"Azərbaycanda ən çox bürokratiyaya və təzyiqlərə məruz qalanlar..."

Bu məqaləni qiymətləndir
(1 Səs)

Xeber.İno-nun suallarını kiçik sahibkar, siyasi-ictimai fəal Anar Mammadov cavablandırır

- Anar bəy, sizcə hazırda orta və kiçik sahibkarlığın vəziyyəti ölkədə nə durumdadır?

- Azərbaycanda ən çox süründürməçiliyə, bürokratiyaya, təzyiqlərə məruz qalanlar kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaşlardır. Bu insanlara ən böyük təzyiqlər vergi işçiləri tərəfindən edilir. Vergi müfəttişləri istədikləri vaxt istənilən sahibkarlıq subyektinin qapısını döyüb min bir bəhanə ilə sahibkardan pul ala bilirlər. Üstəlik, onlar buna qanuni “don” da geydirməyi bacarırlar. Mənim şəxsən tanıdığım nə qədər sahibkar bildirir ki, bir neçə aydır obyektlərdə nəzarət-kassa aparatlarına mərkəzləşmiş nəzarəti təmin etmək adı ilə modem quraşdırılır. Vergilər Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilən bu proses bir sıra çatışmazlıqlarla müşahidə edilir. Belə ki, əvvəlcə sahibkarlara modemin pulsuz quraşdırıldığı deyilsə də, sonradan nəzarət-kassa aparatlarına texniki baxış servisi onların hər birindən xeyli miqdarda pul alıb. Üstəlik, modemlər ölkədə fəaliyyət göstərən mobil operatorlardan birinin xidməti ilə işləyir. Həmin operatorun şəbəkə tutumu zəif olduğundan tez-tez modemlər də, kassa aparatları da donur. Kassa aparatları çalışmadığı müddətdə alış-veriş kitablara yazılmalıdır. Həmin kitabları sahibkarlar vergiödəyicilərinə Xidmət İdarəsindən alırlar. Qaydalara görə, kitabın biri dolub yoxlamadan keçməsə ikincisinin verilməsi qadağandır. İdarədə isə çox vaxt yoxlama, yeni kitabın verilməsi gecikdirilir. Bütün bunlar son nəticədə obyektlərin işinin dayanmasına səbəb olur.

- Yani durumun kifayət qədər ciddi problemli olduğu qənaətinə gəlmək olar?

- Tam belə demək mümkündür. Amma burda söhbət təkcə müxtəlif bəhanələrlə sahibkarlardan pul almaqdan getmir. Başqa bir özbaşınalıq isə "sabit ödəmə" adlı aylıq rüşvət ödəmə problemi ilə bağlıdır. Məsələn, sahibkara vergi işçiləri tərəfindən təklif edilir ki, aylıq konkret bir məbləğıgətirib vergi işçilərinə versinlər və beləliklə də canlarını qurtarmış olsunlar. Hətta sosial şəbəkələrdə də bir sahibkar belə bir məlumat yaymışdı ki, onun 44 kvadrat metr sahəsi olan icarəyə götürdüyü obyektə “yuxarıdan” 150 manat aylıq ödəniş “məsləhət görülüb”. Bax bu cür rusvayçılıqdır ölkədə. Vay o gündən ki, o pulu verməyəsən. Nə qanun, nə prezident , nə də bir kimsə sahibkarı vergi yırtıcılarının caynağından qurtara bilməz.

- Sizcə kimə sərf edir bu qanunsuzluq?

- İnanın ki, mən də bunu anlaya bilmirəm. Bəzən düşünürəm ki, bizi insan kimi, millət kimi məhv etmək istəyirlər. Axı bu qədər haqsızlıq olmaz, bu qədər özbaşınalıq olmaz. Prezident deyir ki, hər kəs xalqa xidmət eləməlidir! Hanı bəs? Xidmət eləmək bir yana qalsın imkan versinlər çörəyimizi qazanaq. Maraqlıdır ki, Əliyevlər iqtidarın zamanında sahibkarlara qarşı vergi vasitəsilə hər zaman ciddi problemlər yaradılıb. Ən son müvafiq idarə tərəfindən sahibkarlara işçilərə əməkhaqqını ölkə üzrə ortaaylıq əməkhaqqı ilə hesablamaları ilə bağlı göstəriş gəlmişdi. Mən vergi işçiləri ilə dəfələrlə söhbətimdə sahibkarlara edilən bu tələbin qanunsuz olduğunu dedim. Amma baxan kimdir. Maraqlıdır ki, hakimiyyət üçün ciddi elektorat olan orta və kiçik sahibkarlara qarşı əsas təzyiqlər məhz vergi vasitəsilə edilir. Bunun səbəbi nədir - bilmirəm! Hesab edirəm ki, ölkədə hər sahədə qanunsuzluq müşahidə olunduğuna görə elə bu hökümətin mahiyyəti korrupsiya və özbaşınalıqdır.

Cavad Bədəlov

Oxu 771 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.