Wednesday, September 20, 2017

Məmmədov Rəşad Vaqif oğlu  2013-cü ildən Azərbaycan Xalq Cəbhəsi  Partiyasının (AXCP) fəal üzvü olmaqla çox aktiv şəkildə hakimiyyətə qarşı açıq müxalif mövqedə olmaqla siyasi fəaliyyətdə olan şəxs kimi daim  müxalifət mövqeyində  olan müxalifət partiyaların kütləvi tədbirlərində iştirak etmişdir.O, 2014-cü il tarixdə “Qırmızı Kart” inqilabını təsis edərək hakimiyyətin istefa verməsi tələbi ilə sosial şəbəkələrdə aktiv fəaliyyət göstərmiş, Azərbaycan Respublikasında demokratik quruluşun və vətəndaş cəmiyyətinin formalaşması işinin təbliğat və təşviqat işində  müxalif mövqedə olmaqla aktiv iştirak etmiş, ölkədə seçkilər zamanı  seçki öncəsi və seçki vaxtı dövlət orqanları tərəfindən Konstitusiyanın və seçki məcəlləsinin müvafiq maddələrinin pozulması və total saxtalaşdırılması ilə keçirilən seçkilər zamanı həmin saxtalaşdırmanın qarşısını almaqda iştirak etmiş və bu hərəkətlərinə görə Daxili İşlər Nazirliyinin Polis İdarələri, Bakı Şəhər Baş Polis İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təqibə və təzyiqə məruz qoyulmuşdur.

O, mövcud hakimiyyət tərəfindən bir çox siyasi fəalların qanunsuz və əsassız həbs olunması və onlara işgəncələrin verilməsinə qarşı mübarizə aparmasına görə, onun siyasi fəaliyyət göstərməsinə görə, həmçinin hakimiyyətin qanunsuz həbs və işgəncələrinə qarşı açıq şəkildə bir çox  müxalifət partiyalarının tədbirlərində iştirak etdiyinə görə Məmmədov Rəşad Vaqif oğlu dövlət orqanları, xüsusən Daxili İşlər Nazirliyinin Polis İdarələri, Bakı Şəhər Baş Polis İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən yuxarıda sadalanan siyasi fəaliyyətinə görə dəfələrlə onu xəbərdarlıq etməklə təhdid etmişlər. 14.07.2014-cü il tarixdə Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi və 12.12.2014-cü il tarixlərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qoyulmuşdur və hər an onun həmin orqanlar tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qoyulması təhlükəsi var.Biz kütləvi informasiya vasitəsi rəhbəri olaraq  Daxili İşlər Nazirliyinin Polis İdarələri və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Məmmədov Rəşad Vaqif oğluna qarşı  edilən qanunsuz həbslərinə, ona qarşı verilən işgəncələrə qarşı çıxmaqla həmin qanunsuz əməlləri pisləyərək həmin orqanları müxalif mövqedə olan siyasi fəallar olan Məmmədov Rəşad Vaqif oğluna qarşı  törətdikləri belə qanunsuz əməllərə son qoymağa çağırırıq.

Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu "qoçuları” ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum edib.

Bu barədə BakiPost.az-a salon rəhbərliyi məlumat verib. Salon əməkdaşları ilə rayon rəhbərinin oğlu Şəhriyar Hüseynov arasında mübahisəyə səbəb isə bir müddət əvvəl satışa çıxarılan bahalı "Mercedes” markalı avtomobillə bağlı olub.

Belə ki, ölkədə devalvasiya baş verməmişdən əvvəl icra başçısının oğlu həmin avtomobili salona qoyaraq 90 min manata satmaq istəyib. Amma uzun müddət keçsə də, maşını satmaq mümkün olmayıb. Daha sonra Şəhriyar Hüseynovun razılığı ilə maşını digər avtomobillə dəyişdirilib. Şəhriyar Hüseynov həmin maşını bir müddət istifadə etdikdən sonra salona qaytarıb.

O, salon rəhbərliyindən öz köhnə avtomobilinin pulunun devalvasiyadan əvvəlki məzənnə ilə və dollar ekvivalenti ilə (Təxminən 150 min dollar) istəyib. Avtosalondan isə bunun mümkün olmayacağı bildirilib. Uzun mübahisədən sonra salon sahibi bir neçə təklif irəli sürüb. Təkliflərdən biri, eyni model yeni avtomobilin alınıb verilməsi olub. Şəhriyar Hüseynov isə salon rəhbərliyinin bu təklifi ilə razılaşmayıb. Və qolu qüvvətli dostlarını da götürüb salona hücum çəkib, pulu zor gücünə almağa çalışıb. Salon rəhbərliyi və Şəhriyar Hüseynov arasında mübahisə yaranıb. O, məsələni qol gücünə həll edə bilməyəcəyini gördükdə başqa yollara əl atıb.

Hüseynov bu məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə şikayət edib. Amma onun bu cəhdi də uğursuzluqla nəticələnib. Polisdən avtomobil mübahisəsinin mülki məsələ olduğunu əsas gətirilərək, şikayətçiyə məhkəməyə müraciət etməsini məsləhət görüblər. Salon rəhbərliyi saytımıza bilidirib ki, icra hakiminin oğlunun dələduzluğu salondakı kameralara düşüb və istənilən vaxt aidiyyəti qurumlara təqdim edə bilərlər.

Çərşənbə axşamı, 01 Noyabr 2016 00:00

Yavər Camalova böyük zərbə...

Yazan

Müdafiə Sənayesi Nazirliyi ləğv edilə bilər. 

Bu barədə Qaynarinfo.Az-a etibarlı mənbədən məlum olub. 

Mənbənin iddiasına görə, nazirliyin səlahiyyətlərinin böyük qisminin İqtisadiyyat Nazirliyinə, bir qisminin isə Müdafiə Nazirliyinə verilməsi müzakirə mövzusudur. 

Mənbə vurğulayıb ki, son illərdə Azərbaycanda hərbi sənayenin qurulmasına və  inkişafına külli miqdarda dövlət vəsaiti xərclənib. Amma hökumətdə bu vəsaitlərin müqabilində görülən işlərdən razı qalmayanlar kifayət qədərdir. 

Müdafiə Sənayesi Nazirliyinin ləğv edilməli və səlahiyyətlərinin əsasən İqtisadiyyat Nazirliyinə verilməli olduğunu müstəqil iqtisadçı ekspertlər də təklif edirlər. Bundan başqa, oxşar təklifi indiyədək bəzi millət vəkilləri də səsləndiriblər. Məsələn, bu ilin əvvəllərində deputat Zahid Oruc mətbuata açıqlamasında "Mahiyyət etibarilə Müdafiə Sənayesi Nazirliyi bir sənaye qrupudur və çoxsaylı zavodlardan ibarətdir. Onun nazirlik statusu daşımasını qoy hökumət üzvləri gözdən keçirsinlər” deyə bildirmişdi. 

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi ölkə başçısının 16 dekabr 2005-ci il sərəncamı ilə yaradılıb. Elə həmin vaxtdan nazirliyə Yavər Camalov rəhbərlik edir. 

Müşahidələr göstərir ki, Camalov məhz bu posta yüksəldikdən sonra onun şəxsi biznesi daha da böyüyüb. Hazırda onun biznes imperiyasın çoxsaylı şadlıq sarayları, restoranlar, ticarət obyektləri daxildir. 

Bunun hansı maliyyə qaynaqları hesabına baş verdiyi isə müzakirə və mübahisə obyektidir. 

Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş "göyərti kralı" Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüblər.

Virtualaz.org bildirir ki, bu barədə “Rosbalt”a Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib.

Mənbə bildirib ki, Rövşən Canıyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü praktiki olaraq açmağı bacarıblar. Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün "qanuni oğru" R.Canıyevin qruplaşmasından iki killer cəlb olunub.

Həmçinin xəfiyyələr aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan Lənkəranski şəxsən veribmiş.

Xatırladılır ki, Canpolad Şamiloğlunun qohumları və silahdaşları da öz araşdırmalarının gedişatında eyni nəticəyə gəlmiş və Lənkəranskidən qisas alınacağını bildirərək, barəsində ölüm hökmü vermişdilər.

Qeyd edək ki, 2016-cı il 18 avqust gecəsi Canıyev İstanbul mehmanxanalardan birinin restoranında öz briqadasının üzvləri ilə bir araya gəlmişdi. O restorandan çıxıb oradan azca aralanandan sonra qatillər onun maşınını atəşə tutaraq deşik-deşik etmişdilər. Nəticədə "qanuni oğru" özü və onun sürücüsü funksiyalarını yerinə yetirən sinif yoldaşı öldürülmüşdü.

Çərşənbə axşamı, 01 Noyabr 2016 00:00

"Çudo Peçka"da maaş üsyanı

Yazan

"Çudo Peçka” mağazalar şəbəkəsində çalışan işçilər 8 aydır ki, əmək haqlarını ala bilmir.

8 aya yaxın maaşsız işlədiyini deyən Sədaqət İsmayılova Femida.az-a müraciət edib. O, bildirib ki, bir günün içində işsiz qalıb:

"Ötən il 2015 iyul ayının 9-dan "Çudo Peçka" mağazalar şəbəkəsində işləyirəm. İşə girərkən əmək müqaviləsi üçün ərizə yazdım, amma müxtəlif bəhanələrlə surətini vermədilər. Bu ilin fevral ayında şirkətdə ixtisar oldu, müdriyyət dəyişdi. Azad müəllim işdən kənarlaşdırıldı. 3 ay yarım maaşımızı vermədilər. Burada tək məndən deyil, yüzlərlə insandan söhbət gedir. Hamını müvəqqəti məzuniyyət adı ilə işdən çıxarırlar. Fevral ayında da bu adla işdən çıxarsalar da onlar geri dönmədi. İnsanları pul verməmək üçün işdən uzaqlaşdırırlar”.

Şikayətçi "Çudo Peçka``nın keçmiş sahibi Çingiz Cəlilovun şirkətə yenidən qayıtdıqdan sonra 4 ay ərzində maaş vermədiyini deyir:

"Şirkət Çingiz Cəlilova qaytarıldıqdan sonra işçilər arasında adımın olub-olmamasını kompyuterdə yoxlatdırdım. Mühasib dedi ki, adım onlar arasında yoxdur. O, bunu son 2 ildə işə götürülənlərin maaş cədvəlində adları getsə də, qeydiyyata salınmadıqları ilə əsaslandırdı. Fevral ayından sonra şirkətin adının dəyişdirilməsi ilə bağlı bizi çağırıb ərizə yazdırdılar. Çingiz Cəlilov 4 aydır maaşımızı vermir. Əvvəlcə gələndə 2 ay maaş verdi, daha sonra yox”.

Sədaqət İsmayılova şirkətin rəhbəri Çingiz Cəlilov olsa da, oğlu Anar Cəlilovun məsuliyyət daşıdığını bildirib.

"Şirkəti oğlu Anar Cəlilov işlədir. Heç onun da üzünü görməmişik, adamların qabağına çıxmır. Məsələ ilə bağlı həmişə kimi isə göndərir. Hamınını aldadırdı ki, Çingiz müəllim bu gün pulla gələcək, sabah gələcək. Belə sözlərlə bizi yola verirdilər. Ancaq hamını işdən çıxardılar”.

Məsələ ilə bağlı işçilər bir neçə quruma şikayət etsələr də, heç bir nəticəsi olmayıb:

"Bu yaxınlarda məsələ ilə bağlı televiziylaradan gəlib çəksələr də, yayımlanmadı. "Çudo Peçka"nın digər mağazalarından gəlib Anar müəllimlə danışıb gediblər. Yəqin ki, onların cibi dolub, işçilərin cibi boş qalıb. Heç kim bilmir ki, insanların bu qədər şikayətləri niyə cavabsız qalıb”.

Xatırladaq ki, 2001-ci ildə fəaliyyətə başlayan "Çudo Peçka"nun 14 mağaza-kafesi olub. Sonradan mağazalar şəbəkəsi şirkətin qurucusu, iş adamı Çingiz Cəlilovdan alınıb. Lakin məhkəmənin qərarı ilə şirkət yenidən iş adamına qaytarılıb. Bir neçə gün öncə isə Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən "Çudo Peçka” mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib. Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.

Cəlilabad-Yardımlı yolunun Gendərə kəndindən keçən hissəsində körpü uçub.

Bu barədə BakiPost.az-a Astanlı kənd sakini Hüseynağa Rəcəbov məlumat verib. Onun sözlərinə görə, körpünün uçması nəticəsində rayonun Yuxarı Astanlı, Aşağı Astanlı və Gendərə kəndlərinin sakinlərinin rayonla əlaqəsi kəsilib: "Son vaxtlar intensiv yağışların yağması nəticəsində körpünü sel aparıb. Körpünün uçması nəticəsində rayonun 3 kəndini birləşdirən yeganə yolumuz bağlanıb. Rayon icra nümayəndəliyi hadisə yerinə gəlib baxıb, amma hələ də heç bir nəticə yoxdur. Bu körpü Gendərə kəndindən Cəlilabada və Yardımlıya yeganə çıxış yoludur. Biz də həmin körpüdən istifadə edirik. Hazırda ordan keçmək mümkün deyil. Təsəvvür edin ki, traktor belə həmin ərazidən keçə bilmir. Hər üç kənddə 500-dən çox ev var. Körpü uçandan xəstələri belə həkimə apara bilmirik. Məsələ ilə bağlı icra hakimiyyətinə müraciət etsək də, gəlib baxan yoxdur. Sadəcə yerli icra nümayəndəsi gəlib baxıb. Amma onun buna gücü çatmaz. Çünki texnika lazımdır”.

Kəndin digər sakini, şəhid atası Aydın Məmmədov qeyd edib ki, istər Cəlilabad, istərsə də Yardımlıya olan çıxış yolları bağlanıb, acınacaqlı bir durumdur: "Yeganə çıxış olan körpü də uçub. İcra hakimin birinci müavini Azər Xanıyev şəxsən mənə vəsaitin olmadığını deyib getdi. Görəsən icra hakimi hara baxır? O, prezidentin rayondakı nümayəndəsidir. Amma gəlib başda otursa da əhalinin şikayətlərini nəzərə almır. 3 kəndin əhalisi heç yerə gedə bilmir. Nə edəcəyimizi bilmirik”.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamıyev körpünün uçması ilə bağlı "Azəravtoyol" ASC-yə və baş nazirə müraciət etdiklərini deyib: "Körpünü sel aparan günün səhəri avtoyolun baş mühəndisini götürüb özüm şəxsən gedib hadisə yerinə baş çəkmişəm. Körpünü təmir etmək üçün baş nazirə və "Azəravtoyol" ASC-yə icra başçısının adından məktub ünvanlamışıq. Bu səbəbdən "icra hakimiyyəti maraqlanmır” demək düzgün deyil. Çünki bütün yollar "Azəravtoyol" ASC-nin balansındadır. Biz də onlara müraciət etmişik. Onlardan hadisə yerinə gəlib araşdırmalar aparmaq üçün nümayəndə heyəti və mütəxəssislər dəvət olunub. Bu körpünün bərpa edilməsi üçün böyük vəsait lazımdır. İcra hakimiyyətinin isə körpünü tikməyə elə də böyük vəsaiti yoxdur. Biz o körpünü texniki formada iki il öncə icra hakimiyyətinin daxili imkanları hesabına tikmişik. Amma hazırda körpünün necə tikilməsi "Azəravtoyol”un səlahiyyətində olan məsələdir”.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə körpünün uçması ilə bağlı qurumun nə Yardımlı, nə də də Cəlilabad şöbələrinə müraciət edildiyini qeyd edib: "Körpünün uçması ilə bağlı rayonun heç bir qurumundan müraciət edən olmayıb. Bu gün nümayəndələrimiz hadisə baş vermiş əraziyə gediblər. Həmin ərazidə kustar üsulla balaca bir keçid olub. Sel də onun bir hissəsini yuyub aparıb. Hazırda güclü sel axını onu bərpa etməyə imkan vermir. Amma havalar normallaşan kimi keçid bərpa oluncaq".

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası artıq bir neçə ildir ki, ciddi təhlükə mənbəyinə çevrilsə də, onun fəaliyyətinin dayandırılması istiqamətində Beynəlxalq təşkilatlar tərəfindən heç bir ciddi addım atılmır. Beynəlxalq təşkilatlar "dünyanın ən riskli, ən təhlükəli atom-elektrik stansiya"ları siyahısına 5 stansiya daxil ediblər ki bu siyahıya Ermənistandakı Metsamor Atom Elektirik Stansiyası başçılıq edir. Dünyanın təhlükəli atom stansiyaları bunlardır:

1. Metsamor AES. Ermənistan.

2. Leninqrad AES. Rusiya, Sankt-Peterburq

3. Chernovode AES. Rumıniya

4. Jranavere AES. İngiltərə

5. Michigan Enrico Fermi AES. ABŞ

Təbii ki, o qədər də etibarlı işləməyən Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir. Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi qəza baş verməsi ehtimalı çox böyükdür. Metsamor Atom Stansiyası İrəvan şəhərindən 28 km, Türkiyə və İrandan 16 – 60 km, Gürcüstan və Azərbaycandan 120 – 150 km məsafədə yerləşir.

Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti mövcud olduğu bütün illərdə mütəxəssislər tərəfindən daim həyəcanla izlənib. Stansiyanın seysmik zonada yerləşməsi və stansiyanın tikintisində ciddi qüsurlara yol verilməsi və bu səbəbdən də stansiyanın birinci blokunun inşasından bir neçə il sonra sıradan çıxması, bu baxımdan stansiyanın mühafizəsinin etibarsızlığı mütəxəsislərin narahatlığına səbəb olan amillərdir.

İstismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti təkcə Cənubi Qafqaz xalqlarını deyil, eləcə də Ermənistan vətəndaşlarını və ziyalılarını narahat etməyə başlayıb. Artıq sözügedən AES-in Ermənistan xalqı üçün təhlükə olduğunu anlayan bir çox erməni vətəndaşları və tanınmış şəxsləri həyəcan təbili çalır. Çünki Ermənistanda yüzlərlə insan Metsamor AES-in yaratdığı radiasiyadan əziyyət çəkir, onların bir çoxu dünyalarını dəyişib, bir çoxu isə yataq xəstəsidir. Radiasiyadan əziyyət çəkən xəstələrin çoxu müalicə üçün pul tapa bilmirlər. Bundan daha təhlükəlisi odur ki, dünya ictimaiyyətinin bu olaylardan xəbəri yoxdur. Ermənistanın krimnal hakimiyyəti bu fəlakəti dünya ictimaiyyətindən gizlətməyə cəhd edir. Metsamor AES Erməni xalqının ölüm kabusuna çevrilib. Stansiya Ermənistanı ciddi sonu bilinməyən fəlakətlərə sürükləyir.

Ermənistanın “Armeniya Now.com” saytının 28.04.06 sayında “Narahatlıqlar: Metsamor atom elektrik stansiyası işçiləri təhlükə qarşısındadırlar” (https://www.armenianow.com/hy/special_issues/ecology/6360/healthy_concerns_metsamor_employee) məqaləsində stansiyada çalışan fəhlələrin və ərazidə yaşayan digər vətəndaşların necə radisiyaya məruz qaldıqlarını, sadə vətəndaşların radiasiya nəticəsində necə ömürlük əməkqabiliyyətlərini itirmələrindən əlil olmalarından yazırlar:

Metsamor AES-də fəhlə kimi çalışan Sergey Qriqoryan deyir ki “pilləkənləri qalxa bilmirəm, çıxanda tənginəfəs oluram. Hava soyuq olsada bədənimdə tələbat olmadan soyuq su içirəm”.

Maqda Qriqoryan adlı bir qadın deyir: - Mənim ərim stansiyada işləyirdi indi nəfəs ala bilmir, boğulur, daim boğazının göynəməsindən şikayət edir.

1986 – cı ildən Metsamor AES – də fəhlə işləyən Maqda Qriqoryan, A.Qasparyan, Surik Şirvanyan radioktiv metal tozundan zəhərləndikləri bildirilir. Onlar uranı sərinlədən su trubalarını çilalayırmışlar, bu fəaliyyət nəticəsində onların ciyərlərinə ağır metal daxil olub. Hadisədən 6 il sonra onlar Moskvada 6 saylı ixtisaslaşmış klinikaya müainəyə göndərilirlər, onların xəstəlikləri “Kobalt- 60, radioaktiv elementlərin təsiri” dioqnozu müəyyənləşdirilib. Bu xəstəlikdən Surik Şirvanyan 34 yaşında dünyasını dəyişib. M.Qriqoryan və A.Qasparyan 1992-ci ildən əlildirlər. Metsamor AES-in törətdiyi fəsadlar barədə Yüzlərlə buna bənzər misallar çəkmək olar.

Həkim toksikoloq Lev Petroşeviç Arteşev şüalanmanın insan orqanizminə təsiri haqqında belə deyir: yüksək şüalanmaya məruz qalan insan bədəni böyük həcmdə enerji qəbuluna məruz qalır ki bu da bədəndə biokimyəvi proseslərin pozulmasına səbəb olur. İnsanda baş ağrıları, öskürək, boğaz ağrıları və toxumalarda dəyişikliklər başlayır. Şüalanma xəstəliyi kompleks kimyəvi proseslərlə davam edir.

Stansiya rəhbərliyi Metsamor AES-in 7 kilometrlik ərazisində yetişən çiyələk və tut meyvəsinin vətəndaşlar tərəfindən istifadə olunmasına qadağa qoyub. Guman edilir ki adları çəkilən bostan bitkiləri şüalanmaya daha həssas olduqlarından onların istifadəsi insan bədənində şüalanmanın miqdarını artırar bu isə insan həyatı üçün təhlükə yarada bilər.

Gürcüstanın “Yaşıllar” partiyasının lideri Georgi Qançeladze bəyan edir ki, Türkiyə və Ermənistan aktiv seysmik zonada yaerləşir. Bu zonada baş verən hansısa güclü zəlzələ Metsamor AES – nın ərazisində böyük fəlakətlərə səbəb ola bilər. O sözlərinə davam edərək deyir:

“1976-cı ildə Türkiyədə baş verən zəlzələdə 4000 nəfər, 80-ci illərin sonlarında Ermənistanın Spitak şəhərində baş verən zəlzələdə isə 20 000 nəfər dünyasını dəyişdi. 1999-cu ildə Türkiyədə zəlzələ yenidən təkrar oldu. Bu zonada zəlzələlərhər 10 ildə bir dəfə təkrar olunur, gözləməkolar ki növbəti zəlzələ AES-in yaxınlığında baş versin. Stansiya Sovet texnologiyası ilə tikilib və heç vaxt təmir edilməmişdir. Əgər stansiyanın ərazisində zəlzələ baş verərsə onda fəlakət Gürcüstanı, Türkiyəni, Azərbaycanı və İranı əhatə edəcək. Radiasiya cəmi 8 saata Tibilisi şəhərinə çatıb burada 2 milyonluq əhalinin həyatını iflic edəcəkdir.”

15 oktyabr 1982-ci ildə gecə saat 21.55-də Metsamor AES-də yanğın baş verdiyi barədə həyəcan siqnalı verildi. Elektirik xəttində başlayan yanğını xoşbəxtlikdən gün ərzində söndürmək mümkün oldu.

Hadisəyə şahidlik edən rusiyalı ekspert Kulmatskin xatirələrində yazırdı. “Ən böyük dağıdıcı səhnəni mən Çernobıl AES-də gördüm. Bu bir fəlakət idi. Ermənistan isə bizim yaddaşımızda parlaq iz qoydu.”

O illərdə SSRİ Nazirlər Sovetinin sədri işləyən Fadey Sarkisyan isə hadisəni belə xatırlayır: “Metsamor AES çox təhlükəli idi. Mən bunu 1982-ci ildə stansiyanın kabeli yananda gördüm. O zaman biz fəlakətə çox yaxın idik. Bizi fəlakətdən möcüzə xilas etdi.”

Lakin Ermənistan Hökuməti Metsamor AES-i Ermənistanın enerji qalxanı hesab edir. Stansiyanın baş mütəxəsisi Aşot Manaskanyan hesab edir ki bu stansiyanı hələ 50 il istismar etmək olar. Bu zaman belə bir haqlı sual yaranır: Ermənistanın Metsamor Atom Elektrik Stansiyası, erməni xalqının ölüm kabusudur yoxsa, enerji qalxanı?

Faiq İsmayılov, Azərbaycanın İşğal Olunmuş ƏrazilərindəkiTarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatıictimai birliyinin sədri

 

Azərbaycanlı jurnalist Həbibə Abdulla təhsil naziri Mikayıl Cabbarovun ünvanına ağır ittihamlar səsələndirib. Jurnalist feysbuk hesabında yazdığı statusda müəllim işləyən atasının işinə xitam verildiyini bildirib.

H.Abdulla iddia edir ki, atası Sakit Abdullayevlə əməkdaşlığın dayandırılmasına səbəb onun sosial şəbəkədə nazirliyi tənqid edən status paylaşmasıdır: “Əgər bir ölkədə təhsil naziri rəhbərlik etdiyi qurum haqda şikayətləri işıqlandıran, feyzbukda status yazan jurnalistin atasını “cəzalandırırsa” o ölkənin təhsilinin fatihəsi verilmişdir demək.
Söhbət Mikayıl Cabbarovdan və bəndənizdən gedir. Atam Abdullayev Sakit Qara oğlu 1976-cı ildən Tovuz rayonu Vahidli kənd orta məktəbində dil-ədəbiyyat müəllimidir. Müharibə başlayanadək təxminən 15 ilə yaxın müddətdə (müddət az da ola bilər çox da) həmin məktəbdə direktor işləyib. Müharibə başlayanda ehtiyatda olan zabit olaraq gedib hərbiyə. Azərbaycan Milli Ordusunu quranlardandır. Qarabağ müharibəsi əlili olsa da rəsmən əlillik almayıb, “Vətən uğrunda döyüşmüşəm, yaralanmışam” deyib, əlillikdən imtina edib. Atəşkəs bağlanandan sonra çox sevdiyi peşəsinə qayıtmaq üçün öz ərizəsilə ordudan tərxis olunub. Atamın dərs dediyi şagirdlər onu müəllim kimi yox, müqəddəs bir insan kimi seviblər hər zaman. Çünki o öz peşəsini sevib və sevə-sevə işləyib. Bir çoxları kimi yalnız qazanc yeri kimi baxmayıb işinə. Səhv etmirəmsə 2000-ci illərin əvvəllərində Tovuz rayonunda müəllimlərin bilik səviyyəsini yoxlamaq üçün keçirilən test imtahanından uğurla çıxıb-öz işlədiyi məktəb üzrə ən yüksək balı yığıb, rayon üzrə isə 2-3 nəticədən birini göstərib.
4 il əvvəl təqaüd yaşına çatıb, onunla 4 il təkrar müqavilə bağlanıb. Bu il 5-ci sonuncu il üçün bağlanmalı idi, amma bağlanmadı. Səbəbini isə heç kim açıq-aydın izah etmədi. Regional maliyyə idarəsində dedilər ki, yerin vakant yer kimi göstərilməyib, rayon Təhsil Şöbəsinin müdiri nazirliyə təqdimat yazsın. Şöbə müdiri təqdimatı yazdı nazirlik yox dedi. Nazirlikdən isə mənə bildirildi ki, bu il rekord sayda müəllim imtahandan yüksək göstərici ilə keçdiyi üçün nazirin kəsin əmri var 68-69 yaşlı müəllimlərlə ehtiyac olmadiqda təkrar müqavilələr bağlanmır. Ehtiyac nəyə deyilir? Hər il kəndimizdən ali, ali orta məktəblərə daxil olan tələbələr ən yüksək göstəricini məhz atamın tədris etdiyi fənlərdə göstərirlər. Yanlış anlaşılmasın, amma reallıqdır ki, məktəbdəki digər müəllimlərin dərs dediyi şagirdlər də hazırlıq üçün məhz mənim atamın yanına gəlirlər. Digər yandan, kəndimiz rayon mərkəzindən bir qədər uzaqda yerləşir, bir neçə fənn müəllimi rayondan gəlir, onların davamiyyəti, keçdikləri dərsin keyfiyyəti hər zaman mübahisə doğurur. Həm də hal tək bizim məktəbdə yox, bütün kənd məktəblərində müşahidə olunur, kənardan gələn müəllim el-obanın adamı qədər can yandırammaz.

Daha bir məsələ odur ki, atamın yeri vakant yer kimi təqdim olunmayıb. 15 ilə yaxındır o məktəbdə dil-ədəbiyyat fənnini 3 müəllim tədris edir, heç kimin durumundan narazılığı yoxdur.

Bir qədər də ailənin dolanışıq imkanları haqda: qardaşım Qarabağ əlilidir, 3 övladı var. Ailənin dolanışıq mənbəyi atamın maaş və təqaüdü, qardaşımın əlillik pensiyası, gəlinimizin maaşı və həyətdə saxlanan mal-qaradır. Kredit götürüblər mal-qara üçün tövlə tikməyə. Düşünürdülər ki, müqavilə bu il sonuncu dəfə bağlanacaq, gələn ildən mal-qaradan gələn qazanca ehtiyac çoxalacaq. İndi onlar məcburdular həmin krediti qaytarıb geri ödəsinlər, tövlə də qalır yarımçıq, o mənbəyə olan ümid də ölür. Qarabağ əlili və Qarabağ müharibəsi veteranına, ən əsası isə 40 ilin müəlliminə qoyulan hörmət budurmu?”

Elxan ŞÜKÜRLÜ

Strateq.az saytının rəhbəri

ABŞ-ın ilk dövlət katibi, ikinci vitse-prezidenti və üçüncü prezidenti olmuş, eləcə də dünya demokratiyasının ən dəyərli sənədlərindən birini – məşhur İstiqlaliyyət Bəyannaməsini yazmış Tomas Ceffersonun (1743-1826) tez-tez istinad edilən belə bir fikri var: “Əgər mən “qəzetlərsiz hökumət olsun, yoxsa hökumətsiz qəzetlər” seçimi qarışısında qalsaydım, tərəddüd etmədən ikincini seçərdim…”.

ABŞ kimi qüdrətli dövlətin təməlini atanlardan olan bu nəhəng siyasətçi-alimin, dövlət xadiminin sitat gətirdiyimiz kəlmələri əslində mətbuatın bir ölkənin inkişafı və tərəqqisi üçün nə dərəcədə önəmli olduğunu anlatmaq baxımından, indiyədək ifadə edilmiş ən sərrast fikirlərdən sayıla bilər. Çünki Cefferson üçün ən yaxşı hökumət, onun öz sözləriylə desək, “Yaradanın insana bəxş etdiyi 3 əsas təməl hüququ – yaşamaq, azadlıq və səadətə canatma hüquqlarını qoruyan, təmin edən, ədalətli və idarəolunanların razılığını qazanan quruluş” idisə, qəzetlər, yəni mətbuat da məhz belə – ədalətli və idarəolunanların razılığını qazanacaq hökumətin təşkilində üzərinə çox böyük missiya düşən ən vacib, yəni hətta hökumətin özündən də əhəmiyyətli sahə idi…

Şübhəsiz ki, mətbuata, mediaya (ərəbmənşəli "mətbuat" və latınmənşəli "media" məfhumları eyni mahiyyəti ifadə edir və biz də yazıda hər iki istilahdan bütün kütləvi informasiya vasitələrini nəzərdə tutan anlayış olaraq istifadə etmişik – E.Ş.)  bu dərəcədə önəm verilməsi onun daşıdığı ictimai yük, cəmiyyətdəki bütün proseslərə, o cümlədən ölkələrin siyasi hakimiyyətlərinin qədərinədək təsir edə bilmək imkanları, gücüylə bağlıdır.

Elə bu güc və imkanları zamanında görə, dərk edə bildiklərindən idi ki, Ceffersonun “hökumətin özündən vacib” saydığı mətbuatı sonradan öz yazılarıyla Rusiyada inqilabi fikrin yayılmasına çox böyük təsir göstərmiş Gertsen “ictimai həyatı zəif inkişaf etmiş xalqlar üçün ən yaxşı tribuna” adlandırır, klassik sosialist inqilabı nəzəriyyələrini alt-üst edərək nəhəng bir quruluşun yaradıcısı olmuş Lenin “həm kollektiv təbliğatçı, həm kollektiv təşviqatçı və həm də kollektiv təşkilatçı” bilir, Türkiyənin xilaskarı böyük Mustafa Kamal Atatürk isə “millətin müştərək səsi” olaraq eşidirdi…

…Azərbaycanda milli mətbuatımızın bünövrəsinin qoyulduğu 1875-ci ildən ta 1991-ci ilin dekabrınadək – SSRİ-nin rəsmən dağıldığının elanınadək olan dövrdə baş verənlərə toxunmadan, yenidən müstəqillik əldə etdiyimiz son 25 ilin mətbuat tarixini vərəqlədikdəsə, təəssüf ki, acı bir gerçəkliklə üz-üzə qalırıq: bu 25 ildə mətbuatımız nə ictimai fikrin kollektiv ifadəçisinə çevrilərək hökumətin siyasətinə təsir göstərən, yön verən institutlar olmağı bacarıb; nə getdikcə mənəvi-əxlaqi baxımdan aşınmış cəmiyyəti qoruyub saxlayacaq və inkişaf etdirəcək tribunalara dönüb; nə də millətin ən yüksəklərdə eşidiləcək, duyulacaq səsi olub…

Buna çoxsaylı səbəblər göstərilsə də, ümumiləşdirilmiş şəkildə ifadə olunan həqiqət belədir: iqtidarda və müxalifətdə durmasından asılı olmayaraq, ötən bu 25 ildə mediaya sahib bütün tərəflər ona gerçək informasiya təminatçısı, çatdırıcısı və ya cəmiyyəti yaxş dəyərlər üzərində kökləyən maarifçi tribunalar kimi yox, daha çox məhz hakimiyyət uğrunda aparılan mübarizənin sadəcə bir elementi, siyasi, qrup və ya şəxsi maraqların təminində savaş vasitəsi kimi yanaşıb! Və məhz bu yanaşma da öz bətnindən bugünkü mediamızı doğub çıxarıb…

Nəticə ortadadır – Azərbaycanda hal-hazırda mövcud olan media strukturları (televiziya, radio, agentlik, qəzet və internet-media resursları), bəzi kiçik istisnaları çıxmaq şərtiylə, əsasən ictimai rəydə aşağıdakı şəkildə qruplaşdırılıb və məhz bu cür də qəbul edilir:

Rəsmi və ya qeyri-rəsmi şəkildə tam olaraq dövlətin nəzarətində olan, cəmiyyətdəki və yaxın olduqları sahələrdəki gerçəkləri tənqiddən daha çox, malalayıb-gizlətmə, yalan, şişirtmə, bayağı tərif və mədhiyyəçilik prinsipi üzərində quran və bu səbəbdən də günbəgün oxucu-tamaşaçı sayını, deməli, həm də ictimai rəyi formalaşdırma imkanını itirmiş çoxsaylı iqtidar mediası;

Bütün fəaliyyətini çox sərt üslubda yalnız hakimiyyətin gözdən salınması və “ən yaxşı bizimkidir” prinsipi üzərində qurmuş, hakimiyyətdən narazı kəsim üçün informasiya təminatçısı olmaqdan daha çox “ürəksakitləşdirici həb” rolunu oynayan azsaylı müxalifət mediası;

Müxalif fikrin ifadəçisi və ya dini təbliğat çətiri altında Azərbaycan cəmiyyətinə nüfuz etdirilən, ancaq daha çox konkret xarici dairələrin ideoloji və əməliyyat-agentura maraqları üçün yaradılan, birbaşa da xaricdən maliyyələşdirilən və koordinasiya edilən media;

Birbaşa deyil, dolayısıyla hakimiyyətdəki ayrı-ayrı məmurlara, qurumlara və ya iş adamlarına bağlı olan, bu səbəbdən də tənqid sferası olduqca məhdudlaşdırılan, bəlli bir çərçivədə azadlıq imkanı tanınan media;

Konkret cinayətkar maraqların təmini məqsədiylə yaradılan və fəaliyyət göstərən “reket mediası”…

Yeni mərhələyə “köhnə media” ilə?!

… Ancaq Azərbaycanda artıq o mərhələ gəlib yetişib ki, Tomas Ceffersonun sözləriylə desək, “ədalətli və idarəolunanların razılığını qazanacaq hökumət”in, müasir anlayışlarla ifadə etsəksə “çevik, açıq və şəffaf hökumət”in təşkili son zərurət olaraq siyasi hakimiyyətin qapısının ağzını kəsdirib. Və sözsüz ki, bu situasiya da, istər-istəməz, Ceffersonun hökumətdən daha vacib institut saydığı media sektorunda da köklü dəyişikliklərin aparılmasını, yəni yuxarıda göstərdiyimiz bu 5 qrupda əhəmiyyətli yerdəyişmələrə gətirib çıxaracaq addımların atılmasını qaçılmaz reallığa, hətta məcburiyyətə çevirib. Nədir bu reallıq və məcburiyyət?

Reallıq odur ki, uzun illər ərzində cəmiyyətdəki və dövlət idarəçiliyindəki bütün nöqsan və çatışmazlıqlarını yüksək neft gəlirlərinin dəbdəbəli qiyafəsi, göz qamaşdıran parıltısı ilə ört-basdır edən Azərbaycan hakimiyyəti postneft dövrünə çox hazırlıqsız vəziyyətdə yaxalanıb.

Bu mərhələ – yeni şərait hakimiyyətdən bir neçə ilə görməli olduğu və ya görməyə planlaşdırdığı işləri indi çox az zaman içərisində – illəri aylara, ayları həftələrə, həftələri günlərə, günləri də saatlara çevirməklə – yerinə yetirməyi tələb edir ki, bu da yalnız və yalnız bütün sferalar üzrə fundamental siyasi və iqtisadi reformaların aparılmasıyla mümkündür.

Təkcə son 1-1,6 il ərzində ölkə Prezidentinin etdiyi çıxışların, imzaladığı fərman və sərəncamların analizi sübut edir ki, qısa zaman kəsiyi ərzində sürətli reformaların aparılmasının alternativinin omadığı ən yüksək səviyyədə qəbul və etiraf edilir, üstəlik, ölkənin birinci şəxsinin timsalında buna ciddi səy və təşəbbüs göstərilir…

Ancaq tarixi təcrübə göstərir ki, adətən, radikal reformalar həmişə hakimiyyətlərin elə öz içərisində müqavimətlə qarşılanır, xüsusən korrupsiya və digər cinayətlər yoluyla sərvət toplamış, hakimiyyət içərisində mövqe, nüfuz qazanmış qruplar və ya şəxslər ilk növbədə onların maraq və mənafelərinin əleyhinə yönəlmiş bu reformaları asanlıqla qəbul etmir, əvvəlki status və imtiyazlarının itirilməsiylə barışmayıb ya ona qarşı açıq çıxışa əl atırlar, buna cəsarət etmədikdəsə əlaltdan prosesin özünü sabotaj etməyə, reformaların zamanını uzatmağa çalışırlar…

Şübhəsiz ki, Azərbaycan hakimiyyəti də belə təzahürlərdən, meyl və təşəbbüslərdən sığortalanmayıb. Əksinə, təkcə ötən 1 il ərzində hakimiyyət komandasının qohumçuluq əlaqələriylə ittifaqlarını daha da gücləndirmiş  iki ən önəmli siması – Azərbaycanın maliyyə-bank sektorunda xüsusi statusa malik Beynəlxalq Bank rəhbəri Cahagir Hacıyev və MTN rəhbəri Eldar Mahmudovla bağlı yaşanan olaylar göstərdi ki, komandanın ən iri ranqlı məmurları öz şəxsi mənafe və ambisiyaları üçün dövlət maraqlarını necə risklərə soxur, təhlükələrə atırlar…

Doğrudur, hər iki quda – həm Cahangir Hacıyev, həm də Eldar Mahudovla bağlı ölkə rəhbərliyinin qəbul etdiyi qərarlar Azərbaycan hakimiyyəti içərisində bundan sonra da “yolunu azan”, reformaların önünü kəsmək istəyən istənilən qüvvəyə göz dağı vermək üçün çox gərəkli siqnal oldu. Ancaq bu olaylar həm cəmiyyət, həm də elə ölkənin ali iradəsi üçün bir tərəfdən hökumətin öz içərisində hansı proseslərin getdiyini aşkarladı, o biri tərəfədən başqa bir ibrətamiz gerçəkliyi ortaya qoydu: aydınlaşdı ki, ölkədəki gerçəkliklər vaxtlı-vaxtında və dürüst şəkildə ölkə rəhbərliyinə çatdırılmayanda, geniş səlahiyyət, imtiyaz və inzibati resurslara sahib dövlət məmuru üzərində ciddi ictimai və qarşılıqlı nəzarət mexanizmi qurulmayanda, dövlət aparatında nələr baş verir və  hələ daha nələr də baş verə bilər…

Bax, elə məhz buna – prezidentlə cəmiyyət arasında birbaşa əlaqənin qurulması, cəmiyyətdə baş verən proseslərin doğru-dürüst işıqlandırılması və rəhbərin də ölkəsində, xalqının içərisində nələrin baş verdiyini hər hansı dövlət qurumundan asılı olmadan öyrənib-bilməsi imkanlarına görə, Cefferson azad mətbuatı hökumətdən daha üstün tuturdu!

Azərbaycan Prezidenti niyə “azad media işimi yüngülləşdirir” demişdi?

Xatırladaq ki, Prezident İlham Əliyev də 2015-ci ilin 22 iyulunda milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə əslində azad medianın ölkənin idarəetmə sistemində aparılacaq reformalar üçün şəxsən onun özünə necə gərəkli ola biləcəyinin mesajlarını açıq-aydın şəkildə vermişdi. Prezident həmin görüşdə üzünü media təmsilçilərinə tutaraq demişdi:“…Yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir... Ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur… Siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir. Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar – korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”…

Ona da xüsusi diqqət yetirmək gərəkdir ki, Prezidentin bu çıxışı fevral devalvasiyası, ardınca Binəqədidəki yanan bina olaylarından sonra ictimai nəzarətin vacibliyi haqda açıq mətnlə söylədiyi üçüncü mühüm çağırış idi və hələ onda arsenalında özlərinə gərəkli dezinformasiyaları yaymaq üçün böyük bir media-jurnalist şəbəkəsi olan MTN də çökdürülməmişdi… Yəni, yalnız 17 oktyabr olaylarından – Eldar Mahmudov və dəstəsinin zərərsizləşdirilməsindən sonra cəmiyyətə aydın olacaqdı ki, əslində, Prezident İlham Əliyevin bu çağırışları həm də onu əhatəyə almış informasiya blokadasını yarmaq, dezinformasiya axınını dayandırmaq cəhdləridir və o, həqiqətən, ölkənin gerçək mənzərəsini birbaşa xalqdan eşitmək, millətdən duymaq istəyir və bu səbəbdən azad medianın mövcudluğunun onun işini yüngülləşdirəcəyini vurğulayır, jurnalistləri, mətbuatı səmimi şəkildə fəaliyyətlərini gücləndirməyə, ona reformaların dərinləşdirilməsi işində dəstək verməyə səsləyir…

Bəs, hal-hazırda Azərbaycanda mövcud olan media, yuxarıda dediyimiz kimi, qarşıdakı mərhələdə ölkədə ədalətli və idarəolunanların razılığını qazanan, açıq, şəffaf və çevik hökumətin təşkili üçün sürətli reformaların informasiya-təbliğat yükünü öz çiyinləri üzərinə götürməyə və düzgün ictimai nəzarətin təşkiliylə onu təmin etməyə hazırdırmı?!

Birmənalı demək olar ki, hələlik hazır deyil! Səbəbsə çox sadədir: mövcud medianın öz daxilində islahat getmədən, onun özündə düzən yaratmadan və onu çağdaş dövrün tələblərinə uyğunlaşdırmadan, Azərbaycan mətbuatını həqiqi ictimai nəzarət institutuna çevirmək olmayacaq…

Mediada düzəni necə yaratmalı?

Yuxarıda vurğuladıq ki, hal-hazırda Azərbaycanda media 5 qrupda cəmləşib. Detallara varmadan, söyləmək olar ki, bu 5 qrupdan 3-də qısa müddətdə düzən yaratmaq birbaşa hakimiyyətin öz əlindədir. Və təbii ki, bu 3 qrupda yaradılan düzən avtomatik olaraq hakimiyyət üçün başağrısına çevrilən daha bir qrupu – müxalifət mətbuatını da, istər-istəməz, o düzənə qoşulmağa vadar edəcək. Nəticədə, əvvəlkindən fərqli, ancaq həm cəmiyyətin özünə, həm də hakimiyyətdə reformaların aparlmasını istəyənlərə gərəkli, daha geniş auditoriyaya çıxış imkanı verən və ən əsası, həm də ictimi rəyə ciddi təsiretmə gücü olan, gələcəkdəsə daha demokratik təsisata çevrilə biləcək işlək media mexanizmi qurulacaq. Yalnız xaricdən asılı media qrupu kənarda qalacaq ki, bu da ictimai rəy uğrunda yarışda azad rəqabətə və peşəkarlığa dayanıqlı fəaliyyətə bağlıdır…

Əlbəttə, anlayırıq ki, məsələ heç də sözdə ifadə olunduğu qədər asan başa gələn, bir sehrli çubuğun hərəkətiylə tənzimlənən proses deyil, ancaq bu, mümkündür və hətta edilməsi mütləq vacib işdir. Çünki bir daha təkrarlayırıq: cəmiyyətdə ciddi təsir gücünə sahib ictimai nəzarət institutlarını, – bu sırada da əsas funksiya daşıyan media hakimiyyətini, – formalaşdırmadan, istənilən reforma maraqları tapdanan oliqarxiyanın, çoxsaylı məmur korpusunun müqavimət və sabotajıyla, cəmiyyətə yanlış təqdimatıyla üzləşəcək ki, bu da ictimai çaşqınlıq mühiti formalaşdırmaqla, indi həddən artq gərəkli olan zamanın itirilməsinə və kənar güclərin şəraitdən bəhrələnərək "çirkli informasiyalar"la boşluğu doldurmasına gətirib çıxaracaq…

Bu sektorda real islahatlara başlanıldığını göstərmək üçünsə, fikrimizcə, ilkin olaraq aşağıdakı istiqamətlərdə konkret addımlar atılmalıdır:

Birinci istiqamət: Hazırda hakimiyyətin əlində media ilə bağlı məsələlərin koordinasiyasında, meydana çıxmış problemlərin həllində daha çox “bir mərkəzdən idarəetmə” funksiyasını həyata keçirən iki əsas (biri qeyri-dövlət, biri dövlət) qurumun – Mətbuat Şurasının və Prezident yanında KİV-ə Dəstək Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə, statuslarına yenidən baxılaraq səlahiyyət çərçivələrinin dəqiqləşdirilməsinə, hətta mümkündürsə, artırılmasına və “böhran dövrü”nə hazırlanmasına ciddi ehtiyac var. Əlbəttə, hər iki qurumun fəaliyyətinin təkmilləşdirilməsinə, ilk növbədə, bu qurumların rəhbərliyində media işini mükəmməl bilən tamahsız, dövlətin ayırdığı vəsaitə göz dikməyəcək, dövlət maraqlarını oliqarxiyanın maraqlarına satmayacaq dürüst, vicdanlı, məsuliyyətli və ədalətli kadrların irəli çəkilməsi, önə verilməsiylə başlanılmalıdır ki, bu, sonrakı cəsarətli addımların əsas təməl daşı, bünövrəsi ola bilsin. Axı həyat sübut edib ki, qədim rolmalılar demiş, “yalnız təmiz vicdan nə yalanlardan qorxar, nə də şayiə və böhtanlardan”. Üstəlik, bu da bir həqiqətdir ki, vicdan özüylə ədalət, ədalət də çox çıxılmazlara çözüm, çarə gətirər…

İkinci istiqamət: Bu media qurumlarının fəaliyyətini təkmilləşdirdikdən sonra, məhz ədalətli yanaşmanın tətbiqiylə Mətbuat Şurası, KİV DF və hüquq-mühafizə orqanlarının aidiyyəti strukturları birlikdə ciddi şəkildə “reket jurnalistikası”yla  mübarizəyə başlamalıdır. Çünki cinayətkar maraqlara qulluq edən “reket mətbuat”la ciddi medianın sərhədlərini ayırıb ona qarşı savaş açılmasa və ümumiyyətlə, bu qrup tam şəkildə sıradan çıxarılmasa, dördüncü hakimiyyət sayılan mediaya ictimai hörmət və nüfuz qazandırmaq qətiyyən mümkün olmayacaq, nəinki məmur korpusu, bütövlükdə cəmiyyət jurnalistlərə ən aşağı kateqoriya sahibləri kimi yanaşacaq…

Üçüncü istiqamət: Xüsusən dövrün tələbləriylə ayaqlaşmayan çap mediasına hər il dövlət büdcəsindən ayrılan və “susuz quyuya su tökmək” mahiyyətli maddi-siyasi dəstək azaldılaraq, əsas diqqət çağdaş – onlayn medianın inkişafına yönəldilməli, xüsusən də “KİV haqqında qanun”a əsaslı dəyişikliklər edilərək, saytların media qurumu kimi qeydiyyatından tutmuş fəaliyyətinin əsas prinsiplərinə, maliyyə təminatınadək ən xırda detallar belə, nəzərə alınmalıdır.

Dördüncü istiqamət: Ölkənin müharibə şəraitində olması və informasiyanın, təbliğat-əkstəbliğat işinin bu savaşda əsas silah sayılması reallığı əsas götürülərək, Azərbaycan mediasına, ən azı, müharibə şəraiti başa çatanadək, həm də bu yöndə çox gərəkli töhfə verə biləcək ciddi hərbi-siyasi-informativ mexanizm kimi yanaşılmalı, onun beynəlxalq arenaya çıxış imkanlarını artıran proqramlar təbiq edilməlidir…

Bazar ertəsi, 31 Oktyabr 2016 00:00

Netanyahu Bakıya gəlir

Yazan

İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana səfər edəcək. Modern.azsaytı xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin oktyabrın 30-da keçirilən iclasında məlumat verib.

Netanyahu səfərin yaxın üç ay ərzində həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Baş nazir Azərbaycanla yanaşı Avstraliya, Sinqapur və Qazaxıstana da gedəcək.

İsrailin baş naziri sözügedən üç ölkəyə bu günə qədər səfər etməyib. Azərbaycanda isə 1997-ci ildə Şərq səfərindən İsrailə qayıdan zaman, yolüstü olub.

Netanyahu təqribən 20 il əvvəl Bakının hava limanında Azərbaycanın ümumilli lideri Heydər Əliyevlə görüşüb. (report)

61 -dən səhifə 148