Qabil Əliyev: “Aşağı səviyyəli təhsilin acı nəticələri artıq öz bəhrəsini verir”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Xeber.İnfo-nun müsahibi Demokratik İnteqrasiya Assosiasiyasının sədri Qabil Əliyevdir.

-                     Azərbaycanda təhsilin səviyyəsini necə qiymətləndirsiniz?

-                     Azərbaycanda təhsilin səviyyəsinin aşağı olması rəsmi qurumlar tərəfindən də etiraf olunur. Ölkədə təhsilin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticələrindən də görmək mümkündür. Orta məktəblərdə keçirilən buraxılış imtahanları, həmçinin ali məktəblərə qəbul imtahanlarının nəticələri üzrə aparılan təhlillər göstərir ki, təhsilimizin səviyyəsi hətta MDB ölkələri üzrə aşağı həddədir. Hətta buraxılış imtahanlarında uğurlu nəticə göstərən şagirdlər də qəbul imtahanlarında biabırçı nəticələr əldə edirlər. Son illər qəbul imtahanlarından sonra keçid balının aşağı salınması artıq ənənə halı alıb. Aşağı səviyyəli təhsilin acı nəticələri artıq öz bəhrəsini verir. Aşağı balla ali məktəbə qəbul olanları, təhsil aldıqları müddətdə onlardan bir qisminin tapşırıq və rüşvət hesabına oxuduğunu nəzərə alsaq, yaxın illərdə Azərbaycan hansı səviyyəli mütəxəssislərin yetişəcəyini təsəvvür etmək çətin deyil.

-                     Bəs təhsilinin bu vəziyyətə düşməsinin əsas səbəbi nədir və belə təhsil ölkəni hara aparır?

-                     Strateji əhəmiyyət kəsb edən təhsilin səviyyəsinin bu qədər aşağı düşməsi arzuolunan deyil. Bütün sahələrdəki qüsurları düzgün sistem yaratmaqla qısa zamanda aradan qaldırmaq mümkündür. Amma təhsili düzəltmək üçün on illərlə vaxt sərf olunur. Savadsız kadrların peşəkar təhsil sistemi yaratması mümkün deyil. Azərbaycan təhsilinin başında duranlar, eləcə də, az-çox imkanları olanlar övladlarını xarici ölkələrin nüfuzlu məktəblərində oxudurlar. Orta və aşağı təbəqənin övladları isə bərbad halda olan Azərbaycan məktəblərində oxumağa məcburdurlar. Acınacaqlı hal odur ki, bir çox yerlərdə ümumitəhsil orta məktəbləri əhəmiyyətsiz quruma çevriliblər. Uşaqlar məktəbdənkənar təhsil alırlar.  Repititor olmadan heç kim ali məktəbə qəbul ola bilmir.

-                     Yeni məktəb binaları tikilir. Təhsilin inkişafı üçün yeni tikililər stimul ola bilərmi?

-                      Orta məktəblər üçün yeni binalar tikilsə də, orada tədrisin səviyyəsini qaldırmaq mümkün olmayıb. Müəllimlərin maaşının azlığı, sistemin düzgün qurulmaması təhsil sektorda böhrana səbəb olub. Təəssüf ki, aidiyyəti qurumlar nə problemlərin səbəblərini araşdırırlar, nə də təhsil sistemində bu gün baş verənləri aradan qaldırmaq fikirləri var. Azərbaycanda təhsil sisteminin inkişafı ümumi dövlətçiliyin inkişafına təkan verən amildir.

-                     Gənclərin cinayətə meyillənməsi təhsilsizliklə bağlı ola biərmi?  

-                     Gənclərin aşağı səviyyəli işlərdə çalışmalarının, yüksək vəzifələrə sahiblənə bilməmələrinin başlıca səviyyəsi təhsilsizlikdir. Bu da öz növbəsində bir sıra risklər yaradır. Kriminogen durumun yaranması, iqtisadiyyatın inkişafının ləngiməsi, eləcə də digər sektorlarda müşahidə olunan sistemsizliyin, çatışmazlıqların kökündə təhsilsizlik durur. Problemin tezliklə aradan qaldırılması üçün təhsillə bağlı geniş strategiyanın hazırlanması və onun icrası istiqamətində konkret addımların atılması lazımdır.

 Xeber.İnfo

Mövlud Abdulov

Oxu 462 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.