Thursday, November 23, 2017

QHT Şurasına ayrılan vəsaitlərlə bağlı ARAŞDIRMA - ŞOK FAKTLAR (ÖZƏL) Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bir müddət əvvəl mediada QHT-lərə Dövlət Dəstəyi Şurasının faliyyətinə dair tənqidi materiallar dərc edildi. AFN olaraq bir sıra məsələlərdə qaranlıq məqamlar gördüyümüz üçün araşdırma aparmaq qərarına gəldik. Lakin araşdırma aparmaq üçün Şuranın saytında müvafiq məlumatları tapa bilmədik. Buna görə qurumun rəhbəri Azay Quliyevin adına rəsmi sorğu ünvanladıq. Həmin sorğudan iki gün sonra bizim üçün qaranlıq olan məsələlərlə bağlı araşdırma aparmamıza yardımçı ola biləcək məlumatlar Şuranın saytında yerləşdirildi. Bununla belə, sorğu ünvanladığımız üçün qurumun mətbuat xidməti tərəfindən, demək olar ki, ittihamlarla üzləşdik və qərəzdə suçlandıq.


Bu barədə bir neçə gün öncə ayrıca yazı da dərc etmişik. Həmin yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiz:

QHT Şurasının sorğu fobiyası

Beləliklə, sorğumuz nəticəsində Şuranın saytında yerləşdirilən məlumatlar əsasında apardığımız araşdırmanı təqdim edirik. Onu da qeyd edək ki, araşdırmalar zamanı da bir sıra suallar yarandı, lakin Şuranın mətbuat xidməti tərəfindən sorğular qərəzlə qarşılandığı üçün yaranmış suallarımızı QHT Şurasının sədri, hörmətli deputat Azay Quliyevə açıq formada ünvanlamaq qərarına gəldik. Həmin suallarla yazının sonunda tanış olacaqsız.

“Sair xərclər” müəmması, yaxud 3,5 milyon vəsait nəyə xərclənib...

Dövlət büdcəsindən QHT-lərə Dövlət Dəstəyi Şurasına 2011-ci ildə 2 milyon 766 min 324 manat, 2012-ci ildə 3 milyon 812 min 160 manat, 2013-cü ildə 3 milyon 210 min 240 manat, 2014-cü ildə 4 milyon 12 min 800 manat, 2015-ci ildə 6 milyon 619 min 200 manat, 2016-cı ildə 6 milyon 619 min 200 manat vəsait ayrılıb. Bu il isə Şuranın pulu azaldılaraq 5 milyon 16 min manata endirilib. 
2011-ci ildə Şura tərəfindən elan edilən 4 müsabiqə çərçivəsində 338 layihəyə 2 milyon 45 min 416 manat ayrılıb. 2012-ci ildə 2 müsabiqə çərçivəsində 348 layihəyə 2 milyon 31 min manat, 2013-cü ildə 2 müsabiqə çərçivəsində 474 layihəyə 3 milyon 414 min 632 manat, 2014-cü ildə 2 müsabiqə çərçivəsində 386 layihəyə 2 milyon 928 min 292 manat ayrılıb, 2015-ci ildə 2 müsabiqə çərçivəsində 513 layihəyə 4 milyon 750 min 664 manat ayrılıb. Bundan əlavə, xarici QHT-lərin 7 layihəsinə 504 679,0 manat ayrılıb. 
Şura 2016-cı ildə 3 qrant müsabiqəsi üzrə 483 layihəyə 4 541 000 manat vəsait ayırıb. Şuranın hesabatında qeyd olunur: “Bu təşkilatlardan 6-sı Şuraya müraciət edərək müxtəlif səbəblərə görə layihəni icra edə bilməyəcəklərini bildirmişlər. Şura bu müraciətləri nəzərə alaraq ümumi dəyəri 57 000,0 manat olan 6 QHT layihəsi ilə bağlı qəbul etdiyi qərarı ləğv etmişdir.” 
Şuranın qrant olaraq QHT-lərə ayırdığı bu vəsaitlər, bu sahədə vəziyyət, qeydə alınan problemlərlə bağlı araşdırmalarımız davam edir. Hələliksə diqqəti Şuranın və Katibliyinin fəaliyyəti ilə bağlı xərclərə yönəltmək istəyirik.
İlk öncə qeyd edək ki, hər il Nazirlər Kabinetinin müvafiq qərarı ilə Şura Katibliyinin illik smetası təsdiqlənir. Bu qərarlardan aydın olur ki, Katibliyə ayrılan vəsaitlərin əsas hissəsi “sair xərclər” adı altında qeyd olunur . Belə ki, 2011-ci ildə Katibliyin 719 min manatlıq büdcəsinin 596 min 805 manatı, 2012-ci ildə 1 milyon 846 min 189 manatın 1 milyon 647 min 17 manatı, 2013-cü ildə 1 milyon 440 min manatın 1 milyon 92 min 107 manatı, 2014-cü ildə 1 milyon 340 min manatın 896 min 188 manatı, 2015-2016-cı illərin hər birində 1 milyon 156 min 188 manatı “Sair xərclər”ə aid edilib. Bu sair xərclərinsə ən yaxşı halda 50 faizinin açıqlaması, o da ümumi formada Nazirlər Kabinetinin qərarında əksini tapır. 

Şuranın xərclər smetasına nəzər yetirdikdə, görmək olur ki, 2012-ci ildə “Sair xərclər” bölməsi üzrə nəzərdə tutulan vəsaitlər 3 dəfə artıb – 2011-ci ildəki 596 min 805 manatdan 1 milyon 647 min 17 manata. Və bu məbləğin yalnız 276 min manatının ümumi açması var - Şuranın mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, işin təşkili ilə əlaqədar xidmət haqlarının, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı digər xərclər adı ilə. 2013-cü ildə bu xərclərə 338 min manat, 2014-cü ildə 343 min 500 manat, 2015-2016-cı illərin hər birində 362 min manat ayrılıb. Bu vəsaitlərin hansı hissəsinin məsələn, bülleten buraxılışına, yaxud konfrans təşkilinə, və ya xidməti ezamiyyəyə sərf olunduğuna dair Şuranın illik hesabatlarında hər hansı məlumat verilmir. Bu məlumatlara Şuranın İnternet saytında da rast gəlmədik.
Eyni zamanda “sair xərclər” bölməsi üzrə yerdə qalan çox böyük məbləğlərin də xərc istiqamətləri demək olar ki, tamamən ictimaiyyət üçün qaranlıq olaraq qalmaqdadır: 2011-ci ildə bu məbləğ 386 min 805 manat, 2012-ci ildə 1 milyon 371 min 17 manat, 2013-cü ildə 754 min 107 manat, 2014-cü ildə 552 min 688 manat, 2015-2016-cı illərin hər birində 794 min 188 manat, qeyd olunan 6 ildə ümumilikdə isə 3 milyon 419 min 93 manat təşkil edib.

Şübhəli tender əməliyyatları QHT Şurasından da yan keçməyib...

Şuranın xərclərinin kiçik bir hissəsi tender yolu ilə aparılır, yaxud tenderlərin rəsmi qeydiyyat sistemində qeydə alınır. Belə ki, araşdırmamız zamanı məlum oldu ki, tenderlərin qeydiyyatı sistemində 2011-ci ildə bu qurumun qeydə alınan alqı-satqılarının sayı 7 olub. Ümumi məbləği isə cəmi 63 508 manat təşkil edib. 2012-ci ildə Şuranın rəsmi qeydə alınan 6 alqı-satqısının dəyəri 128 914 manat olub. 2013-cü ildə qeydə alınan alqı-satqıların məbləği 158 211,56 manat təşkil edib. Bu alqı-satqılarda diqqətimizi cəlb edən 2 məsələ oldu. Belə ki, 2013-cü ildə Şura 10 000 manatı Online ekspertiza proqram təminatının və elektron modulların hazırlanması xidmətlərinin, 48 000 manatı isə Ofis üçün mərkəzi havalandırma və soyuducu sistemin quraşdırılması xidmətlərinin satın alınması üçün "Bakı İnvest LTD" MMC-yə verib. Bir MMC-nin iki tamamilə fərqli xidməti təmin etməsi diqqətçəkicidir. Daha maraqlısı budur ki, 2014-cü ildə bu MMC Şuraya 18 min 550 manatlıq mebel də tədarük edib. Digər tərəfdən, 2013-cü ilin fevralında dövlət qeydiyyatına alınan bu şirkətə elə həmin il 2 işi həvalə etmək üçün yəqin ki, Şura rəhbərliyinin xüsusi əsasları olub. Eyni sözləri “Servis-C.H.” MMC barədə də söyləmək olar – nə halətdirsə, bu MMC də 2013-cü ilin fevralında qeydiyyata alınıb, elə həmin il də Şuraya 14563,56 manatlıq mebel sata bilib. 

Şuranın 2013-cü ildəki alqı-satqıları arasında ən maraqlısı isə Elektrik avadanlıqlarının satın alınmasıdır. Bu işi Şura üçün 6249 manat müqabilində fiziki şəxs Qurbanov Fərasət Şəkur oğlu həyata keçirib(?!) Düzü, tenderlərin reyestrində bu adı oxuyanda söhbətin məhz Şura Katibliyinin rəhbəri olan F.Qurbanovdan getdiyini güman etmədik. Lakin Şuranın saytında Fərasət müəllimin ata adının Şəkur olduğunu oxuyanda xeyli təəccübləndik: bir qurumun keçirdiyi tenderdə birbaşa elə həmin qurumun rəhbərinin qalib çıxması təcrübəsinə yəqin ki, Azərbaycanda belə rast gəlmək mümkün deyil. Əlbəttə, indiyədək rəhbərlərin müxtəlif qohum-qardaşların şirkətləri vasitəsilə tenderlərə qatılıb qalib ayrılması halları yüz dəfələrlə qarşımıza çıxıb. Amma beləsini, sözün düzünü desək, nə eşitmişik, nə da şahidi olmuşuq...

2014-cü ildə Şuranın rəsmi reyestrdə qeydə alınan 2 alqı-satqısının ümumi məbləği cəmi 23 min 800 manat olub. 

Maraqlıdır ki, 2015-ci ildə Şuranın heç bir alqı-satqısı rəsmi qeydiyyat siyahısında əksini tapmayıb. Həmin il üzrə Şuranın xərcləri barədə sədr Azay Quliyevin QHT-lərin Ümumrespublika Forumunda çıxış edərkən verdiyi bir açıqlama var. Həmin açıqlamadan məlum olur ki, "QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda şura və katibliyin saxlanılması xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur”.

Qeyd edək ki, Şuranın 2015-ci il üzrə hesabatında həmin Forumda Şura katibliyi rəhbərinin çıxışına istinadən məlumat verilir ki, “Şuranın Katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görmüş və onlar haqqında müxtəlif qərarlar qəbul etmişdir. Belə ki, 89 yerli və xarici QHT-dən 135 843 manat vəsait tutulmuşdur. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək.” 

A.Quliyev isə Forumda qeyd edib ki, 2016-cı il üçün Şura xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması üçün müraciət etməyib: "2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ayrılan vəsaitə qənaət edilib və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb. Buna görə də 2016-cı ildə də Şura xarici QHT-lərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmasın istəməyəcək və dövlət büdcəsində bu məqsədlə vəsait ayrılmayacaq”.

Şuranın yenilənmiş saytında “Tenderlər” bölməsində yalnız 2016-cı il üzrə alqı-satqılar barədə məlumat yerləşdirilib. Ola bilər ki, bu yazıdan sonra digər illər üzrə alqı-satqılar da yerləşdirilsin, çünki yazının girişində də qeyd etdiyimiz kimi, materialı hazırlamağa başlayanda bir çox məlumatlar saytda yox idi. Sorğu ilə müraciətimizdən 2 gün sonra yerləşdirildi, üstəlik, biz özümüzə əziyyət verib sayta baxmamaqda ittiham olunduq. 

2 ay əvvəl yaranan MMC 95 min manatlıq tenderi udur...

2016-cı ildəki alqı-satqılara gəlincə, onların bir neçəsi barədə Şuranın saytında elan və nəticəyə dair bildiriş yerləşdirilsə də, məbləğlər açıqlanmayıb. Yalnız sentyabrda 3 lot üzrə elan olunmuş tenderin 2 lotunun nəticələri rəsmi reyestrdə qeydə alınıb. Belə ki, “L Standart” MMC 2016-cı ilin iyununda qeydiyyatdan keçirilib, hüquqi təmsilçisi Əliyeva Lalə Eldar qızıdır. Sentyabrda isə bu MMC “Lot-3:Şuranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə tədbirlərin təşkilinin satın alınması” işini Şuradan ala bilib - 95 780 manat dəyərində. 
Həmin tenderdə “Lot-2: Şuranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə təlimlərin təşkilinin satın alınması” işini isə “Satman” MMC əldə edib - 55 805 manatlıq. 2008-ci ildə qeydiyyata alınmış bu MMC-nin hüquqi ünvanı Zaqatala şəhəri Ş.Qurbanov, ev 5, mənzil 16-dir. Maraqlıdır ki, Şuradan 2016-cı ildə Konfransın təşkili işini əldə edən “Azlut” MMC də eyni hüquqi ünvanda, eyni ildə qeydiyyatdan keçib. Bu MMC Şuranın sentyabrda elan etdiyi tenderin “Lot-1: Şuranın elektron resurslarının təkmilləşdirilməsi və yeni sahələr üzrə proqram təminatının yaradılmasının satın alınması” hissəsi üzrə də qalib elan edilib. Lakin oktyabrın 26-da Tender komissiyasının verdiyi bu qərarı Katiblik noyabrın 3-də ləğv edib. Şuranın saytında bununla bağlı yerləşdirilən bildirişdə tender nəticəsinin nədən ləğv olunduğu isə açıqlanmır. Qeyd edək ki, Şuranın İnternet saytında Tender komissiyası adından elan və bildirişlər yerləşdirilsə də, komissiyanın tərkibi barədə də heç bir məlumat açıqlanmır. 

Bəzi fiziki şəxslərə “sədaqət” hardan qaynaqlanır?

Şuranın keçirdiyi və rəsmi reyestrdə qeydə alınan tenderlərdə 3 fiziki şəxs davamlı olaraq bir neçə ildir sifarişlər əldə edirlər. Bunlardan biri Fiziki şəxs Əsgərov Eldar Tohid oğludur. O, Şuradan 2011-ci ildə kompüter və ofis avadanlığının alınması üçün 15 924 manat, 2012-ci ildə Ofis texnikası, kompüter, printer, faks, kseroks və digərlərinə texniki-təmir xidmətlərinin satın alınması üçün 17 100 manat, 2013-cü ildə Ofis texnikası, kompüter, printer, fask, kseroks və digərlərinə texniki-təmir xidmətlərinin və Şuranın internet səhifəsinə texniki xidmətlərin satın alınması üçün 18100 manat alıb. 2016-cı ildə isə Komputer avadanlıqlarına texniki xidmət işini əldə edib, amma məbləğ açıqlanmayıb. 
Fiziki şəxs Əliyev Orxan Novruz oğlu Şuradan 2012-ci ildə Mətbəə xidmətlərinin satın alınması üçün 17 000 manat, Dəftərxana ləvazimatlarının satın alınması üçün 18 376 manat, 2013-cü ildə Dəftərxana ləvazimatlarının satın alınması üçün 18382 manatlıq sifariş alıb. 2016-cı ildə fevralda dəftərxana mallarının alınması üçün keçirilən 2 günlük sorğudan qalib ayrılıb, amma məbləğ açıqlanmayıb. 
Fiziki şəxs Səmədov Nişat Nazim oğlu Şuranın ən “uzunömürlü” tədarükçüsüdür. Belə ki, o, 2011-c ildə mebel avadanlığının satın alınmasına 3850 manat, dəftərxana mallarını almaq üçün 13 334 manat, mətbəə xidmətləri üçün 16 200 manat, 2012-ci ildə Kompüter avadanlıqlarının satın alınması üçün 42 408 manat, 2013-cü ildə Kompüter avadanlıqlarının satın alınması üçün 5250 manat alıb.
Maraqlıdır ki, 2016-cı ildə Bakı şəhərində və regionlarda tədbirlərin təşkili işi “Mühasibat NS” adlı MMC-yə həvalə olunub. Və bu MMC-nin hüquqi təmsilçisi də məhz Səmədov Nişat Nazim oğludur. Təəssüf ki, Şuranın saytında alqı-satqının dəyəri açıqlanmayıb.

“QHT Nəşriyyatı”na ayrılan vəsaitlərin qaranlıq taleyi

Şuranın 2012-ci il xərclərinin bir hissəsini mətbəənin yaradılması xərcləri təşkil edir. Düzdür, mətbəənin yaradılmasına nə qədər vəsait xərcləndiyinə dair nə tenderlərin reyestrində, nə də Şuranın İnternet saytında məlumat verilməyib. Amma İnternetdə axtarış verərkən Şuranın saytında yerləşdirilmiş 17 mart 2012-ci il tarixli elan diqqətimizi cəlb etdi. Həmin elanda 1 lot üzrə tenderə dəvət yer alıb ki, bu da Mətbəə avadanlığının (Xüsusi sifarişlə yığılmış adakontrol idarə sisteminə, CP3 proqram təminatına malik 4 rəngli yüksək keyfiyyətli və 1 saatda 10000 A2 format çap məhsulu istehsal etmək gücünə malik müasir standartlara cavab verən çap maşını, kəsim bıçağı (Perfecta), rəng ayırma avadanlıqları, 1 ədəd 4 rəngli A3 çap maşını, 2 ədəd kompyuter, 1 ədəd faks, 4 ədəd printer, 1 ədəd surətçıxarma aparatı, 1 ədəd biqovka və perferasiya, 1 ədəd rens (təqvim deşiklərini açan), 1 ədəd laminator, 2 ədəd xüsusi kağız stolu, 1 ədəd kəsim bıçağı) tədarükü ilə bağlıdır. Tender reyestrində və Şuranın saytında tenderin nəticələrinə dair hər hansı məlumata rast gəlməsək də, bildiyimiz odur ki, Şura “QHT Nəşriyyatı” adlanan mətbəəsini yaradıb. Vergilər Nazirliyinin hüquqi şəxslərin qeydiyyat bazasındakı məlumatdan aydın olur ki, “QHT Nəşriyyatı” MMC 2012-ci il sentyabrın 9-da qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Telman küçəsi 6, mənzil 1-də yerləşir. MMC-nin nizamnamə kapitalı 975700.00 AZN-dir, hüquqi təmsilçisi isə Rafiq Hüseynovdur. Şuranın bəzi rüblük hesabat iclaslarına dair məlumatlarda nəşriyyat rəhbərinin hesabatının dinlənildiyi bildirilsə də, bu MMC-nin maliyyə fəaliyyətinə dair hər hansı məlumat açıqlanmır. Şuranın illik hesabatlarında da bu məlumatlara rast gəlmək mümkün deyil. Halbuki Şura layihə ayırdığı QHT-ləri faktiki olaraq məcbur edir ki, layihələr çərçivəsində nəzərdə tutulan bütün nəşr işlərini bu mətbəədə həyata keçirsinlər.

Şura QHT-ləri məcbur edir ki...

Şura Katibliyinin rəhbəri F.Qurbanovun 2013-cü ildə “Azadinform” İnformasiya Agentliyinə müsahibəsi də aydın göstərir ki, Şura QHT-ləri öz mətbəəsindən istifadəyə məcbur edir. Müsahibədən bir hissəni təqdim edirik: “Bildiyiniz kimi, artıq Şuranın “QHT Nəşriyyatı” adı altında poliqrafik mərkəzi fəaliyyət göstərir. Bu nəşriyyatın yaradılmasında məqsəd Şuranın, eləcə də QHT nəşrlərinin həyata keçirilməsi, QHT nəşrlərinin keyfiyyətinin yüksəldilməsi, QHT-lərə bu sahədə xidmətin təşkilindən və bu xidmətdən əldə olunan gəlirin yenidən QHT-lərə qrant şəklində verilməsindən ibarətdir. Hər ilin sonunda Şura tərəfindən maliyyələşdirilən layihə xərclərinin təsnifatını apardıqda orta hesabla 400 minə yaxın vəsaitin müxtəlif nəşrlərə sərf edildiyini görürük. Deməli, dövlətin vətəndaş cəmiyyətinə ayırdığı vəsaitin 400-minə yaxını hər il kommersiya qurumlarının hesabına köçürülür. Bu gün həmin kommersiya qurumları QHT-lərə hansısa bir dəstək verirmi və yaxud onlar QHT-lərə hansısa bir güzəştlər tətbiq edirlərmi? Əlbəttə, yox. Bunu nəzərə alaraq, Şura xüsusi olaraq QHT nəşriyyatının yaradılması təşəbbüsü ilə çıxış etmiş və bu təşəbbüs də yüksək qiymətləndirilərək, belə bir nəşriyyatın yaradılmasına dövlət tərəfindən Şuraya vəsait ayrılmışdır. Artıq nəşriyyatın işi təşkil edilmiş və nəşriyyat istənilən materialın çapını yüksək keyfiyyətlə həyata keçirə bilir.”
F.Qurbanovun dedikləri həqiqətdirsə, aşağıdakı bir neçə suala böyük məmnuniyyətlə cavab almaq istərdik:

1. Mətbəənin fəaliyyətindən ildə nə qədər gəlir əldə olunur? Nəzərə aldıqda ki, hər il ayrılan qrantların orta hesabla 400 min manatı nəşrlərə yönəldilir, bu halda gəlirlərin elə də az olmadığını söyləmək olar.
2. Bu gəlirlərin nə qədəri qrant şəklində QHT-lərə qaytarılır? 

F.Qurbanovun qeyd olunan müsahibəsindən daha bir hissə: “Şuranın 2013-cü il birinci maliyyə yardımı müsabiqəsinin qalibi olmuş və layihəsində kitab, buklet, broşur və digər nəşrlərin olduğu QHT-lərə, bu nəşrlərin Şuranın mətbəəsində çap olunması tövsiyə edilmişdir. Həmin təşkilatların bəziləri bu tövsiyəni nəzərə almaq əvəzinə hər vəchlə öz nəşrlərini başqa mətbəədə çap etməyə çalışırlar. Bəzi təşkilatlar isə layihənin büdcəsində olan nəşr xərclərini ümumiyyətlə çıxarırlar.
Kommersiya qurumlarından heç bir dəstək almayan bəzi QHT-lərin bu hərəkətləri başa düşülən deyil. Niyə dövlətimizin QHT-lərə ayırdığı bu vəsaitdən daha çox kommersiya qurumları faydalanmalıdır, niyə bu QHT-lər Şuranın öz əli ilə verdiyi vəsaiti başqa qurumlara verməlidir?

Şura digər mətbəələrdə çap işlərini həyata keçirən bu təşkilatların layihələrini ciddi nəzarətdə saxlayacaq. Həmin təşkilatların çap etdiyi məhsulların sayı və keyfiyyəti Şura tərəfindən yoxlanılmadan bu nəşrlər paylana bilməz. Bu qaydaları pozan QHT-lərə müqavilə üzrə nəzərdə tutulan ikinci ödəniş həyata keçirilməyəcək.
Bir məsələ də bizdə çox ciddi narahatlıq doğurur. Belə ki, bir qayda olaraq layihənin büdcəsindən çıxarılan nəşr xərcləri təlim və seminarların təşkilinə, yemək, çay-kofe, tədbir üçün zalın icarəsi, mobil rabitə, tədbir üçün dəftərxana xərclərinə yönəldilir. Bununla əlaqədar həmin QHT-lərə xəbərdarlıq edirəm. Şura katibliyinin müvafiq əməkdaşının razılığı olmadan heç bir təlim, seminar və digər tədbir keçirilə bilməz. Təlim keçən QHT-lərin təlim materialı, təlim iştirakçılarının siyahısı, digər paylanma materialları, təlimçinin kimliyi, təlim iştirakçılarına nahar və digər iaşə xidmətlərinin təşkili kimi məsələlər mütləq şəkildə Şura katibliyi ilə razılaşdırılmalıdır. Əks təqdirdə, bu layihələr üzrə verilən hesabatlar qəbul edilməyəcək və həmin təşkilatlara müqavilə üzrə nəzərdə tutulan ikinci hissə ödənişlər verilməyəcəkdir. Eyni məsələ seminar, dəyirmi masa və digər tərdirlərə də aiddir.”

Bizim isə Şura rəhbərliyinə başqa suallarımız var:

1. Niyə QHT-lər özəl biznes qurumlarına nəşr işini sifariş verə bilməzlər? 
2. Özəl biznesə bu, yumşaq desək, barışmaz münasibətiniz nədən qaynaqlanır?
3. Sizcə, bu yanaşmanız ölkə rəhbərliyinin sahibkarlığa dəstək sahəsində həyata keçirdiyi davamlı siyasətə nə qədər uyğundur?
4. Siz QHT-ləri nəşr işi ilə bağlı seçim imkanından məhrum edirsiniz. Bu, sizin öz mövqeyinizdən istifadə edərək monopoliya yaratdığınızı göstərmirmi?
Qeyd edək ki, Şuranın bu ilki qrant elanında bir istiqamət “İctimai aktuallıq kəsb edən məsələlərlə bağlı video çarxların və sənədli filmlərin hazırlanması” adlanır. Nəşriyyat “təcrübəsini” nəzərə alsaq, yaxın aylarda Şuranın öz prodakşn şirkətini də yaradacağını gözləmək olar.

P.S. Araşdırmamızın növbəti hissəsi Şuranın qrant siyasəti ilə bağlı olacaq. Bu istiqamətdə çox maraqlı məlumatlar əldə etməkdəyik. Tezliklə araşdırmanın nəticələrini diqqətinizə təqdim edəcəyik. 

AFN.az

Oxu 467 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.