“Cahangir Hacıyev həbsdən azad edilir” iddiası

Bu məqaləni qiymətləndir
(1 Səs)

Həbsdəki bankirin ev dustaqlığına buraxılacağı nə dərəcədə realdır?

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev həbsdən azad edilə bilər. Bu haqda redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, C.Hacıyevi ev dustaqlığına buraxıb sonradan isə “xəstəliyi ilə əlaqədar” istintaqdan, ümumiyyətlə, kənarlaşdırmaq planı var. 

Qaynağımız iddia edir ki, sabiq bankirin həbsdən azad edilməsi onun rəhbərliyi altında Beynəlxalq Bankdan kredit şəklində çıxarılan milyardlarla manat kreditlərin geri alınmasına mane olmayacaq. Kreditorların saxlanılaraq  inzibati üsullarla aparılan profilaktik işlər az-çox bəhrəsini verir. 

Belə olan halda Beynəlxalq Bankda böyük bir paya sahib olan Cahangir Hacıyevin həbsdə qalması ilə azadlıqda olması arasında elə də ciddi fərq yoxdur. Əksinə, Hacıyev çöldə olarsa daha çox kreditin geri qaytarılmasına nail ola bilər. Odur ki, onun azadlığa buraxılması xahişini edən nüfuzlu şəxsi eşidiblər. 

Qaynağımız bildirir ki, C.Hacıyev problemli kreditlər şəklində olan milyardlarla vəsaitin geri qaytarılmasına yardımçı olacağına vəd verib. Bundan başqa, Cahangir Hacıyev Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmaqla yanaşı, bankın əsas səhmdarlarından biri olub. Onu vəzifəsindən azad etsələr də, bankdakı səhmləri qalmaqdadır. “Bizim Yol” yazır ki, Cahangir Hacıyevin nizamnamə kapitalında payı 4 milyon 333 min 476 ədəd səhmdir. Başqa sözlə desək, bankın 5-də biri - 20 faizi C.Hacıyevə məxsusdur.  Onun səhm sayını nominal dəyəri 0,27 manata  vursaq, bu, 1 milyard 170 milyon  38 min 52 manat edir. 

Amma belə məlumatlar da var ki, hakimiyyətdəki bəzi qruplaşmalar “vurulmuş” MTN şefi Eldar Mahmudovun qudası olan Cahangir Hacıyevin azad edilməsinin əleyhinədirlər. Onlar hesab edirlər ki, C.Hacıyevin azad edilməsi Eldar Mahmudovun güclənməsinə xidmət edəcək. 

Qeyd edək ki, C.Hacıyev ötən il martın 18-də “səhhətindəki problemlərə” görə istefaya göndərildikdən sonra maliyyə xəyanətlərində suçlanıb. Lakin onun həbsi bir müddət ertələnib. Ötən ilin oktyabrında Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan 2 ay sonra - dekabrın 4-də Cahangir Hacıyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və Nərimanov məhkəməsinə aparılaraq barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2 (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham edilir. Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur. C.Hacıyev barədə həbs sanksiyasını şəxsən baş prokuror Zakir Qaralovun imzaladığı deyilir.(musavat.com)  

Oxu 416 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.