı, ən zəruri istehlak malları səbətinin 50 faizədək bahalandığı son 2 ildə həmin bu çoxmilyonlu həssas təbəqənin büdcə hesabına gəlirləri cəmi 10 faiz indeksasiya edilib.

Hökumət ölkədə yoxsulluğun miqyasının kütləvi genişlənməsinin qarşısını almağa nəinki hazır görünmür, əksinə qarşıdakı 4 il üçün açıqlanan və hər il üçün azalma ilə proqnozlaşdırılan büdcə göstəriciləri daha çox hökumətin yaranmış durum qarşısında əlacsızlığına işarədir. Məsələn, açıqlanan proqnozlara görə, 2020-ci ildə büdcə xərcləri 2016-cı ilin göstəricidindən azı 3 mlrd. manat az olacaq.

90-cı illərdə sosialist sisteminin bazar iqtisadiyyatına transformasiyası ilə bağlı "şok terapiyası" islahatları geniş yayılmışdı (buna qədər isə 80-ci illərin ortalarında Boloviya və İsrail bu siyasəti tətbiq etmişdi). Qiymətlərin liberallaşdırılması nəticəsində əhalinin üzləşdiyi şoka hökumət dövlətsizləşdirmə, pul kütləsinin kəskin azaldılması, özəl sektora geniş meydan verməklə cavab verirdi.

Bizdə isə indi şok var, amma terapiya yoxdu. Hökumət hətta nəhəng sərmayələr hesabına ayaqda saxlaya bilmədiyi, keyfiyyətli xidmətin elementar nümunələrini yarada bilmədiyi kommunal sektoru (qaz, elektrik, su, məişət tullantılarının daşınması, isitmə) məmur monopoliyasından çıxarıb konsessiya müqavilələri əsasında, şəffaf tenderlər vasitəsilə özəl sektora ötürməyə tələsmir. Hətta öz idarəçiliyində saxladığı şəraitdə belə, bu şirkətlərə korporativ idarəçilik prinsipləri gətirməyə, onların şəffaflğını təmin etməyə maraqlı görünmür.
İndi isə islahatlar çox gec görünür - vaxtı keçmiş, ağırlaşmış xəstəlik kimi...

İqtisadçı Natiq Cəfərli: “Tarif Şurasının qərarı qəliz formada yazılıb, anlaşılan deyil, hətta insanları çaşdıran açıqlamadır”

Xəbər verildiyi kimi, ölkədə bəzi kommunal xərclərin qiymətləri artırılıb. 

Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

“Bir il üçün 1500 kubmetr qaz limiti qoyulub. Əgər siz bu limiti 1 ildən tez doldursanız, ondan sonrakı istifadə etdiyiniz hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaqsınız. Əgər limiti 1 il ərzində aşmasanız dəyişən bir şey olmayacaq” 

Bu xəbərdən sonra ölkə əhalisi arasında çaşqınlıq yaranıb. Vətəndaşlar qiymətin necə hesablanacağını, aylıq xərclərinin artıb-artmayacağı haqqında düşünürlər. Çünki Tarif Şurasının yaydığı bəyanatdan məsələnin məğzini anlamaq çətindir. Bu səbəbdən musavat.com saytının əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə əlaqə saxlayıb. 

Ekspert məsələni belə izah edib: "Tarif Şurasının qərarı qəliz formada yazılıb, anlaşılan deyil, hətta insanları çaşdıran açıqlamadır. Gərək rəsmi şəxslərdən kimsə telekanallar vasitəsilə vətəndaşlara vəziyyəti asan dillə başa salardı, amma bunu edən yoxdur. 

Məsələnin asan anlama üsulu belədir. Əgər siz ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra, bu məbləği keçən qaz sərfinin ikiqatını ödəyəcəksiniz. Yəni hər kubmetrə görə 20 qəpik... Burada bir məsələ var. Bir il üçün 1500 kubmetr qaz limiti qoyulub. Əgər siz bu limiti 1 ildən tez doldursanız, ondan sonrakı istifadə etdiyiniz hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaqsınız. Əgər limiti 1 il ərzində aşmasanız dəyişən bir şey olmayacaq. Nəzərə alsaq ki, bu limiti qışda dolurmaq ehtimalı daha çoxdur, deməli yay aylarında ödənişlər artacaq. 

“Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyyata 55 faiz daha çox ödəniş edəcəksiniz. Yəni siz 20 gün ərzində limiti keçsəniz, qalan 10 gün üçün işıq sərfiyyatınız 11 qəpikdən hesablanacaq”

Elektrik qiymətlərində məsələ belədir -  Burada aylıq limit qoyulub, 250 kilovat-saat... Əgər siz bu aylıq limiti keçsəniz, hər kv-a görə 11 qəpik ödəməli olacaqsınız. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyyata 55 faiz daha çox ödəniş edəcəksiniz. Yəni siz 20 gün ərzində limiti keçsəniz, qalan 10 gün üçün işıq sərfiyyatınız 11 qəpikdən hesablanacaq". 

- Qaz ödənişi üçün istifadə edilən smart kartlarda bu proses necə aparılacaq? 

- Bu kartların yenilənməsi, proqramlaşması lazımdır. Bir milyondan çox abonent var. Sistemi necə quracaqlar, məlum deyil. Və ya elektrik sayğacları olsun. Burada tənzimləmə necə olacaq? Sayğacları necə ayarlayacaqlar? Əslində texniki cəhətdən bir çox cavabsız suallar qalır. Bu qədər qısa müddətdə bu işi həll edə biləcəklərmi? Bunun üçün gərək əlavə minlərlə işçi götürülsün. Bu da əlavə maaş deməkdir. Bu qədər insana maaş veriləcəksə qiymət artımının büdcəyə nə faydası olacaq? 

- Qaz və elektrik enerjisinin qiymətinin artması digər sahələrdə də artımın olmasına yol aça bilərmi? Məsələn, çörək sexinin sahibi çörəyin qiymətini qaldırmalı olacaqmı? 

- Təbii ki, bu artım olacaq. Çörək və digər un məhsullarında bəlkə də qiyməti artırmamaq üçün məhsulun çəkisini azaltdılar. Amma digər yerlərdə bu mümkün deyil. Məsələn, su, süd məhsullarında qiymət artımı ola bilər. Hətta fermerlər belə məhsullarının qiymətini artıra bilərlər. Nəzərə almaq lazımdır ki, onlar parniklər üçün qazdan istifadə edirlər. Bu da qiymətə təbii ki, təsir edəcək. Kommersiya və xidmət sahələrində xərclər artırsa, deməli qiymətlər də artacaq. Belə getsə elə bir vəziyyət yarana bilər ki, insanlar kommunal xərclərini ümumiyyətlə ödəyə bilməzlər.(musavat.com)

Bazar ertəsi, 28 Noyabr 2016 00:00

İşıq və qaz pulu bahalaşdı

Yazan

Azərbaycanda qaz və işıq pulu bahalaşdı. Bu barədə Tarif (qiymət) Şurasının 28 noyabr iclasında qərar verilib.

İclas barədə məlumatda deyilir ki, Tarif Şurası təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.

Təbii qazın qiyməti Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında artırılıb. SOCAR bir sıra “səbəblər” sadalayandan sonra Tarif Şurasından təbii qazın min kubmetrinin bütün istehlakçılar üçün 180 manat müəyyən edilməsini istəyib.

İşıqpulu isə “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında artırılıb. Müraciətdə göstərilib ki, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marja 2,8 qəpik artırılmalıdır.

Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi istehsalı müəssisələri üzrə təbii qazın qiyməti min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Elektrik enerjisinin isə bir kilovat-saat üçün topdansatış qiyməti 5,7 qəpik təsdiq edilib. Pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış qiyməti 9 qəpik səviyyəsində təsdiq edilib.

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.

Bazar ertəsi, 28 Noyabr 2016 00:00

İranlılar Rusiyaya vizasız gedəcək

Yazan

Yaxın vaxtlarda Rusiya ilə İran arasında turist qruplarının vizasız səfərləri barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir

Bundan əlavə, iki ölkənin işgüzar dairələrinə - hüquqi şəxslərə, şirkətlərə və müəssisələrə tərəfdaşlarını qarşılıqlı şəkildə dəvət etmək imkanı veriləcək.

AzərTAc xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın İRİ Dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

M.Zaxarovanın fikrincə, viza rejiminin sadələşdirilməsi iki ölkənin işgüzar dairələrinin əməkdaşlığı, turizmin inkişafı üçün şərait yaradacaq.

Bazar ertəsi, 28 Noyabr 2016 00:00

Azərbaycan-Belarus sənədləri imzalanıb

Yazan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra noyabrın 28-də Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Nardaran hadisələrinin ildönümündə – noyabrın 26-da Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadə Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında “kars”a salınıb.

Bu haqda noyabrın 28-də “Nardaran işi” üzrə məhkəmədə təqsirləndirilən şəxslərdən Abbas Hüseynov məlumat verib. O bildirib ki, beş günlük “kars” cəzasının səbəbi ötən il Nardarandakı polis əməliyyatının ildönümü haqda Tale Bağırzadənin “Azadlıq” qəzetinin saytında yayımlanmış yazısı olub.

Məhkəmədə Tale Bağırzadə özü isə Daxili İşlər naziri Ramil Usubovun ötən il əməliyyatdan sonra verdiyi bəyanata aydınlıq gətirməsini istəyib: “Ramil Usubov telekanallarda, saytlarda yayımlanmış həmin bəyanatda deyib ki, “Nardaranda beş nəfəri məhv elədik”. Bizim bildiyimiz budur ki, onlar dörd qardaşımızı şəhid ediblər – Sarvan Səfərov, Fərail Bünyadov, Rəfael Bünyadov və Əkbər qardaşımız. Cavab versin görək, öldürdükləri beşinci adam kimdi. Ramil Usubov sıradan biri deyil, bu məsələlər barədə hamıdan çox məlumatlıdı. Özü məgər bilmir ki, neçə nəfəri öldürüblər? Bəlkə ölən polislərdən birini də nəzərdə tutur, bu başqa məsələ…”.

İFADƏLƏRİ TƏSDİQLƏMƏYİBLƏR

Təqsirləndirilən Şamil Abduləliyev isə Nardaran işi üzrə məhkəməni izləməyə gələnlərə təzyiqlərin davam etməsi barədə hakimləri bilgiləndirib. Bildirib ki, mütəmadi olaraq, bu məhkəməyə gələn Nardaran sakini Fail Şahbazovu saxlayıb, əvvəlcə Sabunçu Rayon Polis İdarəsinə, oradan da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.

Özünə də ictimai qaydanı pozma ittihamı ilə 30 sutka həbs cəzası veriblər: “Cənab hakim, biz məhkəməyə gələnlərin şəxsiyyət vəsiqələrinin yığılması və gələnlər haqda uyğun orqanlara bilgi ötürülməsi, sonra da həmin adamlara təzyiq edilməsi məsələsini qaldıranda demişdiniz ki, bu məsələni araşdıracaqsız. Belə çıxır ki, siz araşdırıb tədbir görənə qədər hələ bir neçə nəfər də həbs olunacaq”.

Məhkəmədə şahid kimi iki nəfər Nardaran sakini dindirilib – Yusif Fərəcov və Allahverdi Hadıyev. Onların heç biri istintaqa ifadələrini təsdiqləməyib. Həmin ifadələrdə Tale Bağırzadənin dövlət çevrilişinə cəhd göstərdiyi, bu məqsədlə adamları silahlandırdığı, İslam dövləti qurmaq planlarından danışdığı yazılıb.

Şahidlər bildiriblər ki, nə bu cür hadisələrin şahidi olublar, nə də belə ifadə veriblər.

“VİCDANIM RAHAT OLSUN”

Yusif Fərəcov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb dindirilərkən heç 17 yaşı tamam olmayıb. O, ifadəni oxumağa imkan verilmədiyini, imzalamağa məcbur edildiyini deyib.

Dindirmə zamanı o da bəlli olub ki, Yusif Fərəcov çağırış alıb, ayın 23-də səhər məhkəməyə gələrkən onu evlərinin qarşısında polislər saxlayıb 42-ci bölməyə aparıblar: “Orada bir xeyli saxlayandan sonra rəis Tərxan müəllimin otağına apardılar. Dedilər ki, “məhkəməyə getmək lazım deyil, özümüz poçtla teleqram göndərəcəyik ki, istintaqa ifadələrimi təsdiqləyirəm”. Həmin gün axşam saat 6-ya qədər saxladılar. Bilmirəm, mənim adımdan məhkəməyə teleqram gəlib, yoxsa yox. Amma bu gün özüm gəldim ki, həqiqəti deyim, vicdanım rahat olsun”.

Tale Bağırzadə bu şahidə minnətdarlığını bildirməklə yanaşı, polis rəisi Tərxan Əhmədov haqda əlavələri də oldu: “İndi bölmə rəisi olan o Tərxan 2013-cü il martın 31-də mənim cibimə narkotik atmışdı. Maşında cibimə narkotik qoyan o əli məhkəməmə gələndə sınmışdı. Allah ona göstərdi. Amma yenə dərs götürmədi”.

Məhkəmə noyabrın 30-da davam edəcək. (azadliq.org)

Sivil Toplum Platforması Baş prokurorun "Cinayət Məcəlləsinə yeni 148-1-ci maddənin əlavə edilməsi, habelə 323-cü maddəyə dəyişiklik və əlavələrin edilməsi haqqında” qanun layihəsi təklifi barəsində mövqe sənədi yayıb. 

Sənəddə deyilir: 

"Azərbaycan Respublikasının Milli Məclisi Cinayət Məcəlləsində təhqirə görə məsuliyyət müəyyən edən 148-ci maddənin olmasına baxmayaraq, məcəlləyə yeni 148-1-ci maddəni əlavə etməyə, habelə Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltmağa görə məsuliyyət müəyyən edən 323-cü maddəyə dəyişikliklər etməyə hazırlaşır. 

Dəyişikliklər ifadə azadlığı hüququ ilə bağlı əməllərin daha da sərt cəzalandırılmasını nəzərdə tutur. Noyabrın 23-də Milli Məclisin saytında dərc olunan bu qanun layihəsini Azərbaycan Respublikasının Baş prokuroru təklif edib.

Təklifdə internetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə, habelə ölkə başçısının şərəf və ləyaqətini ləkələmə və ya alçaltmağa görə məsuliyyət nəzərdə tutulur. Böhtan atma və ya təhqir etməyə görə, 1000 manatdan 1500 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsi təklif edilir. İnternetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək ölkə başçısının şərəf və ləyaqətini aşağılamağa görə isə 1000 manatdan 1500 manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təklif olunur.

Sivil Toplum Platforması (STP) cəzaların daha da sərtləşdirilməsini ölkə Konstitusiyasına, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunlara, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, özəlliklə də Avropa İnsan Haqları Konvensiyasına, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi ilə bağlı öhdəliklərə zidd olduğunu qeyd edir. 

STP vurğulayır ki, İfadə azadlığı hüququ təkcə öz adı altında deyil, həm də təxəllüs və ya bəlli olmayan anonim (saxta) adlar altında ifadələr yaymaq azadlığını əhatə edir. Saxta və açıq yayılmış ifadələrə görə fərqli hüquqi məsuliyyət növlərinin müəyyən edilməsinin də heç bir məntiqi əsası yoxdur.

Təklif olunan dəyişikliklərin guya, həmin maddələrin internetdəki saxta profillərə də tətbiq olunması üçün edilməsi ilə əsaslandırılması əslində, cəzaların sərtləşdirilməsini pərdələmək üçün bəhanədən başqa bir şey deyil. Çünki məcəllənin hazırkı mətni onun anonim ifadələrə də tətbiq edilməsini nəzərdə tutur. STP təkliflərin bilavasitə məhdudiyyətləri sərtləşdirməyə xidmət etdiyini, zərərli və absurd olduğunu vurğulayır.

STP yada salır ki, hökumətin hələ 2011-ci ildə qəbul etdiyi "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”na əsasən, böhtan və təhqirə görə cinayət məsuliyyəti ümumiyyətlə, ləğv olunmalı idi. Venesiya Komissiyası Azərbaycanda diffamasiyadan müdafiə haqqında 14 oktyabr 2013-cü il tarixli rəyində vurğulayıb ki, "diffamasiya ilə əlaqədar müddəalar müəyyən olunan zaman həddən artıq sərt qaydalar və sanksiyalara yol verilməməlidir. Diffamasiyaya görə tutarlı, effektiv, mütənasib tədbirlər mülki hüquqla təmin oluna bilər”.

STP hesab edir ki, bütün bu gözləntilərin əksinə olaraq baş prokurorun ifadə azadlığından istifadəyə görə cəzaların sərtləşdirilməsini təklif etməsi ölkə başçısının təsdiqlədiyi proqramdan geri çəkilmə, habelə, hökumətin sözə görə cinayət cəzaları verən qanunvericiliyi dəyişdirmək barədə öhdəliklərini pozması kimi qiymətləndirilməlidir.

STP eyni zamanda qeyd edir ki, internetdəki saxta profillərin yaydığı məzmun da daxil olmaqla, aşağılayıcı fikirlərdən müdafiə və şəxsi həyatın qorunması əhəmiyyətlidir. Bununla belə, vurğulanmalıdır ki, praktikada belə qanunlar ən çox Azərbaycan hökumətinə münasibətdə tənqidi mövqe tutan jurnalistlərə, bloggerlərə və sosial media fəallarına qarşı həddən artıq istifadə olunur.

STP Milli Məclisi sözügedən dəyişikliklər layihəsini dərhal parlamentin gündəliyindən çıxarmağa, ifadə azadlığı hüququ ilə bağlı düzənləmələri Konstitusiyaya, Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırmağa və "Diffamasiya haqqında” qanunu müzakirəyə çıxarıb qəbul etməyə çağırır".

Bazar, 18 Yanvar 2015 00:00

2015-ci ilin ilk siyasi məhbusu

Yazan

Elvin Abdullayev barəsində 4 aylıq həbs qətimkan qərarına cəbhəçi gənclərin münasibəti

Hakimiyyətin müxalif siyasi partiyalara qarşı basqısı davam edir. Bu repressiyaların bir hədəfi də AXCP-dir. Bir neçə gün öncə AXCP-nin 8 üzvü müxtəlif ittihamlarla həbs olunub. Partiya bu ittihamları qondarma hesab edir. Həbs edilənlərdən 4 nəfəri AXCP Gənclər Komitəsinin fəallarıdır. Hakimiyyət 2014-cü ildəki şər siyasətini 2015-ci ildə də davam etdirdi və AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev 2015-ci ilin ilk siyasi məhbusu kimi tarixə düşdü. Əvvəlki həbslər kimi bu həbsdə də hakimiyyət “ənənə”sinə sadiq qalaraq narkotikaya istinad etdi. Elvin Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi.

Baş verənlərlə bağlı AXCP-çı gənclərin də mövqeyini öyrəndik.

AXCP GK-nin İdarə Heyətinin üzvü Aqil Məhərrəmli bildirdi ki, Elvinin tənqidi statusları hədəfə dəydiyi üçün hakimiyyəti narahat etdi: “Elvin Abdullayevin hәbsi birmәnalı olaraq siyasi mövqeyinә görәdir. Çünki, Elvin “facebook”da fәal mövqe sәrgilәyirdi və kəskin statuslarla hakimiyyəti ifşa edirdi. Amma onu narkotika ittihamı ilə həbs etdilər. Çünki bu rejim üçün demokratiya, azadlıq tәlәb edәn hәr bir kәs narkomandır. Görünür, Elvin bәyin tәnqidlәri açıq hәdәfә dәyib. Bizim apardığımız mübarizә azad vә demokratik cәmiyyәt uğrundadır. Bütün bu hәbslәr bizim doğru yolda olduğumuzun göstәricisidir. Hәbslәr bizi qorxutmur, әksinә stimul verir. Elvin bәyin anasının gәncәlәrә çağırışı var. “Haqq uğrunda mübarizәni davam etdirin, hәmişә haqqın yanında olun”- deyә gәnclәrә sәslәnib. Elvinin hәbsini gündәmdә saxlayıb, gәrәkәn lazımi tәdbirlәri görәcәyik. Elvindən öncə Etibar Fətiyevi, Mirağa Abbasovu, Murad Ədilovu həbs etdilər. Amma bu həbslər nəinki susqunluğa səbəb oldu, əksinə komitəyə yeni adamlar qoşuldu və insanlar bizim haqlı olduğumuzu anladılar. Hakimiyyət etiraf edir ki, AXCP-nin sıravi üzvünü də, özü üçün rəqib görür”.

AXCP Nizami rayon şöbəsinin üzvü, ictimai fəal Rail Behbudov bu həbslərin hazırkı iqtidarın zamanında heç bir sürpriz yaratmadığını deyir. Onun sözlərinə görə bütün həmkarlarının və hətta yaxın günlərdə öz həbsini də gözləyir: "Elvin çox cəsarətli bir insandır. Onu narkotika ilə ittiham etmək sadəcə gülüncdür. Bu iqtidarın mahiyyəti budur, Əliyev rejimi bu yolla öz mövcudluğu saxlayır. Amma nə bu basqılar, nə həbslər bizi yolumuzdna döndərə bilməz və biz kokret olaraq ölkədə demokratik bir rejim bərqərar olana qədər mübarizəmizi davam etdirəcəyik. İndiki iqtidara isə üzümü tutub demək istəyirəm ki, insanları haqsız şərləyib həbs etməyin cəzasını həm bu xalq həm də Allah verəcək. Çox gözləməyəcəksiz o günü".

AXCP GK İdarə Heyətinin üzvü Bəyim Həsənli bu həbslərin yalnız mübarizə əzmini artıracağını bildirdi: “Elvin Abdullayev təşkilatımıza yeni qoşulsa da, çox aktiv gənc idi. Bütün tədbirlərdə, mitinqlərdə, məhkəmələrdə onu görmək olardı. Universitetdə də çox həvəslə oxuyurdu. Elvin kimi gəncləri həbs eləməklə heç nə əldə etmək mümkün olmayacaq. Əgər bu həbslər fayda versəydi, 2011-ci ildə Cabbar Savalanlı həbs olunandan sonra meydanda bir gənc belə qalmzdı. Proseslər isə onu göstərdi ki, həbslər qorxu əvəzinə qəzəb yaradır. Cabbarın yerinə onlarla gənc mübarizəyə qoşulmuşdu. Elvinin də yeri boş qalmayacaq. Cəbhəçi gənclər olaraq şərlənərək həbs olunmuş hər kəsin yanındayıq. Bugün həbsdə olan 4 nəfər cəbhəçi gənc Azərbaycanın vicdan səsidir və bu səsi kəsmək mümkün olmayacaq”.

İdarə Heyətinin digər üzvü Dadaş Sadıqlı da Elvin Abdullayevin həbsinin siyasi sifariş olduğunu və gəncləri qorxutmaq üçün hesablandığını bildirdi: “ Cəbhəçi gənclər hər zaman mübarizənin önündə, haqqı tapdananın yanında olub. Ona görə də həbsxanalar, müvəqqəti saxlanma təcridaxanaları cəbhəçi gənclərin mənzilinə çevrilib. Bu illər ərzində bizə ən iyrənc damğaları vurdular. Amma ağ rəng qara götürmədiyi kimi, bizə qarşı böhtanlar da effekt vermədi. AXCP Gənclər Komitəsi böyük struktura çevrildi və ölkənin ictimai-siyasi həyatında əvəzedilməz rol oynadı. Məhz bu ardıcıl, prinsipial mübarizəmiz hakimiyyəti narahat etdiyinə görə gənclərimizin şərlənməsi davam edir. Bugün Gənclər Komitəsinin 4 üzvü həbs həyatı yaşayır. Amma 100-lərlə cəbhəçi gənc bundan sarsılmır, ruhdan düşmür. Son olaraq da Elvin Abdullayevi həbs etdilər. Biz bu qeyri-insani addımların qarşısında susmayacağıq. Son nəfərimizə qədər həqiqəti deməyə, haqqımızı tələb etməyə davam edəcəyik. Onsuz da həbsxanalarvicdanla əhatə olunub. İndi orda xeyli əqidadaşımız var. Elvin Abdullayev vətəndaş olduğuna görə, dövlətini və millətini sevdiyi üçün həbs olunub”.

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin məhkəməsi zamanı aksiya keçirmək istəyən bir qrup şəxs saxlanılıb. Musavat.com-un əldə etdiyi məlumata görə, fevralın 19-da Nəsimi Rayon Məhkəməsində Taleh Bağırzadənin məhkəmə prosesi zamanı 15-20 nəfər şəxs məhkəmənin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd göstərib. Aksiyaya təşəbbüs zamanı 9 nəfərin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparıldığı, barələrində müvafiq sənədləşmə aparılaraq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərildiyi deyilir. Saxlanılanların ad-soyadları barədə də musavat.com-a məlumat daxil olub. Onlardan Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Murad Şahin oğlu Qurbanov, 1993-cü il təvəllüdlü Lətif Xalid oğlu Cəfərli və əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılov inzibati qaydada həbs edilib. Digər saxlanılanlar 1969-cu il təvəllüdlü Səbuhi Yurik oğlu Səlimov, 1978-ci il təvəllüdlü Elnurə Rafiq qızı Zeynalova, 1964-cü il təvəllüdlü Həsən Abbas oğlu Mustafayev, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olmuş 1970-ci il təvəllüdlü Rövşən İsib oğlu Məhərrəmli, 1986-cı il təvəllüdlü Rail Xanlar oglu Behbudov, 1992-ci il təvəllüdlü Səxavət Ədalət oğlu Hüseynov və 1985-ci il təvəllüdlü Elçin Eldar oğlu Ağayev xəbərdarlıq edilərək sərbəst buraxılıblar. Xatırladaq ki, “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə 2015-ci ilin noyabr ayının 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Saxlananlar var və basqıların davam edəcəyi gözlənilir

Milli Şura "Talana son!", " Monarxiyaya yox" şüarları ilə mitinq keçirib. Mitinq yekunlaşandan sonra polis işçiləri ilə mitinq iştirakçıları arasında mübahisə düşüb. Mitinq iştirakçılarından saxlanılanlar var. Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli çıxışında bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir: “Xalqına on illərlə zülm edən Azərbaycan hakimiyyəti sizlərdən qorxur. Çalışdılar ki, buraya, bu meydana gəlməyəsiniz. Neçə-neçə həbslər oldu, şayiə mexanizmini işə saldılar. Bir amalları vardı, siz qəddinizi düzəltməyəsiniz. "Yox" demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus etdiniz. Bu gün bu meydanı doldurdunuz. Daha sonra çıxış edən Milli Şura sədri Cəmil Həsənli deyib ki, bizim hamımızı bu gün bu meydana toplayan hökuməti hamımızın cibinə girməsi, infilyasiya edərək bizi kasıblaşdırmasıdır: "Ondan əvvəl isə bizə vəd verirdilər. Ötən il dekabr ayında dövlət başçısı dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə milyonlarla manat xalqa ziyan vurdular. Bu gün buradayıq ki, bu talana "yox" deyək. Çünki sosial-iqtisadi böhran bir təbii fəlakət deyil, obyektiv səbəblərlə bağlı deyil. Bu sizin yarıtmaz siyasətinizin nəticəsidir. Bu gün olmasa da, bəlkə 6 ay sonra yenə olacaqdı. İndi bütün bunları neftin ucuzlaşması ilə əlaqələndirirlər. Amma səbəb bu deyil. Bu labüd idi. Çünki bu zamana kimi Azərbaycanda milyonlar kənarlara daşınıb". Mitinqdə çıxış edən Gözəl Bayramlı da maraqlı faktlar göstərib: "150 manat təqaüd alan insanlara, ayın sonunu güclə gətirən camaata Avropa Oyunları lazım deyil. Hansı ki o oyunlara 8 milyard pul xərcləndi. Həmin bu bədxərcliyin nəticəsidir ki, indi əhali çətin vəziyyətə düşüb. Manatı ucuzlaşdırıblar. İndi zəhmət çəksinlər aylıq əməkhaqlarını, təqaüdləri o qədər də artırsınlar. Banklardan dollarla kredit götürənlər üçün güzəştlər etsinlər. Bütün bunları etmək, hakimiyyətin borcudur".

Qeyd edək ki, mitinq Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmış olsa da, etiraz aksiyasi bitəndən sonra polislə mitinq işkitakçıları arasında qarşıdurma yaşanıb. Bu barədə AXCP tərəfdən aksiyasnın aktiv təçkilatçılarından olan Rail Behbudov bildirib. Onun sözlərinə görə etiraz aksiyasının iştirakçıları polis tərəfindən provokasiyaya cəlb ediliblər: "Polislərlə eyni sırada dayanmış bir qrup mülki geimli şəxs, böyük ehtimal ki, onlar da polis idilər, aksiyanə tərk edən gənclərə malayiq sözlər deməyə başladılar. Bəzi gənclər onların cavabını verəndə mən dedim ki, cavab verməyin bu qurğudur, sizi şərləyib tutuacaqlar. Amma bəzi gənclər dözə bilmyib cavab verdi, bu zaman onları polislər saxlayıb apardı, mənə də yaxınlaşıb biri dedi ki, sən də təşkilatçısan? Mən də "hə" dedim. Sonra 2 nəfər yaxışlaşıb məni dı təhqir etməyə başladı və maşına sürüyüb harasa aparmaq istədilər. Lakin ətrafımda olan gənclərin işə qarışması nəticəsində məni buraxıb digır bir neçə gənci saxladılar". Mitniq təşkilatçılarının sözlərinə görə, iştirakçıların və təşkilatçıların polis tərəfindən izlənməyə davam etməsi ehtimalı yüksəkdir.

52 -dən səhifə 152