Thursday, November 23, 2017

Konstitusiya Məhkəməsi referenduma “hə” dedi Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Milli Məclisin müzakirə üçün sentyabrda toplaşacağı məlum oldu; səsvermənin nə vaxt olacağını prezident müəyyən edəcək 

Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında prezident İlham Əliyev tərəfindən konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

Rəyi elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.

Qeyd edək ki, iyulun 18-də Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-nə endirilməsi nəzərdə tutulur.

Azərbaycan prezidentinin nümayəndəsi, Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev layihə ilə bağlı çıxışı zamanı bildirib ki, Avstriya və Finlandiyada prezidentlərin səlahiyyət müddəti 7, Rusiyada isə 6 ildir. Ş.Əliyev həmçinin bildirib ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsindən 7 il vaxt ötüb: “Bu 7 il ərzində Azərbaycanın yeni inkişaf tələblərinə uyğun olaraq Azərbaycan prezidenti tərəfindən ”Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə göndərilib. 9-cu maddənin I hissəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur.  Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Təklif edilir ki, digər silahlı birləşmələrin, yəni Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi əməliyyatlar zamanı qərargah rəislərinin birləşmiş komitəsi yaradılacaq və bu silahlı birləşmələr birbaşa Ali Baş Komandana tabe olacaqlar".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Onun sözlərinə  görə Konstitusiya Məhkəməsinin rəy verdiyi Konstitusiya Aktı layihəsi ilə bağlı referendumun tarixini təyin etmək prezidentin səlahiyyətindədir. Referendum Aktında da göstərilib ki, referendumun tarixi prezidentin səlahiyyətinə aid olan məsələdir. Məlum olub ki, parlament Referendum Aktını sentyabrda müzakirə edəcək.  

Bir sıra müxalifət partiyaları isə sözügedən konstitusiya dəyişikliyinin əleyhinədir. Müsavat Partiyasının başqanı Arif Hacılı Konstitusiya Məhkəməsinin müsbət rəy verəcəyinin əvvəldən gözlənilən olduğunu bildirdi: “Ona görə gözlənilən idi ki, Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur və real hakimiyyət bölgüsü aparılmayıb. Konstitusiya Məhkəməsi tamamilə icra hakimiyyəti strukturundan asılı vəziyyətdə olan bir qurumdur. Bununla belə, biz Konstitusiya Məhkəməsinə müraciət etmişdik. Müraciətimizin də əsas səbəbi o idi ki, Konstitusiya Məhkəməsi üzvlərinin və sədrinin diqqətinə sərəncamda göstərilən müddəaların Konstitusiya Məhkəməsi tərəfindən müzakirəyə çıxarılmasının və müsbət rəy verilməsinin qeyri-mümkünlüyünü çatdıraq. Çünki Azərbaycan  Konstitusiyasına görə konstitusiyaya əlavələr yalnız parlament vasitəsilə referendum müzakirəsinə çıxarıla bilər və bu, iki oxunuşdan keçməlidir. Birinci oxunuşdan keçdikdən 6 ay sonra bu məsələ ikinci oxunuşa çıxarıla bilər. Görünür Azərbaycan hakimiyyəti çox tələsir və ona görə də bu prosedurdan yan keçərək layihədə konstitusiyaya əlavələr nəzərdə tutulsa da, yalnız dəyişikliklər sözünü sərəncamın başlığına yazmaqla bu məsələni ictimaiyyətdən gizlətməyə çalışmışlar. Biz də bunu ictimaiyyətin diqqətinə çatdırdıq.

Vitse-prezidentlik institutları dünyanın müxtəlif ölkələrində mövcuddur. Məsələn, ABŞ-da vitse-prezident institutu var və ABŞ-dakı vitse-prezidentlər ölkənin prezidentləri kimi ölkənin bütün ərazisində səsvermə yolu ilə seçilir. Yalnız bu yolla həmin şəxslər prezident öz səlahiyyətlərini icra edə bilmədikdə prezidentin səlahiyyətlərini icra etmək hüququ alırlar. Prezident səlahiyyəti xüsusilə Azərbaycanda çox yüksək bir səlahiyyətdir. Bu səlahiyyəti hər kəsə yalnız xalq verə bilər. Xalq tərəfindən seçilmiş prezidentin də hətta xalqın iradəsi ilə seçilməli olan vəzifənin səlahiyyətlərini başqa birisinə vermək hüququ olmamalıdır".

Onu da qeyd edək ki, müxalifətdə olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a ötən həftə verdiyi müsahibədə Əbülfəz Elçibəy hakimiyyəti zamanında vitse-prezident vəzifəsinin təsis edilməsi məsələsinin gündəmə gəldiyini bildirib: “Azərbaycanda vitse-prezidentlər institutunun tətbiqi məsələsi hələ 1992-93-cü illərdə müzakirə olunurdu. O vaxt hazırlanan konstitusiya layihələrinin birində məhz vitse-prezidentlərin vəzifə kimi yaradılması təklif olunmuşdu. Lakin bizim layihədə bu, Nazirlər Kabinetinin bir institut kimi ləğvi ilə yaradılırdı. Konsepsiya ondan ibarət idi ki, ABŞ tipli prezident idarə üsuluna keçilsin. Vaxtilə bu məsələlər barədə mətbuatda xəbərlər gedib. Nazirlər Kabinetinin ləğvi məsələsi onunla əsaslandırılırdı ki, sovet dövründən və müstəqilliyin ilk illərindən qalmış qavrayışlar icra hakimiyyəti sistemində paralellik kimi başa düşülür və ziddiyyətlərə səbəb olurdu. Sonradan müzakirələrin gedişində prezidentin bu barədə Heydər Əliyev və Turqut Özalın rəyini nəzərə alması ona səbəb oldu ki, həmin layihələr bir müddət kənara qoyuldu. Heç şübhəsiz ki, indiki siyasi kontekst bu islahata yeni mənalar gətirib. Müxalifətin də narahatlıqları tam əsassız deyil”.

Bəs maraqlıdır, 23 il öncə vitse-prezident vəzifəsinin yaradılmasının tərəfdarı olan indiki müxalifət bu gün nədən belə bir addıma qarşı çıxır?

Müsavat başqanı Arif Hacılı qeyd etdi ki, Elçibəy hakimiyyəti zamanı müxtəlif layihələr, o cümlədən vitse-prezidentlik məsələsi də müzakirə olunub: “Söhbət bir yox, bir neçə vitse-prezidentin təyin olunmasından gedirdi. Vitse-prezident əslində faktiki olaraq prezidentin müavini, yardımçısı deməkdir. Həmin dövrdə, məsələn, dövlət katibi prezidentin birinci müavini, dövlət müşavirləri prezidentin müavinləri funksiyalarını həyata keçirirdilər. Sadəcə, bu adların dəyişdirilib birinci vitse-prezident, vitse-prezident kimi adlandırılması nəzərdə tutulurdu. Həmin adamların prezidenti əvəz eləmək, onun səlahiyyətlərini icra eləmək kimi səlahiyyətlərinin olması nəzərdə tutulmurdu. Ancaq indi referenduma çıxarılan məsələdə tamam başqa bir səlahiyyətli vitse-prezident, yəni xalqın iradəsi ilə seçilməli olan prezident səlahiyyətlərinin yalnız bir nəfər tərəfindən başqa birisinə verilməsi hüququ tanınır. Bu, ümumiyyətlə, demokratiyanın hərfinə və ruhuna zidd olan bir dəyişiklikdir. Bu dəyişiklik Elçibəy hakimiyyəti dövründə nəzərdə tutulan vitse-prezident səlahiyyətlərindən mahiyyət etibarilə tamamilə fərqli bir məsələdir. Bu iki məsələni bir-birinə qarışdırmaq olmaz”.  

Elçibəy hakimiyyətinin vitse-prezident vəzifələri yaratmasının nə üçün reallaşmadığına gəlincə, A.Hacılı vurğuladı ki, o zaman bu, hakimiyyət üçün bir nömrəli məsələ olmayıb: “Belə bir təkliflər verilib və müəyyən ilkin müzakirələr aparılıb. Ancaq bir nömrəli məsələ kimi qarşıya qoyulmayıb”. 

Oxu 582 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.