Gəncədə fəaliyyət göstərən ASAN Xidmət şöbəsində bir şəxsin adına digər şəxsin şəkili vurularaq xarici pasport verilib. Reportyor.org yazır ki, Namazova Samirə Namazova Nuray Nöfəl qızını ölkədən çıxarmaq üçün saxta sənəd alıb. S.Namazova həyat yoldaşından boşandıqdan sonra keçmiş əri qızının xaricə getməsi üçün etibarnamə verməyib. Buan görə də uşağın anası saxtakarlığa imza atıb. Belə ki, 3 aprel 2014-ci ildə anadan olan Namazova Nuray Nöfəl qızının şəkili ilə 4 sentyabr 2014-cü ildə anadan olan Kərimova Aysun Ülfət qızının sənədlərində dəyişiklik edilib, 1-ciyə xarici pasport alınıb. Kərimova Aysun Ülfət qızının yerinə xarici pasportda Namazova Nurayın foto şəkili vurularaq ölkədən xaricə qanunsuz çıxarılmasına şərait yaradılıb. Notariat kontorunda Sadıxov Ülfət Şahid oğlu 16 sentyabr 1988-ci il təvəlüdlü həyat yoldaşı Kərimova Turanə Nürəddin qızı 17 dekabr 1989-cu il doğum tarixli etibarnamə verərək ölkədən dolayı yollarla çıxarılmasına şərait yaradıblar. Həmin pasportun verilmə tarixi 2 may 2017 ci il həmin pasportun bitmə tarixi isə 2 may 2020-ci ildir. Maraqlı orasındadır ki, həmin uşaqların biri Gəncə, digəri isə Goranboyda yaşayır. Pul qarşılığında Sadıqova Ülfət və Kərimova Turanə Nürrədin qızı bu işə girişib. Goranboy sakini, əvvəlki adı Məmmədbəyli Hicran Əli qızı, indiki adı Mehdiyeva Mələk Eyvaz qızıdır ki, burda da qanun pozuntusu baş verib. Belə ki, həmin adamın ad-soyadı dəyişə bilsə də, ata adı da dəyişib və notarius verib. Nəticədə sənəddə adı başqa olan, şəkildə başqa olan həmin qız dəfələrlə ölkədən çıxıb və ölkəyə girib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.

Məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır. Məhkəmə prosesində ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edir.

Hüquq-mühafizə orqanlarının rəsmi məlumatına görə, avqustun 3-də, saat 21:00radələrində paytaxtın Nərimanov rayonu ərazisində yol qəzası baş verib. Qəza zamanı "Mersedes-Gelandawagen” markalı avtomobilin idarəetməni itirməsi iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

"Mercedes-Gelandawagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlüNail Elman oğlu Allahverdiyev barəsində həbs-qətimkan tədbiri seçilib.

Nail Allahverdiyevin vəkili məhkəməyə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişlə bağlı yeni sənədlər təqdim edib. Vəkil bildirib ki, qəzada xəsarət alan Türkiyə vətəndaşları məktubda Nail Allahverdiyevdən şikayətçi olmadıqlarını və təzminat hüqüqundan imtina etdiklərini qeyd ediblər.

Hakim isə vekilin müraciətini nəzərə alaraq, məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edib.

Azərbaycana məxsus aviaşirkətin əməkdaşı təyyarənin yük yerində Almaniyaya gedib. Bu barədə Almaniyanın “focus.de” saytı məlumat yayıb

Sayt yazır ki, hadisə dekabrın 8-də, günün ikinci yarısında Frankfurt-Han hava limanında uçuş-enmə zolağında saxlanılıb. 40 yaşlarında olan kişinin üzərində heç bir sənəd və yük olmayıb. O, federal polisə təslim edilib.

Onun aviaşirkətdə çalışdığı məlum olub. Dindirilmə zamanı deyib ki, yüklər təyyarəyə yerləşdirilərkən yük yerində gizlənib. O, Almaniyada daha yaxşı həyata ümid etdiyini söyləyib.

Sayt onun barəsində sərhədin qeyri-qanuni keçilməsi maddəsi ilə cinayət işinin başladıldığını yazır.

Frankfurt-Han hava limanına Azərbaycandan əsasən “Silk Way” şirkətinə məxsus təyyarələr uçur.

Bu şirkət Azərbaycan prezidentini qızları Leyla və Arzu Əliyevaya, eləcə də AZAL Dövlət Konserinin rəhbəri Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya məxsusdur. Ancaq azərbaycanlının dəqiq hansı şirkətə məxsus təyyarənin yük yerindən çıxması açıqlanmır.

Bir neçə gün qabaq vəzifəsindən çıxarılan sabiq vergilər naziri Fazil Məmmədovla bağlı A24.az saytı yeni məlumatlar əldə edib. Məlumata görə, nazirlikdə sabiq nazirə xüsusi yaxınlığı olan kadrlar da işlərilə vidalaşmaq üzrədirlər.

Artıq Məmmədovun müavini, həm də qudası Namiq Əliyev iki gündür  işə çıxmır. Vergilər nazirinin müşaviri, keçmiş nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov könüllü  olaraq işdən ayrılmaqla bağlı ərizəsini yazıb. Nazirin başqa bir müşaviri, eyni zamanda nazirin qudası Firuz Həsənov da oxşar addım atıb. Yaxın günlərdə onların işdən ayrılması rəsmi təsdiqini tapacaq.

Sabiq nazir özü isə hazırda “Yeni Həyat” yaşayış kompleksinə yerləşən ofisində qərarlaşıb.

Bu arada Modern.az saytı da sabiq nazirlə bağlı belə bir məlumat yayıb ki, o, vaxtilə Prezident Administrasiyasının şöbə müdiri olmuş Fatma Abdullazadəyə 1 milyon dollar borcu verib, amma hələ də geri ala bilməyib. Məlumata görə, Fatma Abdullazadə PA-da işlədiyi vaxtlarda Fazil Məmmədovdan bu məbləğdə borc alıb və bu günə qədər də həmin borcu qaytarmayıb. Hətta Fatma Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra Fazil Məmmədov nazir olduğu vaxtlarda borcunu geri almağa cəhd etsə də, qarşı tərəf “imkanım yoxdur” deyərək borcu qaytarmaqdan imtina edib.

Bazar ertəsi, 11 Dekabr 2017 00:00

Kredit bazarı çökməkdə davam edir

Yazan

Bankların müştərilərə verdikləri kreditlər azalır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, Noyabrın 1-nə bankların müştərilərə verdikləri kreditlər 11 milyard 707,5 milyon manat təşkil edib.

Oktyabr ayının 1-i ilə müqayisədə müştərilərə verilən kreditlər 259,4 milyon manat azlıb.

01 Oktyabr 2017-ci il tarixində bankların müştərilərə verdikləri kreditlər 11 milyard 966,9 milyon manat təşkil edirdi.

2016-cı ilin sonunda bankların müştərilərə verdikləri kreditlər 15 milyard 938 milyon manat təşkil edirdi.

İlin əvvəlində kreditlərdə azalmanın xeyli hissəsi Azərbaycan Beynəlxalq Bankının toksit aktivlərinin Aqrarkredit QSC-ə ötürülməsi ilə bağlı idi.(azadliq.info)

Zabrat sakinləri qəsəbənin problemlərindən fəryad edir

“Qəsəbə xarabalığa çevrilib, biz isə çarəsiz qalmışıq. Bakıda yaşasaq da, ucqar bir dağ kəndinin şəraiti belə bizimkindən yaxşıdır. Nə icra hakimiyyəti, nə də digər aidiyyəti qurumlar problemimizlə maraqlanmırlar”. Bu sözləri Bakının qədim kəndlərindən biri olan “Zabrat 2" qəsəbəsinin sakinləri deyir.

Sabunçu rayonu, “Zabrat-2" qəsəbəsinin problemləri saymaqla bitməz. Qədim Bakı kəndi kommunal problemlər arasında çabalayır. Qəsəbənin nə bir normal yolu, nə də kommunal şəraiti var. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, qəsəbənin ara yolları keçilməz durumdadır. İnsanlar min bir əziyyətlə çala-çuxur yolla, gölməçələr içərisindən keçərək hərəkət edirlər. 46 min əhalisi olan qəsəbənin normal bir kanalizasiya sistemi belə yoxdur. Kanalizasiya və qrunt suları evlərin həyətlərinə dolur.

Zabrat ağsaqqalları qəsəbənin abadlaşması üçün dəfələrlə yerli icra hakimiyyətinə və digər müvafiq qurumlara müraciət etdiklərini bildirdilər. Yəni onların bu durumundan Sabunçu Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri də xəbərdardır: “50 ildir ki, qəsəbədə yaşayırıq. Bu illər ərazində Zabratda əsaslı şəkildə abadlıq işi aparılmayıb. Ümumiyyətlə, Zabrat da batır, zabratlılar da... Biz o  zəmanədə yaşayırıq ki, ucqar rayonlara belə qaz, kanalizasiya xətləri çəkirlər. Ancaq biz Bakıda yaşasaq da, normal şəraitimiz yoxdur. Tez-tez qaz, işıq kəsilir. Bu qaz ki, kartladır, versinlər işlədək də... Nə zamana kimi belə davam edəcək? Bu qəsəbəyə də bir əl gəzdirsinlər. Sabunçu rayonunda yol infrastrukturu, kommunal şəraitinə görə ən geridə qalmış qəsəbə ”Zabrat 2"dir. Ancaq burada daşı-daş üstündə qoyan kimi dərhal bələdiyyə və icra nümayəndələri həmin adamın başının üstünü kəsir, rüşvət alırlar. Ucqar rayonlardan qohumlarımız qonaq gələndə yaşadığımız şəraitə mat qalırlar. Qışın günündə avtomobillər yolda qalır. Təcili tibbi yardım maşınları xəstəyə vaxtında yetişə bilmir".

“Qəsəbəyə ayrılan pullar hara gedir?!”

Sakinlər deyir ki, iki il öncə qəsəbəyə  kanalizasiya xətti çəkilib. Lakin görülən işlər keyfiyyətsiz aparılıb. Minlərlə əhalisi olan qəsəbəyə nazik ölçüdə bir xətt çəkiblər: “Qəsəbədə kanalizasiya suları ilə yanaşı qrunt suları var. Çoxsaylı şikayətlərimizdən sonra kanalizasiya xətti çəkdilər. Lakin həmin boru çox nazik idi. Adını da qoydular ki, kanalizasiya xətti çəkdik. Təsəvvür edin ki, 46 min əhalisi olan qəsəbəyə ensiz bir kanalizasiya xətti davam gətirə bilərmi? Mətbuatı izləyirik, su və kanalizasiya xətləri üçün külli miqdarda vəsaitlər ayrılır. Ancaq ayrılan pulları  mənimsəyirlər. Hansı həyətə daxil olsanız, rütubət və üfunət iyindən durmaq olmur. Evlərin zirzəmiləri çirkab suları ilə doludur. Camaat əlacsız qalıb, həyətlərinə yığılan çirkab sularını motorla ilə küçələrə vururlar. Kənd camaatı revmatizmdən əziyyət çəkir. Bəlkə də Şamaxının ucqar dağ rayonları belə bu gündə deyil. Bir sözlə Zabratı xarabalığa çevirib, zabratlıları da xəstəliyə salıblar”.

“Ölülərimiz də çirkab suları içindədir”

Ərazidə olduğumuz zaman sakinlər “Zabrat-2" qəsəbəsinin qəbiristanlığının da gölməçə suları içərisində olduğunu bildirdilər. Həmin vəziyyətlə əyani tanış olmaq üçün Zabrat qəbiristanlığına baş çəkdik. Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Kanalizasiya və qrunt suları qəbiristanlığı bataqlığa çevirib. Qəbir daşları çirkab suları içində qalıb. Hər tərəfi üfunət iyi bürüyüb.

Çirkab sularını qəbiristanlıqdan təmizləmək üçün su motorları quraşdırıldığının da  şahidi olduq. Böyük bir ərazidə toplanan su motor vasitəsi ilə sorularaq, kənara axıdılır.

Burada dəfn olunan qohumunu ziyarətə gələnlərlə də həmsöhbət olduq. Adının çəkilməsini istəməyən Zabrat sakini  düşdükləri acınacaqlı durumu belə izah etdi: “ Gördüyünüz kimi, ölülərimizə belə hörmət qoyulmur. Meyitlərimiz kanalizasiya suları içindədir. Əksər ölü sahibləri məzar yerlərini yerdən 15-20 santimetr hündürlükdə salırlar. Bu vəziyyəti icra nümayəndələri bilirlər, lakin görməzdən gəlirlər. Ümumiyyətlə qəsəbənin kanalizasiya sistemi olmadığından bu cür mənzərə ortaya çıxır. Ölülərimiz qəbirdə, dirilər isə həyatda təhqir olunur”.

Sakinlər deyir ki, dəfələrlə Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə  milyonlarla  manat vəsait ayrılıb. Lakin görünür bu və bundan öncəki vəsaitlərdən “Zabrat 2" qəsəbəsinə pay düşməyib.(”Yeni Müsavat")

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Dekabrın 9-da “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qarşısına toplaşan işçilər deyirlər ki, onlara işdən çıxma ərizəsini imzalamaq təklif olunub.

Aksiyaçılardan ümumilikdə, 230 nəfərin ixtisara düşdüyünü bildiriblər.

İxtisarın hansı kriteriyalar əsasında aparıldığı işçilərə üçün qaranlıq qalıb.

Aksiyaçılar deyirlər ki, əmək müqaviləsində müqavilənin “qarşılıqlı razılaşma şəklində pozulması” ilə bağlı müddəa var. Ona görə də əmrlə onları işdən çıxara bilmirlər, işdən çıxma ərizəsinə onlardan imza atılması tələb olunur. Aksiyaya çıxanlar könüllü ərizə yazmayanlardır və onlar əmək müqaviləsinə xitam verilməsini istəmirlər.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, “iş həcmi azaldığı üçün” qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam verilir.

Onun sözlərinə görə, qarşılıqlı razılaşma əsasında işdən çıxan şəxslərə “orta aylıq əmək haqqının iki misli miqdarında ödəniş” də edilir:

“Hətta razılaşmada qeyd olunur ki, gələcəkdə iş həcmi artarsa, yəni təkrar yeni işçilərə ehtiyac olarsa, öncə işdən çıxan həmin şəxslərə üstünlük veriləcək”.

Nəsimi Paşayev deyir ki, hazırda 50 işçi ilə “qarşılıqlı razılaşma əsasında” müqavilə dayandırılıb:“İxtisar kriteriyası belədir ki, əgər hazırda, məsələn, qazma işi aparılmırsa, onda qazmaçıyla əmək müqaviləsini dayandırırıq. Ya da işin həcmi azalırsa, iki qazmaçı arasında biri işdə saxlanılır. Bu zaman onların arasında razılaşma əldə olunmasına çalışılır və ya sosial kriteriyalara üstünlük verilir.

Sosial kriteriyalar dedikdə şəxs əgər “şəhid ailəsidirsə, ya qaçqın və ya məcburi köçkündürsə, bu zaman onun işdə saxlanmasına üstünlük verilir”.

Senzura qoymaq və mətbuat azadlığını məhdudlaşdırmaq olmaz!”

Qulu Məhərrəmli: “Əgər “keşikçi köpək” yuxuya gedirsə, onun qarşısına sümük atıb, yedirdib susdururlarsa, bax, onda fəlakət başlayır”

“Xəbər portalları bəzən həqiqətə yox, məmurlara və oliqarxlara xidmət edir”

“İxtisas sahibləri, media camiyəsi kimin kim olduğunu yaxşı bilir”

(Tanınmış jurnalist və media eksperti, professor Qulu Məhərrəmli “Qafqazinfo”ya müsahibə verib).

– Jurnalistikanı necə sənət hesab edirsiniz? Doğuşdan insanla birgə gələn, yoxsa sonradan qazanılan?

–  Məncə, jurnalistika ilk növbədə peşədir, cəmiyyəti məlumatla təmin etmək, xəbər çatdırmaqla bağlı yaradıcı fəaliyyətdir. İkinci qatda cəmiyyətin bir sosial institutu, ictimai fəaliyyət sferasıdır. Üçüncü mərhələdə jurnalistika sosiologiya və kommunikasiyanın qovşağında dayanan bir elmdir. Amma praktik mənada jurnalistika daha çox peşədir. 

– Bu gün  jurnalistikanın missiyası və rolu barədə müxtəlif mülahizələr söylənilir, bəs sizcə, bu peşənin əsas missiyası nədən ibarətdir? 

–  Jurnalistikanın əsas işi həqiqətə xidmətdir, əsas missiyası insanlara yaşadıqları ölkə və cəmiyyət haqqında doğru-dürüst məlumat çatdırmaqdır. Bu xəbərlər insanlara öz həyatları ilə bağlı qərar qəbul etməkdə kömək olmalıdır. Jurnalistika cəmiyyətin getdiyi yolu işıqlandırmalı, bu yolda qarşıya çıxan təhlükələrdən xəbər verməlidir. Təbii ki, yolu cəmiyyət özü seçir, jurnalistin vəzifəsi həmin yolu düzgün işıqlandırmaqdır. 

Əlbəttə, cəmiyyət adından hakimiyyət üzərində ictimai nəzarətçi olmaq, nöqsanları tənqid etmək, auditoriyanı maarifləndirmək, bəşəri dəyərləri yaymaq, dialoq üçün tribuna olmaq və sosial harmoniya yaratmaq da jurnalistikanın missiyasına aiddir. 

– Bəs, jurnalistin şəxsi mövqeyi olmalıdırmı?

– Burada bəzi şeyləri qarışdırırlar. Xəbərdə jurnalistin heç bir mövqeyi ola bilməz. Ona görə də peşəkar jurnalistika xəbəri rəydən qəti şəkildə ayırır. Bu məsələdə  “jurnalistin vətəndaş mövqeyi, yaxud şəxsi yanaşması olmalıdır” kimi yanlışlıqlar ideoloji məsələdir, daha çox jurnalistləri manipulyasiyaya həvəsləndirmək məqsədi güdür. Sözsüz ki, ölkədə gedən hansısa bir proseslə bağlı jurnalistin şəxsi  mövqeyi ola bilər. Amma o, hazırladığı materialda həmin prosesə simpatiyasını və ya antipatiyasını bildirməli deyil. Bunlar jurnalistikanın əlifbasıdır. 

–  Bir çox sahələrdə olduğu kimi, jurnalistika da vicdan tələb edir. Çünki cəmiyyətdə baş verən prossesləri onlar işıqlandırıb bizə çatdırır. Bu gün jurnalistlərimizin dürüstlüyünə, vicdanına bel bağlaya bilərikmi?

– Vicdanlı olmağın ən yaxşı göstəricisi jurnalistikanın missiyasına münasibətlə bağlıdır. Bu gün həqiqətə xidmət edən jurnalistlərin sayı xeyli azalıb, televiziya bizə doğrunu demir, saytların çoxu manipulyasiya ilə məşğuldur. Xəbər portalları bəzən həqiqətə yox, məmurlara və oliqarxlara xidmət edir. Belə olduqda vətəndaş doğru xəbəri haradan və necə almalıdır? Məlumatlar dəqiq olmayanda bizim baş verən hadisələr və bütövlükdə mənzərə haqqında təsəvvürlərimiz dəqiq olmur. Sualınıza cavab olaraq deyim ki, indi çox az media qurumunun və jurnalistin dürüstlüyünə, vicdanına bel bağlamaq olar, çoxluq təbliğatla məşğuldur.

– Bu gün auditoriyanın bir qismi xəbərlərin məzmunundan da narazılıq edir. Sizcə, bu narazılığın əsası varmı?

– Təəssüf ki, xəbərlərin məzmununda da ciddi aşınma var və oxucu bundan narazıdır. Bəzən sayt boş qalmasın deyə, nə gəldi yazırlar. Belə media qurumları xəbər haqqında təsəvvürləri dumanlandırır. Ona görə də saytlar məişət, sensasiya, zorakılıq xəbərləri ilə dolub-daşır. Bunlar hamısı xəbər havasını, ümumilikdə jurnalistika ekologiyasını çirkləndirir. 10-15 il bundan əvvəl cəmiyyətə verilən xəbərlər daha keyfiyyətli idi. Düzdür, onda jurnalistlər mənbələrdən daha rahat xəbər ala bilirdilər, seçib daha ciddi xəbərləri verirdilər, bütövlükdə jurnalistika daha ciddi idi. Buna görə də oxucu, tamaşaçı jurnalistə daha çox inanırdı. 

Xəbər gərək ictimai əhəmiyyət daşısın, cəmiyyətə yararlı olsun. Əgər bu, cəmiyyətə lazım deyilsə, onu yayımlamağın heç bir mənası yoxdur. Məsələn, o məişət, zorakılıq xəbərləri kimin üçündür? Nəyə görə biz qonşu və ər-arvad davalarını bu dərəcədə prioritet xəbərə çevirmişik?! Cəmiyyət bundan hansı faydaları götürür? Doğrudanmı, bunlar oxucu marağına xidmət edir? Bu barədə ciddi düşünmək lazımdır. 

– Oxucu marağından söz düşmüşkən, bu gün zorakılıq, məişət, şou xəbərləri daha çox oxunur, nəinki ictimai əhəmiyyət daşıyan xəbərlər. Təkcə mədəniyyət sahəsinə nəzər salsaq görərik ki, çox da məşhur olmayan birinin yeni plastik əməliyyatı, qalmaqalları daha çox oxunur, nəinki hansısa bir ciddi sənətkarın yeni yaradıcılıq uğurları. Bu, nə ilə bağlıdır? Nəyə görə əsl mədəniyyət şounun içərisində itir?

–  Çünki biz 15 ildir ki, auditoriyanı bu şəkildə tərbiyə edirik. Əvvəllər şou xəbərləri qəzetlərin son səhifəsində olardı, indi isə ön səhifəyə gəlib çıxıb. Əgər bu gün şou xəbərləri manşetə çıxırsa, bu, artq şüurda, davranışda, əxlaqda yaranmış deformasiyanın nəticəsidir. Oxucu buna maraq göstərirsə, bu, artıq xəbərin auditoriyaya mənfi təsiri deməkdir. Məsələn, geniş auditoriyanın tanımadığı iki müğənninin söz davası heç bir ictimai əhəmiyyət daşımır, amma saytların bir çoxu bunu verir. Özü də addımını onunla əsaslandırır ki, guya, bunu auditoriyanın marağı tələb edir. Halbuki biz hansısa bir ciddi elm adamının ölkənin taleyi ilə bağlı hansısa fikirlərini ictimailəşdirsək, davamlı olaraq onun mülahizələrini yayımlasaq auditoriya da artıq buna meyl edəcək. Media qurumunun seçimindən, xəbərə yanaşmasından çox şey asılıdır. Amma təəssüf ki, artıq ox yaydan çıxıb. Situasiyanı düzəltmək üçün nümunəvi saytlar, layihələr hazırlamaq lazımdır. Məsələn, feysbukda tarixə, mədəniyyətə, iqtisadiyyata aid çox maraqlı layihələrə rast gəlirəm. Hesab edirəm ki, saytlar milli düşüncəni qidalandıran belə layihələrə dəstək verməlidir. 

Təəssüf ki, biz klassik mədəniyyəti deyil, yalançı şou-biznesin tör-töküntülərini yaymaqla məşğul oluruq. Amerikada da şou-biznes var, amma o, mədəniyyətə qarışmır. Bizim şou-biznes isə az qala mədəniyyətin yerini tutur.

– Bəzən jurnalistlər tanınmışların şəxsi həyatlarını daha çox qabardırlar, nəinki məşğul olduğu işin özəlliklərini. Bəs, bu nə ilə bağlıdır: yenə də auditoriyaya işləyirlər, yoxsa yetərincə peşəkar deyillər ki, müsahibin sənətinin dərinliklərini aça bilsinlər?

– Kiminsə şəxsi həyatı insanda ani də olsa bir maraq yarada bilər. Amma bunu davamlı olaraq media materialına, düşüncə və davranış tərzinə çevirmək düzgün deyil. Bu, insanların zehnini daraldır, beyninin işığını alır. Həm də axı bizimkilərin şəxsi həyatı nə ilə maraqlıdır ki?! Heç bayağı serial mövzusu üçün də heç nə yoxdur. 

– Bəs bütün bunlara görə sizcə, jurnalistikaya senzura qoyulmalıdırmı?

– Bu məsələləri əsas gətirib senzura qoymaq və mətbuat azadlığını məhdudlaşdırmaq olmaz. Həm də bu, senzura ilə həll olunan iş deyil, əksinə bu addım vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Çünki senzura psixoloji maneələr yaradır. Bu məsələləri yalnız peşəkar səviyyə ilə, savadla, etik qaydalarla idarə etmək olar. Bir də bu fikri beyinə yazmaq lazımdır ki, mənəviyyatı, mədəniyyəti pula, reklama qurban vermək olmaz…

– Hazırda xeyli gənc jurnalistikaya meyillidir. Amma sanki bəzilərini efirə çıxmaq, tanınmaq daha çox maraqlandırır. Bir müəllim kimi siz bunu necə qiymətləndirirsiniz?

– İstənilən insanın efirdə görünmək həvəsi var və mən buna çox normal baxıram. Amma aparıcı olmaq, efirə çıxmaq həvəsi bir mərhələdir: iş alındı, getdin televiziyaya, havasını aldın, efirə çıxdın və hamı səni gördü. Amma sonra ciddi yaradıcılıq yolu keçməlisən, yaxşı müəllif, aparıcı, jurnalist, moderator olmaq üçün çalışmalısan. İnsan vaxtında dərk etməlidir ki, efirdə görünmək hələ şərt deyil, əsas şərt mütləq məzmun daşıyıcısı olmaqdır. 

– Jurnalisitikaya qəbul olmaq üçün qabiliyyət imtahanı verilməlidirmi?

–  Qabiliyyət imtahanının tətbiq olunması məsələsi gündəmə gələndən mən buna qarşı olmuşam. İndi də o fikirdəyəm ki, jurnalistikada qabiliyyət imtahanının olması bu sahədə təhsil sisteminə ciddi ziyan verir. Birincisi, heç kim esse yazmaqla jurnalist olmur, ola da bilməz. İkincisi, esse yazmaq jurnalist işi deyil, bu, bir növ publisistikadır. Jurnalist real həyat faktları əsasında yazmalıdır və olanları doğru-dürüst, vicdanla təqdim etməlidir. Bu keyfiyyətləri isə qabiliyyət imtahanı ilə müəyyən etmək olmaz. 

– Mədəniyyət şouya keçdiyi kimi, jurnalistikada da “kopi-past” geniş yayılıb. Yaxşı, əsl xəbərçiləri də jurnalist adlandırırlar, onları da. Sizcə, bunları bir-birindən ayırmağın vaxtı deyilmi?

– Məncə, bunlar təbii şəkildə ayrılıblar. Auditoriya  hər şeyi öz yerində görməyə bilər, amma ixtisas sahibləri, media camiyəsi kimin kim olduğunu yaxşı bilir. Amma saytlarda istinadların olmaması, xəbər mənbələrinin göstərilməməsi, jurnalist əməyinə hörmətsizlik çox pis haldır.

– Vətənpərvərlik jurnalist vicdanına mane olurmu? Media mənsubu mütləq vətənpərvər olmalı və məhz bunu sərgiləməlidirmi?

– Bu “vətənpərvərlik” söhbəti də jurnalistikamızdakı ideoloji nağıllardan biridir. Özü də baxıram ki, bu nağılları danışanlar ciddi bir məzmun ifadə etmir, sadəcə gözə kül üfürürlər. Jurnalistin vətənpərvərliyi ilk növbədə həqiqəti yazmaqdır, öz işini vicdanla görmək, cəmiyyətin inkişafına mane olan nöqsanları tənqid etməkdir. Üzeyir bəy demişkən, “Vətən abadlığı, dövlət intizamı və millət səlamətliyindən bəhs etməkdir”. Sizə jurnalist vətənpərvərliyinə aid bir nümunə göstərim. Neçə il əvvəl Yaponiyada sunami olanda həmin şəhərdə televiziya, radio, internet – heç nə işləmirdi. Şəhər qəzetinin əməkdaşları dərhal redaksiyaya yığışıb bu dağıntılar şəraitində əhali üçün çox vacib olan məlumatları toplayaraq divar qəzetinə bənzər bir qəzet hazırladılar. Sonra onun üzünü əllə köçürüb 7-8  surət çıxarıb şəhərin müxtəlif yerlərində adamların gur toplaşdığı yerlərdən asdılar. Və yalnız bundan sonra onlar öz itmiş ailələrini axtarmağa başladılar. Bax, jurnalist fədakarlığı budur. 

– Deməli, jurnalist heç nəyə baxmayaraq, bütün vəziyyətlərdə öz peşəsinin arxasınca getməlidir, elədirmi?

– Mövlanənin yaxşı bir sözü var: “Ya həqiqəti de, ya da sus”. Əgər sənin məqsədin doğrudan da, cəmiyyətə xidmət etməkdirsə və bunun üçün mübarizə aparırsansa bu, təqdirəlayiqdir. Amma sən öz maraqların üçün hansısa bir məmurla savaşırsansa, deməli, şəxsi məqsədin naminə peşəndən bir vasitə kimi istifadə edirsən.

– Belə bir aforizm var: insana danışmaq üçün iki il, susmaq üçün isə altmış il lazımdır. Jurnalistə susmağı öyrənmək lazımdırmı?

– Jurnalistin işi danışmaq, səs salmaqdır. Susmaq və məlumatları gizlətmək isə siyasətçilərə xasdır. Amma bunun da sonu yoxdur. Baxın, dünyaya hökmranlıq etmək istəyən Hitlerin sonu nə oldu? Reyxin informasiya naziri Gebbels illərlə yalan məlumatlar yaydı və ya xəbəri gizlətdi. Yalan məlumatlarlar ciddi fəsadlar, məlumatsızlıq isə vakuum yaradır. Dürüst xəbər cəmiyyətin oksigenidir, oksigensiz mühitdə cəmiyyət boğulur. İnformasiya civədir, bir yerdən sıxsan mütləq başqa bir yerdən çıxacaq. 

– Gəlin bir az da televiziyadan danışaq.  Hərdən televizoru açıb maraqlı bir verlişə baxmaq, ya maariflənmək, ya dincəlmək istəyirik. Çox təəssüf ki, kanallarımızdakı toyxana, çal-çağırlar buna imkan vermir. Düzdür, bu proqramlara da maraq göstərənlər var. Amma necə etmək olar ki, televiziya hər təbəqənin istifadəsinə yararlı olsun?

– 80-ci illərin ortalarında Avropada ictimai televiziyaların yaranmasının əsas məqsədi bir kanalda əhalinin bütün təbəqələrinin zövqünü oxşayan verilişlərin hazırlanmasına nail olmaq idi. Avropa ictimai yayım sistemi bu problemi həll edə bildi. Bizim telekanallar hamısı bir-birinə oxşayır, belə təsəvvür yaranır ki,  ATV-dən başqa heç bir telekanalın aydın yayım konsepsiyası yoxdur. Dövlət büdcəsindən maliyyələşən kanallar da tamaşaçını yarıtmır. Fikrimcə, TV sahəsində ciddi addımlara ehtiyac var.  

Telekanallarda vəziyyətin düzəlməsi üçün onların sərbəstliyi artırılmalı, peşəkar səviyyə yüksəldilməli, mövzu rəngarəngliyi təmin edilməli, formatlar dəyişməli, ictimai müzakirələr çoxalmalı, əyalətçilik və kriminal meyillər aradan qaldırılmalı, işin sahibi işbilənlər olmalıdır. 

– Bəlkə siz – bir qrup işini bilən jurnalist belə bir nümunə yaradasınız?

– Bu, bir az romantik təklifdir. Televiziya mürəkkəb bir mexanizmdir, ilk növbədə yaradıcılığın, texnologiyanın və siyasətin sintezidir. Bu səbədən TV-lərin fəaliyyətinə nəzarət bir qədər güclüdür. İstək və dəstək olarsa, nümunəvi və cəmiyyətə yararlı bir telekanal ortaya qoymaq olar.

– Günümüzdə diktorlara necə, ehtiyac varmı?

– Məncə, bu gün diktorlara heç bir ehtiyac yoxdur. Diktorluq tarixən həm teleradio yayımının strukturundan, həm də avtoritarizmin mahiyyətindən doğmuşdu. Bir dövr oldu və bitdi. İndi çevik, bacarıqlı, intellektual aparıcılar zamanıdır. 

–  Bir çox Avropa ölkələrində jurnalistləri “keşikçi köpəyi” adlandırırlar. 

– Jurnalistlər cəmiyyətə keşik çəkməlidir. Oğurluq, əxlaq pozuntusu, deformasiyalar varsa, jurnalistlər həyəcan siqnalı verib cəmiyyəti ayağa qaldırmalıdırlar. Jurnalist, hər şeydən əvvəl, cəmiyyətdəki məsələləri dürüst işıqlandırsa insanlar da təhlükələri görərlər – yox, hadisələri malalamağa başlasa, biz də təhlükənin fərqində olmarıq. Amerika və Avropa jurnalistikası göstərir ki, jurnalist “keşikçi köpəyi” funksiyasını yerinə yetirəndə cəmiyyət bundan xeyir görür. Əgər o keşikçi köpəyi yuxuya gedirsə, onun qarşısına sümük atıb yedirdib susdururlarsa, bax, onda fəlakət başlayır. 

– Bizim “keşikçi köpək”lərimiz varmı?

– Vaxtilə bizim də “keşikçi köpək”lərimiz olub. Amma indi onlar əməlli-başlı ev iti olublar. Yağlanıblar, piyləniblər, sayıqlıqlarını itiriblər, ona görə də artıq hürmürlər, daha doğrusu hürə bilmirlər.

MMT İB Latviyanın müstəqilliyinin ildönümünü təntənəli şəkildə qeyd etdi - FOTOLAR

Milli Mədəniyyətin Təbliği ictimai birliyi 20 noyabr 2017-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Latviya Respublikasının Müstəqilliyinin 99-cu ildönümünü təntənəli şəkildə qeyd edib. 

Bu münasibətlə təşkil olunmuş gecədə Latvıyanın ölkəmizdəki fövqəlada və səlahiyyəli səfiri  cənab Yurus Maklakovs, xanımı İnna Maklakovs, bir çox QHT rəhbərləri, ASAN radionun baş redaktoru Emin Musəvi, həmçinin "Vətənimi sevirəm və sevdirirəm" layihəsinin reallaşmasında müstəsna əməyi olan 291 saylı EKO liseyin tarix müəllimi Nəcəfova Ziyafət xanım iştirak edib.

Təqdimatı giriş sözü ilə açan Jalə xanım "Biz Latviyanı hər zaman ən çətin və xoş günlərdə yanımızda gördük. Latviya Azərbaycanın ərazi bütövlüyünü bölünməzliyi prinsipinə hər zaman sadiq olduğunu vurğulamış, Qarabağın işğaldan azad olmasını arzu edən dost ölkədir. Müstəqillik dövründə həm ölkəmizdə həm də Latviyada müxtəlif səpkili forumlar, sərgilər, elm - incəsənət nümayəndələrinin görüşləri hamımızı sevindirir. Bu tendensiya davam etməkdədir" sözləriylə başladı.   

Tədbirdə 20 noyabr 1991 - ci ildə baş vermiş Qarakənd faciəsi də sayğıyla anıldı. Gecədə cəmiyyətin üzvləri latış dilində bir neçə mahnı səsləndirib, Riqanın memarlıq abidələrinə və eyni zamanda layihənin beş illik fəaliyyətinə həsr olunmuş videoçarx qonaqların diqqətini cəlb edib.  

Gecədə səfir cənab Maklakovs bütün iştirakçılara və belə gözəl gecənin təşkilinə görə MMT İB - nin rəhbəri Jalə Cəfərovaya xüsusi təşəkkürünü bildirib. Latviyanın  milli arnamentləriylə bəzədilmiş güldan, üzərində Latviyanın simvolları, bayrağı olan tort da heç kəsi biganə qoymadı.   

Cənab Maklakovs çıxışında iki ölkənin uzun illər davam edən dostluq əlaqələrindən əraflı danışdı.

jale1jale2jale3

Kiyevdə həbs edildikdən sonra aclıq elan etmiş Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili bir nəfərlik kameraya yerləşdirilib.

Bu barədə siyasətçinin vəkili Ruslan Çernolutski danışıb.

“Orada növbədə olan həkim gözləyir. Ümumilikdə Saakaşvili özünü normal hiss edir. Ona az-çox normal şərait təklif edilib. Həbsxana hücrəsində təkbaşına qalacaq. Bu gün çətinki yanına gedə bilək, ancaq əşyalarını ona çatdırmağa cəhd edəcəyik”, – vəkil bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili Kiyevdə polis tərəfindən saxlanılaraq, müvəqqəti təcridxanaya yerləşdirilib.

9 -dən səhifə 158