“Heydər Əliyevin dünyagörüşü Azərbaycan üçün zərərlidir” Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Fazil Qəzənəroğlu: “Əgər sabah H.Əliyevin diktator libasını başqa bir adam əyninə geyərsə..,”

Həbsindən təxminən bir ay əvvəl müsahibəsində hakimiyyət orqanlarının onu ya döyməyi, ya da həbs etməyi planlaşdırdığını bildirmişdi. Proqnozları tezliklə özünü doğrultdu. 12 sentyabr mitinqinin “təşkilatçısı” adı altında hadisələrdən bir neçə gün sonra həbs edilərək Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (MCQMİ) aparıldı. O idarəyə ki, mitinqin sıravi iştirakçılarına amansız fiziki işgəncə, Fazil Qəzənfəroğlunasa mənəvi-psixoloji əzab verilib. Bununla belə iki gün öncə zaminə buraxılan F.Qəzənəroğlunda nikbinlik duyulur: “Mənə ləzzət elədi. O mühiti görmək hər birimiz üçün lazımdır. Dustaq həyatının prinsiplərinə alışırsan” deyən AXCP sədrinin siyasi məsələlər üzrə müavini narahatçılığının yalnız sıravi üzvlərə verilən işgəncələrdən olduğunu dedi.

- Fazil bəy, sizə fiziki işgəncə verilməməsinin səbəbini nə ilə izah edirsiniz?

- Bu mənim siyasi statusumla bağlıdır. Görünür, vaxtilə Prezident Aparatında dövlət hüquq şöbəsinin müdiri işləməyim, eyni zamanda gələcəkdə hər hansı dəyişiklik olacağı təqdirdə tutacağım mövqe onları mənimlə bir qədər ehtiyatlı  davranmağa sövq edib. Bununla belə, mənə də mənəvi-psixoloji təzyiq göstərilib. Müəyyən müddət qəzetləri ala bilməmişəm. İstintaqla bağlı şikayət protestlərimi bildirməyə imkan verilməyib. Çünki kağız-qələmdən məhrum edilmişəm. Digər tərədən vəkilimi istintaq prosesinə cəlb etetməyiblər. Bir sözlə, mənim işimlə bağlı Cinayət Prosessual Məcəlləsinin müxtəlif maddələri pozulub. Onu da qeyd edim ki, bütün bu təzyiqlər bir müddət MCQMİ-də, 8 gün isə Bakı şəhər Baş Polis idarəsinin zirsəmisində təkadamlıq kamerada saxlandığım müddət olub. Bayıl həbsxanasındasa mənə qarşı heç bir təzyiq göstərilməyib.

-Həbsdən buraxılmanızda partiyanızın rəhbərliyinin passiv mövqedə dayanması haqqında mətbuatda ikirlər səsləndi. Bu fikirləri bölüşürsüzmü?

-Xeyr. Bir də ki, mən həbsdə şəxsi problmlərimlə bağlı yatmamışam. Əgər SİDSU-nun ümumi qərarıyla bağlı tədbirdə iştirak etdiyimə görə ittiham olunurdumsa, deləmi söhbət təkcə məndən getmir. Kimliyindən asılı olmayaraq həbs edilənləri müdafiə etmək bu missiyanı daşıyan bütün qüvvələrin borcudur. Təbii ki, şəxsi münasibətlər də müəyyən rol oynayır. Düzdür, yaxın dostlar arasında hər hansı minnət paylaşması olmasa da, hər halda həbsdən buraxılmağımda fəallıq göstərən dostlarıma, demokratik daşıyıcısı olan insanlara təşəkkür edirəm.

- Seçkidən bir gün öncə buraxılmanızı bir siyasətçi kimi necə şərh edərdiniz?

- Həm SİDSU-da, həm də AXCP-dəki aktiv fəaliyyətim, iqtidarın bir çox planlarının pozulması mənim sıradan çıxarılmamı tələb edirdi. Təsadüfi deyil ki, 12 sentyabr mitinqinə görə “təşkilatçı” adıyla məhz mənim həbs olunmağımın özü az məsələlərə açıqlıq gətirmir. Seçki prosesi dövründə iqtidara mənim üzdə olmamağım lazım idi. Özümə qarşı sürülən bütün ittihamları rədd etmişəm. İstintaq aparılmadığına görə, nədə ittiham olunduğum hələlik mənə də bəlli deyil. Hesab edirəm ki, bunlar hamısı siyasi sifarışdır. Ancaq düşünməsinlər ki, bizləri həbs etməklə nəyəsə nail olacaqlar. Demokratik hərəkatda bir nəfərin sıradan çıxarılması digərlərini, əksinə, daha sıx birləşdirir. O zaman adam özü də qürur duyur. Bir də mən daha çox siyasi motivlərlə təqibləri həyata keçirən hüquq-mühafizə orqanları işçilərinin gələcəkdə öz məsuliyyətlərini düşünmələrini vacib sayıram. Çünki onların hamısını bu siyasi sifarişlərin ciddi iştirakçılarına çeviriblər. Gələcəkdə onlar  sənədlərin altına atdıqları imzalarına görə cavab verəcəklərini düşünməlidirlər. Hər tələbə imza atmazlar, hər sifarişi yerinə yetirməzlər. əgər onlar bunu uşağına bir parça çörək qazanmaq adıyla edirlərsə, sabah bundan məhrum ola bilərlər. Çünki bizi atdıqları kameralara sabah özlərinin düşə biləcəkləri ehtimalı böyükdür.

- Gəlin razılaşaq ki, onlar bu mövcud rejimin qurbanlarına çevriliblər..

-   Əgər biz mövcud rejimin qeyri-hüquqi əməllərində iştirak etmiriksə, onlar niyə etməlidirlər? Beş ildir işsiziksə və buna dözürüksə, deməli, onlar da dözə bilər. Hüquq-mühafizə orqanları addım atmamışdan öncə düşünməlidir ki, onların istənilən qeyri-hüquqi hərkəti məsuliyyətdir, ciddi hüquq pozuntusudur.

- Həbsinizin siyasi sifarış olduğunu bildirdiniz. Bu sifarişin arxasında birbaşa H.Əliyevin dayanması haqda ehtimallar var. Siz necə fikirləşirsiniz?

- Bütün ehtimallar bu məsələ üzərində yoğunlaşır. Çünki əməlimdə hər hansı hüquqi məsuliyyət tapmaq mümkün deyildi. Bir hüquqşünas kimi atdığım addımları yaxşı bilir və hər addımı atarkən də Konstitusiyanın müvafiq maddələrinə söykənirəm. Odur ki, bu məsələ 1990-cı ildən başlayaraq Azərbaycanda olan siyasi qütbləşmədə sabit mövqeyimlə, müəyyən şəxslərin, qrupların mənafeyinə toxunmağımla bağlı idi. Sizə müsahibəmdə də bildirmişdim ki, ya döyülməyim, ya da həbs edilməyim planlaşdırılırdı. Görünür, həbs variantı məqbul hesab edildi. Bununla da siyasi proseslərdə aktivliyimi azaltmaq, ümumiyyətlə məni sıradan çıxarmaq düşünülmüşdü. Ümid edirəm ki, Azərbaycanda hüquqi dövlət qurulanda insanlar bu cür əsassız ittihamlarla məhkum olunmayacaqlar.

- H.Əliyevin sizə, sizinsə qarşı tərəfə pataloji nifrəti hiss olunur. Bu hardandır?

 - Mən bunu pataloji nifrət hesab eləməzdim. H.Əliyevlə bir neçə dəfə görüşlərim olub. Həm dövlət orqanlarında çalışdığım vaxtlarda, həm də ondan əvvəllər. Bütün bu görüşlərdə mövqelər, prinsiplər, dünyagörüşləri tamamilə fərqli olduğuna görə məsələlərə münasibətlərimiz də fərqli və ziddiyyətli olub. Sonralar mən bunu öz məqalələrimdə, kitablarımda açıq şəkildə ifadə eləmişəm. Görünür, demokratik mühitdə yetişməyən müəyyən liderlər üçün hər hansı tənqid çox ciddi nifrət obyektinə çevrilib. Mənim kimsəyə qətiyyən nifrətim yoxdur. Sadəcə H.Əliyevin qəbul etdiyi dünyagörüşü mən Azərbaycan üçün zərərli hesab edirəm. Odur ki, o dünyagörüşə qarşı mübarizə aparıram. Əgər sabah H.Əliyevin diktator libasını başqa bir adam əyninə geyərsə, eyni mübarizəni ona qarşı da aparacağam. Çünki Azərbaycanın başqa çıxış yolu yoxdur. Ölkə dempkratiyadan keçməlidir ki, cəmiyyətin ağıllı adamları qabağa çıxa bilsin. Hər hansı diktatura ağılın boğulması deməkdir.

- Bəs dikttatorun yerinə kimi görürsünüz?

- Heç kimi görmürəm. Prinsipi görürəm. O prinsip ki,  demokratik prinsipdir. O prinsip seçkiylə müəyyən olunur. Əgər parlament 125 nəfər millət vəkilindən ibarətdirsə, bu, 125 düşünən insan deməkdir. Bu insanlar öz içindən Azərbaycanı idarə etməyə layiq komandanı ortaya qoymalıdır. Əgər bu yoxdursa, kimi seçməyin fərqi yoxdur. Məsələn, sabit, normal bir parlamentin olmaması da Elçibəy iqtidarının itirilməsinin əsas səbəblərindən biri idi. Çünki xalqın seçmədiyi, insanların yönəltdiyi bir dövlət mexanizmi hətta ən demokratik prezidentin də fəaliyyətini məhdudlaşdıra bilər.

Ləman Əliəşrəfqızı

“Azadlıq” qəzeti, 13 oktyabr 1998  

Oxu 914 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.