“Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər”.

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. O, deyib ki, bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı: “O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni" QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər”.

Q. İbadoğlu hesab edir ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq: “Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar. Həqiqətən də dollarla ifadə olunan belə müqayisələr Azəurbaycanda qiymətlər ucuzdur deməyə əsaslar yaradır. Amma bu zaman 3 məsələyə diqqət çəkmək lazımdır.

Birincisi, Azərbaycanda əhalinin orta aylıq gəlirləri beynəlxalq müqayisələrdə çox aşağıdır, belə olan halda müxtəlif ölkələrdə qiymətlər deyil, nəqliyyat xidmətinə sərf olunan xərclərin orta aylıq əmək haqqında xüsusi çəkiləri müqayisə olunmalıdır.

İkincisi, metroda gediş haqqı inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində xüsusi çəkisi ilk beşliyə daxil olan məhsul və xidmətlərin siyahısına daxildir. Belə olan halda da metroda gediş haqqının bahalaşmasının istehlak qiymətləri indeksinə artırıcı təsiri çox olacaq.

Nəhayət onu da nəzərə almaq lazımdır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq”.

Bazar ertəsi, 28 Noyabr 2016 00:00

Dərs vəsaitlərinin qiyməti bahalaşdı

Yazan

Vətəndaş dərs vəsaitinin fərqli, daha doğrusu baha qiymətə satılmasından şikayətlənir.

Məsələ burasındadır ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan əlavə vəsaitlər, testlər və ya iş dəftərləri hər il fərqli qiymətə satılır. Vəsaitin içində çox cüzi fərq edilir və ya üz qabığının rəngi yüngülvari dəyişdirilir və yeni versiya kimi təqdim edilərək qiyməti qaldırılır.

Əlavə vəsaitlərin ilbəil cüzi dəyişikliklə baha satılması məsələyə nəzarət mövzusunu gündəmə gətirir.

Əslində biz yox, aidiyyatı qurumlar məsələyə müraciət etməlidir.

Təhsil Nazirliyinin Tədris Resursları şöbəsindən bildirirlər ki, dərslik komplektindən kənar vəsaitlərin çapı nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Onlar bu vəsaitlərin qiymətini müəyyən etməkdə sərbəstdirlər. Nə qədər təəccüb doğursa da, şobədən bildirirlər ki, dərslik komplektindən kənar vəsaitlərin alınması vacib deyil. Halbuki, həmin vəsaitlər məhz müəllimlərin tapşırığı ilə alınır.

Bazar ertəsi, 28 Noyabr 2016 00:00

Lukaşenko bu gün Bakıya gəlir

Yazan

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycana səfər edəcək.

Belarus prezidenti Bakıda iki gün səfərdə olacaq.

Səfər çərçivəsində Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko həm təkbətək, həm də geniş tərkibli formada görüş keçirəcək. Bundan sonra bir sıra beynəlxalq sənədlərin imzalanacağı gözlənilir.

Belarus prezidenti, həmçinin baş naziri Artur Rasizadə ilə də görüşəcək.

Bazar ertəsi, 28 Noyabr 2016 00:00

Bu günə olan rəsmi məzənnə

Yazan

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 25-i ilə dəyişməyərək 1,7196 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,85 möhkəmlənərək 1,8331 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl dəyişməyərək 0,0266 manat olub.

Türkiyə lirəsinin məzənnəsi də 1,04% artaraq 0,5022 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1509 manatdır. Beləliklə, funt sterlinq 0,46%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,5% ucuzlaşaraq 0,6858 manat olub.

Akif Çovdarov hakim qarşısında agentini ifşa edib – “Eynulla Fətullayev indi də DTX-ya işləyir”

Akif Çovdarovdan Eynulla Fətullayevə ittiham Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarov sonuncu məhkəmə prosesində Haqqin.az və Virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevin haqqında sərt ittihamlar səsləndirib.

Xəbər verir ki, Akif Çovdarov məhkəmə prosesindən yalnız Eynulla Fətullayevin rəhbərlik etdiyi media orqanlarının reportaj verməsini belə izah edib:

“Bütün buradakı kameraları mən quraşdırmışam və hansının necə işlədiyini də yaxşı bilirəm. Burda olanlar müvafiq qurumlar tərəfindən izlənilir. Eynulla Fətullayev bizim dövrümüzdə MTN-ə işləyirdi, biz ötürürdük, indi də DTX-yə işləyir onlar ötürür”.

Qeyd edək ki, Akif Çovdarovun məhkəməsi qapalı keçirildiyindən media prosesə buraxılmır. Amma Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlar prosesdə baş verənləri təfərrüatı ilə yayımlayır. Son prosesdə Akif Çovdarovun fikirləri isə yarımçıq verilib. Onun Eynulla Fətullayev barədə dedikləri bir qədər təhrif olunmuş formada verilib.

Masallı rayonun Miyankü kəndində Azərbaycan təhsil sistemi üçün nümunə hesab oluna biləcək bir məktəb var.

Bu məktəb tək özünün, həmin kəndin sakini olan iş adamının hesabına yaradılan maddi-texniki bazasıyla deyil, həm də məktəb kollektivivin ortaya qoyduğu bacarıq və enerjisilə respublika səviyyəsində tanınır. Keçən il Miyankü kənd orta məktəbi təhsil və tədrisin səviyyəsinə və əldə edilən uğurlu nəticələrə görə rayon üzrə birinci yerə çıxıb. Bu orta məktəbin qazanığı uğurlara dəstək vermək, onun təcrübəsindən bəhrələnmək əvəzinə Masallı rayonun inzibati rəhbərliyi aydın görünür ki, başqa xətt tutub. 

Verilən məlumatlara görə Masallı rayon qaz idarəsinə yeni təyin edilən rəisin qeyri-rəsmi göstərişləri əsasında 25 noyabr 2016-cı il tarixdən etibarən məktəbə qaz verilişi dayandırılıb. Prosesə yerli polis tərəfindən cəlb edilmiş qüvvə ilə əmr yerinə yetirilib.

Sinif otaqlarını qızdırmaq üçün məktəbin heç bir alternativ imkanı yoxdur. Digər tərəfdən bu aksiya heç bir xəbərdarlıq etmədən baş tutub. Ona görə də hətta natural formada otaqların qızdırılması mümkün olmayıb. Müəllimlər və şagirdlər qızdırılmayan sinif otaqlarında dərs keçməyə məcbur ediliblər və təbii ki, belə şəraitdə tədrisin hansısa keyfiyyətindən danışmaq mümkün deyil. Hava şəraitin bu günlərdə soyuq keçməsi vəziyyəti bir az da gərginləşdirib. 

Məlumdur ki, məktəb müstəqil hüquqi şəxs deyil, dövlət müəssəsidir və məktəbdə baş verən tədris prosesi də dövlət büdcəsindən maliyələşir. Qaz idarəsi də hansısa bir xüsusi şirkətin strukturu deyil, dövlətin inzibati sistemin bir elementidir. Elə isə həm məktəb, həm də rayon qaz idarəsi bir dövlətə bağlı olan iki strukturdursa, bu olaya səbəb nədir? Qaz idarəsinin yeni təyin olunan rəisin hərəkətləri necə qiymətləndirilməlidir? Bəlkə Təhsil naziri Mikayıl Cabbarov erməni kilsələrini qazla təmin etdirməyi ilə öyünən Dövlət Neft Şirkətinin rəhbəri Rövnək Abdullayeva xahiş-minnət eləsin? Amma buna inanmağım gəlmir. Çünki ucqar bir kənd məktəbində tədrisin keyfiyyəti çətin Bakının mərkəzində kiminsə marağında olsun.

Akif Nağı: “Ermənilər get-gəli təmin etməklə işğal faktını unutdurmağa çalışırlar”

İradə Rizazadə: “Hansısa erməni gəlib Bakıda üzür istəyirsə, onu qəbul etmək normaldı”

Bir neçə gün əvvəl üç erməni fəalı – Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və “Meridian” Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan Bakıya gəldilər. Xalq diplomatiyası çərçivəsində Azərbaycanda Qeyri Hökumət Təşkilatları səviyyəsində qarşılanan “qonaqlar” Bakıdan razılıqla ayrılıblar. Ermənilər tərəfindən törədilmiş XX əsrin ən dəhşətli soyqırımlarından biri - Xocalı soyqırımına həsr edilmiş Abidənin qarşısında baş əyən  Vahe Avetyan “Mən Azərbaycana gəlib Xocalı abidəsinin önünə güllər qoymaq, məscidə gedib müsəlmanlarla birlikdə dua etmək və sonra da dənizdə üzmək istəyirdim” deyib. Ermənistan-Azərbaycan arasında baş verənləri unutdurmağa çalışan dəvətsiz qonaqln gəlişi heç də birmənalı deyil. Mövzunu Kanal13-ün efirində yayımlanan “Sizin tribuna” verlişində müzakirə etdik. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı belə görüşlərin və xalq diplomatiyasının ancaq torpaqlar işğaldan azad olandan sonra mümkün olduğunu dedi: “Xalq diploatiyasi indiyə qədər bu cür oxşar münaqişələrin həllində heç bir rol oynamayıb. Nə qədər torpaqlar işğal altındadır xalq diplomatiyası nəticə verməyəcək. Ermənilər get-gəli təmin etməklə işğal faktını unutdurmağa çalışırlar. Buna görə hətta üzür istəməyə hazırdılar. Belə səfərlərin məqsədi Azərbaycanda ermənilərə qarşı olan nifrəti aradan qaldırmaqdır. Anacaq torpaq işğaldan azad ediləndən sonra xalq diplomatiyası işə düşə bilər.

Məlum görüşün təşkilatçısı olan Milli Qeyri Hökumət Təşkilatları Forumunun idarə heyyətinin sədr müavini İradə Rizazadə isə tam əksini düşünərək hesab edir ki, qonşuluq siyasətinə əsasən nə zamansa ermənilərlə dostluq münasibətlərimiz bərpa olacaq. Bunu biz ediriksə, müsbəta haldır: “Üç erməninin Bakıda Xocalı abidəsinin qarşısında üzür istəməsi müsbət haldır. Biz Ermənistanla qonşu olduğumuz üçün gec-tez əlaqələrimiz bərpa olacaq. Lakin torpağı bağışlamaq olmaz. Hansısa erməni gəlib Bakıda üzür istəyirsə, onu qəbul etmək normaldı”.

Masallı rayonunun Ərəb kəndində Dövlətovlara məxsus bir ev var.

Bu ev kəndin kənarında yerləşir. Yolu ilin payız, qış fəslində demək olar ki, keçilməz olur. Bu evdə insanı sivil dünyaya bağlayan çox az nəsnə gözə dəyir. Televizor, soyuducu yoxdur. Evin işığını da, qazını da borca görə kəsiblər. İşığı indi qonşular verir...

Evdə bir ana və bu ananın 3 uşağı yaşayır. Demələrinə görə, yarıtox, yarıac keçinirlər.

Ana Əfsanə Dövlətova göz yaşlarını güclə saxlayır, başına gələnlərdən danışır:

"Aliment kəsildi"

"2009-cu ildə ərimdən rəsmi şəkildə boşanmışam. Dözülməz şərait var idi. Cəlilabaddan köçdüm Masallıya, Ərəb kəndinə, ata evinə. Valideynlərim rəhmətə gedib. Bu evdə uşaqlarımla qalıram. İlk aylarda aliment alırdım. Sonra aliment kəsildi".

Ədliyyə Nazirliyi Cəlilabad rayon icra bölməsindən gələn məktubda oxuyuruq ki, bu ailəyə hər ay 90 manat aliment verilməlidir. Bununla bağlı Masallı Rayon Məhkəməsi 2011-ci il martın 29-da qərar verib. Həmin qərara görə, Cəlilabad rayon Muğan kəndində yaşayan Bəhruz Akif oğlu Filatov 2011-ci il fevralın 10-dan hər ay hər bir uşağa 30 manat ödəməlidir.

"Aliment verilmədi..."

Ancaq Əfsanə Dövlətovanın dediyinə görə, məhkəmənin qərarı yerinə yetirilmir, onlara aliment verən yoxdur. Nə edəcəyini bilmir. İmkansızlıqdan artıq səhər yeməyini tərgidiblər. Yavan çörəyə möhtacdırlar:

"Məktəbdə xadimə işləyirəm"

"İcra məmuruna zəng etmişəm. Mənə deyir ki, onu tapa bilmirik. Məktəbdə xadimə işləyirəm, çox cüzi əməkhaqqı alıram. O da olmasa, bilmirəm nə olacaq. Fəhləliyə gedərəm. Uşaqları evdə necə tək qoyum? Uşaqlardan biri xəstədir. Qohumlar kasıbdır, hərə öz dərdinə qalır. İmkan daxilində kənd kömək edir.

Mənə uşaqlar üçün köhnə paltarlardan veriblər. Uşaqları özümlə aparıram məktəbə, özümlə də gətirirəm".

"Nə odun var, nə çörək, nə də qənd"

Onun deməsinə görə, vəziyyət günü-gündən pisləşir. Qarşıdan qış gəlir, yandırmağa heç nəyi yoxdur. Evində nə çörək, nə qənd var: "Keçmiş ərimin imkanları var. Atası da, anası da sağdır. Bizimlə maraqlanmırlar. Atıblar bizi ehtiyac içinə, boğuluram burda. Kənd mənim ailəmi saxlayır. 46 manat işığa görə borcum var, onu kəsiblər. Yalvardım ki, heç olmasa, qazı kəsməyin, dedilər bizlik deyil. Sosial da vermirlər".

Havanın soyuq keçməsinə baxmayaraq, 12 yaşlı İslam Dövlətov qolsuz köynəkdə gəzir. Dilinə haçan ət dəyib, yadına düşmür.

Əfsanə Dövlətovanın qonşusu Niftulla Hacıyev deyir ki, kənddə iqtisadi vəziyyəti ağır olan ailələr çoxdur. Bir-iki ailəni çıxmaq şərti ilə hamı kasıbdır.

Qonşu: "Allah eləsin, qışı keçirsinlər"

"Həmişə yardım eləmək olmur. Özümüz də ehtiyac içində yaşayırıq. Uzun müddət evləri qaranlıqda qaldı. Ona işıq verdik, o da müvəqqəti. İnanın ki, çörəyə möhtacdırlar. Ailədə 4 nəfər var. Uşaqlardan biri xəstədir. Aliment vermirlər. Allah eləsin, qışı keçirsinlər".

Aliment verməyən ata həbs edilə bilər, gizlənir...

Cəlilabad rayon icra bölməsinin icra məmuru Səbuhi Həmzəyev deyir ki, alimentlərin ödənişi ilə bağlı problem həmişə var: “Bəhruz Akif oğlu Filatov ilə bağlı axtarış vermişik. Ona dəfələrlə xəbərdarlıq məktubu göndərilib. Cəlilabad Rayon Məhkəməsinin 2012-ci il fevralın 1-də çıxartdığı qərar ilə Bəhruz Filatova 5 gün inzibati həbs verilib. O, 1510 manat aliment verməlidir. Qanuna görə, aliment ödənməsə, növbəti cəza tətbiq edilir. Ancaq biz bu adamı tapa bilmirik”.

Əfsanə Dövlətova deyir ki, onlara ən qorxulu vaxt gecə saatlarıdır: "Gecə soyuq olur. İşığı çox yandırmırıq. Qonşunundur, istəmirəm ki, işıq çox pul yaza. Alimentdən də əlimi üzmüşəm. Müraciət etməkdən bezmişəm. Daha heç kimdən kömək də istəmirəm. Yorulmuşam. Talehin ümidindəyik. Nə olar-olar..."(azadlıq radiosu)

Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət “camaatın əmiri” kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.

Təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərmişdir. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilmişdir.

Terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DTX-nin mətbuat xidməti

“Sahibkarlar bazarın hansısa təsadüf nəticəsində yandığına inanmırlar. Biz tələb edirik ki, yanğın hadisəsinin əsas səbəbi araşdırılsın və sahibkarlara dəymiş ziyan ödənilsin. Dəfələrlə bizim burdan çıxırılmağmız təklif olunub, hətta bəzi qüvvələr tərəfindən təhdid olunmuşuq. Bu yanğının həmin təhdid edənlər tərəfindən törəndiyini düşünürük”. Bu sözləri paytaxtın 8-ci km yaşayış sahəsində yerləşən “Maşın bazarı”nda baş verən yanğın hadisəsini şərh edən sahibkar Natiq Cəfərov  deyib.

N.Cəfərov iddia edir ki, bazar məqsədli şəkildə sahibkarları uzaqlaşdırmaq məqsədi ilə yandırılıb: “Bu yanğın hadisəsi hardasa gözlənilən idi. Çünki bazarın yeri şəhərin çox əlverişli məkanında yerləşir. Çox güman ki, bəzi işbazlar bazarın yerinə müştəri kimi baxır. Bu ərazidə çoxmərtəbəli binaların tikilməsi üçün sanki savaş açılıb. Ona görə də bazarı bağlayıb sahibkarları didətgin salmaq istəyirlər. Bu yanğın hadisəsi də məhz bu məqsədlə törədilib”.

Bəzi qüvvələr tərəfindən təhdid olunduqlarını iddia edən sahibkar bunları dedi: “Ayrı-ayrı vaxtlarda müxtəlif şəxslər sahibkarları təhdid edərək bazarı tərk etmələrini məcbur ediblər. Biz uzun illərdir burda çalışırıq. Özümüzə iş yeri yaratmışıq və dövlət büdcəsinə vergi ödəyirik. Amma bunların heç birini nəzərə alınmır, hətta mülkiyyət hüququmuzu kobud şəkildə pozulur. Heç bir əsas göstərilmədən və təzminat ödənilmədən sahibkarların bazardan çıxmasını tələb etmək hansı qanunun tələbidir? Heç bir qanunu nəzərə almadan mafiya qaydaları ilə davranmağa kim və niyə icazə verir? Dövlətin rəsmi qurumları vətəndaşın mülkiyyət hüququnu və təhlükəsizliyini qorumalı olduğu halda kimlərinsə mafiya kimi davranmasına göz yumur. Niyə yanğın hadisəsi dəqiq araşdırılmır? Niyə sahibkarlar sığortalandığı halda heç bir təzminat ödənilmir? Bu kimi suallar açıq qalır və cavabı heç kimi maraqlandırmır. Bütün baş verənləri nəzərə alaraq, düşünürük ki, bazar məqsədli şəkildə yandırılıb. Səbəbi isə sahibkarları uzaqlaşdıraraq, bazarın ərazisini mənimsəməkdir”.

59 -dən səhifə 158