Thursday, November 23, 2017

“Məmur özbaşınalığı adi hala çevrilib”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Rəşad Mehdi: “Vəziyyət o həddə çatıb ki, vətəndaş övladının təhsil aldığı məktəb direktorunun qəbuluna düşə bilmir”

“Ölkədə cəzasızlıq hökm sürdüyü müddətcə məmur özbaşınalığı davam edəcək”

“Azərbaycanda məmur və oliqarxların özbaşınalığı davam etməkdədir. Bu məsələ dəfələrlə ən yüksək postlarda oturan şəxslər tərəfindən etiraf edilib. Amma yenə da bu özbaşınalıq davam edir. Məmurların övladları, yaxınları, oliqarx, iş adamı adlandırılan insanlar ölkədə ağlagəlməz özbaşınalıq edirlər. Dəfələrlə deyilməsinə baxmayaraq, bu kimi proseslərin qarşısını almaq mümkün olmur”. Bu sözləri Azərbaycanda məmur özbaşınalığından danışan ictimai-siyasi fəal Rəşad Mehdi “Doğru xəbər”ə deyib.

R.Mehdi qeyd edib ki, ümumiyyətlə ölkədə məmur özbaşınalığı ən yüksək postlarda oturanlara da məlumdur: “Azərbaycanda məmur özbaşınalığının qarşısının alınmamasının bir səbəbi var - cəzasızlıq. Ölkədə cəzasızlıq mühiti hökm sürür. Onlarla, yüzlərlə məmurun heç bir çərçivəyə sığmayan qanun pozuntusu bütün ölkə mətbuatında qeyd olunub. Ölkə rəhbərləri də o faktları etiraf edib. Amma bu vaxta qədər bir nəfər belə o məmurdan cəzalanmayıb. Əksinə son vaxtlar ölkədə sahibkarlara qarşı məmur özbaşınalığı daha da çoxalmaqdadır. Azərbaycanı müxtəlif qruplaşma və mafialar idarə edir. Ölkəmizi bürüyən məmur özbaşınalığı dediklərimizi sübutdur. Baxça, məktəb, universitet, icra hakimiyyəti və dövlət idarələrində baş verən məmur özbaşınalığı hamıya məlumdur. Xalqın malını, sərvətini talayaraq özlərinə xoş güzəran quran məmurlar açıq-aşkar şəkildə insanları təhdid etmək və hədələməkdən belə çəkinmirlər. Dövlət idarələrini sanki dədə malı kimi yeyib talayan məmurlar heç kəsdən qorxmayaraq ölkəmizdə at oynadırlar”.

“Heç kimə gizli deyil ki, hazırda müхtəlif dövlət idarə və orqanlarında, vəzifəli şəхslər tərəfindən vətəndaşların Konstitusiya ilə təmin olunmuş insan hüquq və azadlıqlarının pozulması adi hala çevrilib. Bu hüquqlar daha çoх məmurlar tərəfindən vətəndaşların qəbulu, müraciət və şikayətlərinə baхılması zamanı baş verir. Son illərdə vəzifəli şəхslər tərəfində vətəndaşların qəbulu müşkül məsələyə çevrilib. Nəticədə vətəndaşlar elementar məsələlərin həlli məqsədilə aylar, günlər, bəzən isə illərlə icra orqanlarının qapılarını döyməli olurlar” - R.Mehdi əlavə edib. 

Müsahibimiz xüsusi olaraq qeyd edib: “Vəziyyət o həddə çatıb ki, vətəndaş övladının təhsil aldığı məktəb direktorunun qəbuluna düşmək üçün günlərlə işindən olmalı, qanunsuz fəaliyyət göstərən mənzil istismar sahələrindən adicə arayış almaqdan ötrü günlərini boşa verməlidir. Hər bir halda əziyyət çəkən tərəf bu xalqın nümayəndəsi olur. Məmur özbaşınalığının qurbanı olan şəxs isə bu hüquq pozuntusuna görə heç kəsə şikayət edə bilmir, etdikdə isə nəticə vermir. Çünki, kimdən kimə şikayət edəsən. Hamısı bir-birinin adamı, bir bezin qırağıdır. Belə olduqda isə diqqəti özünə cəlb etmək üçün ya özünü yandıracaq, ya xəsarət yetirəcək, ya da ki, intihar edəcək. Bütün bunlara səbəb isə hakimiyyətdə olan bir neçə şəxsdir ki, Azərbaycanı dədə malı kimi öz aralarında bölüblər. Hər bölgəyə bir məmur nəzarət edir və həmin bölgələrə də başçıları məhz onlar təyin edirlər. Beləliklə başçılar da yerlərdəki idarələrə öz adamlarını təyin edirlər”.

R.Mehdi məmur özbaşınalığının son həddə olduğunu deyib: “Ölkəmizdə məmurlar o qədər harınlayıb ki, hətta övladlarının törətdiyi özbaşınalıqlara belə göz yumur. Bu qədər harınlaşmış məmurlar və məmur balaları olan bu məmləkətdə yaşamaq belə təhlükəli olub. Bu məmur özbaşınalığı elə bir qorxulu həddə çatıb kı, belə getsə harınlaşmış məmur balaları küçədə gedə-gedə camaatın balalarını tutub zorlamaqdan belə çəkinməzlər. Həqiqətən də vəziyyət çox çətindir. Xalqımız çox əziyyət çəkir. Bir tərəfdən nazirlər, icra başçıları, digər tərəfdən komitə və bələdiyyə sədrləri, məhkəmələr daraşıblar bu xalqın canına. Bacardıqları qədər xalqı soymağa çalışırlar. Ancaq bir şeyi undublar ki, hər şeyin sonu var”. 

Oxu 649 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.