Tuesday, November 21, 2017

Deputatdan sərt tənqid: “Banklar soyğunçuluqla məşğuldur”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdəki çıxışı zamanı deyib. "2015-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən qurumun sədri büdcənin icrası ilə bağlı müsbət rəyini açıqladı.   

Müzakirələr zamanı çıxış edən deputat Zahid Oruc "Azərenerji”nin 1 milyard manat borclu olduğunu xüsusi vurğuladı, özəlləşdirmə zərurətindən bəhs etdi. Deputat maliyyə naziri Samir Şərifovun da iştirak etdiyi iclasda onun devalvasiya zamanı dediyi "Vətəndaşlar vəsaitləri öz evlərində saxlasalar, oğurluq artacaq” sözlərini xatırlatdı və "Doğrudan da oğurluq hallarının sayı artdı” deyə əlavə etdi. 

Z.Oruc ölkədən çıxarılan maliyyə resurslarından da danışdı. Azərbaycandan və Türkiyədən Gürcüstana maliyyə axınının artdığını söylədi, hökuməti müvafiq addımlar atmağa çağırdı. 

Deputat Əli Məsimli dedi ki, əgər biz böhrandan tez çıxmaq istəyiriksə, onda kompleks tədbirlər həyata keçirməli, büdcənin də strukturunda təcili islahatlar aparmalıyıq: "Ona görə də biz 14 maddədən ibarət kompleks tədbirlər planı hazırlayıb, müvafiq qurumlara göndərmişik və bir aydır həmin qurumlardan cavab gözləyirik. Təkliflərin nəzərə alınması və tədbirlərin həyata keçirilməsi vəziyyətin yaxşılığa doğru dəyişməsinə imkan yaradar”. 

Deputat bank soyğunçuluğunu kəskin tənqid etdi: "Bəzi banklar artıq insanların vəsaitlərini ələ keçirəndən sonra daşınmaz əmlaklarını, maaşlarını, indi isə həmin insanlara qarantiya verənləri hədəfə alıb, onlarla bağlı məhkəmə iddiaları qaldırıb. Bu, nə qanuna, nə insanlığa uyğundur. Bu, bankçılıq yox, soyğunçuluqdur. Ona görə də aidiyyati qurumlar bu cür naqisliklərin aradan qaldırılması üçün ciddi tədbirlər görməlidir”. 

Deputat Elmira Axundova kənd təsərrüfatına daha düşünülmüş şəkildə dəstək verilməsini zəruri saydı. Deputat xaricdən qayıdan diplomatların pensiya probleminin olduğunu söylədi. Onun sözlərinə görə, bu yaxınlarda ölkəyə qayıtmış keçmiş səfir pensiyası ilə maraqlananda məlum olub ki, o, cəmi 300 manat pensiya alacaq.  

Deputat Fazil Mustafa indiki dövrdə neftdən büdcəyə transfertlərin azalması şəraitində büdcənin balansının qorunub-saxlanmasını olduqca vacib saydı. Əlavə etdi ki, bəzi məsələlərə xüsusi diqqət yetirmək lazımdır. 

Deputat əhalinin aylıq gəlirinin 365 manat olduğu barədə statistik göstərici ilə arxayınlaşmağı dorğu saymadı: "İcbari tibbi sığortanın tətbiq edilmədiyi, bu qədər kredit borcları olan ölkədə əhalinin aylıq gəlirinin 365 manat olduğunu demək düzgün deyil. Tibbi sığorta tətbiq olunmadı. Biz dedik heç olmasa müalicə üçün fond yaradılsın, insanlar elementar xəstəliklərdən dünyasını dəyişməsin”. 

F.Mustafa dedi ki, xeyli müəssisələrin qapıları bağlanıb: "Hətta biz dondurma istehsal edib müştəriyə təqdim edə bilmiriksə və alıcı Rusiya istehsalı olan dondurmaya üstünlük verirsə, biz bu vəziyyət barədə ciddi düşünməliyik. Ölkədə normal bir basketbol meydançası yoxdur, həndbolumuz yoxdur, yaşıl örtüklü futbol meydançası yoxdur, uşaqlara baxırsan 1,65-1,70 sm-dən ucaboy uşaq tapa bilmirsən. Sanki bu uşaqlar bir dəfə idmanla məşğul olmayıb, belləri bükülü vəziyyətdə dayanırlar. Bu uşaqlar bizim gələcəyimizdir”. 

F.Mustafa əlavə etdi ki, ölkədə idman sahəsinə kifayət qədər vəsait ayrılır, idman kompleksləri tikilir, amma bu sahədə olan problemləri də həll etmək lazımdır. 

Deputat Qənirə Paşayeva hökumət üzvlərinin iştirak etdiyi toplantıda 1 iyun Beynəlxalq Uşaqların Müdafiə Günü ilə bağl uşaqları təbrik etdi. Eyni zamanda 18 yaşına çatmayan uşaqlara tütün məhsullarının qadağan edilməsinə baxmayaraq, bu sahədə problemlərin olduğunu dedi, hökuməti bu sahədə səyləri artırmağa çağırdı. 

Turizmin vəziyyətindən bəhs edən Q.Paşayeva dedi ki, biz qardaş Türkiyədən Azərbaycana gələnlərin hamısına hava limanında viza veririk: "Ancaq qonşu ölkələr bir-birinə daha ucuz səyahət imkanı əldə edirlər. Gəlirlər Gürcüstana, vizasız keçirlər, amma Azərbaycanla sərhəddə onlara deyilir ki, biz sizə burada viza verə bilmərik. Yaxşı olardı ki, viza verilişini də sərhəddə reallaşdıraq, turistlər geri qayıtmasın”. 

Q.Paşayeva Almaniya Bundestaqının 2 iyunda qondarma "erməni soyqırımı” ilə bağlı qanun layihəsini müzakirəyə çxıartmağa hazırlaşdırğını dedi. Təklif etdi ki, parlamentlərarası dostluq qrupu səviyyəsində Azərbaycanın bu məsələyə etiraz bildirməsi vacib məsələdir.

Deputat Tahir Kərimli siyasi partiyalara ayrılan vəsaitlə bağlı məsələlərin konkretləşdirilməməsindən narazılığını bildirdi. Ağsu və İsmayıllı rayonlarının problemlərindən danışdı. Dedi ki, Gəncə-Qazax zonasında adambaşına 117 manat xərc çəkildiyi halda, onun seçildiyi dairədə 19 manat ayrılır. 

"Yaxud məktəb tikintisi ilə bağlı ciddi problemlər var. Gözümlə gedib görmüşəm, məktəb mal tövləsidir, içində ilanlar var” - deyə, narazılığını bildirdi. 

T.Kərimli digər problemdən də danışdı: "AZAL-da hədsiz dərəcədə köhnə təyyarələrdir. Elə Əfqanıstanda iki təyyarımiz qəzaya uğrayıb. AZAL-a əlavə vəsait ayrılmalıdır ki, yeni təyarələr alınsın”.   

Deputat Əflatun Amaşov hökumət üzvlərini mediaya dəstəyi artırmağa çağırdı. O, informasiya müharibəsində düşməndən güclü olmağımızı zəruri saydı: "Təbii ki, Qarabağı ordumuz azad edəcək. Ancaq paralel olaraq informasiya müharibəsində də mövqelərimizi gücləndirməliyik. Söhbət təkcə Ermənistanla müharibədən getmir. Biz informasiya sahəsində tam şəkildə qalib olsaq, media vasitəsilə ciddi təsir göstərib, BMT qətnamələrinin də icrasına nail ola bilərik. İnformasiya sahəsində qalib olmaq üçün mediaya dəstəyin artırılması vacibdir”. 

Cavad Bədəlov 

Oxu 396 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.