Thursday, November 23, 2017

Deputatdan “Biz səninləyik, Heydər baba!” şüarına sərt reaksiya Xüsusi

Bu məqaləni qiymətləndir
(5 səs)

Fazil Mustafa: “Dili söz tutmayan uşaqların adından kollektiv itaət fikri ifadə olunursa, davamı böyüklərə gələcək”

... Əvvəllər qardaş, indi isə qonşu sayılan Türkiyədə dostlarım belə bir hadisəni danışmışdılar: Hitlerzülmündən qaçan yəhudi alimləri Türkiyəyə pənah gətirirlər. Onları burada yüksək səviyyədə qarşılayıb, universitetlərdə işlə və geniş yaşayış sahəsi ilə təmin edib, çox yüksək maaş verirlər. Onlar da bu cür davranışdan məmnun qalıb, bir müddət sonra Atatürkün yanına gəlir və Türkiyə vətəndaşlığını qəbul etmək istədiklərini bildirirlər. Atatürk göstəriş verir ki, onların bu arzularını yerinə yetirsinlər. Amma Türkiyə vətəndaşlığını qəbul edəndən sonra yəhudi mühacirlərin yaşayış yerləri əllərindən alınır, maaşları xeyli azaldılır. Onlar təkrar qəbula düşüb soruşurlar ki, biz Türkiyə vətəndaşı olmadan daha yaxşı yaşayırdıq, bu nədir? Atatürk cavab verir ki, bəs bilmirsiniz Türkiyə vətəndaşı olmanın bədəli (yükü) çox ağırdır?

Bizim aqibətimizi görən kimsələr fikirləşmir ki, Azərbaycan vətəndaşlığının da bədəli çox ağırdır? Anlamırlar ki, bu feodal Konstitusiyanın tabeçiliyinə girmək olan-qalan bütün vətəndaş hüquqlarının itirilməsi deməkdir? Görmürlər ki, beş dəqiqənin içində İqbal Ağazadə isimli bir millət vəkilini millətin haqqını müdafiə etdiyinə görə iqtidar çoxluğunun qərarı ilə həbs edib, evindən döyə-döyə həbsə aparırlar? Məgər Qukasyan hərifdir ki, belə bir parlamentə üzv seçilsin? Aşot görmür ki, adi hüquqlarını əldə etmək üçün məhkəmələrin və digər dövlət orqanlarının qapısında aylarla sürünməlisən? Özləri əllərini başına yığıb dövlət qurumları yaradıblar və sakit – səssiz yaşayırlar, nələrinə lazımdır özlərini bu cəngəlliyin içinə soxsunlar? Aşota bu gün nəyi təklif edirlər? Adi azərbaycanlının iztirablı yaşayışınımı? Doğrudur, müxalifətçi dostlarımız söyləyə bilər ki, Azərbaycan hakimiyyəti heç vaxt ermənilərə qarşı azərbaycanlılara olduğu qədər kinli və aqressiv olmayıb. Bundan sonra da olmayacaqları ehtimalı var. Ancaq ermənilər də anlayırlar ki, bir günün içində Xankəndinin, Şuşanın gəlirli yerlərini özəlləşdirib, camaatı lüt-üryan çölə buraxacaqlar. Heç Azərbaycan nümayəndə heyyətlərinin beynəlxalq arenada Qarabağ mövzusunda tələblərinin hansı  məsələ üzərində cəmləşdiyinə diqqət etmisinizmi? Həmişə Dağlıq Qarabağın nəzarətsiz zona olması, orada narkotik bitkilərin yetişdirilməsi və ixracı barədə bəyanatlar verilir. Bunları Qarabağdan çox o bazarın əldən çıxması narahat edir. Pul, sərvət məsələsində bunlar heç erməniyə də güşəztə gedəcək əhvalda deyillər. Məgər erməni görmür ki, dünyanın gözü önündə seçkini necə dəhşətli saxtalaşdırıb, hakimiyyəti qəsb ediblər? Təminatları varmı ki, Dağlıq Qarabağdan siyahı üzrə hansısa YAP-çını deputat seçməyəcəklər? Məgər görmürlər ki, haqqını tələb edən insanları həbsxanalarda çürüdür, demokratik partiyanın qərargahını əlindən alıb çölə atıblar? Dilənçi vəziyyətinə düşüb Rusiya çöllərinə səpələnməkmi istəyir ermənilər?

Bəs bunlar savaşla nəyi çözmək istəyirlər? Savaş yolu ilə torpaqların azad olunması şuarını mən də odruya getməzdən əvvəl tez-tez işlədirdim. İndi niyə susduğumun mənasını yəqin ki, anlayırsınız. Düşünürəm ki, Azərbaycan zabitinin, əsgərinin miskin və hüquqsuz vəziyyətini görən kimsə, hər halda, yaxın gələcək üçün bu cür məsuliyyətsiz çıxışlara öz leksikonunda yer ayırmamalıdır. Sözün qısası, yazıqdır ermənilər. Azərbaycanda demokratiya deyilən bir həyat tərzindən əsər-əlamət olmadıqca, qoyun, insan kimi yaşasınlar.

Qarabağ erməniləri bir yana qalsın, arabir özümüzə sual verməyimiz lazım gəlir ki, ümumiyyətlə, Azərbaycanın Avropa Şurasında olmasının bir mənası varmı? Qoyun, öz feodal adət-ənənəmizlə yaşayaq, səhər işləyək, axşam töycümüzü verək. Heç olmazsa, Avropa Şurasına girməzdən öncə parlament və prezident seçkilərində saxta yolla qutulara doldurulmuş bülletünləri hesablayıb faiz rəqəmi ortaya qoyurdular. Bəs Avropa Şurasına daxil olandan sonra Azərbaycanda hansısa seçkidə bülleten sayılıbmı? Protokollarda istədikləri düzəlişləri edərək, mətbuat konfransı keçirib faizləri elan edirlər. Sonra heç vaxtında dərc etməyi də düşünmürlər.

Avropalı demokratın böyründə gəlmiş Çavuşoğlu soyadlı birisi utanıb-qızarmadan millətin üzünə seçkilərin dekomratik keçirilməsindən ağızdolusu danışır. Hər dəfə bizim Türkiyədən öyrənəcəyimiz yalan və saxtakarlıq olacaqsa, elə bu cürləri özümüzdə geninə-boluna var. Buraxın, Qarabağ məsələsində də Türkiyə öz bildiyi kimi davransın. Məgər bilmirik ki, Türkiyə 1995-ci ildən Ermənistanla hava koridorunu açıb? Ermənilər “1915-ci il genosidi”ni tanıma tələbini gündəmdən çıxarsalar, onda görəcəksiniz ki, Türkiyə üçün heç Dağlıq Qarabağ məsələsi də yada düşməyəcək. Hər cür əməkdaşlığa gedəcəklər və ermənilərlə Azərbaycandan da isti münasibət quracaqlar. Onsuz da boş vədlərdən, antidemokratik çıxışlardan başqa bir şey əxz etmədiyimiz Türkiyə Azərbaycanda mövqeyini yavaş-yavaş itirməkdədir. Hər halda Elçibəydən böyük Türkiyə sevdalısı olmayacağıq, məgər onu necə aldatdıqlarını, aşağıladıqlarını bilmirsiniz? Türkiyədə bizim qan qardaşlarımız var, onlara sevgimiz tükənməzdi, ancaq bir gerçəyi açıq ifadə etməliyik: Türkiyə ilə federasiya, konfederasiya, hərbi ittifaq söyləntilərini unutmalı, sadəcə, mehriban qonşuluq münasibətləri üzərində əlaqələrimizi qurmalıyıq. İran, Rusiya, Gürcüstan və Türkmənistanla olduğu səviyyədə. Ən azı bu dövlət demokratik dəyərləri mənimsəyənə qədər Elçibəyin dünyaya Türkiyə vasitəsilə açılış kursuna bizlər, yəni bu məktəbin davamçıları yenidən baxmalıyıq. Elçibəy kimi bizim də aldanmağa haqqımız yoxdu.

Necə ki, “Əzizbəyov” metro stansiyası yaxınlığında asılmış bir plakatda gələcəyimiz artıq təsvir olunub. 50-60 südəmər uşağın rəsmlərinin fonunda boy göstərən müəllimə onların fikirlərini bu şüarla ifadə edib: “Biz səninləyik, Heydər baba!” Dili söz tutmayan uşaqların adından kollektiv itaət fikri ifadə olunursa, davamı böyüklərə gələcək.

Böyüklüyünüzü qorumaq üçün indidən “biz kiminləyik?” sualına cavab hazırlayın. Yoxsa Ana Yasası Ana Kağız olan bir ölkədə tez bir zamanda olduğunuzu da sizə unutduracaqlar...

Yeni Müsavat, № 310 (2237) 22 noyabr 2003

Oxu 2865 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.