Azərbaycanda saxta prezident seçkilərinə YOX deyək - BƏYANAT Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Azərbaycan vətəndaşları 11 aprel 2018-ci il tarixdə keçiriləcək növbədənkənar saxta prezident seçkilərini durdurmağa çağıran bəyatan yayıblar. Xeber.İnfo həmin bəyatanatı olduğu kimi təqdim edir:

“Avropa Şurasının Parlament Assambleyasına;

Avropa Parlamentinə;

ABŞ və Avropa Birliyi Dövlətlərinin başçılarına:

Hörmətli xanımlar və cənablar!

Biz - Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən qanunsuz təqiblər nəticəsində ölkəni tərk edib Avropa ailəsinə və dünyanın müxtəlif dövlətlərinə sığınan, eləcə də, Azərbaycan Respublikasında ata - oğul əliyevlərin qurduğu avtoritar rejimdə basqı, təqib və təhlükə altında yaşayan, hüquqları hər addımda tapdalanan Azərbaycan vətəndaşları Vətənimizin indiki məsuliyyətli dövründə sizlərə müraciət edir və kömək gözləyirik.

Konstitusiya ilə respublika üsül - idarəsinə malik olan ölkəmiz son 25 il ərzində bir ailə tərəfindən idarə olunur. Hələ sovetlər dönəmində 18 il (1969-1987) kommunist Azərbaycanına rəhbərlik edən ata Əliyevin yeni dönəmdəki 10 illik (1993-2003) hakimiyyətindən sonra taxta çıxan oğul Əliyev 2003-cü ildən etibarən ölkəmizi avtoritar formada idarə edir.

Ata və oğul əliyevlərin hakimiyyəti dövründə minlərlə vətəndaşımız siyasi məhbus taleyi yaşamışdır. Bu gün də ölkəmizdə beynəlxlaq hüquq müdafiə təşkilatları tərəfindən tanınan 160-dan çox siyasi məhbus vardır. Müxalif fikirli vətəndaşlarımız adi insan hüquqlarından məhrum edilir, onlara əmək hüquqları, təhlükəsiz yaşamaq, ədalətli mühakimə olunmaq və azadlıq hüquqları tanınmır, onlar öz vətənlərini tərk etməyə məcbur edilirlər. Ölkəmizdə son 25 ildə keçirilmiş bütün parlament, bələdiyyə və prezident seçkilərinin və o cümlədən, bütün referendumların nəticələri saxtalaşdırılmış və bu fakt ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası rəhbərlərinin məşhur “kürü diplomatiyası”, “Panama kağızları” və “3 milyardlıq rüşvət” qalmaqalları da bütün dünyaya məlumdur.

Belə bir şəraitdə, İlham Əliyev artıq dördüncü dəfə prezident vəzifəsini zəbt etmək üçün 11 aprel 2018-ci il tarixə yeni növbədənkənar prezident seçkisi elan edib.

Əliyevlər ailəsi hakimiyyəti əldə saxlamaq üçün ölkədə 3 dəfə saxta referendum keçirmiş və ölkə Konstitusiyasını özlərinin arzu və istəklərinə uyğunlaşdırmışdırlar.

2009-cü il tarixli saxta referendumla İlham Əliyev Konstitusiya ilə özünün ömürlük prezident olmasını təmin etmiş, “bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin qadağan edilməsi” barədə müddəanı Konstitusiyadan çıxartdırmışdır.

26 sentyabr 2016-cı ildə keçirilən son referendumla isə İlham Əliyev bir sıra digər əlavə imtiyazlarla yanaşı, həm də, heç bir səbəb göstərmədən, özü üçün “növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilmək hüququ” tanımışdır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, “Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.”

Bu qanuna görə isə, Azərbaycanda növbəti prezident seçkisi 17 oktyabr 2018-ci ildə keçirilməlidir.

İlham Əliyev isə saxta referendumla mənimsədiyi səlahiyyətlərdən istifadə edərək, heç bir səbəb göstərmədən elan etdiyi qəfil prezident seçkiləri ilə özünü yenə də həmin saxta referendumla müəyyən edilən növbəti 7 illik dövr üçün prezident elan etmək istəyir.

Bütün bunlar həm də seçki qanunvericiliyinin tərəfsiz seçki keçirməyə imkan vermədiyi və seçkini keçirməyə məsul olan bütün seçki komissiyalarının İlham Əliyevin birbaşa nəzarətində olması şəraitində baş verir.

Hörmətli xanımlar və cənablar!

Xalqımız Şərqdə ilk dəfə, hələ 28 may 1918-ci ildə Respublika üsül - idarəsi elan etmiş və əcdadlarımız Şərqdə ilk dəfə qadınlara seçki hüququ tanımışlar. Həm də, bunlar çoxmillətli, eyni zamanda, dini inancları müxtəlif olan insanların yaşadığı məmləkətdə baş vermişdir.

Təəssüf ki, bəzi avropalı parlamentarilərin də dəstək verdiyi əliyevlər hakimiyyəti xalqımızı son 25 ildə anti - demokratik, avtoritar bir rejimdə yaşamağa məhkum etməklə, milli sərvətlərimizi talamaqla yanaşı, insanları siyasi mövqeyinə görə təqib edir, onlara fiziki və mənəvi işgəncələr verir, bəzən də fiziki cəhətdən məhv etməkdən belə çəkinmir.

Bizim xalq azadlıq sevən xalqdır, demokratik ənənələrə və tolerantlığa sadiq xalqdır!

Bizim xalq bütün dinlərə dözümlülüklə yanaşan və müxtəlif xalqlarla bir arada sülh içində yaşamağı bacaran xalqdır!

Ancaq, indi tarixi şərait elə gətirmişdir ki, xalqımız qanunsuz, qəddar, heç bir insani dəyər tanımayan bu rejimin əlində təklənmişdir.

Çox hörmətli xanımlar və cənablar!

Xalqımızın sizlərə, Avropa dəyərlərinə, mədəni dünyanın köməyinə ehtiyacı var.

Xalqımızın susmasını, kütləvi surətdə etiraz tədbirlərinə çıxmamasını düşdüyü vəziyyətlə barışması kimi qəbul etməyin! Bu, indiki rejimin qəddarlığının, zalımlığının, özbaşınalığının nəticəsidir və müvəqqətidir.

Əgər siz doğrudan da:

- Azərbaycan Respublikasının Avroatlantik məkana inteqrasiyasını və onun dəyərlərinə sadiq qalmasını istəyirsinizsə;

- Azərbaycan Respublikasının müstəqilliyinə, rus imperiyasının quluna çevrilməməsinə və burada xalq hakimiyyətinin bərqərar olmasına tərəfdarsınızsa;

- Azərbaycanda demokratik, sivil bir cəmiyyətin, qanuni bir hakimiyyətin formalaşmasında maraqlısınızsa,

Sizlərdən aşağıdakıları xahiş edirik:

- 11 aprel 2018-ci il tarixli prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasını və bu saxta nəticələrin elan edilməsini gözləmədən, Azərbaycan Respublikasında elan edilmiş növbədənkənar prezident seçkilərinin dərhal durdurulmasını, normal seçki mühitinin yaradılmasını və seçkini keçirəcək orqanların – Mərkəzi Seçki Komissiyasının (MSK), dairə seçki komissiyalarının (DSK) və yerli məntəqə seçki komissiyalarının (MnSK) paritet əsaslarla formalaşdırılmasını və seçkini beynəlxalq təşkilatların bilavasitə iştirakı ilə keçirilməsini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təklif edin;

- Təkliflərinizə əməl edilməyəcəyi təqdirdə, qanunsuz və avtoritar əliyevlər rejiminin təmsilçilərinə siyasi və iqtisadi sanksiyalar tətbiq edin, prezident ailəsinin, dövlət rəhbərlərinin, nazirlərin və iş adamlarının ölkələrinizə, Avropaya və Amerikaya viza almalarını qadağan edin, ölkələrinizdəki əmlaklarının üzərinə həbs qoyun, bank hesablarını dondurun.

Biz sizin Azərbaycan Respublikasında da demokratik, sivil, qanuni bir siyasi rejimin qurulmasında maraqlı olduğunuzu əməli olaraq nümayiş etdirəcəyinizə, xalqımızı bu qəddar, təpədən dırnağa kimi silahlı, milli qanunları saymayan, beynəlxalq hüquq normalarını, insan hüquqlarını tapdalayan əliyevlər rejimi ilə indiki qeyri - bərabər mübarizədə tək qoymayacağınıza ümid edirik.

Göstərəcəyiniz diqqət və qəbul edəcəyiniz qərarlara görə, sizlərə öncədən minnətdarlığımızı bildiririk.

Hörmət və ehtiramla,Azərbaycan Respublikasının vətəndaşları.

Müraciətin müəllifləri:

1. Dr. Rövşən Yunisoğlu Qəmbər - "Dünya Azərbaycanlıları Məclisi"nin sədri (Almaniya), Tel: 004917620680410

2. Qurban Cəlal oğlu Məmmədov - Hüquqşunas (Azərbaycan), Tel: 00994502006610

2. Ataxan Abilov - Hüquqşunas (Niderland), Tel: 0031644404666”

Oxu 308 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.