Azay Quliyevin qrant monopoliyasının yalançı təsviri, yoxsa “Vətən, millət, Sakariya?.. Xüsusi

Bu məqaləni qiymətləndir
(2 səs)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası martın 4-də 2017-ci ilin birinci qrant müsabiqəsinə yekun vurub. 317 layihənin maliyyələşməsi haqqında qərar qəbul edilib.

Məlumatda deyilir ki, QHT Şurasının qərarından narazı qalan təşkilatlar var. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov isə martın 10-da modern.az-a açıqlamasında narazılıqlar barədə danışıb.

O bildirib ki, bütövlükdə 519 layihə şuranın rəyasətinə çıxarılıb: “Şura ekspertlərin rəylərini nəzərə alaraq 317 layihənin maliyyələşməsi haqqında qərar qəbul etdi. Bu qərar şuranın rəsmi internet səhifəsində dərc olundu”.

Onun sözlərinə görə, müsabiqə qalibləri ilə yanaşı, qalib olmayan QHT-lər elan olunub: “71 təşkilat Şuranın müsabiqəsindən kənarlaşdırılıb. Həmin QHT-lərin müsabiqədən kənarlaşdırmalarının səbəbi izah edilib. Təbii ki, hər bir müsabiqədən sonra onun nəticələrinə münasibət birmənalı olmur. İstənilən təşkilatın müsabiqənin nəticələri ilə bağlı şikayətinə baxılacaq. Həmin şikayətlərə baxılarkən təkcə apellyasiya üzvləri deyil, eyni zamanda media nümayəndələri də iştirak edəcək. Layihə ilə bağlı fikirlər canlı şəkildə QHT sədrlərinə və təmsilçilərinə bildirilir”.

“Ötən il şura 70-ə yaxın QHT-nin apelyasiya şikayətinə baxdı və onlardan 18-nin maliyyələşməsi ilə bağlı Apellyasiya Komissiyası Şuraya tövsiyə təqdimatını verdi. Həmin təqdimatlar Şura tərəfindən nəzərə alındı və 16 təşkilata maliyyə dəstəyi ayrıldı. İndiki apellyasiya şikayətlərinə də əvvəlki təcrübədən yararlanıb baxacağıq. Şuranın qəbul etdiyi qərarın hansı prinsiplər əsasında aparıldığı bir daha QHT-lərə izah olunacaq”, – Qurbanov deyib.

Görünən odur ki, QHT Şurası bu tədbirlər barədə sadəcə, hər il olduğu kimi mətbuatda məlumat yaymaqla öz işini bitmiş sayır.

Dövlətə xidmət, yoxsa dostluq, tanışlıq, qohumluq…

Bu müsabiqədə də diqqətçəkən bir məqam oldu. Siyahıda tanış adlar və qurumlar hər dəfəki kimi yenə də sıralanmışdı. Xatırladaq ki, bu Azay Quliyevin rəhbərlik etdiyi qrant monopoliyasının 2017-ci il üçün ilk müsahiqəsidir. Amma 2016-ci ilin , 2 və 3-cü maliyyə yardımı müsabiqələri də ciddi narazılıqla qarşılanmışdı. Hətta məmur qohumlarına, deputat övladlarına, yaxınlarına, Quliyevin özünə yaxın şəxslərə qrant ayırması uzun müddət müzakirəyə səbəb olmuşdu. Buna misal olaraq ötəndəfəki siyahıda bir neçə deputatın (Əli Hüseynli – 14 000,0 AZN, Fuad Muradov – 14 000,0 AZN, Elşən Musayev – 3 000,0 AZN), çoxsaylı jurnalistlərin, Vətəndaş Cəmiyyəti adına iddialı şəxslərin, məmur qohumlarının (məsələn, Cavid Qurbanovun atası Qənbər Qurbanov – 10 000,0 AZN) adlarını göstərə bilərik.

Bəli, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi qrant müsabiqələrinin layihələrini araşdırdıqda böyük büdcə pullarının fırlandığı QHT sektorunda Azay Quliyevin qrup, tayfa və digər prinsiplərlə söykənən siyasəti səbəbindən, bu sahədən Azərbaycan dövlətinin gözlənilən effekti ala bilmədiyini əminliklə demək olar. Ona görə də QHT Şurası Azərbaycan dövlətinin gözləntilərini nəniki doğruldub, hətta bu sahədə eybəcər mühit yaradaraq, daha gərgin bir vəziyyətin yaranmasına zəmin yaradıb. Son günlər tanınmış jurnalist Həbibə Abdullanın araşdırmaları da bu sahədə ciddi problemlərin olduğunu ortaya qoydu.

Bütün bunları görmək üçün, gəlin, QHT Şurasının son açıqladığı müsabiqənin nəticələrini təhlil edək, eyni zamanda, hansı layihələr əsasında necə qrant verilməsinə diqqət edək. Diqqət etsəniz, görəcəksiniz ki, QHT Şurası daha çox qarant layihələri ilə bağlı ictimaiyyətə heç bir təsviri hesabat təqdim etmir. Maliyyə hesabatlarına gəlincə, sadəcə, formal olaraq, “çek” verilmiş kimi xəbərlər tirajlanır. Amma bu qrantlar hara və necə sərf olunursa, heç bir məlumat yoxdur. Tutaq ki, yuxarıda adını çəkdiyimiz şəxslər 1-ci maliyyə müsabiqəsi zamanı qrant aldılar, bəs o qrantı necə və hara xərclədikləri ilə bağlı hesabat, açıqlama, təsviri bir sənəd ortaya qoyub ictimaiyyətə açıqladılarmı? Əlbəttə, yox… Halbuki istənilən layihənin icrası dövründə QHT tərəfindən müqavilədə göstərilən müddətlərdə iki hesabat təqdim edilməlidir:

1. Layihənin icrası haqqında təsviri hesabat;
2. Maliyyə hesabatı.

Azay Quliyev qrantları hansı prinsiplərlə ayırır: dövlətin pulunu talamaq olarmı?

Bu barədə dəfələrlə mediada məlumatlar yayılıb. Amma QHT Şurası, xüsusən Azay Quliyev bu barədə qaneedici cavab verməyiblər. Ona görə də bu sualın cavabı üçün son qrant siyahısı, ayrılan vəsaitlər, gülüş doğuran layihə istiqamətləri, həmçinin eyni sahə üçün verilən qrantların məbləğləri arasındakı fərqlər, ən əsası, qrup və tayfabazların daha çox pulla “mükafatlandırılması” halları bu sahənin “yol xəritəsi”i sayıla bilər. Bu, eyni zamanda, QHT sektorunun “Xaç atası” Azay Quliyevin diqqətçəkən “qrantpaylama prinsipləri”nin nədən ibarət olduğunu da göstərir. Gəlin bu barədə zaman-zaman mediada işıqlandırılan və təkzib olunmayan məlumatlara diqqət edək:

Azay Quliyev ilk növbədə:

– Öz ətrafı və şəxsi nəzarətində olan QHT-lərə;
– Media və ictimai sektorda Azay Quliyevin “sürətli siyasi karyersı” üçün “tər tökən” QHT-lərə;
– Ehtyatlandığı, daha dəqiqi, ciddi şəkildə çəkindiyi populyar QHT-lərə;
– Ayrı-ayrı nüfuzlu şəxs və qruplara bağlı olan təşkilatlara.

Bir nümunə: ötən parlament seçkiləri öncəsi – 2015-ci il 2-ci maliyyə yardımı müsabiqəsi elan olunarkən, deputatlardan birinin qızına qrant ayrılmışdı. O, seçkilər zamanı portal yaradaraq, seçki aktivliyini, seçicilərin maarifləndirilməsi ilə bağlı işlər görməli idi. Amma həmin sayt seçkilər bitdikdən sonra fəlaiyyətə başladı. Bunu domenin alındığı tarixlə də asanlıqla müəyyən etmək olur. Və məlum olur ki, 2016-cı ilin birinci maliyyə müsabiqəsi zamanı ona yenidən 14 min manat qrant ayrılıb. Bu, dövlətin puluna həmkarlıq, dostluq, qohumluq prinsipi ilə yanaşmanın bariz nümunəsi deyilmi?

Niyə Azay Quliyevdən yazmaq “qadağan”dır?

Qısa araşdırmalarımız zamanı məlum oldu ki, QHT Şurasının bir çox tanınmış şəxslərlə münasibəti onun fəaliyyətindəki neqativ halların ictimailəşməsinin qarşısını alır. Xüsusən, media cameəsində çoxsaylı şəxslər QHT Şurasından ya qrant alır, ya da həmin media qurumları ilə Şura bu və ya digər mənada əməkdaşlıq edir. Bu üzdəndir ki, Azay Quliyevi mediada tənqid etmək çətinləşib. Onun haqqında yazan jurnalistlərə hədə-qorxu gəlinir, barələrində müxtəlif böhtanlar yazılır. Hətta ötən il jurnalistlərdən bir neçəsi bununla bağlı məlumat da yaydılar ki, Şuranın əməkdaşları onları həbslə hədələyir, guya buna görə yuxarı dairələrdən razılıq alındığını da deyiblər. Maraqlıdır, prezidentin etimadını doğrultmayan, belə yarıtmaz fəaliyyəti ilə Azərbaycana qarşı olan qüvvələrin əlinə fürsət verən və ən əsası dövlətin pulunu geninə-boluna kimə gəldi pay-püşk edən Azay Quliyev kimə arxalanır? Onu müdafiə edənlərin, mediada və siyasətdəki “muzdlu yandaş”larının məqsədi nədir: vətənə xidmət, yoxsa dövlətin puluna minnət?..

İstisna etmirik ki, bu yazıdan sonra bizə də təzyiqlər ediləcək, bu və ya digər şəkildə fəaliyyətimizə mane olmaq istəyənlər olacaq. Amma unutmasınlar ki, biz faktların dili ilə danışırıq və yazırıq. Yaxın günlərdə də məhz faktların, rəqəmlərin və hesabatların müqayisəli təhlilini diqqətinizə çatdıracağıq. Ümid edirik ki, Quliyevin mediadakı və siyasətdəki “muzdlu yandaş”ları bu rəqəmlərdən nəticələr çıxaracaqlar. Adi bir hesablama yetərlidir ki, təkcə parlament seçkiləri dövründə Azay Quliyevin 10-dan çox mediada təbliği gedirdi. Həmin sayt və qəzetlərin MSK-ya təqdim etdiyi reklam şərtləri isə ən azından 200 AZN-dən yuxarı idi. Azay Quliyevin həmin media qurumlarında özünü deputat maaşı ilə reklam etməsi isə absurddur. Yox, əgər o media qurumları bunu təkzib edəcəklərsə, o zaman onların vergidən yayınma hallarına yol verdikləri üzə çıxacaq ki, bu da əlavə cinayət tərkibi yaradır.

Sonda onu da qeyd etmək istəyirik ki, bir qədər əvvəl ölkə başçısı qrantların verilməsində “Vahid pəncərə” sisteminin tətbiqi ilə bağlı fərman imzaladı. Bu həm ölkə xaricindən qrant alanlar, həm də ölkə daxilində qrantları mənasız yerə xərcləyənlər üçün bir növ hüquqi prosedurun müəyyənləşdirilməsidir. Və ümid edirik ki, dövlət başçısı bununla yanaşı, ölkə daxilində də qrantlarla bağlı islahatlar həyata keçirəcək, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini də ciddi yoxlatdıracaq. Ölkənin belə iqtisadi durumda olduğu bir məqamda adı tanınmayan və heç bir ictimai çəkisi olmayan QHT-lərə qrantların hansı prinsiplə və niyə verildiyini aydınlaşdırmaq üçün məzh dövlətə xeyir gətirən faktor olacaq.

– Səs vermə necə keçirilir?
– Şura üzvləri necə qrant alır?
– Hər il eyni adamlara qrantlar verilir, amma nəticə niyə sıfırdır?
– QHT Şurası niyə prezidentin etimadını doğrulda bilmir?

Bütün bu suallara isə növbəti yazımızda aydınlıq gətirəcəyik.

P.S. Qeyd edək ki, yazı əsasən də mediada yayılan məlumatlara hazırlanıb.

Murad Əhmədov

AzToday.az

Oxu 343 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu