"Jam.az" saytının redaktoru, jurnalist Fikrət İbişbəyli (Fərəməzoğlu): ""Bandotdel”də hər gün şapalaq, yumruq, təpik artıq norma idi”

"Mən Bakıdakı qumarxana və əxlaqsızlıq yuvalarından silsilə məqalələr yazır, buna qarşı var gücümlə mübarizə aparırdım. Hətta yazılarımda dəfələrlə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə də çağırış eləmişdim ki, tədbir görülsün. Bununla da "bandotdel"in maraqlarına toxunmuşam. Həbsimin əsl səbəbi budur".

"Jam.az" saytının redaktoru, jurnalist Fikrət Fərəməzoğlu belə deyir. O, dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

Daha öncə prokuror ittiham aktını açıqlayıb. İttihama görə, Fikrət Fərəməzoğlu rüsvayedici məlumatlar yayacağıyla bağlı hədə-qoru gələrək, Mehman Həsənov, Şirin Abdullayev və Baxşəli Qəhrəmanovdan pul almaqda suçlanır. Həmin şəxslər icarə əsasında restoran və sağlamlıq mərkəzləri işlədirlər.

"Əlimi qandallayıb, pulu cibimə qoydular"

İttihama münasibət bildirən Fikrət Fərəməzoğlu özünü qətiyyən təqsirli saymadığını deyib: "İttiham təpədən-dırnağa qədər yalandır".

Onun ifadəsinə görə, zərərçəkmiş kimi tanınan üç nəfərdən ikisini öz həbsindən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (adətən, "bandotdel” adıyla da tanınan qurum) görüb. Həmin üç nəfərdən yalnız Mehman Həsənov həbsdən üç gün əvvəl - iyunun 27-də ona zəng edərək, görüşmək istədiyini söyləyib:"Zəng eləyib şikayəti olduğunu dedi. Gəldi, görüşdük. Bizim saytda gedən bir yazını çıxarmağı xahiş etdi. Dedim ki, həll edərəm. Vəssalam, bundan sonra onunla görüşməmişəm. Ayın 30-da dörd dəfə zəng eləyib, götürməmişəm. Onun mənə nömrələnmiş pullarla 3 min manat verdiyi yerdə tutulmağım yalandır. Mən kafedən nahardan çıxıb maşınımın qapısına çatanda, bir neçə nəfər saxlayıb, qolumu qandalladı. Sonra maşında pul bağlamasını cibimə qoydular".

"12 gün yuyunmağa da qoymadılar"

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 34 gün qanunsuz saxlanıldığını, orada dəhşətli işgəncələrə məruz qaldığını iddia edən Fikrət Fərəməzoğlunun sözlərinə görə, maddi sübutların götürülmə protokolundakı imza onun deyil, əvəzinə qol çəkiblər: "Bandotdel"də məni hər gün axşam kameradan çıxarıb, aparıb döyürdülər - şapalaq, yumruq, təpik artıq norma idi. Məni 12 gün yuyunmağa qoymadılar, axırda kamera yoldaşım qışqırdı ki, "burada iydən ölürəm". Beynəlxalq Qırmızı Xaç Komitəsindən gələcəkdilər deyə, 12 gündən sonra yuyunmağa icazə verdilər. Orada olduğum müddətdə dişim düşdü, ayağımın ağrısından ayaqyoluna da gedə bilmirdim. Xəbərdarlıq eləmişdilər ki, Qırmızı Xaça şikayət eləsəm, əvvəl elədiklərinin ikiqatını eləyəcəklər. Psixoloji təzyiqlərsə lap dəhşət idi. Məni dəhlizdə aparanda öz adamlarından biri deyirdi ki, "bu, arvadı həbs olunan jurnalistdir?". Ailəmi deportasiya eləmək məsələsini gündəmə gətirdilər".

İfadəsinin sonunda bir daha günahsız olduğunu vurğulayan Fikrət Fərəməzoğlu deyir ki, o, azadlığa buraxılmalı, həbsinə nail olanlarsa dəmir barmaqlıqlar arasına salınmalıdır: "Çünki cinayətkar mən deyiləm, onlardır".

Dekabrın 27-də keçiriləcək növbəti məhkəmədə zərərçəkmişlər dindiriləcək.

Cümə, 16 Dekabr 2016 00:00

Yararsız kişilər - "Alfonslar"

Yazan

Cavid Cabbarlı: “Bu cür kişilər həmişə yararsız hesab olunublar”

Əslində bu ad məşhur Çexiya rəssamı Alfons Muxanın adı ilə bağlıdır. Qadın gözəlliyinin vurğunu olan Alfons əsərlərində ancaq qadın gözəlliyini təsvir edib, onun cazibəsinin təsirindən çıxa bilməmişdi. Beləliklə zaman keçdikcə bu ad əvvəllər yalnız qadın vurğunlarına, sonralarsa qadın hesabına yaşayan kişilərə verilmişdir.
Ara-sıra düşünürəm, hara baş alıb gedirsən, ay “Alfonsluq”? Artıq iş o həddə çatıb ki, Azərbaycan gənci də öz bədənini açıq-aydın pulla satmaqdan belə utanmır.
Bu yaxınlarda Alizadə soyadlı 24 yaşlı alfons gəncin yerli xəbər saytlarının birinə verdiyi açıqlama məni dəhşətə gətirdi. Müsahibəi sizlərə də təqdim edirik:
- Özünüzə başqa peşə tapa bilmədiniz?
- Bu iş daha çox xoşuma gəlir. Rahat və asan pul qazanma yoludur.
- Utanmırsız?
- Alfons olmağımdan niyə utanmalıyam ki? Əksinə, işimlə fəxr edirəm.

Məni narahat edən bəzi suallarla “Gənc ailələrə dəstək” ictimai birliyinin sədri, ilahiyyatçı Cavid Cabbarlıya müraciət etdim. Düşünürəm sizə də maraqlı olacaq.

- Cavid müəllim, alfonsluq keçmişdən gəlir?

- Cəmiyyətdə bir çox ənənələrin yaşı insan yaradılış tarixinə bərabərdir. Ümumi ənənələri iki hissə ilə təsnifatlandıra bilərik. Milli və dini əsaslardan formalaşan adətlər, insan hiss və duyğusundan irəli gələn adətlər. Milli zəmində formalaşan adətlər konkret mənsub olduğu millət yaxud dinlə bağlılığına görə müəyyən zaman və məkana aid ola bilir. İkinci təsnifatın tarixi isə daha qədimdir. Çünki insan yaradılan gündən onun sevgi və nifrət hissi, paxıllıq və qibtə duyğusu dəyişməyib. XXI əsrin kişisi sahib olduğu qadını necə qısqanırsa, XXI əsrin qadını sevilmək istəyini necə yaşayırsa, ilk insan olaraq dünyaya gələn Həzrət Adəmin dövrundəki insanlar da eyni duyğuları yaşamışlar. (Söhbət normal insanın rəftarından gedir. Qadına sahib çıxmaq istəməyən kişilərin istisnası hər zaman olub). Bu məntiqlə yanaşsaq, qadın hesabına yaşayan kişilərə hər zaman rast gəlinib və düşünürəm ki, bundan sonra da rast gəlinəcək. Ona görə ki, bu cür yaşam tərzi hiss, duyğu, xəyal, əksər hallarda da eqoizmdən və tənbəllikdən irəli gəlir. Lakin heç kim bu adı üstünə götürmək istəmir. Qadın özünü satışa çıxardanda çox ciddi fəsadlara səbəb olduğu kimi, cəmiyyətdə belə halların artması da mənəvi inkişafı ciddi zədələyir. Həm də özü tənqidə uğramaqla yanaşı bir çox ciddi çətinliklərə yol açır. Bir cümlə ilə desəm, belə bir ifadə işlətməyə məcbur olaram. Cəmiyyətdə qadın hesabına yaşayan kişilərin sayı çoxalarsa, idarəçilik və nizam-intizam kəskin pisləşər, tez bir zamanda xaos yaranar. Əslində qadın hesabına yaşamağı adən-ənənə kimi təqdim etməyin əleyhinəyəm. Bu, fərdlərin yaşam tərzidir. Kütləvi hala çevirib ənənə kimi təqdim etmək ciddi yanlışlıq olardı. Qeyd edim ki, bu cür kişilər həmişə yararsız hesab olunublar.

- "Qurbanlar"əsasən tənha qadınlarmı?

- Bu məsələdə kiməsə birmənalı qurban demək insafsızlıqdır. Belə hallar dediyim kimi, fərdi xarakter daşıdığı üçün bu hala düşməyin də şəxsi səbəbləri ola bilər. Siz əgər bugünü nəzərdə tutursunuzsa, sualın cavabı tam başqadır. Əslində bu hala düşməyin bir az əvvəl ötəri olsa da səbəblərini qeyd etdim. Bu səbəblərə sosial çətinlikləri də əlavə etməliyəm. Cəmiyyətdə balans pozulanda, sosial ədalətsizlik hökm sürəndə qadın hesabına yaşayan kişilərin sayı arta bilər. Müasir dövrü nümunə göstərə bilərik. Əslində kişi qadın hesabına yaşamağı istəmir və hətta nifrət edir belə yaşayışa. Lakin günün tələbləri məcbur edir ki, qadın gedib evə çörək gətirsin. Belə hallarda intiharlar da artır. Təklif olunan 10 iş yerindən səkkizi qadınları tələb edirsə, deməli 8 kişi evdə uşaq saxlamaq məcburiyyətindədir. Sosial səbəblərə görə qadın hesabına yaşamaq günün ciddi problemidir, lakin bütün halda həmin kişiyə alfons deyə bilmərik. Alfons qadının maddi və yaşamaq üçün digər imkanlarından sui-istifadə edən kişilərə deyilir. Bu hal əksər vaxtlarda qadının bilgisi ilə baş tutur. Yəni qadın istifadə olunduğunu bilir və belə halın baş verməsi onun da maraqlarını təmin etdiyi üçün vəziyyəti susqunluqla izləyir. Qarşılıqlı razılaşma olduğu halda kiminsə qurban getdiyini demək olmaz. Bəzi hallarda isə tənha və imkanlı qadınların qurban getdiyini düşünürəm. Tənha deyəndə subay xanımları nəzərdə tutmuram. Minlərlə xanım var ki, ailəli olsa da özünü tənha hesab edir, eyni zamanda bu halı kişilərə də şamil edə bilərik. Belə insanlar bölüşməyə, paylaşmağa çox ehtiyac duyurlar. Ailədə bir-birini anlamamaq və ailəyə zaman ayırmamaq belə halların əsasını qoyur. Xüsusi ilə qeyd edim ki, iman və dindən uzaq şəxslər belə hallarda daha tez qurbana çevrilə bilərlər. Beləliklə maddi baxımdan zəngin olan qadın tənbəl kişilərin toruna düşərək qurbana çevrilirlər.

- Məncə günah qadındadır, siz necə düşünürsünüz?

- Belə halda qadın zərərçəkmiş qismində dəyərləndirilir. İnsan iki halda zərərçəkmiş ola bilər, birinci dəfə aldanırsa, qarşıdakına inanıb deməkdir, ikinci dəfər aldanırsa axmaqdır. Təqribən bu mənada Həzrət Əlidən (ə) müqəddəs kəlam var. Qadın əgər ailəlidirsə və yaxud dəfələrlə hiyləgər kişinin toruna düşürsə, əlbəttə günahkardır. Subay xanım hansısa şərəfsiz kişinin xoş sözlərinə uyur, özünü təslim edirsə, ona günahkar deyə bilmərik, artıq qurban hesab olunur.

- Alfonsları necə tanıya bilərik?

- İnsanı və kişilik dəyərləri mövcuddur. Yəni, cəmiyyətdə konkret qırmızı xəttlər formalaşır. Bütün cəmiyyətlərin qırmızı xətti eyni deyil. Fərdlərin düşüncə tərzi, dünya görüşü bu xətti təyin edir. Məsələn 90-cı illərin sonu yad bir oğlanın qız arxası ilə başqa məhləyə getməsi qırmızı xətti keçməsi anlamında qiymətləndirilirdi və getdiyi məhlədən ən yaxşı halda qaçaraq canını qurtara bilirdi. İndi isə belə bir qırmızı xətt yoxdur. Hətta liftə bacısı ilə yad oğlanın əl-ələ girdiyini görən “qaqaş” üzünü döndərib gedir. Deməli cəmiyyətdə həm də kişilik problemi yaranıb. Hesab edirəm ki, bir çox problemlərin səbəbi olan “kişilik” belə halların artmasına da rəvac verən əsas amillərdəndir. Kişilik deyəndə cinsiyyəti nəzərdə tutmuram. Ən adi halda etiraz edə bilməyən şəxsə, sahib olduğunu əlindən alanda müqavimət gösrətməyən insana necə kişi deyə bilərik. Məncə kişilik cəmiyyətin immun sistemidir. Bu sistem zəifləyəndə ən yüngül mikrob insanı ağır yatağa sala bilir. Cəmiyyətdə kişilik zəifləyəndə, yaxud olmayanda bu kimi hallar vüsət alacaq. Alfonsları tanımaq fərdi məsələdir. Yəni qadın onun münasibətindən, davranışından, ziddiyyətli hərəkətlərindən anlamalıdır. 6-cı məsum İmam Həzrət Cəfəri Sadiq buyurur: “İnsanları sınamadan onlara dost deməyin”. Başqa bir müqddəs kəlamda isə insanı sınamaq üçün iki əsas vasitə göstərilir. Onu əsəbləşdirəndə və maddi vasitə ilə. İnsan bütün halda özünü gizlədə bilir. Lakin əsəbləşəndə özü olur. “İnsanın dəyəri əsəbləşdiyi zaman bilinər” mənasını çatdıran bir çox kəlamlara da rast gəlmişəm. Pul isə insan həyatında çox önəmlidir. Uzun illər dostluq edən şəxsləri görürük ki, aralarında yaranan pul mübahisəsinə görə düşmənə çevriliblər.

- Necə edə bilərik ki, ətrafımız saglam olsun, yəni xoşagəlməz hadisələrdən və insanlardan necə qoruna bilərik?

- Hesab edirəm ki, bunun xüsusi düsturu yoxdu. Hansı cəmiyyətdə yaşayırıqsa, o cəmiyyətin mənfi və müsbət elementləri ruhumuza mütləq hopacaq. Cəmiyyətdə formalaşan mənfi və müsbət elementlər isə fərdlərin sayəsində formalaşır. “Nə tökərsən aşına, o çıxar qaşığına “ ata sözü bu mövzu barədə yerinə düşür. Düşünürəm ki, insan ruhən və xasiyyət baxımından uyğun gəlmədiyi şəxslə heç zaman münasibət qura bilməz. Bunun üçün də özünü daxilən daim xoşagəlməz əməllərdən qorumalıdır ki, mənəvi cəhətdən saflaşsın və nəticədə sağlam düşüncələrlə bir cərgəyə düşə bilsin. Hər bir insanın durduğu yer onun üçün dünyanın mərkəzi hesab olunur. Mərkəzdən qaçma prosesi isə nizamsızlıq yaradır. Hər insan durduğu yerin mərkəz olduğunu anlasa, insan olaraq davransa mərkəzdən qaçma baş verməyəcək və nəticədə cəmiyyət möhkəm nizama sahiblənəcək. Cəmiyyətdə şəxsi islahata üstünlük verən fərdlərin sayı çoxaldıqca, nizam bərpa olunacaq, mərkəzə meyl artacaq və insanların arasında etibarlılıq yaranacaq. Ən nəhayət normal cəmiyyət formalaşacaq və azsayda olan xəbis insanlar da cəmiyyətin qanunlarına əməl etək zorunda qalacaqlar. 

Səidə Mustafayeva
İnterpress.az

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

2016-cı il dekabrın 15-də Xəzər dənizində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti baş vermiş hadisə zamanı itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti hadisə nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti:

3.1. hadisə nəticəsində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinə dəymiş zərəri və məntəqənin yararlılıq vəziyyətini müəyyənləşdirsin;

3.2. hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirsin;

3.3. tabeliyində olan müəssisələrdə obyektlərin və qurğuların texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun istismar edilməsi və onların təhlükəsiz istismarı müddətlərinə riayət olunması vəziyyətini araşdırsın və aşkar edilmiş nöqsanları aradan qaldırsın.

4. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi Məhəmməd peyğəmbərin və 6-cı imam Cəfər Sadiqin doğum günü (mövludu) münasibətilə əfv fərmanı imzalayıb.

Ali Rəhbərin dəftərxanasından verilən məlumata görə, İranın Məhkəmə Qüvvələrinin sədri Sadiq Amoli Laricani hərbi və mülki məhkəmələr tərəfindən azadlıqdan məhrum edilmiş 1231 nəfərin siyahısını Əli Xamneyiyə təqdim edib.

Ali Rəhbər humanizm prinsiplərini rəhbər tutaraq onları əfv edib.

Xatırladaq ki, Məhəmməd peyğəmbər miladi tarixi ilə dekabrın 17-si, hicri-şəmsi tarixi ilə isə 27 azər ayında dünyaya gəlib.

Bu gün İranda 1395-ci ilin azər ayının 26-cı günüdür.(AzərTAc)

Azərbaycan səhiyyəsi iflic vəziyyətini yaşayır. Həkim səhlənkarlığından tutmuş dərmanların keyfiyyətsizliyinə qədər xeyli problem var. Statistik məlumatlara görə hər il həkimlərin məsuliyyətsizliyi və səhiyyə ilə bağlı digər səbəblərə görə ölənlərin sayı artır. Hətta Azərbaycan səhiyyəsi rekordlara imza atır desək də yanılmarıq. Buna misal olaraq, xəstənin sağlam ayağının amputasiyasını göstərmək olar. Bu barədə hətta dünya mətbuatı məlumatlıdır.

Vəfa İbrahimova Mövzu ilə bağlı suallarımızı cavablandıran “İctimai Səhiyyə   İnstitutu”nun sədr müavini Vəfa İbrahimova Azərbaycan səhiyyəsinin  korrupsiya mənbəyinə çevrildiyini deyir: “Azərbaycanda ümumilikdə maaşlar çox aşağıdır. Dövlət heç bir halda vətəndaşına sahib çıxmır. Düşünürəm ki, bir neçə sahədə dövlətin xüsusi marağı olmalıdır. Onlardan biri bəlkə də birincisi səhiyyə sahəsidir. Çünki, söhbət vətəndaşın sağlamlığından gedir. İnsanlar sağlam olmasalar dövlətin dayanıqlığı necə təmin ola bilər? Həkimlərin maaşı orta hesabla 250-300 manat həcmindədir. Bu da təqribən 125-170 dollar deməkdir. Bir insan bu qədər cüzi maaşla necə dolana bilər? Amma bir paradoksal vəziyyət var. 250-300 manat maaş alan həkimlərin əksəriyyəti bahalı maşınlarla işə gəlirlər. Bu da o deməkdir ki, Azərbaycan dövləti həkimə simvolik maaş verir. Həkimlərin əsas gəlir mənbəyi xəstələrin cibləridir. Məhz ona görə də səhiyyədə keyfiyyət və inamsızlıq çox aşığıdır”.

V.İbrahimova xəstələrin qonşu ölkələrə üz tutduqlarını deyir: “Azərbaycan vətəndaşları faktiki olaraq ya İrana, ya da Gürcüstana gedirlər. Nisbətən imkanı olanlar isə Türkiyədə müalicə olunmağa üstünlük verirlər. Hakimiyyətdə olanlar isə Avropa ölkələrinə üz tuturlar. Bu barədə kifayət qədər fakt tapmaq olar. Bu axın ölkə səhiyyəsinin hansı vəziyyətdə olduğunu göstərir. Bizdə olan məlumatlara görə regionlarda yaşayan insanlar banklardan yüksək faizlə kreditə pul götürüb müalicə üçün İrana gedirlər. Bunun əsas iki səbəbi var. Birincisi, Azərbaycanda bütün mənada səhiyyə iflic vəziyyətdədir. Hətta xəstəliyə verilən diaqnoz da yanlış olur. Bu da xəstənin inamsızlığını yaradır. Məsələn, kiminsə müalicə etməklə sağalması mümkün olan bir yeri ağrıyırsa, o xəstəyə ağır diaqnoz qoyub əməliyyata salırlar ki, xəstədən çox pul alsınlar, və sair. İkinci səbəb isə dərmanların keyfiyyətsizliyidir. Xəstə Azərbaycandakı apteklərdən aldığı dərmanların təsirini görmür. Sadə dərman peraparaları xəstəni sağaltmır. Qonşu ölkələrdən alınan peraparatlar isə daha tez və lazımi təsirini göstərir. Hesab edirəm ki, bu faktlar Azərbaycan səhiyyəsinin çox bərbad vəziyyətdə olduğunu deməyə əsas verir”. 

ec15c666 c9b0 406a b56c 023647f7c4d2 Azərbaycanda iş adamları bir birinin ardınca ya işlərini  dayandırır ya da sürətlə xaricə miqrasiya edirlər. Artıq ötən  illərlə müqaqyisədə ölkədə iş mühiti əhəmiyyətli dərəcədə  pisləşib. Bununla bağlı münasibət öyrəndiyimiz İqtisadi  Təşəbbüslərə Yardım İB-nin sədri Azər Mehtiyev deyir ki,  vəziyyət həqiqətən də getdikcə pisləşməkdədir: “Əvvəlki illərdə  Azərbaycan biznes mühitinə görə dünya ölkələri arasında 99-cu  yerdə olduğu halda, hazırda vəziyyət kəskin pisləşməkdədir. Son illər üzrə Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sahəsində ən böyük uğur sayıla biləcək addım biznesin qeydiyyatının vahid pəncərə sisteminə keçididir. Bu addıma görə Azərbaycanın iclahatçı ölkə adlandırılması gülünc idi. Ümumiyyətlə, ”Doing Business"in hesablanması qaydalarının özündə də göstərilib ki, bu indeksdə bir sıra məhdudiyyətlər var. O cümlədən orada qeyd olunur ki, bu indeks hesablanarkən ölkədəki korrupsiya mühiti qiymətləndirilmir. Əgər diqqət yetirsək, görərik ki, Dünya Bankının özünün də həm keçmiş, həm hazırkı rəsmi şəxsləri dəfələrlə bildiriblər ki, Azərbaycan korrupsiyalaşmış ölkədir. Belə bir ölkədə biznes mühitinin yaxşılaşmasından danışmaq gülüncdür".

Ekspertə görə, biznes mühiti üçün ən vacib məsələ mülkiyyət toxunulmazlığına zəmanətdir: “Həm ötən il, həm də cari ildə məhz əhalinin mülkiyyət toxunulmazlığı sahəsində geriyə addım atılıb. Mülki Məcəllədə dəyişiklik edildi və ictimai və dövlət məqsədləri üçün vətəndaşların mülkiyyətdən məhrum edilməsi prosedurları dövlət mənafeyinə uyğun, vətəndaşların mənafeyinə zidd olaraq sadələşdirildi. Üstəlik, ölkədə hər gün iş adamlarının öz obyektlərindən məhrum edilməsi, haqsız həbs olunması, cərimələrin tətbiqi ilə bağlı xəbərlər yayılır. Bütün bunlar biznes mühitinin olmaması, mülkiyyət hüquqlarının pozulmasını əks etdirən göstəricilərdir”.

Son günlərdə ölkə Prezidentinə bir xeyli iş adamı da ölkədə durumun kəskin pisləşməsindən şikayət edərək narazılıq edib. Onlardan biri olan Ceyhun Sovzəliyev deyir ki, "ölkənin biznes mühitində açıq soyğunçuluq hökm sürür. Mənə qanunsuz olaraq 180 min manat borc yazıblar. Harda görünüb ki, aldığın malın qiymətini üstündən 10 gün keçədnən sonra hesablayıb səni soymağa çalışsınlar. Bunlar reket kimi bir şeydir. Nə biznes mühiti? Ölkədə cinayət mühiti var. Heç kimə də şikayət etmək olmur. Heç kim baxmış şikayətə. Kim güclüdür qalanlarını soyur, döyür hətta öldürür. Prezidentə məktub yazmışıq heç baxan da yoxdur. Amma televiziyada deyir ki, guya ölkədə ədalət var, şəffaflıq var. Hanı o ədalət, 180 min manat borc yükləyiblər mənə, hardadır o ədalət" - deyə Sovzəliyev fikrini bildirib.

Bu gün səhər saat 5 radələrində Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş verən qəzada daha 10 nəfər neftçinin taleyinə qaranlıq çökdü. Ötən il baş verən və 30-dan çox neftçinin öldüyü qəzanın bir ilinin tamamından az keçməmiş daha 10 neftçi ailəsinə od düşdü. Və görünür, bu, elə belə də davam edəcək.

Bəs, SOCAR-ın tabeliyində olan bütün bu platformalarda baş verən qəzaların məsuliyyətini kimlər daşıyır? Qəzalı olan və ölkədə ən kiçik hava hadisəsindən sonra uçub dağılan bu platformalarda işləyən neftçilərin həyatlarına kim cavabdehdir?

Bütün bu suallar illərdir, cavabsız qalır. SOCAR prezidenti Rövnəq Abdullayev isə müdrikcə susur. Normal işləyən qurumun rəhbəri belə bir faciədən dərhal sonra jurnalistlərin qarşısına çıxmalı və hesabat verməli idi. Lakin qəzadan yarım sutka keçməsinə baxmayaraq, SOCAR rəhbəri Rövnəq Abdullayev ortalığa çıxmayıb, faciə ilə bağlı bir cümlə danışmayıb.

BakiPost.az-ın əldə etdiyi məlumata görə, ötən ilin dekabrında 30-dan çox neftçinin həlak olduğu qəzalardan sonra R.Abdullayev qəzalı və sovet dövründən qalmış bütün platforma və estakadaların təmir edilməsi barədə ölkə rəhbərliyindən konkret tapşırıq alıb. Bu tapşırıqdan bir neçə ay sonra – bu ilin yayında isə SOCAR prezidenti ölkə rəhbərliyinə müsbət yönlü hesabat verib və qəzalı platformaların təmir edildiyi, artıq belə ağır faciələrin yaşanmayacağı və küləkli havalarda dənizdə işləyən neftçilərin həyatlarının qorunması üçün hər cür önləmin alındığı barədə məruzə ilə çıxış edib.

Təbii ki, SOCAR rəhbəri bütün bu “təmir və quruculuq işləri”nə “xərclədiyi” məbləğ barədə də ölkə rəhbərliyinə hesabat verib. Bu məbləğlər isə təxmin edildiyi kimi milyonlarla manatı ehtiva edir. Ötən ilki faciədən 1 ildən çox, Rövnəq Abdullayevin ölkə rəhbərliyinə “hər şey qaydasındadır” hesabatından aylar keçməsinin ardından isə məlum oldu ki, qəzalı vəziyyətdə olan platformalar elə qəzalı vəziyyətdə də qalıb və onlarda heç bir təmirdən söhbət gedə bilməz.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının yazdıqlarına diqqət edəndə məsələnin nə qədər faciəvi olduğu ortaya çıxır: “Bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb”.

M.Qəhrəmanlının yazdıqlarından məlum olur ki, məsələnin daha dəhşətli tərəfi başqadır. Belə ki, qəza baş verən estakada SOCAR-ın balansında da “qəzalı və işlək olmayan” estakada kimi göstərilib: “Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki orada işçilərin olduğu budka yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox, birbaşa təhlükəsiz istismar sorğulanmalıdır”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da bu gün Xəzərdə 10 neftçinin qəzaya düşməsi ilə bağlı maraqlı məlumat paylaşıb.

Mütəxəssis qəzanın baş verdiyi Nərimanov NQÇİ-də işlərin necə aparıldığını yazıb. Onun sözlərinə görə, Nərimanov NQÇİ hasilatı platformalar üzərindən həyata keçirmir, yataqlar dənizin dayaz hissəsində yerləşdiyi (10-30 metr) üçün onların istismarı estakada üsulu və qazma prosesi isə meydançalardan (ploşadka) həyata keçirilir: “Meydançalar nədir? Onların qalıqlarını Pirallahı adasına gedənlər daha yaxından görüblər. Təyyarə ilə Bakıya gələnlər isə çox zaman məhz Nərimanov NQÇİ-nin meydançaları üzərindən eniş edirlər. Görünür ki, onların nə qədəri artıq ömrünü başa vurub. Əlbəttə, 40-50 il istismarda olub və laylardan karbohidrohen ehtiyatları çıxartdıqdan sonra ömürlərini başa vurublar. Sovet zamanı ekologiyaya ümumiyyətlə heç fikir vermirdilər və heç maddə də yox idi ki, bu meydançaları, estakadaları sonra ləğv etsinlər”.

Hər iki şəxsin yazdıqlarından aydın olur ki, SOCAR-a məxsus və sovet dövründə istismara verilmiş platformalarda işləyən neftçilər Allahın ümidinə qalıb. Bu platforma və estakadalarda heç bir təmirdən söhbət getmədiyi üçün oradakı hər kəs hər an ölüm təhlükəsi ilə üzə-üzə qalıb.

Platformalarda işləyən neftçilərdən saytımıza daxil olan məlumatda isə R.Abdullayevin “təmir oyunu”nun detalları da üzə çıxır. Məlum olur ki, SOCAR prezidenti doğrudan da ötən il ölkə rəhbərliyinin qəti tapşırığından sonra qəzalı platformalarda təmir işləri apartdırıb. Lakin bu təmir işləri platformaların yeni rəngə boyanmasından o yana keçməyib. Qəzalı platformalarda işləyən neftçi yazır: “Bizim platforma da 70-ci illərdə tikilib. Kənardan baxanda tam təmirli görünür. Vertolyotla platformaya baxsan, fikirləşərsən ki, yəqin, bura ötən il tikilib. Lakin platformaya enib üstündə işləyəndə görürsən ki, bura Allah ümidinə ayaqda qalıb. Heç bir təmirdən söhbət gedə bilməz. Bir neçə aydan bir gəlib budkaları, platformaları “kraskalayıb” gedirlər. Adını da qoyurlar təmir”.

…və bu “təmir”dən sonra yenə də neftçilərimizi Xəzərin udması prosesi davam edir. Rövnəq Abdullayev isə bu qədər insanın qanı və bu qədər ailənin göz yaşlarının arxasında hələ də susur. SOCAR rəhbərinin “təmir” yalanının üstünün açılmasına isə 10 can qurban oldu. Ümid edək ki, R.Abdullayevin səriştəsizliyinə daha heç bir neftçi ömrü fəda olmayacaq.

…və çox ümid edirik ki, itkin düşən neftçilərimiz sağ-salamat tapılacaq və ailələrinə qovuşacaq.

ABŞ-ın 45-ci prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Maykl Flin haqqında cinayət işi açılıb.

Onun dövlət sirlərini əcnəbi ölkələrin rəsmi şəxslərinə ötürdüyü bildirilib.

Məlumata görə, Gizli Hərbi Araşdırma Mərkəzi Flinin Əfqanıstandakı ABŞ ordusunun fəaliyyəti ilə bağlı informasiyaları 2010-cu ildə icazəsiz şəkildə xarici dövlətlərə çatdırdığını aşkar edib.

Milli təhlükəsizlik müşaviri bütün bu ittihamların qarşısında özünü müdafiə edərək etdiklərinə görə fəxr hissi keçirdiyini bildirib:

“Əfqanıstanda xidmət keçdiyim vaxtlarda ABŞ-a aid bilgiləri İngiltərə və Avstraliya ilə paylaşdığım doğrudur. Lakin bu, müharibə şərtlərinə uyğun edəcəyim bir şey idi. Xidmət keçdiyim müddətdə etdiyim hər şeylə fəxr edirəm”

Xeber.İnfo-a daxil olan məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Nəsimi rayonunda yerləşən "HİLL'S", "RELAX" və daha 4 massaj salonunda əməliyyat axtarış tədbirləri keçirir. Mənbə bildirir ki, həmin salonlarda əxlaqsız davranışlar baş verdiyi üçün DTX tərəfindən qapadılıb.

Mənbə axtarışların davam etdiyini deyir. Salonların kimə məxsus olduğu hələ dəqiqləşməyib. 

Vüsal Hətəmov: "Azərbaycan-İsrail münasibətləri ölkəmiz üçün heç bir fayda verə bilməz. Çünki bizim həm İran və Rusiya kimi qonşularımız var, həm də İsrail ancaq regionda öz maraqlarını rəsmi Bakı vasitəsiylə təmin etməyə çalışır"
Elşad Mirbəşiroğlu: "Azərbaycan digər ölkələr kimi İsraillə də əməkdaşlıq edir və hesab edirəm ki, bu əməkdaşlıq artan xətt üzrə inkişaf edəcək"

57 -dən səhifə 165