Qanunlar hakimiyyətin siyasi iradəsilə pozulur?

Bu məqaləni qiymətləndir
(0 səs)

Zöhrab Təmrazov: “Qanunların pozulmasına əsas səbəb məhkəmələrin müstəqil olmamasıdır”

“Demokratik olmayan ölkələrdə insanların iqtisadi, siyasi və seçki hüquqları daha çox pozulur” – bu sözləri, Azərbaycanda qanunların icra olunmaması haqqında danışan “Sürücülərin Hüquqlarını Müdafiə Komitəsi”nin sədri Zöhrab Təmrazov “Doğru xəbər”ə deyib.

Z.Təmrazov Azərbaycanda qanunların tətbiq olunmasındakı problemləri qeyd edib: “Azərbaycanda qanunların işləyib, işləmədiyinə bir neçə aspektdən baxmaq olar. Bu mənada mütəxəssislərin də fikirləri müxtəlifdir. Əksəriyyət konstitusion hüquqların pozulmasını, bəzi mütəxəssislər isə məmurların qanunları pozmasını qanunların işləməməsi kimi xarakterizə edir. Məsələnin ciddiliyi odur ki, ictimaiyyətdə bu fikir varsa, eyni zamanda gündəlik mətbuatda qanunların işləməməsi və ya qanunu müddəaların pozulmasıyla bağlı fikirlər yazılırsa, deməli ölkədə qanunların pozulması realdır. Çox sadə şəkildə elektron KİV-də bir neçə gün monitorinq aparsaq qanunların işləməməsiylə, məmurların hüquqi qaydaları pozmasıyla bağlı müxtəlif  və çoxlu faktlara rast gələ bilərik. Bütün bu deyilənləri ümumiləşdirsək, siyasi hakimiyyət öz iradəsinə uyğun qanunları pozursa, bu zaman həmin qanunların ictimai asayiş və təhlükəsizlik üçün faydalı olması şübhə doğurur”.

Z. Təmrazov hesab edir ki, problemin kökündə siyasi hakimiyyət dayanır: “Məsələyə iki aspektdən baxmaq lazımdır. Birincisi hakimiyyətin siyasi iradəsilə qanunların pozulması, qanuni tələblərin yerinə yetirilməməsi və ya qanunu tətbiq edən hakimiyyət qolunun - məhkəmələrin qeyri-müstəqil olması, ikincisi isə ictimai şüurda, köhnə ənənələrdə formalaşmış qeyri-rəsmi normalara görə qanunların tətbiq olunmasındakı problemlər. Məsələn “Tütün və tütün məmulatları haqqında“ qanunun 15.3-cü maddəsi siqaret satışı ilə bağlı qadağaları tənzimləyir. Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara satılması qadağandır. Amma çox təəssüf ki, hətta parlament səviyyəsində bu məsələni bir neçə dəfə səsləndirməyimizə baxmayaraq hələ də qanunun maddəsi yerinə yetirilmir. Qanunun 15.5-ci maddəsinin tələbinə görə isə tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı qadağandır. Amma bu gün tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı çox rahat şəkildə həyata keçirilir. Qanunun 15.6-ci maddəsinə əsasən isə tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır. Bu da siyasətdən və demokratiyadan kənar qanunların işləmədiyinə dair nümunə. Digər tərəfdən bu gün Azərbaycanda məhkəmə çəkişmələrinin ədalətsiz olması qanunların işləməsindəki ən böyük problemdir. Çünki, narazı vətəndaşın öz hüquqlarını qoruyacağı yer məhkəmədir. Azərbaycanda məhkəmələrin nə dərəcədə müstəqil olmasını hamı bilir. Daha bir halı qeyd etmək istərdim. Korrupsiyanın çox olması da qanunların işləmədiyinin göstəricisidir. Ölkəmizdə sosial müdafiə sektorunda, yol polisində, gömrükdə, vergi sektorunda rüşvətin açıq və göz önündə yığılması dediklərimizə əyani sübutdur”.

Alış Abdullayev

Oxu 2208 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.