Thursday, November 23, 2017

Çərşənbə, 17 May 2017 00:00

Tərxun qanı təmizləyir

Yazan

Yaz mövsümündə ən çox istifadə edilən bitkilərdən biri tərxundur. Məhz bu mövsümdə bir çox insanlar şam yeməklərində yağlı və qızardılmış xörəklərdən imtina edib tərxun, pendir və çörəyə üstünlük verirlər. Şam yeməyi üçün bu dadlı seçim olmaqla yanaşı həm də olduqca faydalıdır.

Tərxun insan opqanizmi üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir. Buna görə də ilk növbədə vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır. 

Tərxunun faydalarından biri həzm prosesini yaxşılaşdırmasıdır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O mədənin fəaliyyətini gücləndirir.

Ağız boşluğunda və damaqda iltihab zamanı tərxun olduqca faydalı bir vasitədir. Həmçinin diş və baş ağrısı zamanı da tərxundan istifadə xeyirlidir.

Bu bitkidən tənəffüs yollarının müalicəsi zaman da istifadə edirlər.

Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir.

Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.

İştahasında problem olanlar, özlərində zəiflik hiss edənlər tərxundan istifadə etməklə bu xoşagəlməz vəziyyətdən qurtula bilərlər.

Tərxun bitkisi sinir sisteminə müsbət təsir göstərir, əsəb gərginliyinin aradan qaldırır. Həmçinin zehni yorğunluğu da götürür.

Oynaqlarda, xüsusilə diz qapağında ağrıları aradan götürməlkə yanaşı, tərxun həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır.

Tərxun bitkisi potensiyanın gücləndirilməsi üçün də faydalıdır.

Tərxun müalicəvi bitki kimi xalq təbabətində bir çox reseptlərdə istifadə olunur.

Sinir sistemində problemi olanlar, əsəb gərginliyini aradan qaldırmaq istəyənlər üçün bir xörək qaşığı tərxun yarpağını bir stəkan qaynar suda dəmləmək lazımdır. Dəmlənmiş məhlulu bir saat saxladıqdan sonra soyudub gündə üç dəfə 100 qram qəbul etməklə yararlana bilərsiniz.

Yuxusuzluqdan şikayət edənlər bir xörək qaşığı tərxun yarpağını bir stəkan suda 5 dəqiqə qaynatmalı sonra onu bir saat dəmdə saxlamalıdırlar. Alınmış məhlul soyuduqdan sonra yatmazdan qabaq dəsmalı həmin məhlulla isladıb alın hissəyə təpki (kompres) qoymaq lazımdır. Bu normal yuxunuzu təmin edəcək.

İştahanı artırmaq üçün gündəlik içdiyiniz çayı dəmləyərkən ora bir çay qaşığı qurudulmuş tərxun və nar qabığının qabıqlarının qurusunu əlavə edin. 10 dəqiqə dəmdə saxladıqdan sonra üzərinə bir stəkan qaynar su əlavə edin və təkrar 15 dəqiqə dəmdə saxlayın. Gün ərzində 3-4 stəkan hazırlanmış çaydan istifadə etməklə iştahanızı bərpa etmiş olarsınız.

Dəri qızarması, dəridə köpüklərin əmələ gəlməsi, irinləmə zamanı da tərxun köməyinizə çatar. Bunun üçün 20 qram tərxun qurusunu əzmək və yüz qram kərə yağı ilə qarışdırmaq, alınmış kütləni 7 dəqiqə zəif odun üstündə qarışdıra-qarışdıra bişirmək lazımdır. Sonra onu şüşə qaba boşaldaraq soyuducuda saxlayın. Soyudulmuş kremə bənzər kütləni dərinizin problemli hissəsinə pambıqla çəkin.

Tərxunun suyu kosmetik vasitə kimi istifadə olunur. Onu üzə cəkməklə qırışların qarşısını almaq olar və həm də üz dərisi təravətli görünər.

Sərinləşdirici içki hazırlayarkən də tərxundan istifadə etmək olar. Bunun üçün bir dəstə tərxunu xırda-xırda doğrayıb 3 litr suya əlavə edin və qaynayana qədər gözləyin. Qaynamağa başladıqdan bir dəqiqə sonra götürün. İki limonun şirəsini və zövqünüzə uyğun, yaxid təxminən 6-8 xörək qaşığı şəkər tozu əlavə edin. Soyutduqdan sonra için.

Hamilə qadınlara tərxundan istifadə etmək məsləhət görülmür.

Tərxunun sağlamlıq üçün faydalarını nəzərə alaraq ondan bəhrələnin. Yəqin ki, tərxun satanlar da bunu nəzərə alaraq Allah tərəfindən təbiət vasitəsilə bizlərə bəxş olunan bu dəyərli bitkinin qiymətini aşağı salacaqlar.

Ulu Öndərimiz!

Böyük Dostumuz və Liderimiz!

Əziz Heydər Əliyev!

Sizə rəhmət olsun! Ruhunuzu narahat etdiyimizə görə üzr istəyirik. Amma başqa çıxış yolumuz qalmadı. Özünüz bizə dəfələrlə tapşırmışdınız ki, bir çətinliyə düşsək, sizə müraciət edək. İndi məhz o zamandır. Bizi ürəkləndirən odur ki, həmişə ANS-i qiymətləndirmisiniz, qorumusunuz, ən çətin vaxtlarımızda arxa olmusunuz. Azərbaycan xalqının 3 övladının Sovet İttifaqında ilk müstəqil televiziya və radio yaratmaq bacarığına layiqincə dəyər vermiş, “mən bu üç azərbaycanlı gənclə fəxr edirəm!” demisiniz. Hələ 1991-ci ildə, Naxçıvana dönəndə bizi qəbul etməyiniz, çətinliklərdən qorxmamaq, həmişə azərbaycançılıq ideyalarına xidmət etmək barədə verdiyiniz tövsiyələr həmişə fəaliyyət proqramımız olub.

Bizə həmişə həssaslıqla yanaşmısınız, səhvlərimizi də özümüzə şəxsən demisiniz, olub ki, hətta sərt sözlərlə tənbeh də etmisiniz, amma heç vaxt başqalarına bunu etməyə izn verməmisiniz. Sizin tənqidiniz isə bizim üçün əsl universitet olub. Bu gün də Azərbaycana, öyrətdiyiniz kimi, xalqımızın ən yüsək dəyərlərinə sədaqətimizlə fəxr edirik. Allah, Dövlətimiz, xalqımız və ruhunuz qarşısında alnıaçıq və üzü ağıq.

Ulu öndərimiz!

Mənəvi liderimiz!

Bu gün biz ən çətin günlərimizi yaşayırıq. 10 aydan artıqdır ki, keçmiş Sovetlər birliyinin ilk müstəqil televiziya və radiosu bağlanıb. Vətənpərvərliyini və təmizliyini, dəqiqlik və halallığını nümunə göstərdiyiniz, yüksək qiymətləndirdiyiniz, fəxr etdiyiniz, fiziki ömrünüzün sonunda son söz demək üçün seçdiyiniz kanalı terrorçuluğa dəstəkdə günahlandıraraq bağlayıblar.

Azərbaycanın müstəqil dövlət quruculuğunun, Qarabağ müharibəsinin, yaşadığımız vətəndaş müharibəsinin, bölgənin, dünyanın ən yeni tarixinin toplaşdığı, yalnız bizə etbar etdiyiniz müsahibə və görüşlərin qiymətli sübutlarını özündə saxlayan Arxivimizə girişimizə yasaq qoyulub. Müstəqil jurnalistikamızın ən qabaqcıl nümayəndələrinin çalışdığı ANS-in əməkdaşları pərən-pərən düşüb. Müraciət etdiyimiz dövlət qurumları bizə yalnız sükutla cavab verirlər. Həmişə özümüzə dost və qardaş, demokratik azadlıqların təminatçısı hesab etdiyimiz, səs verdiyimiz Prezidentə səsimiz gedib çatmır.Beynəlxalq qurumların Azərbaycanda inkişaf və vicdanlı informasiya modeli saydığı qurumun bağlanması onu milyon manatlarla borcla üz-üzə qoyub.

Sizin bizə ilk müstəqil televiziya və radio binasının inşası üçün təklif verib ayırdığınız, prezident İlham Əliyevin xeyir-dua və sərəncamı ilə 2015-ci ilin martında tikintisinə başladığımız layihənin mənzərəsi bu gün miskin bir xarabalığı xatırladır. ANS 25 illik keçmişindən məhrum edilib. Otaqlarımızın qapısı hüquq-mühafizə orqanlarının əmri ilə möhürlənib. Öz əmlakımıza əl vura bilmirik. Siz bizə “Azərbaycanda qazanın, Azərbaycana sərmayə qoyun!” deyərdiniz. Biz bütün qazandıqlarımızı Azərbaycanımıza yatırmışıq. Bu əməlimizlə fəxr etmişik. Amma indi faktiki olaraq heç nəsiz qalmışıq. ANS bağlanıb. Əlbəttə, bu, böyük dərddir. Amma daha böyük dərd də var: biz gələcəyimizdən məhrum edilmişik. Yeganə bacardığımız peşəyə, canımızı və ömrümüzü qoyduğumuz jurnalistika fəaliyyətinə, bu yolla Azərbaycana xidmət edə biləcəyimiz illərə - GƏLƏCƏYİMİZƏ də yasaq qoyulub.

ÜMİD YERİMİZ ULU ÖNDƏR!

Sizdən ümid gözləyirik. Biz heç vaxt terrorçu olmamışıq, bunu Siz hamıdan yaxşı bilirsiniz, əksinə Azərbaycanın məruz qaldığı terror aktlarının lentə alanı, tarixə köçürəni ANS olub. Bu gün dünya Ermənistanın törətdiyi terror aktlarını məhz ANS-in kadrlarının şahidliyi ilə məhkum edir. Azərbaycan gəncliyi bu günkü vətənpərvər ruhu ilə həm də ANS-in 25 illik xidmətinə borcludur.

Haqsızlığın nə qədər ağır olduğunu, layiq olmadığın cəzanın ağrısını Sizdən yaxşı kim bilir ki?

Bu gün biz də belə bir əzab, bir anlaşılmazlığın yaratdlğı problemin işgəncəsini yaşayırıq. Bizim üzərimizdən “terrorçu” damğasının götürülməsinə yardım edin. Bu adla yaşamaq, valideynlərimizin, balalarımızın, doğmalarımızın, vətənpərvərlik ruhu aşıladığımız milyonlarla insanın gözünün içinə baxmaq çox ağırdır. “Buyurun, bu da Sizin qulluq etdiyiniz dövlətin Sizə verdiyi qiymət!” kimi acı qınaqlardan bizi qurtarın. Əlbəttə, səhvimiz də olub. Siz özünüz də həmişə deyərdiniz ki, “səhv yalnız qəbristanlıqda olmur”. Amma bu səhvlərin heç biri cinayət deyil. İş olan yerdə səhvin də, anlaşılmazlığın da olması təbiidir. Biz Sizin yolunuzla gedirik. Bundan sonra da öz yolumuzu dəyişmək niyyətimiz yoxdur! Yolunuzun layiqli yoldaşlarını bu dəfə də darda qoymayacağınıza inanırıq.

Biz Sizə burda, yanımızda olanda İlin Adamı dedik, bu adı bizdən alarkən ANS-i şərəfləndirmiş, bizə, obyektivliyimizə yüksək dəyər vermişdiniz. İndi isə Sizə Əbədiyyət Adamı kimi üz tuturuq.Qiymətinizə yenə və daha çox ehtiyacımız var! Son sözü Siz deyin. Qoy adınız və ruhunuz köməyimiz olsun!

ANS kollektivi

Çərşənbə axşamı, 16 May 2017 00:00

Bakı kəndləri və tatlar.

Yazan

Allahın adı ilə.

Müasir dövrümüzdə müzakirə edilən mövzulardan biri də Bakı əhalisinin milli mənsubiyyəti məsələsidir.

Dəyərli tarixçimiz Ələkbər Ələkbərov yazır: “Bakı kəndlərinin əksəriyyəti (Suraxanı və Balaxanı istisna olmaqla) türk kəndləridir. Bəzi kəndlərdə “tat” məhəllələri də vardır. Amma bu heç də o demək deyil ki, tatlar orada üstünlük təşkil edir və biz “tat” deyəndə mütləq irandilli xalqların nümayəndələrini nəzərdə tutmalıyıq, çünki yerli əhali hazırda da cənubdan bura gələn türklərə bəzən “tat” da deyir. Bu problem isə çox vaxt dolaşıq yaradan məsələlərdən biri olub və bəzən buna əsasən elmi ədəbiyyatda da Bakı əhalisini “iran mənşəli” kimi təqdim etməyə cəhdlər də edilib.” (“Bakı möcüzələri”, Ələkbər Ələkbərov).

Hörmətli tarixçimiz iddia edir ki, guya Bakının iki kəndi – Suraxanı və Balaxanı istisna olmaqla qalan kəndlər türk kəndləri imiş.

Ancaq, Bakı xanlarının nəslindən olan, əslən bakılı olan, Azərbaycanın görkəmli ziyalısı, mərhum Abbasqulu ağa Bakıxanov (1794 -1847) məşhur “Gülüstani-İrəm” adlı əsərində bildirir ki, altı tərəkəmə kəndi xaric, Bakı əhlinin hamısı tat dilində danışırlar. Görkəmli ziyalımız yazır: “Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan mahalda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək, Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində - altı tərəkəmə kəndindən başqa - bütün əhali tat dilində danışır. Məlum olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi – xüsusi dilə malik olan Xınalıq kəndindən başqa - Samur və Kürə nahiyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı, müxtəlif ləhcəli xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan əhalini moğol adlandırırlar.” (“Gülüstani-İrəm”, Abbasqulu ağa Bakıxanov. Səh. 30. Bakı-1951).

Azərbaycanın digər görkəmli ziyalısı Həsən Bəy Zərdabi (1837-1907) də Bakı kəndlərində tat dilinin hakim olduğu faktını təsdiqləyir. Hörmətli ziyalımız “Dil davası” adlı məqaləsində yazır: “Bakı kəndlərinin əhli bu axır zamanacan tat dili danışırlar və bu halda da kəndlərin çoxu o dili danışır. Amma onların hamısı türk dilində də danışırlar. Ona görə demək olur ki, burada da tatlar türkləşirlər. Bircə Lənkəran uyezdində talış mahalında tatlar qalıblar ki, onların ətrafında olan türklər mirur ilə (tədricən - N.S.) onları da türkləşdirəcəkdirlər.” (“Dil davası”, Həsən bəy Zərdabi. "Həyat" qəzeti №12, 13 yanvar 1906-cı il).

Məsələ burasındadır ki, Həsən bəy Zərdabinin də qeyd etdiyi kimi, o dövrdə “türkləşdirmə” siyasəti aparılır, tatlar “türkləşdirilirdilər”.

Bakı əhalisinin əksəriyyətinin türk olduğu, çox az hissəsinin tat olduğu iddiası da bir növ həmin siyasətin tərkib hissəsidir. Lakin, həqiqətə zidd olan bu kimi əsassız iddialar irəli sürmək mənasızdır. Tariximiz bizim tariximizdir. “Bizim” olması üçün onu “türkləşdirməyə” ehtiyac yoxdur.

Unutmamalıyıq ki, milliyyətindən asılı olmayaraq hər kəs Adəmin (ə) övladıdır. Bütün millətlərin kökü birdir. Yaradılış baxımından bütün insanlar bir-biriylə qardaşdır. Heç bir millətin digərindən öz-özlüyündə heç bir üstünlüyü yoxdur. Allahın yanında üstünlük yalnız təqvaya görədir.

Yazını görkəmli ziyalımız, yazıçı Anarın sözləri ilə bitirmək istəyirəm. Hörmətli Anar “Azərbaycançılıq haqqında düşüncələr” adlı məqaləsində yazır: “Xalqlar dostluğundan danışanda, əlbəttə, bu anlayışın ən vacib tərəfi Azərbaycanın öz içində yaşayan müxtəlif xalqların doğmalığıdır. Azərbaycanda yaşayan xalqların özlərini azərbaycanlı sayması ədalətli və düzgündür. Amma azərbaycanlı olmaqla yanaşı, ləzgi ləzgiliyini, talış talışlığını, avar avarlığını, tat tatlığını, kürd kürdlüyünü danmamalıdır və danmır. Eyni cür Azərbaycan türkü də azərbaycanlı olmaqla bərabər, türklüyünü danmamalıdır. Bir şərtlə. Vaxtilə müəyyən kontekstdə deyilmiş "Türkün türkdən başqa dostu yoxdur" sözlərini birdəfəlik unutmaq şərtilə. Sovet vaxtında yasaq olunmuş, açıq, ya gizli daşıyıcıları təqiblərə, cəzalara, ölümə, sürgünə məhkum edilmiş türkçülük ideyalarının bu gün dirçəlməsini təbii hal kimi qəbul etmək lazımdır. Amma bu işdə də ifrata varmaq olmaz. Türkçülüyü sırf filoloji qavramda qəbul edərək real tarixi gerçəklərə göz yummaq mənasızdır. Yəni dilimizin tarixi kökləri baxımından qazax, ya başqırd mənə nə qədər yaxın olsa da, ayrı dil sistemində danışan talışdan, ləzgidən, ya kürddən yaxın deyil. Əsrlər boyu adət-ənənələri, məişət özəllikləri, əxlaq anlayışları, nəhayət, mətbəxləri bir olmuş tat, avar mənə eyni dil sisteminə malik olduğum xakasdan, ya yakutdan doğmadır. Ailə bağları da Azəri türklərini çuvaşlarla, ya tuvalılarla deyil, talışlarla, kürdlərlə, ləzgilərlə və özünə qürurla "Azərbaycanlıyam" deyən bütün başqa millətlərlə bağlayır.” (“Əsərlər (IV cild)”, Anar. Səh. 25-26. Nurlan, Bakı, 2004. “Azərbaycançılıq haqqında düşüncələr (Noyabr, 1999)” məqaləsindən.).

Nicat Səfərov

Azərbaycanda bir neçə sayta (Azadlıq qəzetinin, Azadlıq radiosunun, Azərbaycan Saatı teleproqramının, Turan TV-nin və MeydanTV-nin saytları) girişin bloklanmasına dair Nəqliyyat, Rabitə və İnformasiya Nazirliyinin iddiası ilə keçirilən məhkəmə prosesi başa çatıb.

Məhkəmə Nazirliyin iddiasını qismən təmin edib. Nazirlik sadalanan saytlara girişin bloklanması ilə yanaşı, onların məlumatlarını yayan başqa internet resursların da bloklanmasını istəmişdi.

Məhkəmə adları çəkilən saytların bloklanması iddiasını təmin edib, lakin onların məlumatlarını yayan başqa resursların bloklanması iddiasını təmin etməyib.

"Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır"

Bunu Prezident İlham Əliyev ümummilli liderin anadan olmasının 94-cü ildönümünə həsr olunan təntənəli mərasimdə deyib.

O bildirib ki, Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir:

"Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, Ordumuzu ləkələsinlər. Ordu quruculuğunun təməlini Heydər Əliyev qoyub. Biz isə onun davamçılarıyıq, bu yolla gedirik və Ordumuz üçün nə lazımdırsa onu da edəcəyik"

Əli Əliyev: "Azərbaycan yolayrıcında, sükan da prezident Əliyevin əlindədir. İstiqamətlərdən biri Suriya və əsarət istiqaməti, digəri isə böyük və qüdrətli Azərbaycana doğrudur”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Yeniçağ.az saytına geniş müsahibə verib.

Xeber.İNfo saytı həmin müsahibəni təqdim edir:

– Dialoqa bütün müsahiblərimə ünvanladığım ənənəvi bir sualla başlayacam. Maraqlıdır, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bu gün dünyaya hansı "pəncərədən” baxır və nələri görür?

– Bir partiya sədri olaraq aydındır ki, bu gün dünyaya siyasət "pəncərəsindən” baxıram. Bir halda ki, bu ictimai mükəlləfiyyəti üzərimə çəkmişəm, deməli hadisələrə də peşəkar yanaşmalıyam. Görünən odur ki, dünya mürəkkəb, Azərbaycan isə daha gərgin qavranılır. Çünki dünyanın müşküllərinin izini də daşımaq məcburiyyətindəyik. Özəl problemlərimizi də obyektiv proseslərə "yüklədikdə” mənzərə acınacaqlı təəssürat yaradır. Dünya böyük güclərin toqquşması fazasını yaşayır.

"Dünya növbəti dönəmdə necə idarə olunacaq” sualına cavab axtarılır. Trampın gəlişindən sonra meydana çıxmış tablo ürəkaçan deyil. Lakin bundan əvvəlki daha eybəcər idi. Obamanın amorf davranışı dünyada gərginliyi və hərc-mərcliyi artırmışdı. Rusiya, İran, Şimali Koreya, müxtəlif terrorçu qurumlar transmilli mahiyyətli mövqelər göstərməyə başlamışdılar.

Avropa Birliyindəki dezinteqrasiya, Avropada ultra qüvvələrin siyasi dövriyyəyə girməsi, aşkar şəkildə suveren dövlətlərin torpaqlarının işğalı, seçkilərə müdaxilələr, hibrid müharibələri dünyanı çalxalayır. Azərbaycanımızda vəziyyət, deyilənlərə rəğmən, daha gərgindir. Qlobal dünyada miqyaslı proseslərdən qorunmaq çox mürəkkəbdir.

Qonşularımızın hamısı bu "oyun”ların içərisində yer alır. Həm Rusiya, həm İran yeni ABŞ administrasiyasının hədəfindədirlər.

Qardaş Türkiyəni daxili və xarici müharibəyə, dövlət çevrilişlərinə sürükləməklə, əsas müttəfiqimizin müvazinətini pozmağa cəhdlər var.

Dünyanın ən qaynar nöqtəsi – Suriya ilə coğrafi məsafəmiz bir neçə yüz kilometrdir. Bunların hamısı bir tərəfə qoyulduqda daxili mühitimiz qeyri-sağlamdır. Hakimiyyətin daxilindəki mühit-korrupsiya, kriminal ünsürlər, iqtisadi model, maliyyə böhranı, qruplaşmalar, müharibə ovqatı, siyasi qütbləşmə və avtoritarizmdən diktaturaya yuvarlanma, siyasi instusional deqradasiya, ictimai müqavimətin məhvi, mətbuatın "özəlləşdirilməsi” və sair amillər Azərbaycanın perspektivinə kölgə salır. Hakimiyyətin bütün psevdo mahiyyətli dəlilləri – "analoqsuz inkişaf”, "regionun lider dövləti”, "Azərbaycanda demokratiya, insan, vicdan, söz və düşüncə azadlıqları mövcuddur”, "Lazım olsa Qarabağı azad edəcəyik” , "Azərbaycan diplomatiyasının uğurları” kimi deyim və çağırışların nəticəsizliyi göz önündədir. Hökm sürən sabitlik hüzur və rifahdan törəməyib, təzyiq və təhrikdən, ölkənin polis dəyənəyi ilə idarə olunmasından törəyib və aldadıcıdır. Heç bir avtoritar və ya diktatur cəmiyyətdə ictimai asayiş pozulmur. Belə cəmiyyətlərdə sakitliyə inqilablar son qoyur, qalan zamanlar elə bizdəki kimi zahiri "əmin-amanlıq” olur.

Ölkədə sabitliyin və rəvan keçidin bəlkə də ən ardıcıl tərəfdarlarındanam. Lakin təəssüf ki, hakimiyyətimiz cəmiyyəti öz tövrü ilə məxməri proseslərdən uzaqlaşdırır, cəmiyyətin haqlarını "ayağı” altına almaqda israrlı görünür. Ölkədə respublika dəyərləri düşünülmüş şəkildə sıradan çıxarılır. Daxili istinadı olmadığından, qərar qəbul edənlər daha çox kənar maraqlardan çıxış etməyə üstünlük verirlər. Nə isə… Siyasət prizmasından dünya və bizim vətənimiz belə görünür. Əlbəttə ki, bu, mənim subyektiv təəssüratlarımdır.

– Əli bəy, "müxalifət düşərgəsi” deyilən siyasi cəbhənin mövcudluğu vaxtilə müzakirələrdə olsa da görünürdü. Bu düşərgənin "vahidlik və birgəlik” zərurətindən danışılır, əks təqdirdə ümumi məğlubiyyətin qaçılmaz olduğu "siqnalı verilərdi”. Artıq "müxalifətin qatarı ötüb keçdi” deyirlər. Hətta kimlərəsə siyasi müxalifətçilikdən söz açmaq belə, gülünc görünür. Buna görə də müxalifət partiyalarının liderləri ittiham olundular. Baxın, bu gün belə bir siyasətçiyə bu mövzuda danışmaq mənasız gəlirsə, bu duruma nə ad verilməlidir?

– İlk suala cavabda bəzi məqamlara toxundum. Bir az üzərində duraq ki, aydınlıq yaransın. Normal siyasi mühitin necəliyi hakimiyyətin qərarlarından birbaşa asılı məsələdir. Dünyanın hansı demokratiyadan uzaq ölkəsində güclü müxalifət görünüb, yaxud ciddi siyasi qüvvələrdən danışmaq olur? Bir dənə də olsun belə nümunə yoxdur. Ola da bilməz. Belə alternativlik siyasi mühiti və dövlətçilik prinsipləri qorunan dövlətlərdə rast gəlinir.

Misal: Zimbabve və Afrika qitəsinin ən qəddar sayılan diktatoru Robert Muqabe belə, 35 illik hakimiyyəti dövründə parlament çoxluğunu müxalifətə verdiyi dönəmlər, prezident seçkilərinin ikinci turunun keçirildiyi zamanlar olub. Azərbaycanda buna rast gəldinizmi? 24 illik YAP idarəçiliyi zamanı alternativliyin, qanuniliyin seçkilərdə izini görən oldumu?

Yaxud bu gün dünyanın "qamçıladığı” Venesuela prezidenti Maduro parlament seçkilərini rəsmən uduzub. Bizdə belə bir halı təsəvvür edirsinizmi?

Myanmada hərbi xunta belə, hakimiyyəti könüllü şəkildə alternativ siyasi gücə təslim etdi.

Nümunələr ona görə lazımdır ki, ölkədəki vəziyyəti müqayisəli şəkildə qavrayaq. Gətirdiyim misallar dünyanın ən qəddar rejimləri hesab edilən ölkələrdir. Bununla belə, oradakı siyasi reallıqlar bizdən xeyli üstündür. Azərbaycanda baş verənlər müxalifət düşərgəsinin problemi deyil, cəmiyyətin müşkülüdür. Hakimiyyət dövlətin təməli olan siyasi institutları məqsədyönlü şəkildə sıradan çıxarır. Məhv etdiyinin yerində müqəvva yaradır. Bu, həm siyasi partiyalar, həm QHT-lər, həm mətbuata aiddir. Tamamilə təslim olmayanlar dissident fəaliyyətilə, yaxud təqiyyə şəraitində iqtidara "qulluq” edirlər. Belə şəraitdə müxalifəti qınamaq ən azı haqsızlıqdır. Müxalifət cəmiyyətin inikasıdır.

Müxalifət cəmiyyətdən güc almalı, ona bənzəməlidir. İqtidara qarşı dissident qismində fəaliyyət göstərən fərdlərimiz varsa, həbsdə siyasi və vicdan məhbuslarımız qalmaqdadırsa, deməli, bu iqtidar qalib deyil. Öz xalqına divan tutmaq, onu normal inkişafdan saxlamaq, milləti müxtəlif yaramaz meyarlarla sortlaşdırmaq heç kəsə uzun vədəli prosesdə uğur gətirməyib. Belə düşünənlər strateji düşünə bilmirlər.

Zorakılığın daim sonu olur. Təmənnasız xidmət insanlığın qəlbində "yuva” sala bilər. Rəsulzadə və Atatürk nümunələri bunun ən bariz misallarıdır.

Azərbaycanda mövcud haqsızlıqla mübarizə aparan xeyli sayda insan var. Ondan da dəfələrlə çox susqun şəkildə etiraz edənlər, pıçıltı ilə şikayətlənənlər və sair insanımız var. Bizim problemimiz müxalifətin birliyi problemi deyil. Vahid namizəd postulatı da xilas resepti deyil. Hərçənd ki, hər iki məfhum əhəmiyyətli uğur formulları ola bilər. Bizim problemimiz heç YAP da deyil. O, Azərbaycanın sərvətlərini sümürmyə girişmiş beynəlxalq konqlomeratın yalnız üzdə olan hissəsidir. Ona görə də siyasi davamızda özümüzü haqsızcasına döyəcləməməliyik. Bu xalq kimliyini 30 il qabaq dünyaya sübut edib, bir daha edəcəyinə hamı əmin ola bilər. Bizə beynəlxalq şərtlərin uyğunluğunu gözləmək lazımdır. O zaman gələcək. İnşallah, proses inkişaf etdikcə, xalqımızın əzmi ortaya çıxacaq.

– VİP özünü kimin varisi sayır və bu gün siyasi proseslərdəki fəaliyyətini nə dərəcədə qanedici hesab edir?

– VİP ideoloji baxımdan özünü Uzun Həsənin, Səfəvilərin, Əfşarların, Qacarların, Rəsulzadənin varisi sayır. Böyük Azərbaycanın dövlət xadimlərinin nəhəng irsi bizim tarixi mirasımız, qibtə mənbəyimizdir.

Dünyada imperiya qurmaq hər millətə nəsib olmayıb. Biz bunu bacaran azsaylı dünya xalqlarındanıq. Biz Azərbaycan türkləri və azərbaycanlılar parlaq keçmişə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, böyük mədəniyyətə malik millətik. Bizi kiçik, fərsiz, bacarıqsız göstərməyə çalışanlar uğursuz olacaqlar, inşallah. Əminəm ki, hakimiyyətimizə sahibləndikdən sonra böyük hədəflərimizə çatacağıq. Buna inanmaq və uğrunda yola davam etmək lazımdır. Təəssüf ki, YAP iqtidarını yolumuzdakı əngəl kimi qaldıra bilmirik. Ən təəssüfləndirici fakt budur.

– Ölkənin ictimai-siyasi həyatında müşahidə olunan durğunluq, siyasi təşkilatların qeyri-aktivliyi müxtəlif amplualarda təhlil olunur. Sanki hamı bu vəziyyəti kənardan izləməyə məhkum edilib və bu, "siyasətsizliyin” "hökmdar” olması ilə səciyyələndirilir. Belə bir vəziyyətin yaranması nəyə işarədir?

– Durğunluq hakimiyyətin yaratdığı idarəçilik üslubudur. Yadınızdadır, Qorbaçov hakimiyyətə gəldikdə sovet dönəmini bu terminlə xarakterizə etdi: durğunluq!

Bu yaxınlarda dərin hörmət bəslədiyim İlyas İsmayılovla söhbətimiz zamanı Kremlin əsas həkimi Çazovun memuarlarını oxuduğunu dedi. Suslova istinadən Çazovun İlyas müəllimin dilindən eşitdiyim kəlməsi yaddaşımda özünə yer etdi: "Kadrların dəyişməzliyi siyasi uğurun rəhnidir”. Bu, nəhəng SSRİ-nin Siyasi büro üzvünün dediyi ifadədir. Necə də bizdəki isteblişmenti xarakterizə edən fikirdir. Deyilmi?

SSRİ-nin aqibəti hamıya bəllidir. Durğunluq müəyyən dövrə qədər effektlidir. Sonrası fəsada yol açır. Bizdə də belə olacağına şübhə olmasın.

– Bu gün daxildə siyasi partiyaların fəaliyyətsiz durumu özünüinkarla müşahidə olunur. Gənc siyasətçilərin meydana çıxmasının qarşısını alan nədir?

– Mənə görə siyasi meydanın qapısı yoxdur. Ümumiyyətlə, meydanların qapıları olmur. Kim nə vaxt meydana çıxmağa təşəbbüs etdi ki, ona mane oldular? Başqa məsələdir ki, siyasət özü də rəqabət meydanıdır. Kim xoşluqla öz yerini kimə isə güzəştə gedir? Təbiətdə də bu belədir. Cavan şir qocalmış dəstə başçısını döyüşərək qovur, onun balalarını boğub öldürür və mirasına sahiblənir. Təbiətin amansız da olsa, yeganə hərəkətverici qüvvəsi belə rəqabətdir. İnanmıram ki, meydana çıxmaq üçün istəyi, gücü, ağlı və savadı olan kiminsə qarşısını almaq mümkün olsun. Messinin qarşısını yaşıl zəmidə kim ala bilərdi? Eləcə də siyasətə gəlmək istəyən "Messi”ləri heç kəs saxlaya bilməz. Sadəcə olaraq, bu gün siyasət rentabelli və təhlükəsiz karyera üçün münasib peşə deyil. Ona görə də gənclər bura həvəslə qoşulmurlar. İnanıram ki, şərait yarandıqda belələrinin sayı minlərlə olacaq. Əslində, qurtuluş da oradadır. Çünki gəncliyi olmayan istənilən hərəkat gücsüz olacaq.

– Bu gün dünyada gedən gərgin proseslər fonunda ölkənin hazırki ideoloji durumunu necə qiymətləndirmək olar və bu müstəvidə ictimai-siyasi təşkilatların rolu hansı səviyyədə görünür?

– Azərbaycanda ən bərbad vəziyyət ideoloji sahədədir. Dünyada sınaqdan çıxmış heç bir ideoloji prinsiplər cəmiyyətdə yer tuta bilməyib. Cəmiyyətdə siyasi baxımdan ideoloji vakuum mövcuddur. Bu boşluğu isə pis-yaxşı dini təmayüllər zəbt etməkdədir. Bu, ölkə üçün yavaşıdılmış bombadır. İnstusional tükənən siyasi məkan mövcud şəraitdə cəmiyyətin siyasi maarif işinin öhdəsindən gələ bilmir. Bu, bilərəkdən edilir. Çünki istənilən ideoloji cərəyanın davamı ilə təşkilatlanma zərurəti yaranır. Cəmiyyətin təşkilatlanması isə istənilən avtoritar hakimiyyət üçün başağrısı, yuxusuz gecələrdir.

– Təbii olaraq insan potensialına dayanan cəmiyyətlərin mədəni inkişaf tempi fərdlərin hüquq və haqlarının müdafiəsi üzərində formalaşır və bu sistem məhz insan həyatının təkmilləşməsinə yönələn qanunlarla nizamlanır. Sizcə, bu cür sifarişlər Azərbaycanda özünü necə doğruldur?

– Bu gün yürüdülən səhv siyasət nəticəsində Vətəndə perspektivə inanmayan passionar gənclik ölkəni tərk edir. Hər bir maddənin necəliyi onun molekulundan asılıdırsa, cəmiyyətin də keyfiyyəti vətəndaşın necəliyindən asılıdır. Bu, birinci postulatdır. Fərd qızıl da, platin də, qaz halında olan digər maddə də ola bilər. Şəxsin necəliyi ona dövlətin münasibətindən asılıdır. Necə ki, övlad ailədə gördüyündən ibrət götürər, eləcə də vətəndaş yaşadığı cəmiyyətin xüsuslarını özündə yaşadar. İmam Əlinin bir kəlamı yerinə düşər: "İnsanlar valideynlərindən çox, zamanələrinə bənzəyərlər”.

Cəmiyyət insanımızı qızıla da bənzədə bilər, təsirsiz qaza da. O qalır cəmiyyətin inkişafını müəyyən edən hakimlərin vicdanına…

İkinci postulat bu fərdlərin cəmiyyətdəki düzənidir. Özü-özlüyündə fərdlərin keyfiyyəti cəmiyyətin keyfiyyətində vacib, lakin həlledici amil deyildir. İctimai münasibətlər sistemi, azadlıqlar, ədalət və s. mühüm dəyərlər cəmiyyətin əyyarını müəyyən edir.

Yenə təbiətdən misal gətirmək istəyirəm. Dünyanın ən sərt və bahalı maddəsi almazdır. Çox qəribədir ki, onun kimyəvi tərkibi, yəni molekulları qrafit (karandaş) ilə eynidir. Hər iki maddə C atomlarından təşkil olunub. Sadəcə, fəza quruluşlarında fərq vardır. Deməli, eyni maddə bir cür təşkil olunduqda çox sərt, başqa cür yığıldıqda çox yumşaq ola bilir. Azərbaycan iqtidarı bu iki postulatın heç brində maraqlı görünmür. Nə yüksək dəyərləri bölüşən vətəndaş, nə də onların birliyindən formalaşan yüksək dəyərləri yaşadan ədalətli cəmiyyət… Sanki daha çox ona çalışılır ki, cəmiyyət zəif, fərdlər bioloji varlıq olsunlar.

– Dağlıq Qarabağ münaqişəsi və regionda yaranmış gərginliklə bağlı aparılan danışıqlar və həll prosesinin süni olaraq uzadılması, eləcə də ATƏT-in Minsk qrupunun boş vədlərinə olan etirazlar sonda bizdən hansı addımların atılmasını tələb edir?

– Dağlıq Qarabağ məsələsinin bugünkü şərtlər daxilində həllini mümkünsüz görürəm. Bir partiya sədri kimi bu məsələnin həlli üçün iqtidara istənilən dəstəyi verməyə hazıram. Lakin belə hakimiyyətin məsələ çözəcəyinə inamım azdır. Hakimiyyətin ən yüksək qatında problemi yaratmış dövlətin rezidentlərinin olması haqda söz-söhbət gəzirsə, yenə də həmin qatda erməni qohumluğu olan şəxslər çoxdursa, hakimiyyət başqa dövlətin sözünü icra etmək məcburiyyətindədirsə, problemin həllindən danışmaq tezdir. Səmimi şəkildə inanıram ki, İlham Əliyev torpaqların azad edilməsinə səy göstərir. Lakin onun rəhbərlik etdiyi komandanın və dövlətin siyasi reallıqları bu uğuru mümkünsüz edir. Mənim üçün düşməni kimin əzəcəyinin fərqi yoxdur. Qoy bu tarixi şansı o reallaşdırsın. Şərtləri heç cür uyğun görmürəm. Hakimiyyət başqalarının yükündən azad olmayana qədər uğura inanmıram. Torpaqlar yalnız uyğun beynəlxalq şəraitdə öz gücümüz hesabına qaytarıla bilər. Gücümüz isə təksə hərbi qüdrətdə deyil. Müasir dünyada güc iqtisadi, hüquqi, maliyyə, demokratiya, azad mətbuat, şəffaf cəmiyyət və s. məfhumları ehtiva edir.

– Bu gün Azərbaycana qarşı işləyən hansı xarici təsirlər var və bu, özünü nədə göstərir?

– Azərbaycan, hakimiyyətin yürütdüyü siyasət nəticəsində, elə yalnız xarici təsirdən asılı hala gəlib. İradəsi sındırlmış cəmiyyətdə başqa hansı faktor işləyə bilər ki? Bu günlərdə facebook hesabımdan yeganə müttəfiqimiz Türkiyə ilə viza rejiminin qalması barədə yazmışdım. Bu biabırçılıq deyilmi? Türk vətəndaşı Rusiyaya, Yaponiyaya, Braziliyaya və onlarla başqa ölkəyə vizasız gedə bilir, Azərbaycana isə yox. Budurmu "İki dövlət, bir millət" şüarı? Bilirsiz, viza rejimi niyə saxlanır? Çünki İranla Rusiya bunu istəmir. Xarici təsirin bariz nümunəsi deyilmi bu ? Yaxud prezident Əliyevin aprel döyüşləri zamanı öz dili ilə hərbi əməliyyatların dayandırlmasının Rusiyanın "xahişi” ilə etdiyini etiraf etmədimi? Fikrimcə, legitim hakimiyyətə sahib olmayan istənilən kiçik dövlət xarici təsirə həssas olur. Bu baxımdan Azərbaycan bütöv halda xarici faktorun əsarətindədir. Düşünürəm ki, bu ilin ikinci yarısında, ən geci isə təqvimdə nəzərdə tutulduğu kimi növbəti prezident seçkilərində legitim prezidentlik institutu formalaşdırılmalıdır. YAP-ın bu seçkilərə yeni sima ilə qatılacağı qənaətindəyəm. Bu seçkilər xarici asılılıqdan qurtulmaq üçün vacib proses ola bilər.

– Bu günün ictimai münasibətlərində daha çox kommersiya xarakterli, qeyri-ciddi nüanslar ortaya çıxır. Bütün sahələrdə bir "bazarlıq” var. Bu da öz təsirini insanların rəftarından tutmuş, musiqi, din, ədəbiyyat, televiziya, siyasətdə də göstərir. Bu mənada sizi daha çox narahat edən məqamlar hansılardır?

– Bu sırada ən çox narahatlıq doğuran dəyərlərin devalvasiyasıdır. Baxın, kiçik istisnalarla, hansı ziyalımız xalqın düşdüyü vəziyyətdən danışır, xalqın müdafiəçisi qismində çıxış edir? Prezident təqaüdü uğrunda, başqa sözlə qarnı, bioloji ehtiyacları uğrunda mübarizə necə amansız şəkildə gedir. Düz deyirsiniz ki, kommersiya, yəni şıdırğı alver gedir. Görün siyasət nəhəngləri necə cırtdana çevriliblər. Vəzirova, Mütəllibova, bir az da Heydər Əliyevə od püskürən siyasi liliputlar İlham Əliyevin əl pişiyinə necə çevriliblər? Mədəniyyət xadimlərinin bu gün susmasına, çoxlarının "qarın otarmasına” bir söz deyə bilmərəm. Yaradıcı adamlar siyasətin subyekti deyillər. Yaratmaları üçün yeməlidirlər. Belələrini "xalqın ziyalısı” adlandırmamaq yetər. Zatən də təslim olmamış mədəniyyət xadimlərimiz də var, bunu qeyd etməmək günahdır. Satqınlıq, xəyanət, tülkülük… Bu sözlərin hamısı bir yerdə baş verənləri əks etdirməz. Bu gün bütün sferalar dürüstlüyə acıyıb. Dəyərləri qorumuş, təslim olmamış, ədalətsizliklə sinə-sinəyə duran insanları cəmiyyətin nümunəsinə çevirməyi bacarmalıyıq. Onların bu haqqı reallaşmalıdır. Cəmiyyəti nümunələr irəli apara bilər. Şükür Yaradanın lütfünə ki, belələri də kifayət qədərdir.

– İctimai-siyasi proseslərdə fəal olan bir siyasətçi, partiya sədri olaraq fəaliyyəti sırasında bədii yaradıcılığa yer ayırdımı?

– Yaradıcılığın bədii hissəsi ilə heç vaxt məşğul olmamışam. Mən pedaqoji və elmi fəaliyyətlə məşğulam. Ən çox sevdiyim məşğuliyyət növü isə peşə seçdiyim siyasətdir. Burada o qədər çox, ümmansız işlər var ki, onları görsək, millətə ən dəyərli xidməti göstərmiş olarıq.

– Bütün bu proseslərə nəzər salaraq bu gün nələrin olacağını gözləyirsiniz?

– Azərbaycan yolayrıcında, sükan da prezident Əliyevin əlindədir. İstiqamətlərdən biri Suriya və əsarət istiqaməti, digəri isə böyük və qüdrətli Azərbaycana doğrudur. Yolayrıcında durmağa vaxt çox qalmayıb, Tramp prosesləri sürətləndirib. Hansı istiqamətdə gedəcəyimiz tək Prezidentdən də asılı deyil. Sükan onun əlindədir. Xalq və siyasi camiə öz sözünü deməyi bacarmalıdır. Əgər ciddi müqavimət təşkil edə bilsək, istiqamətimiz ədalətli cəmiyyətə doğru olacaq. Edə bilməsək, şəxsi təhlükəsizlik baxımından Rusiya adlı "sakit” liman seçiləcək. Lakin bu halda onun "sakitliyi” səksəkəli Yanukoviçin həyatından heç nə ilə fərqlənməyəcək və müvəqqəti olacaq.

O b4itLG Nida Vətəndaş Hərəkatının üzvü Tural Qurbanlı Gürcüstanda naməlum şəxs tərəfindən izlənildiyini iddia edir. Bu  barədə T.Qurbanlı FB səhifəsində həmin şəxsin fotosunu yerləşdirib və belə yazıb: “Bu şəxs bizi izləyir hotelin  qabağında müşahidə aparır və məlumat ötürür. Yaxınlaşıb kim olduğunu soruşdum, azərbaycanlı idi qonaq olduğunu  dedi. Bu adam səhər Leyla Mustafayevanı da başqa maşınla izləyirmiş”.

 Qeyd edək ki, iki gün öncə (29 may 2017) jurnalist Əfqan Muxtarlı Gürcüstandan başına torba keçirilərək  Azərbaycana gətirilib və haqqında cinayət işi açılaraq həbs edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror N.Kərimova 9 il, İ.Əhədova isə 7 il cəza istəyib.

Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İ.Əhədova isə 5 il həbs cəzası verilib.

Rəhmətulla Eyvazov: “Ölkəmiz və cəmiyyətimiz üçün sağlam, güclü, iradəli və vətənpərvər idmançılar yetişdirmək ən böyük istəyimizdir”.

“Kapoeyra Qərb döyüş növü olsa da, fəlsəfi baxımdan daha zəngindir. Bu idman növünü bir çox cəhətlər fərqləndirir”. Bu sözləri Azərbaycan Kapoeyra Federasiyasının idarə heyyətinin üzvü, beynəlxaq səviyyəli təlimatçı Eyvazov Rəhmətulla Xeber.İnfo-nun suallarını cavablandırarkən deyib.

R.Eyvazov hesab edir ki, kapoeyranı başqa idman növlərindən əsasən musiqi fərqləndirir: “Kapoeyra xüsusi müsiqi və döyüş qaydaları ilə fərqlənir. Kapoeyra daha cox ekstrimal idman növü kimi insanları cəlb edir. Daha cox oğlanlar məşğul olsalar da, hər gün qızların sayı artır. Hətta qadın məşqçilərimiz də var. Zallardan biri xanımların ixtiyarındadır. Kapoeyra qeyri-olimpia idman növüdür. Amma dövlətimizin diqqət və qayğısı həmişə üzərimizdə olub. 10-larla kəmər və respublika çempionatları keçirilib. Qaliblərimiz dünya və Avropada ölkəmizi layiqincə təmsil edirlər. Məqsədimiz kapoeyranı olimpia idmanına çevirməkdir. Ümid edirəm ki, daha ciddi uğurlara imza atacağıq”.

R.Eyvazov maddi-texniki bazanın yoxluğu şəraitində, minimum imkanlarla ciddi işlər görəcəklərinə ümid edir: “Hazırda maddi-texiniki bazamız olmasa da, ümid edirəm ki, yaxın gələcəkdə əsaslı dəyişikliklərin şahidi olacağıq. Taleh müəllimin növbəti 5 ildə dünya federasiyasına rəhbərlik etməsi bizim üçün böyük şansdır. Yaxın gələcəkdə həm ölkə daxilində, həm də beynəlxaq arenada bu idman növü öz sözünü deyəcək. Bizə deyirlər ki, rəqs edirsiniz. Biz isə döyüş fəlsəfəsinin nə olduğunu anlatmağa çalışırıq”.

Müsahibimiz Avropa turnirindən də söz açdı: “22-31 may tarixində federasiyanın tələbə və müəllim heyyəti başda Taleh müəllim olmaqla Polşada keçiriləcək açıq cempionata qatılacağıq. Bu tədbiri dostumuz “Grupo Capoeira Brazil” qrupundan professor Bailarino təşkil edir. Tədbir 3 gün keçiriləcək. 1 gün seminar, 1 gün kəmər imtahani və sonda yarış olacaq. Mənim 3 tələbəm iştirak edecək. İnşallah federasiya adından gözəl nəticələrlə ölkəmizə qayıdarıq. Ölkəmiz, cəmiyyətimiz üçün sağlam, güclü, iradəli və vətənpərvər idmançılar yetişdirmək ən böyük istəyimizdir”.

Hüseyn Alışzadə

İndiyə qədər belə hal baş verməmişdi, amma bəlkə də olub, mənə rast gəlməyib, ya da sadəcə, əhəmiyyət verməmişəm - hələliksə şərti adını “Lupa əməliyyatı” qoyaq. Eyni zamanda, bu addımı bəyəndiyimi, alqışladığımı da gizlətmirəm: insanın vətənpərvərliyindən irəli gəlir; indiki taleyüklü, ağır şəraitdə ünvanımıza, yaxud bizimlə bağlı deyilən, yazılan hər sözə diqqət yetirməliyik ki, sonradan yanmayaq. Lakin təkcə İran rəsmiləri tərəfindən söylənən və qələmə alınanamı..?

Axı, Yer kürəsinin atlası yalnız Şərq yarımkürəsindən ibarət deyil, uzun illərdir humanist və sülhpərvər libasa bürünsə də, dünyada yaratdığı çeşidli münaqişə ocaqlarında maskasının bir tərəfi yanıb üzünə yapışmış Qərb də var, hansı ki, 25 ildən çoxdur, Qarabağ yaramıza məlhəm qoyub sarımağı cani-dildən, “of-uf” zarımadan ona həvalə eləmişik...

Elə, Elxan Şahinoğlunun “Atlas”ında Qərb yarımkürəsi üzərinə sülh göyərçinlərinin qonması və ərazi bütövlüyümüzə təhlükədən söhbət açılarkən ən azı sözügedən istiqamətin unudulması, yaxud, dövlət səviyyəsində məqsədyönlü şəkildə reallaşdırılan ikili standartların hansısa ermənipərəst prezidentin, erməni lobbisinin fəaliyyəti kimi təqdimatı da bu yazının zəhmətinə qatlaşmağımla nəticələndi. Hörmətli politoloq imperializmin Azərbaycan, Türkiyə, eləcə də bütün İslam dünyası əleyhinə işlənən planları ilə yanaşı, Qarabağ münaqişəsilə əlaqədar İranın obyektiv, operativ, ardıcıl, sabit möbqeyini də görməməzliyə vurduğundan bəzi xatırlatmalar vermək məcburiyyətində qaldım.         

Əvvəla, qeyd edək ki, mediamızda “ilginc mesaj” kimi dəyərləndirilərək, müxtəlif sərlövhələr altında yayılan 5-6 cümləni İran Xarici İşlər Nazirliyi mətbuat şöbəsinin müdiri Bəhram Qasimi APA-nın Tehran müxbirinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki rolu və son vaxtlar problemin həllində aktivliyinə dair sualı müqabilində deyib. Yəni, diplomatın jurnalistə ekspromt cavabıdır, xarici siyasət idarəsinin iki ölkə arasında hər hansı anlaşılmazlıqdan doğan, qabaqcadan  hazırlanmış bəyanatı deyil ki, əndişələnib yüz yerə yozaq. Bu həlledici məqamı vurğulamaqda məqsədimi yazının gedişində açıqlayacam. Və unutmayaq ki, üç ay öncə biz oxşar mövzuda Sergey Lavrova ünvanladığı suala görə qos-qoca ATV əməkdaşının şələ-küləsini qoltuğuna vermişik... Nə isə, indi gəlin məlum cavaba nəzər salaq:

“Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır. Dağlıq Qarabağ münaqişəsi kimi ərazi münaqişələri bir amillə həll olunası məsələ deyil. Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın. Ona görə, düşünürəm ki, bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil. Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Qarabağ böhranının xalqın roluna diqqət etmədən həlli mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.

Dəyərli politoloqumuz gizli mənalar “Atlas”ına nəzər salarkən istifadə elədiyi lupanın köməyi ilə cümlələri bu cür sıralayaraq, şərhinə girişib:

Birinci cümlə: “Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır”.

İkinci cümlə: “Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın”.

Üçüncü cümlə: “Bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil”.

Dördüncü cümlə: “Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür”.

Beşinci cümlə: “Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.

Ağayi Qasiminin cavabı ilə ağayi Şahinoğlunun təsnifatını tutuşduranda ilk cümlədən sonra bir məqamın buraxıldığı (mərhum Bəxtiyar Vahabzadənin təbirincə desək, “bir rəqəm də demə, varmış, ikiylə bir arasında...”) aşkar görünməkdədir: Dağlıq Qarabağ münaqişəsi kimi ərazi münaqişələri bir amillə həll olunası məsələ deyil...

Aha, deməli, XİN təmsilçisi problemə həm də ümumi kontekstdə münasibət sərgiləyib - belə münaqişələrin mövcudluğunu və təbii ki, gerçəkdən onların bir amillə çözümünün mümkünsüzlüyünü dilə gətirib. İnanıram ki, həmin cümlə qəsdən yox, sadəcə, kiçik diqqətsizlik üzündən sıralamada öz yerini tapmayıb və sonrakı “münaqişənin həllində çoxlu faktorlar rol oynayır, onların hamısı birləşməlidir ki, böhran həllini tapsın” ifadəsində də qaranlıq heç nə yoxdur. Onlarla maraq, plan, variant ortadadırsa, Bəhram müəllimin dediklərini niyə qəribçiliyə salaq..? Ancaq yenə də təəssüf ki, “faktorların həmrəyliyi” fikri “ziddiyyətli” sözü artırılmaqla təhlilə cəlb olunur və “hansı həmrəylikdən söhbət getdiyi” soruşulur. 

Təəssüf ki, münaqişənin əsrin dörddə biri qədər uzadılan çözüm müddəti artıq Azərbaycanda uşaqdan böyüyədək hamının danışıqlar masası üzərinə qoyulan təkliflərdən və irəli sürülən şərtlərdən xəbərdarlığına gətirib çıxarıb.

Ölkəmizdən ötrü əsas faktorun ən əvvəl Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunların çıxarılması və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması, Ermənistan hakimiyyəti üçünsə tam əksi – satatusu müəyyənləşdirən referendumun keçirilməsinin olduğu gün kimi aydındır. Və təbii ki, sözügedən iki fərqli yanaşma eyni sənəddə öz əksini tapa bilmədiyindən ATƏT-in Minsk Qrupunun əlinə girəvə, bəhanə düşüb, danışıqlar dalana dirənib. Lakin mənimlə razılaşarsız ki, Qarabağ problemi panoramasına az qala hər institut, həmsədr, XİN başçısı öz çalarını əlavə etdiyindən rənglər tamamilə tündləşib, bir-birinə qarışıb. 

Bir də ki, milli politologiyamızda sevdikləri Qərb siyasətçisini buraxdığı quşlardan sığortalamaq, bulaşdığı zir-zibildən təmizləmək məqsədilə “söylədikləri düzgün tərcümə olunmayıb, yanlış anlaşılıb” ənənəsi var. Bəlkə elə İran rəsmisinin də çıxışı doğru-dürüst çevrilməyib və "bütün faktorlar birləşməlidir” yox, “bütün faktorlara birlikdə baxılmalıdır” deyib. O zaman Qarabağ ocağının regiondan uzaqlarda qalanması və körüklənməsindən tutmuş, daşnak diasporunun dünya imperializminə təsiri zəminində həmsədr ölkələrin də real həqiqətlərə kor-kar olmaları, bədnam millətlərin öz müqəddəratını təyini prinsipi, ölkəmizin başı üzərindən separatçı quruma maliyyə yardımları, referendumun keçirilməsi şərtləri və sair rəngarəng amillər ortaya çıxır...

Məhz bu zəmində də böhranın həllində xalqın rolu özünü büruzə verməyə başlayır və fikirdə Azərbaycan xalqının nəzərdə tutulduğuna heç bir şübhə ola bilməz. Ən azı ona görə ki, 30 ilə yaxındır torpaqları təcavüzə məruz qalan, doğma el-obasında qaçqın vəziyyətinə düşən bizlərik, ərazi probleminin isə zərəçəkənlərin başı üzərindən həlli yolverilməzdir.    

“Düşünürəm ki, bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil” cavabından ruhlanan bəzi saytlar isə xəbərə “İran Rusiyanın təkbaşına vasitəçiliyini qəbul etmir” başlığı çıxarıblar. Bir daha yuxarıda vurğuladığım məqama qayıtmaq istəyirəm, diplomat şimal qonşumuzun Dağlıq Qarabağ münaqişəsindəki rolu və son vaxtlar problemin həllində fəallaşması ilə bağlı suala münasibət bildirib.

Deməli, obyektiv daha çox Rusiya üzərində fokuslanmalı idi və belə də olub, yəni məsələnin bu cür qoyuluşu ilə hansı dövlətin nəzərdə tutulduğunu təxminləmək üçün elə də dərin düşüncəyə ehtiyac yoxdur. B.Qasimi fikrində tamamilə haqlı olsa da, Elxan bəyin dediyi kimi, rəsmi Tehranın bölgədəki maraqları və onlarla məsləhətləşmək zərurətinə işarə vurması az inandırıcıdır. Çünki bütün dövlətlərin, hətta düşmənlərinin belə girib qaldıqları nəhəng bataqlıqlarda İranla hesablaşmağın gərəkliyini anlamaqdan ötrü kifayət qədər vaxtları olub. Bu gün İraq, Əfqanıstan, Fələstin, Suriya və digər münaqişə mərkəzlərindəki sülhyaratma missiyasına İslam Respublikasının birbaşa, ya da dolayı yolla təsirinin inkarı naşılıq sayıla bilər.

E.Şahinoğlunun təhlilində diqqətçəkən məqamlardan biri də son illərdə iki həmsədr dövlətin – ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlliylə faktiki məşğul olmamalarını etiraf etməsidir. Nə oldu, bəs bir vaxtlar deyirdiz ki, supergüclər erməni dığalarının burnunu ovub, Qarabağı məcməyidə bizə qaytaracaq, hələ ayağımıza düşüb bağışlanmaq da diləyəcəklər..? 25 il ağzımızı açıb belə boş nağıllara, puç əfsanələrə inanmaqla keçdi, çox fürsətlər əldən buraxıldı. İndi də bəziləri yeni müdafiə taktikası, haqqazandırma variantı tapıblar: sən demə, ərazi bütövlüyümüzə barmaqarası münasibər ölkədəki avtoritar rejimin diktatura siyasətindən qaynaqlanırmış... Kimə desən yarlık yapışdırmaq olar, qərbli ağalarından başqa...

Biz özümüzə təsəlli verməyi sevirik, amma reallıqlar tamam başqa mətləbləri anladır: bu gün Azərbaycan beynəlxalq aləmdə küncə sıxışdırılmış vəziyyətdədir – həm də məhz Qarabağ probleminə görə. Daşnaklar, hayk lobbisi hamam suyu ilə bütün dünyanı dost tutub, erməni ideoloqları azəri həmkarlarından fərqli olaraq kimsəni rəncidə salmırlar, mənasız şüarçılıqla özlərini hamıdan təcrid eləmirlər. Şimalın forpostu olmalarına rəğmən, Qərbdə güclü rıçaqlara malik arxaları var, Şərq ölkələri ilə əlaqələr qurur, layihələr həyata keçirirlər, Cənuba əl uzadırlar və sair... ABŞ təcavüzkar Ermənistanın iştirak etmədiyi regional layihələri maliyyələşdirməkdən aşkar boyun qaçırır. Hiyləgər dığa məkri xərcəng şəklində siyasətin canına yeriyib münasib əlaqələr qurmaqdan əlavə, ölkəmizi dostların əhatəsindən uzaqlaşdırmağa, təkləməyə çalışır. Məsələn iki gün öncə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan “İnterfax”a müsahibəsində “İran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində təmkinli və balanslı mövqedədir. Tehran həmişə ağır vaxtlarda Ermənistana dayaq olaraq, hətta mühasirə günlərində ərzaqla yardım edib” sözlərini işlədib. İndi düşmənin hansısa sayıqlamasına görə, bölgənin nüfuzlu dövləti ilə münasibətləri korlamaq nə dərəcədə doğrudur?

Yeri gəlmişkən, elə yaxınlarda Ermənistan KİV-nin öz məqsədləri üçün sui-istifadələrə yol verməsi İran tərəfindən tənqid edilib. XİN sözçüsü Bəhram Qasımi bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib: "Erməni mətbuatının öz məqsədləri naminə sui-istifadələrə yol verməsini qınayırıq. Ermənistanın bir sıra KİV-i yenidən düzgün olmayan hərəkətlər edib ki, belə addımları narahatlıqla izləyirik. İran Dağlıq Qarabağ probleminin həlli üçün yardım etməyə hazır olduğunu elan edən ilk ölkələrdəndir. Rəsmi Tehranın Azərbaycanla yaxşı əlaqələri var və bu əlaqələrin daha da inkişafında maraqlıdır".

İndi hər tərəfdən yol-yolağamızın kəsildiyi bir şəraitdə qonşu ölkənin bizdən ötrü elədiklərini də yaddan çıxarıb qədirdanlıq kimi müsbət keyfiyyətimizi itirməməliyik: İran imperiyadan qopduğumuz ilk günlərdə Azərbaycanın müstəilliyini tanıyıb; BMT, İKT və digər nüfuzlu tribunalardan ərazi bütövlüyümüzü təsdiqləyib və işğalçı qoşunların tarixi torpaqlarımızdan təcili kənarlaşmasını tələb edib. Münaqişənin əvvəlindən çoxsaylı hərbi köməklillər göstərib, gənc ordumuza kadr hazırlığı məqsədilə təcrübəli zabitlərini göndərib. Məcburi köçkünlərin qayğıları ilə maraqlanıb, onların və digər aztəminatlı əhalinin maddi ehtiyaclarının ödənməsi üçün İmam Xomeyni adına İmdad Komitəsinin filialını yaradıb. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, Zəngilan və Füzulinin mühasirəsi zamanı sərhədi birtərəfli qaydada açmasaydılar, bu gün Xocalı faciəsinə bərabər, daha iki-üç soyqırımın ildönümlərini keçirirdik...

Bütün bunlar məlum həqiqətlərdir, sadəcə, hər xırdalığın üzərinə lupa qoyub böyütməməyimiz, hadisələrə qlobal kontekstdən, ayıq başla yanaşmağımız naminə xatırlatdım. Qarabağ münaqişəsi yalnız igid oğullarımızın qanı bahasına, Türkiyə, İran, Pakistanın birgə səyləri, İslam dünyasının dəstəyi ilə ədalətli həllini tapa bilər. Razıyam, müəyyən səhvlər, tələskənliklər, qucaqlaşıb-öpüşmə səhnələri də var, amma bunlar xırda məsələlərdir, necə deyərlər, xətakarlıqdan irəli gəlir, xəyanətkarlıqdan yox... Eləcə də möhkəm təməl üzərində qurulmuş İran-Azərbaycan dostluğuna və əməkdaşlığına, İslam Respublikasının gənc müsəlman ölkəsinə davamlı yardımlarına kölgə sala bilməz. Tarix dəfələrlə göstərib ki, zaman-zaman xırda umu-küsülərə, sərinliklərə baxmayaraq, bu iki məmləkətin, xalqın münasibətləri ətlə dırnağın vəhdəti misalındadır – araya girən iylənib çıxar...

Qurban Cəbrayıl

13 -dən səhifə 149