Tuesday, November 21, 2017

Hakimiyyətin mətbuatla mənzil oyunu

Bu məqaləni qiymətləndir
(2 səs)

Azərbaycanda dövlətin jurnalistlərə qayğısı adı altında görülən işlərin əksəriyyəti jurnalistlərin ələ alınmasına və hakimiyyətə yaxın olan mətbuat orqanlarına dəstək verməyə hesablanmış işlərdir. Jurnalistlərə ən gözəl qayğı bu ola bilər ki, onun peşə fəaliyyətini məhdudlaşdırmasın və yazdığı yazıya, söylədiyi fikirlərə görə təqib edilməsin. Azad mətbuata olunan basqıların nəticəsidir ki, bir çox media orqanları hakimiyyəti tənqid edən yazılarına görə reklam bazarına girə bilmir. Şirkətlərin və iş adamlarının əksəriyyəti qurduğu biznesin təhlükəsizliyi üçün müxalifət fikirli mətbuat orqanlarına reklam verməkdən çəkinirlər. Qələmə aldığı müxalif fikirlərə görə, həbsxanalarımız demək olar ki. bloggerlərlə, vətəndaş jurnalistikası ilə məşğul olanlarla və peşəkar jurnalistlərlə doludur. 

Bu gün də jurnalistlərə mənzillərin verilməsi məsələsi gündəmə gəlib. Yenə keçən dəfə olduğu kimi, mənzilə ehtiyacı olmayan, kifayət qədər maddi imkan sahibi olan bəzi insanlar, jurnalistlər üçün tikilən binadan övladları üçün mənzil əldə etməyi düşünürlər. Bu adamlar görəsən içində siçovul dolaşan zirzəmilərdə kirayələrdə qalan həmkarları ilə qarşılaşanda utanırlarımı?

Mənim ən çox sevdiyim və izlədiyim veriliş ANS-in “Marş” hərbi vətənpərvərlik proqramı olubdur. Azərbaycanda deyərdim ki, yeganə vətənpərvər veriliş olan "Marş" proqramının layihə rəhbəri, müəllifi və aparıcısı olan ehtiyatda olan mayor Rahib Qəribin hələ də yaşamağa evinin olmamasını onun mətbuat vasitəsi ilə dövlət başçısına etdiyi müraciətini oxuduqdan sonra bildim ki, Azərbaycanın ordu quruculuğunda əməyi olan jurnalist ağır məişət şəraitində yaşayır və həyat yoldaşı onkoloji xəstədir. Ömrünün böyük bir hissəsini səngərlərdə, qarlı dağlarda əsgərlərimizlə birgə keçirən bir jurnalistin dövlətin jurnalistlər üçün tikdiyi mənzilldən yararlana bilməməsi onu göstərir ki, bu layihə ədalətlə icra olunmur.

Torpaqlarımızın hələ də işğalda olduğu bir dövrdə, hər zaman müharibənin başlanma ehtimalı olduğu bir zamanda, həmi keçmiş hərbiçi, peşəkar jurnalist və ən baxımlı vətənpərvər bir proqramların ərsəyə gəlməsində əməyi olan Rahib Qəribin mənzillə təmin edilməməsi jurnalistlər üçün tikilən binaların yenə də kimlərinsə arasında bölüşdürülməsi fikrini gündəmə gətirir. Əgər jurnalistər üçün bina tikilirsə, o binada mənzillə təmin olunmalı olan birinci şəxs elə ömrünü mətbuata və ordumuza xidmətdə keçirən jurnalistlər olmalıdır.

Azərbaycanda normal mənzilə ehtiyacı olan peşəkar jurnalistər az deyil. Təəssüf ki, onların bəzi həmkarları yenə yararlanmaq üçün susur, özlərini hakimiyyətin gözündə "sözə baxan, yaxşı oğlan" kimi göstərmək istəyirlər.

Mənim ağlım kəsib, qəzet oxumağa başladığım gündən imzası ilə tanış olduğum dəyərli jurnalistlərdən biri Azər Rəşidoğludur. Bildiyimə görə, Azər Rəşidoğlununda maddi durumu yaxşı deyil. Kiçik mənzili olsa da normal şəraitlə təmin olunmalı olan qələm sahiblərindən biri də Azər Rəşidoğludur. Əgər Azərbaycanda siyasi, iqtisadi, sosial mövzularda yazdığı analitik yazılarına görə, Azər Rəşidoğudan öndə olan evsiz və ya mənzil şəraiti normal olmayan jurnalist varsa, onda Azər bəy də özünün növbəsini gözləsin. Ancaq bu mənzillər həqiqətən də Azərbaycanda mətbuatın formalaşmasında əməyi olan evsiz və mənzil şəraiti normal olmayan jurnalistlər üçündürsə, onda Azər Rəşidoğlu kimi qələm sahiblərinin mənzillə təmin edilməməsi ədalətsizlik və həmin bu mənzil siyasətinin hakimiyyətin özünün ətrafı üçün həyata keçirilən bir sosial layihə olduğundan xəbər verir. Bu məsələdə media kapitanlarının günahı hakimiyyətinkindən az deyil məncə...

Azərbaycanda kirayədə və ya kiçik, şəraiti olmayan mənzillərdə yaşamağa məcbur olan peşəkar qələm sahibləri az deyil. Əgər bu həqiqətən qayğıdırsa, həmin şəxslərin dövlətin jurnalistlər üçün tikdiyi binadan mənzil alma haqqı tanınmalıdır. Ən azından mənizli və şəraiti normal olan insanlar biraz nəfslərini boğub bu jurnalistlərin önünə keçməli deyillər.
Jurnalistlər üçün tikilən birinci binadan mənzil almaq hüququ əldə edən az sayda həqiqi jurnalistləri çıxmaq şərti ilə, həmin layihədən yararlanan elə redaktorlar oldu ki, onların bir neçə evlərinin, hətta bağ evlərinində olduğu hər kəsə bəllidir. Milyoner səviyyəsində yaşayan, adını qocaman jurnalist qoyan bəzi media kapitanlarının həmin binalardan oğlu-qızı üçün mənzil almaqdan ötrü utanmadan hay-həşir saldığını görəndə zamanında bəzilərinin şəxsiyyətlərinə hörmət etdiyim üçün özümü qınadım.

Mən adını çəkdiyim jurnalistlərin heç biri ilə şəxsən tanışlığım yoxdur. Sadəcə olaraq yazılarını və verlişlərini sevə-sevə izlədiyim dəyərli qələm sahibləri olduqları üçün bu məsələni diqqətə çatdırmağı özümün həm də bir vətəndaş borcum olaraq düşünürəm. Baxmayaraq ki, mənim özümün də saytım var, ancaq mən özümü peşəkar jurnalist yox, vətəndaş jurnalistikasının nümayəndəsi hesab edirəm. Bu gün istedalarından yararlanmağa can atdığımız , peşəkar jurnalistlər həm də bizim öyrənməli olduqlarımız məktəbdilər. 5-6 cümləni ard-arda yaza bilməyən, saytlarında imzaları ilə dərc edilən yazıların əksəriyyətini sifarişlə başqa adamlara yazdıran jurnalist adına iddia edən "maşennik"lərin ömürlərini mətbuata həsr edən dəyərli qələm sahiblərindən qat-qat yaxşı həyat sürdüklərini görəndə, sadəcə adamın ürəyi ağrıyır. Ən azından həqiqətən qayğı göstərmək istəyirsinizsə, bu qayğını reket jurnalistlərə yox, həqiqi qələm sahiblərinə göstərin ki, bundan sonrakı nəsil qələm tutmağı reketlərdən öyrənib sizin var-dövlətinizin şəkillərini çəkib, şantajla pul qazanmaqla günlərini yola vermək əvəzinə, dövlətimiz üçün yararlı olan yazılar ortaya qoyub, sizin başıboş kadrlarınızın yerinə dünya siyasətini, beynəlxalq və dövlətlərarası münasibətlər sahələrində baş verən hadisələr haqqında təhlillər yazaraq dövlətimiz üçün çıxış yollarını göstərsinlər. Unutmayın ki, peşəkar jurnalist, təkcə kiminsə problemlərini işıqlandırmaq üçün lazım deyil, dünyanın hər bir yerində dövlət siyasətinin müəyyənləşməsi və həyata keçirilməsi yönündə işlər birinci növbədə bu insanların qələmləri vasitəsi ilə uğur qazanır.

P.S. Bütün bunlara rəğmən, mənim düşüncəmə görə, normal ölkələrdə mətbuata fəaliyyəti üçün sərbəstlik verilməlir. Onlar bir biznes kimi formalaşıb, əməkdaşlarını da normal maaşla təmin etmək iqtidarında olmalıdırlar. Ancaq əgər jurnalistlərə mənzil verilməsi həyata keçirilirsə, ən azında ədalət prinsipi gözlənilməlidir. ( Mənzil siyahısında yer almağı gözləməkdən gözlərinin kökü saralan jurnalistlərin çoxu artıq mühaciərə getməyə məcbur oldular) 

Elşən Əlisoy

Oxu 264 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.