Saturday, November 25, 2017

“Etibar Məmmədov hakimiyyətin bir qanadı ilə təmasdadır və öz zamanını gözləyir” - VİDEO Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

VİP sədri Əli Əliyev “Qaynar Qazan”da:"AMİP ona görə ikiyə bölündü ki..."

Əbülfəz Elçibəyin prezident olması Azərbaycan Xalq Hərəkatının çox yanlış qərarı idi

Aparıcıdan müsahibəyə ön söz…

Onu hələ AMİP adlı Azərbaycan siyasətinin nəhəng partiyasında gənclər təşkilatının sədri olduğu illərdən tanıyıram. Mən Türkiyədə oxuyanda çox fəal idim və hər Azərbaycana gələndə demək olar ki, bütün gənclər təşkilatları və siyasi partiyalarla görüşür, onlardan Türkiyə mətbuatı üçün müsahibələr alırdım. Əli Əliyevlə də o zamanlar tanış olmuşduq. Amma xasiyyətindəki qapalılıq, adamayovuşmazlığı və quruluğu daha çox yaxınlaşmağımıza imkan vermədi. Zatən çox keçmədi ki, AMİP-in vəzifə eşalonlarında yüksəldi, irəlilədi və partiyanın önəmli adamlarından biri oldu. Bizim siyasi fəlsəfədə isə yüksələn insanlar dostluq tellərini bərkitməzlər, əksinə, mümkün olduğu qədər yumşaldarlar. Ki, biz onunla heç dost da deyildik.

Zaman-zaman Etibar Məmmədovun yanında müstəsna səlahiyyətli adamlardan oldu. Ondan şikayətlər başladı və yaxşı yadımdadır, “Xural”da Həsən Bayramoğlunun və digərlərinin onu da hədəf götürən müsahibələri yayınlandı. Sonra AMİP-dən ayrılma prosesi başladı və biz o zaman qəzet olaraq da Əli Əliyevin əleyhinə yer aldıq. Nə o zaman, nə də o zamandan sonra heç bir zaman Əli Əliyevi dəstəkləmədik, imkan olduqca tənqid etdik. Münasibətlər bütün zamanlarda bumbuz, soyuq olaraq qaldı. Onun siyasətini anlamadıq, anlamağa təşəbbüs də göstərmədik.

Azərbaycan siyasətinin boz-bulanıq yollarında son 10 ili partiya sədri olaraq addımlayır Əli Əliyev. Son günlər hiss olunacaq dərəcədə aktivləşib və sərtləşib. Düzdür, özü bunu facebook sosial şəbəkəsinin varlığına bağlayır, amma mən bilən facebook son aylar yox, son illər Azərbaycanda mövcuddur və Əli Əliyevin fəallaşması illərin yox, ayların işidir.

Zaman-zaman bloklarda və siyasi birliklərdə olsa da, parlaya bilməyib. Onu indiki siyasi mühitin gənc nəslinə aid etmək olar. Müsahibəmiz də elə bu mövzu üzərində quruldu. Niyə siyasətə atıldı və nəyə nail oldu? Gücü nə qədərdir? Ənənəvi siyasətdən onu fərqləndirən nələrdir? 10 ildir qurduğu partiya ilə nəyə nail ola bilib? Mən şəxsən bu sualların heç birinə qaneedici cavab almadım. Hələ də Etibar Məmmədov kompleksi daşıdığının şahidi oldum. Bir neçə dəfə təkrarlasam da, “Etibar Məmmədovu özünüzün müəlliminiz hesab edirsinizmi” sualına cavab ala bilmədim. Amma Etibar Məmmədovdan xeyli danışdı və üz-üzə gəlib müəyyən məsələləri aydınlaşdırmaq niyyətində olduğunu dedi. Hansı ki, Etibar Məmmədovun haqlılıq məsələsində onunla bir yerdə oturacağını və nəyisə aydınlaşdıracağını gözləmək əbəslə iştiyaqdır.

Siyasi və tərs suallara dözümsüzdür. Bir cəbhəçinin sualına verdiyi cavab və ümumən, tənqid tonlu suallara reaksiyası içində iri bir totalitarın yatdığının göstəricisidir. Bir sualla Əli Kərimli haqqında elə şeylər dedi ki… Görünür, qarşıda AXCP ilə ciddi savaş onu elə də çəkindirmir…

Etibar Məmmədova söz atan, Əli Kərimliyə sətir altında və üstündə hədə-qorxu gələn, Lalə Şövkət kimi liderləri tənqidə səsləyən, Elçibəyi iki simada görən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir “Qaynar Qazan”ın qonağı. O danışır, Azərbaycan siyasətçilərinin gənclər nəslinə aid olan bir siyasət adamı…

Qazanın qapağını qaldırın və baxın…

Əvəz Zeynallı

I hissə

Ən prinsipial mövqedə duran təşkilatıq

– Salam.

– Salam.

– Sizi “Qaynar Qazan”da xoş gördük.

– Çox sağ olun.

– Son günlərdə etdiyiniz çıxışlarla müsahibəni başlamaq istəyirəm. Siz həmişə bir qədər təmkinli, loyal siyasət yürütmüsünüz, amma son günlər radikallaşmısınız. Yoxsa mənə elə gəlir?

– Mənə elə gəlir ki, bu, bir qədər yanlış, təhrif olunmuş mövqedir. Çünki bizim partiyamız (Red- Vətəndaş və İnkişaf Partiyası – VİP) ən prinsipial mövqedə durmağa çalışıb. Dediklərimi sübut etmək üçün tarixə varmaq məcburiyyətindəyəm. Bizim partiyamızın formalaşması məhz haqq uğrunda olub. 2005-ci il parlament seçkilərindən sonra o vaxt sədri olduğum təşkilatda seçkilərlə bağlı fikir müxtəlifliyi əmələ gəlib və o zaman biz seçkilərin legitimləşdirilməsində iştirak etməmək qərarını qəbul edərək, mövqe nümayiş elətdirdik. O vaxt mən partiya sədri olaraq, “Azadlıq” seçki blokuna daxil olmaq qərarını qəbul etdim və partiyanı da “Azadlıq” blokuna daşıdım. Seçkilərdən sonrakı fəaliyyətimizdə də məhz bu mövqedən çıxış etdik və bir qədər sonra da “Azadlıq” seçki blokunun nüvəsində durduğu “Azadlıq” siyasi bloku təsis olundu, biz də təxminən 5 il müddətində Azərbaycanın hakimiyyətə qarşı ən kəskin, prinsipial mövqedə duran siyasi blokunun təsisçilərindən olduq. Orada təxminən 5 ilə qədər fəaliyyətimiz oldu. Ondan sonrakı müddətdə də bizim mövqeyimizdə hakimiyyətin siyasətinə qarşı heç bir yumşalma olmayıb. Mən partiyaların mövqeyini onların qəbul etdikləri siyasi qərarlarla ölçməyin tərəfdarıyam. Belə ki, Azərbaycanda 2005-ci ildən bu yana keçən seçkilərdə Vətəndaş və İnkişaf Partiyası ən prinsipial mövqedə duran bir təşkilat olub. Dediklərimi sübut etmək üçün tarixə ekskursiya eləmək lazımdır. 2005-ci il parlament seçkilərindən sonra 2008-ci ildə prezident seçkiləri keçirildi. Yadınızdadırsa, o vaxt müxalifət təşkilatları seçkilərdə iştirak etmədilər və faktiki olaraq İlham Əliyev alternativsiz prezident oldu. Həmin vaxt seçkilərə etiraz edən 5 tərəf ortaya çıxdı. O tərəflərdən biri də Vətəndaş və İnkişaf Partiyası idi. Yadınıza salım ki, o 5 partiyanın içərisində AXCP, Müsavat, Liberal partiyaları və Eldar Namazovun rəhbərlik etdiyi Azərbaycan Naminə Alyans var idi və yekun sənədə bu 5 təşkilat imza atdılar. İlk olaraq, İlham Əliyevin prezident seçilmədiyini bəyan edən bu siyasi 5 partiya tərəfindən sənəd imzalandı. 2008-ci il prezident seçkilərindən sonra dərhal hakimiyyət, daxili ixtilafların qarşısını almaq üçün ortaya referendum məsələsini atdı. O vaxt cəmi 6 təşkilat birlikdə antireferenduma qoşulmaq qərarını verdi və açıq şəkildə hakimiyyətə qarşı siyasi mübarizəni sərgiləməyə təşəbbüs göstərdi. O 6 partiyadan da biri Vətəndaş və İnkişaf Partiyası olub. 2010-cu il parlament seçkilərində yenə də partiyamızın qərarı o olub ki, biz seçkilərin nəticələrini tanımırıq. 2013-cü il prezident seçkilərində yenə də partiyanın namizədini qeydə almadılar və seçkinin bütün gedişatı ədalətsiz oldu. Bu seçkinin də nəticələrini tanımadıq. 2015-ci il parlament seçkiləri ilə bağlı da mövqeyimiz bundan ibarət olub. Yəni diqqətlə araşdırılsa, bizim partiyamız yarandığı gündən bu günə qədər ən prinsipial mövqedə duran bir siyasi təşkilatdır.

Rəqiblərimiz bizi tribunadan sıxışdırmağa cəhd edirlər

O ki qaldı bizim görüntümüzə, biz sadəcə olaraq, siyasi davranışlarımızda da Azərbaycan xalqına xas olan davranış keyfiyyətləri nümayiş etdirməyə üstünlük veririk. Belə ki, bizim baxışlarımıza görə, İlham Əliyev və onun komandası ilə bizim heç bir şəxsi ədavətimiz yoxdur. Biz onların yürütdüyü siyasəti qəbul etmirik, biz onların siyasətinə qarşı mübarizə aparırıq. İlk növbədə də özümüzün şəxsiyyətimizə və ləyaqətmizə hörmət etməyimiz səbəbindən… Bizim millətin formalaşdırdığı davranış qaydalarına söykənərək, heç kəsin şəxsiyyətinə toxunmamışıq və kiminsə şəxsi keyfiyyətlərinin müzakirəyə çıxarılmasına yol verməmişik. Bundan sonra da buna yol vermək niyyətimiz yoxdur. Hesab edirik ki, siyasi mübarizədə bu cür davranış sərgiləmək yanlışdır. O ki qaldı hakimiyyətin bütün səhv, yanlış siyasi xəttinə, mövqeyinə qarşı biz həmişə prinsipial mövqe tutmuşuq. Burada bir maraqlı detal da ondan ibarətdir ki, sosial şəbəkələrin yaratdığı imkanlardan irəli gələrək, mənim özümün mövqeyim cəmiyyətə daha çox yansımağa başlayıb. Bu baxımdan, facebook-da müxtəlif siyasi hadisələrə münasibət bildirmək zəminində belə görünə bilər ki, biz son dövrlərdə danışmağa başlamışıq. Bunun da öz səbəbləri var. Bizim mətbuat imkanlarımız məhduddur, rəqiblərimiz bizi tribunadan sıxışdırmağa cəhd edirlər. Bu, istər müxalifət, istərsə də hakimiyyət olsun, fərq etmir. Azərbaycanda fikir monopoliyası deyilən – bazarda olduğu kimi – bir siyasi məfkurə, siyasi düşüncə tərzi var. Bu baxımdan, uzun illər bizim siyasi meydanımız olmayıb. Bu gün isə facebook-un verdiyi imkanlardan yararlanaraq, fikirlərimizi cəmiyyətə çatdırmaq potensialımız yüksəlib. Ona görə də bir çox adamlara elə gəlir ki, bizim mövqeyimiz dəyişib. Qətiyyən elə deyil.

– Əli bəy, mən diqqət edirəm, siz deyirsiniz ki, biz əvvəldən prinsipial mövqeyimizdə qalmışıq, amma demirsiniz, “biz müxalifət partiyasıyıq”. Vətəndaş və İnkişaf Partiyası müxalifət partiyasıdırmı?

– Mən bunu deməyi artıq sayıram. Təbii ki, Vətəndaş və İnkişaf Partiyası yarandığı gündən bu günə qədər siyasi hakimiyyətin siyasi qərarlarını qəbul etməyən partiyadır.

– 10 ildir yaranmısınız…

– 2 gün bundan əvvəl bizim partiyanın rəsmi yaranışının 10 ili tamam oldu. Vətəndaş və İnkişaf Partiyası 2006-cı il mayın 28-də təsis olunub. 2 gün bundan əvvəl biz partiyanın rəsmi yaranışını qeyd etmişik.

– Biz də təbrik edirik. Keçən 10 ildə nə əldə etdiniz? Ümumiyyətlə, belə bir rəy var ki, köhnə, ənənəvi müxalifət siyasi arenada gənc partiyalara imkan vermirlər. Mən sizi Azərbaycan siyasətinin gənc nəslinə aid hesab edirəm. Siz də gənc nəsil siyasətçilərdənsiniz. Haqlı suallar çıxır. Yaxşı, köhnə müxalifətin siyasətini bildik, bəs siz bu 10 ildə nə əldə etmisiniz?

– Bizim qarşımızda fəaliyyətin maddi tərəfi əsas məsələ kimi durmayıb. Əgər maddi baxımdan dəyərləndirilərsə, bu 10 il bizim üçün ancaq itki illəri olub. Təbii ki, yaşımızın üstünə yaş gəlib. Ancaq mən xüsusilə qeyd ettmək istəyirəm ki, həm mən, həm də Vətəndaş və İnkişaf Partiyasını yaradan şəxslər, onun özəyində duran insanlar, onun yeni tərkibində və fəaliyyətində rəhbərlik edən insanlarAzərbaycana xidmət nöqteyi-nəzərindən ötən ildəki fəaliyyətlərilə ancaq şərəf duya bilərlər. Biz hesab edirik ki, vətəndaş olaraq, öz vəzifəmizi icra edirik. Bu vəzifə ölkədə avtoritarizmin yumşaldılması, ölkənin ədalətli bir dövlətə çevrilməsi, hakimiyyətin özbaşınalıqlarının qarşısının alınması və mümkün olan qədər milləti maarifləndirmək qədər bir xəttimiz var. Bu fəaliyyətimiz də insana ancaq şərəf verə bilər. Burada başqa itkilər düşünülməməlidir. Hesab edirik ki, biz də öz fəaliyyətimizlə müəyyən qədər bu hakimiyyətin əlinin-qolunun bağlanmasında, özbaşınalıq etməməsində bacardığımız qədər o rolu oynaya bilmişik. Ən azı, onların siyasətini tənqid eləmək, onların siyasətini ictimailəşdirmək, onların yanlışlarını müzakirəyə çıxarmaq boş olmayan bir fəaliyyətdir. Bu baxımdan, biz hesab edirik ki, hakimiyyətin ölkəni talamasına, ölkəni zəiflətməsinə qarşı mübarizədə olmuşuq və bütün bu işləri də təbii olaraq, uğur sayırıq.

Onların qıcıqlanması bizi xoşhal edir

O zaman niyə elə bir rəy var ki, siz hakimiyyətlə və ya hakimiyyətdəki müəyyən qruplarla əməkdaşlıqdasınız? Sizi real və ciddi müxalifət hesab eləmirlər. Sizə ünvanlanan suallarda da bunu görmək mümkündür. Sizə qarşı bir gərginlik də hiss olunur. Sizi müxalifət yox, Azərbaycanda fəaliyyət göstərən hakimiyyətyönlü müxalifət partiyalarından biri hesab edirlər.

– Əgər mənə ünvanlanan suallara istinadən bunu deyirsinizsə, mən dünən həmin sualların müəlliflərini izləyirdim. Onlar müxalifət düşərgəsində, bayaq da qeyd etdiyim kimi, fikir, düşüncə monopoliyasına aid siyasi təşkilatların, hətta bəziləri rəhbərliyində təmsil olunan şəxslərdir. Onların qıcıqlanması bizi xoşhal edir. O baxımdan ki, onlar Azərbaycan siyasətində fərqli düşüncə, fərqli davranış tərzi olan bir siyasi təşkilatın fəaliyyətindən narahatdırlar və siyasi hakimiyyətə qarşı fərqli fikrə alternativ ola biləcək kimlərsə mövcuddur. Belə deyilsə, onlarla bizim başqa kəsişən yolumuz yoxdur. Biz də bu hakimiyyətə qarşı bacardığımız qədər mübarizə aparırıq. Onu da deyim, onlar yaxşı bilirlər ki, onların özlərinə yanlışlarını demək, konkret faktlarla özlərinin hakimiyyətə xidmət etdiyini göstərmək mümkündürsə, bizə qarşı bu ittihamların heç biri irəli sürülə bilməz. Nə mən özüm 28 illik siyasi fəaliyyətimdə, nə də rəhbərlik etdiyim təşkilat ötən 10 il ərzində hakimiyyətin heç bir formada əməkdaşlığında olmayıb. Əgər hər hansı bir siyasi təşkilata, hər hansı bir siyasi fərdə qarşı ittiham onun hakimiyyətdən maliyyələşməsi ilə, hakimiyyətin himayəsində olmasıyla irəli sürülə bilərsə, bizə qarşı bunu ümumi formada ifadə edirlər. Konkret olaraq, bunu heç kəs ifadə edə bilmir. Azərbaycan siyasətinin üst qatında olan mütləq əksəriyyətin hakimiyyətin hansı dövrdə xidmətində olduğunu açıq dilə gətirə bilərəm. Onlar bundan da narahatdırlar.

Bizə qarşı ittiham irəli sürmək təşəbbüsündə olanlar…

– Məsələn?

– İndi ehtiyac yoxdur. Əgər hansısa konkret təşkilatdan ünvanımıza ittihamlar gələrsə, sadə şəkildə bunu ifadə etmək mümkündür. Məsələn, bunu prinsip olaraq ifadə edə bilərəm. Hamı bilir ki, partiyalara yardım ilk növbədə onların leqallaşması, sistem daxilində olmasıdır. Hamı onu da yaxşı bilir ki, YAP-ın hakimiyyətdə olmasının 23 ili dövründə heç bir zaman ədalətli seçki olmayıb. Ancaq buna baxmayaraq, bizim Ağ Evin qərarları ilə, müxtəlif siyasi təşkilatlarda müxtəlif siyasətçilər parlamentdə təmsilçilik hüququ əldə ediblər. Və parlamentdə də hər hansı partiyanın təmsil olunması müəyyən imtiyazlar yaradır. Çox qəribədir ki, bu gün bizə qarşı ittiham irəli sürmək təşəbbüsündə olanlar elə bir partiyalarda təmsil olunurlar ki, uzun müddət YAP-ın Azərbaycanda möhkəmlənməsində bilavasitə xidmətləri olub. Bu gün o xidmətləri kiminsə ünvanına söyüş işlətməklə üstünü ört-basdır eləmək mümkün deyil. Bu gün Azərbaycan cəmiyyətinin bu vəziyyətdə olmasının, siyasi camiəsinin bu durğunluğunun da kökündə bu adamların müəyyən vaxtlardakı xidmətləri olub.

– Azərbaycan Xalq Cəbhəsi Partiyasını nəzərdə tutursunuz?

– Mən konkret heç kimi nəzərdə tutmuram. Azərbaycanın parlament tarixinə baxın və orada kimlərin təmsil olunduğunu özünüz də görəcəksiniz.

Onlar mənim haqqımda heç bir şey deyə bilməzlər

– Müsavat Partiyası və AXCP təmsil olunub. 

– Onlar da təmsil olunub, ayrı-ayrı fərdlər də təmsil olunub.

– Bəli.

– Bəli. Və onlar yaxşı anlayırlar ki, Azərbaycan siyasətinə yeni siyasi davranış üslubunun gəlməsi onların ziyanınadır. Onlar mənim haqqımda heç bir şey deyə bilməzlər.

– Niyə? Baxın, deyənlər var.

– Buyursunlar…

– Sizin haqqınızda deyirlər ki, “AMİP sədri Etibar Məmmədovun yaxın adamlarından biri olduğu halda ondan niyə ayrıldı?” Məsələn, Əbil Həsənov soruşur ki, “Etibar Məmmədovun siyasətdən getməsinə münasibəti necədir? AMİP üzvü və sədri olmusunuz, Etibar Məmmədovu özünüzə müəllim sayırsınızmı?”

– Burada maraqlı olan odur ki, bəyəm Etibar Məmmədovla hakimiyyət sinonimdir? Bu tamamilə başqa müstəvidə, başqa məcrada olan sualdır.

2003-cü ilə qədər olan AMİP tamamilə fərqli AMİP idi

– Yox, deyirsiniz ki, mənə heç kim heç nə deyə bilməz. Amma belə suallar var ki, Etibar Məmmədovla bölüşdürə bilmədiyiniz nə vardı? Ağa Abdullaoğlu soruşur: “Etibar Məmmədovla nəyi bölə bilmədiniz?”

– Lap yaxşı suallardır. Təşəkkür edirəm sual müəlliflərinə. Mənim siyasi karyeramın çox əhəmiyyətli hissəsi AMİP-in adı ilə bağlıdır. Hətta AMİP formalaşmamışdan qabaq mən AXC-nin üzvü olmuşam. N.Nərimanov adına Tibb Universitetində AXC-nin dayaq nöqtəsini yaradanlardan, formalaşdıranlardan da biriyəm. Uzun müddət Xalq Cəbhəsi sıralarında fəaliyyət göstərmişəm. 1991-ci ilə qədər onun rəsmi qurumlarında, tədbirlərində rəsmi nümayəndə olaraq iştirak eləmişəm. AMİP yarandıqdan sonra o təşkilatda olduğum dövrdə də fəaliyyətimin kifayət qədər normal hissəsi olduğunu hesab edirəm. Mənə elə gəlir ki, 2003-cü ilə qədər olan AMİP tamamilə fərqli AMİP idi. Xüsusilə, 1998-ci il seçkilərində… Mən ondan da bir qədər əvvələ gedərək, onu deyə bilərəm ki, Xalq Cəbhəsinin səhv etmirəmsə, 1990-cı il 6-7 yanvar tarixli III konfransı olmuşdu. Həmin konfransda çox ciddi ideoloji fikir ayrılığı ortada idi. O vaxtlar Azərbaycanın milli müstəqillikdən demokratiyaya gəlməsini doğru ifadə edən bir qanad mövcud idi. Digər qanad isə Azərbaycanın SSRİ daxilində – Xalq Cəbhəsinin proqramında nəzərdə tutulduğu kimi – demokratiyaya gəlib çatmasını istəyənlər var idi. Mən o illərdən birinci yolun tərəfdarı olmuşam. Və hesab edirəm ki, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında həmin xəttin tərəfdarlarının müstəsna xidmətləri var. O fəaliyyətimlə mən fəxr edirəm. O vaxt yanılmadığımın altını sevinclə cızıram.

– Radikallar və liberalları nəzərdə tutursunuz?

– Sonradan onlara bu cür ad verildi. Əslində, bu, hansı yollarla müstəqilliyə gəlməyin müzakirəsi idi. O vaxt bu tezisin tərəfini tutanların haqlı olduğunu tarix sübut etdi. Və onlar həqiqətən o dövrdə dünyanın super dövlətinin daxilində bu mövqeyi sərgiləməklə özlərini təhlükə altına qoymuşdular. Allahın himayəsi ilə elə oldu ki, onların dediyi kimi oldu və biz dövlət müstəqilliyi əldə edə bildik. Məhz o yolun tərəfdarlarının prinsipial mövqeyi Azərbaycan hakimiyyətində, Azərbaycan müxalifətinin digər hissəsində prinsipial mövqedə durmağa vadar edən bir mövqe idi. Mən AXC sıralarını 1991-ci il qurultayından sonra tərk edib, AMİP sıralarına ilk gündən daxil olmuşam.

Etibar Məmmədov atamın xalası oğludur

– Etibar Məmmədovla qohumluq əlaqələriniz varmı?

– Var qohumluğumuz…

– Nə dərəcədə yaxın qohumsunuz?

– Onun anası ilə mənim atamın anası doğma bacıdırlar. Atamla doğma xaloğludurlar.

– O vaxtdan bəri Etibar bəylə münasibətləriniz varmı?

– Yox. Bütün müstəvilərdə münasibətlər kəsilib. Özümü də bu münasibətlərin kəsilməsində günahkar saymıram. Mən haqlı olmuşam və haqlı olduğumu da yalnız onun iştirakı ilə sübuta yetirməyə hazıram. Həyat da göstərir ki, Vətəndaş və İnkişaf Partiyası mənim rəhbərliyim altında indi də milli-istiqlalçılıq mövqeyindən çıxış edərək fəaliyyət göstərir. Mənim yazılarım da, partiyanın mövqeyi də budur.

– Yəni Etibar Məmmədovla birlikdə hər hansı bir məsələyə aydınlıq gətirə biləcəyinizi deyirsiniz?

– Təbii ki… Amma onun özü olmadan onun haqqında hər hansı bir məsələni müzakirə etməyi düzgün saymıram.

– Bayaq belə bir sual var idi ki, Etibar Məmmədovu özünüzün müəlliminiz hesab edirsinizmi?

– İndi mən əvvəlki sualı bitirib, buna da aydınlıq gətirərəm. Mənim AMİP-i tərk etməyim, az qala mənim qüsurum kimi təqdim edilməyə cəhd olunur.

– Bəli… Sizdən kompromat kimi bunu istifadə edənlər var, sual verirlər ki, “niyə?”

– 2005-ci ili yada salın. Bu partiyanın ikiyə bölünməsinin səbəbi parlament seçkilərinin nəticəsi idi. O tərəfin nümayəndəsi saxta seçkilərin, hansında ki, AMİP-in 61 namizədi var idi, nəticəsində birinin də parlamentə düşmədiyi halda – o cümlədən mən və adı çəkilən partiya liderinin də – o seçkilərin tanınması sənədinə imza atmışdı.

İmza Etibar Məmmədovun razılığı ilə atılmışdı

MSK-dakı?

– MSK-dakı. Bu sənəd, mən hesab edirəm ki, dövləti cinayətdə iştirak idi və o sənədə hansı şərtlər daxilində imza atılmasını Əli Kərimli imza atılan günün səhəri bizə danışdı.

– Hansı şərtlər hesabına atılmışdı?

– Mən deyə bilmərəm ki, AMİP-lə bu hansı mexanizm üzrə baş vermişdi. Amma AXCP-yə gecə ərzində bir neçə dəfə külli miqdarda vəsait təklifi qarşılığında, hətta sonuncu təklifin içərisində bir neçə mandat təklifi də verilmişdi. Əgər AXCP-yə bir gecədə bütün bu təkliflər irəli sürülmüşdüsə, AMİP rəhbərliyi heç bir halda başa düşülməyən tərzdə imza atdığı halda, bunun da arxasında nəyinsə durduğu anlaşılır. O adamın sonradan partiya lideri tərəfindən müdafiə olunmasından da belə başa düşüldü ki, onun icazəsilə bu baş verib. Mən belə şeylərin daxilində olduğum üçün bilirəm ki, bu adam həmin sənədə şəxsi təşəbbüsü ilə imza ata bilməzdi.

– Elşən Musayev idi yanılmıramsa?

– Yox. Əlizadə adlı bir nəfər idi.

– Arzuman?

– Arzuxan Əlizadə.

– Partiyanın indiki sədri?

– MSK-nın nümayəndəsi o idi. Hamı da yaxşı başa düşürdü ki, o imza elə-belə atılmayıb. Mən indi sual edirəm: “O dövləti cinayətə razılıq verməli, o prosesdə içştirak etməli idim?”

– O zaman belə çıxır ki, Etibar Məmmədovun özü hakimiyyətlə anlaşıb ki…

– Mən indi deyə bilmərəm, kim-kiminlə anlaşıb. Fakt ortadadır ki, yekun sənədə imza atılıb və bu sənəd hakimiyyətin bir qolunun mənimsənilməsi sənədidir, onu rəsmiləşdirir. Və o prosesdə iştirak etməyi nə mənim özüm, nə də tərəfdarlarım özümüzə rəva görmədik. O səbəbdən də partiya ikiyə bölündü. Nəzərinizə çatdırım ki, Azərbaycanın siyasi tarixində ilk dəfə idi ki, nə bizə qədər, nə də bizdən sonra biz o partiyanın heç bir brendi, əmlakı uğrunda mübarizə aparmamışıq. Baxmayaraq ki, o partiyanın əmlakı da, bazasının formalaşmasında da – bütün formalarda iştirakımız olub. Partiyanı formalaşdıran adamlar AMİP-in qaymağında, mayasında olan adamlar olub. Biz orada heç bir qazancımıza iddia etmədən, partiyanın heç bir əmlakını istəməmişik.

– Yəni deyirsiniz ki, bu Azərbaycan siyasətində bir yenilik idi?

– Təbii ki, yenilik idi. Biz kiminsə əlində alət olmadan – biz bu gün belə halların müxtəlif versiyalarda şahidiyik, dəfələrlə belə hadisələr olub – ayrıldıq. Bizdən sonra da yeni bir siyasi fəaliyyət formalaşır – Müsavat partiyasından qopan hissə tərəfindən…

– Kimi nəzərdə tutursunuz?

– Müsavatdan ayrılanlar – Qubad İbadoğlu tərəfindən ADR hərəkatı yarandı. O baxımdan, biz könül rahatlığı ilə partiyanın hər şeyindən imtina etmişik. Baxmayaraq ki, orada da bizim haqqımız kifayət qədər çox idi. Hesab etdik ki, o məsələdə bir qədər fərqli mövqe nümayiş etdirmək lazımdır və bizim bütün davranışlarımız göstərir və sübut edir ki, baxmayaraq, haqqımızda çox söz deyilirdi, biz öz yolumuzu gedirik.

Etibar Məmmədov hakimiyyətin bir qanadı ilə təmasdadır

– Etibar Məmmədovu siyasətdən getmiş hesab edirsinizmi?

– Xeyr, hesab etmirəm.

– Deyirsiniz ki, qayıdacaq?

– Onun iki bəyanatına diqqət yetirin. O bəyanatlarda Azərbaycanda kimin Baş nazir olması haqqında konkret ünvan var. Məndə başqa məlumatlar da var. Sadəcə olaraq onları indi açıqlamağı düzgün saymıram. O, hakimiyyətin bir qanadı ilə təmasdadır. Və öz zamanını gözləyir.

– Yəni Baş nazir olacaq və yenidən siyasətə gələcək?

– İndi mən onu deyə bilmərəm ki, hakimiyyətdə hadisələr necə inkişaf edəcək. Hər halda o, kifayət qədər təcrübəli siyasətçidir…

– Kəmaləddin Heydərovu nəzərdə tutursunuz?

– Mən ad çəkə bilmərəm. Müsavat qəzetində son illərdə iki dəfə konkret adını çəkdiyiniz şəxslə bağlı “ondan yaxşı Baş nazir ola bilər” kimi bəyanatları var. Bu isə təsadüfi deyil.

– Maraqlıdır. Yəni deyirsiniz ki, Etibar Məmmədov siyasətdən getməyib?

– O, heç bir vaxt siyasətdən getməyəcək. O, hüceyrəsinə qədər siyasətçidir. Onun bu gün elədikləri “siyasi manevr” kimi qiymətləndirilməlidir. Mən şansını görməsəm də, ancaq hesab edirəm ki, siyasətdədir.

– Mənim üçün də maraqlıdır. 2005-2010-cu illərdə də bir blokun tərkibində oldunuz və ondan da bir olayla ayrıldınız.

– Deməli, blokdan biz ayrılmamışıq. O blokun tarixçəsi belədir ki, o bloku 5 tərəf təsis etmişdi.

Əli Kərimli mənə elə şərtlər irəli sürdü ki…

Deyəsən, o tərəflər sizi hakimiyyətlə münasibətlərdə ittiham elədilər.

– İndi o məsələyə də aydınlıq gətirəcəm. 2006-cı ilin fevralında – parlament seçkilərindən sonra 5 partiya – Rəsul Quliyevin rəhbərlik elədiyi Demokrat partiyası, İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat partiyası, Əli Kərimlinin rəhbərlik elədiyi AXCP, hörmətli Lalə Şövkətin rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyası və bizim Vətəndaş və İnkişaf Partiyası, sədr olaraq mən o sənədi imzalamışam. Biz “Azadlıq” siyasi blokunu təsis etdik. Sonradan, yadınızdadırsa, Müsavat partiyası təkrar seçkilərdə, parlamentin işində iştiraka təşəbbüs göstərdi və bu partiya “Azadlıq” blokunu tərk etdi. “Azadlıq” blokunun mövqeyi prinsipial idi, yeni parlament seçkilərinin keçirilməsini, artıq seçkiləri başa çatan parlamentin buraxılması tələbini irəli sürürdü. Müsavatın qərarına qədər Avropa Şurasında da belə bir ehtimal, istək səsləndirilirdi. Ancaq Müsavat partiyasının o qərarı ilə bizim təşəbbüslərimiz heçə endi. 2007-ci ildə artıq Rəsul Quliyev də ADP-dən getmişdi. Sərdar Cəlaloğlu da özü rəhbərlik etdiyi partiya ilə “Azadlıq” blokunu tərk etdi. Biz 3 tərəf olaraq, AXCP, Azərbaycan Liberal Partiyası və bizim Vətəndaş və İnkişaf Partiyası 2010-cu ilin təxminən iyun ayına qədər birgə fəaliyyət göstərdik. Çox qəribədir ki, 2009-cu ilin sonlarından Əli Kərimli bizi yenidən Müsavat partiyası ilə əməkdaşlığa sövq etməyə təşəbbüs göstərirdi. Baxmayaraq ki, biz “Azadlıq” bloku olaraq, bütün siyasətimizi saxta parlament məsələsi üzərində, o parlamentin işinin legitimləşdirilməsində iştirakçı olanların tənqidi üzərində qurmuşduq. Birdən-birə həm Lalə xanım, həm də mənim üçün başa düşülməyən tərzdə Müsavat partiyası ilə əməkdaşlığa cəlb edilirdik. Bu proses təxminən 5 ay müddətinə qədər davam etdi. Daha sonra mənim Əli Kərimli ilə özəl söhbətimiz oldu. Mən o söhbətin məzmununu danışmaq istəmirəm. O söhbətdən sonra mən şəxsən özüm üçün Əli bəyi tamamilə başqa yöndən tanıdım. Onun irəli sürdüyü şərtləri də mən heç cür qəbul edə bilməzdim. Həmçinin Müsavat partiyası ilə də yenidən əməkdaşlığı yanlış hesab edirdim. Lalə xanım da bu qənaətdə idi. Çünki ortaya iki variant çıxırdı. Əgər biz Müsavat partiyası ilə yenidən əməkdaşlığa gedərdiksə, ictimai şüurda 4 il çox sərt tənqid elədiyimiz Müsavat partiyası ilə iş ortaqlığımız ortaya çıxırdı. Belə alınırdı ki, ya 4 il biz xalqa yalan danışmışıq, Müsavat partiyası biz dediyimiz partiya deyilmiş, onunla əməkdaşlıq etmək olarmış və o, saxtakarlıq eləməmişdi o dövr üçün, ya da Lalə xanımla məndə onu saxtakar bilib, özümüz saxtakarlıq mövqeyinə yuvarlanırıq kimi bir qənaət var idi. O vaxt Əli bəy bizim mövqeyimizlə razılaşmadı və biz də Lalə xanımla onun dediklərini qəbul etmədik və “Azadlıq” bloku fəaliyyətinə bununla da xitam vermiş oldu. Biz, hörmət elədiyim Lalə xanımla 2010-cu il parlament seçkilərinə bir yerdə getdik. Buna görə də heç kəsdə o təəssürat yaranmasın ki, mən “Azadlıq” blokunu tərk eləmişəm. Əslində, “Azadlıq” blokunu AXCP tərk edib və 3 nəfərdən ikisi bir yerdə fəaliyyətini davam etdirərək, 2010-cu il seçkilərində biz Lalə xanımla, AXCP isə Müsavatla tandemdə seçkilərə qatılıb. 2010-cu ildə “Azadlıq” blokunun fəaliyyətinə xitam verilməsinin səbəbləri də bununla bağlıdır, başqa heç bir detal yoxdur.

– Maraqlı bir şey dediniz ki, Əli Kərimlini o görüşdə başqa cür tanımısınız.

– Bəli.

Etdiyi təklifləri onun özünə yaraşdırmadım…

– Necə tanıdınız?

– O, bizim ikimizə aid olan məsələdir.

– Xəyal qırıqlığına uğradınız?..

– Təbii ki… Təbii ki… Onun mənə etdiyi təklifləri onun özünə yaraşdırmadım.

– Çox ağır şərtlər irəli sürmüşdü?

– Mənə heç kim şərt irəli sürə bilməz…

– İndi dediniz ki, sizə şərt irəli sürüb.

– O, əməkdaşlığın davam etdirilməsinin şərtlərini irəli sürdü. Mən də başqalarından onun haqqında eşitdiyimi birdən-birə onun əməli fəaliyyətində gördüm. Və çox təəssüf elədim.

– Yəni indiyə kimi də Əli Kərimli ilə münasibətləriniz yoxdur?

– Siyasi münasibətlərimiz yoxdur. Başqa münasibətlərdə isə “salaməleyküm”lərimiz qalır. Ancaq mən hesab edirəm ki, Azərbaycanda o iddiada olan şəxslər belə xırda məsələlərdə bir qədər fərqli mövqe nümayiş etdirməlidirlər. Ondan da başqa, ardıcıl olmaq siyasətdə çox mühümdür. Mən hesab edirəm ki, Əli Kərimlinin Müsavat partiyasını həmin illərdə reanimasiya etməsi, onu müxalifət düşərgəsinə – parlament seçkilərindəki fəaliyyətindən sonra, 2005-2010-cu illəri nəzərdə tuturam, çox böyük yanlış idi. Bu addımın yanlış olduğunu özü də gördü.

– Altını çəkir yəni?

– Altını çəkir təbii ki… Onların işbirliyi 2010-cu ilin iyun ayında bərpa olundu. 2013-cü ilin sentyabrında isə ayrıldılar. Müsavat partiyası Milli Şuranı tərk etdikdən sonra… Bizim mövqeyimizdə haqlı olduğumuzu həyat sübut etdi. Əlavə nəsə deməyimizə bu gün ehtiyac yoxdur.

– Əli bəy, Lalə Şövkətlə münasibətləriniz varmı?

– Lalə xanıma mənim çox dərin hörmətim var.

– Bəs, o necə, siyasətdən gedib?

– Mən hesab etmirəm ki, o da siyasətdən gedib. O, hal-hazırda mövcud imkanlarına uyğun fəaliyyət göstərir. Çünki siyasi fəaliyyət böyük maliyyə tutumlu fəaliyyətdir. Dinamikliyi tələb edir.

Lalə Şövkət kimi adamlar siyasətin özüdürlər

Lalə xanım siyasətdə necə fəaliyyət göstərir?

– Partiyasının lideridir. Partiyasının siyasi xəttini müəyyənləşdirir. Bildiyim qədərilə partiyası ilə əlaqələri kifayət qədər intensivdir. Lalə xanım çapında olan və bayaq adını çəkdiyim adam da daxil olmaqla, elə adamlar heç vaxt siyasətdən gedə bilməzlər. Onlar siyasətin özüdürlər.

– Amma yoxdurlar da axı…

– “Yoxdurlar” məsələsində bir vətəndaş olaraq onları qınamağa da ehtiyac var. Mənə elə gəlir ki, bizim mətbuat vasitələri həmin çapda olan, ortaya iddia qoyan insanları tənqid etməlidirlər. Çünki bu gün Azərbaycan xalqının onların dəstəyinə, onların fəaliyyətinə, onların siyasi davranışlarına çox böyük ehtiyacı var. Bilirsinizmi, bizim siyasətçilər özlərinə mayak seçdikləri Məhəmməd Əmin Rəsulzadə ilə müqayisə etməlidirlər. Nəyə görə? Məhəmməd Əmin Rəsulzadə ən ümidsiz vaxtlarda belə Azərbaycan dövlətçiliyinə bağlı planlarında, ən imkansız vaxtlarında belə fəaliyyətini bir an da olsun dayandırmayıb. Bu gün “ümid yoxdur”, “güman yoxdur” kimi arqumentlər ölkədə prezident olmaq iddiasında olan şəxslərə yaraşmır. Mən bu yöndə çağdaş siyasətdə olmuş və olan şəxsləri misal gətirmək istəyirəm. Misal üçün, Nelson Mandela necə fəaliyyətini dayandıra bilərdi və deyə bilərdi ki, “bu gün aparteid hakimiyyətə qarşı mübarizə aparmaq mümkün deyil”? Və yaxud da Miyanmadakı Nobel mükafatlı xanım siyasətçini necə görməmək mümkündür ki, ən qatı diktatura şərtlərində belə mübarizəsini bir an da olsun dayandırmadı. Müsair dövrümüzdən Savçenkonu misal göstərmək yerinə düşər. Putin kimi əzazil bir avtoritar rəhbərlə, Ukraynada çevriliş edən bir dövlətin rəhbərilə hətta zindanda belə mübarizəsini dayandırmadı. Evlərinə çəkilib oturmuş şəxslərin – mən siyasi çapda nüfuzu olan şəxsləri nəzərdə tuturam – sabah fəaliyyətini davam etdirmək istəyəndə bəraətini bərpa etmək mümkün olmayacaq.

M.Ə.Rəsulzadəni ziyarət etməmək, azərbaycanlı olmamaq deməkdir

Emin Ramiz soruşur ki, nə əcəb Respublika günündə M.Ə.Rəsulzadənin heykəlini ziyarət edir? Bu sual mənə də maraqlı gəldi. Sizin M.Ə.Rəsulzadə ilə probleminiz olmayıb ki?

– (Gülür…) Mənim üçün də maraqlıdır ki, bu cür sual necə yaranır. M.Ə.Rəsulzadə Azərbaycan Demokratik Respublikasının, Azərbaycan dövlətinin qurucusudur. Həmçinin bu gün bütün siyasətçilərin öndəri və lideridir. M.Ə.Rəsulzadəni yad etməmək, onu ziyarət etməmək Azərbaycan dövlətçiliyini tanımamaq anlamına gəlir. Düzdür, mən Azərbaycanın dövlətçilik tarixini heç bir halda M.Ə.Rəsulzadə ilə bağlamıram. Bizim dövlətçilik tariximizin çox böyük, nəhəng kişiləri var. Mən hesab edirəm ki, M.Ə.Rəsulzadə bizim cümhuriyyətçilik tariximizin banisidir. Ona qədər olan sülalə dövlətlərinin – Azərbaycan tarixinin nəhəng dövlətləri – Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, Səfəvilər imperiyası, Əfşarlar, Qacarlar imperiyasının nəhəng şəxsiyyətləri olub ki, Hindistandan Qara dənizə qədər Azərbaycan dövlətini formalaşdırıblar. M.Ə.Rəsulzadə onların davamçısıdır. M.Ə.Rəsulzadə onların ümumiləşdirilmiş obrazıdır. Hansına ki, bu gün əlimiz çatır – həm tarixi, həm də fiziki baxımdan. Ona görə də, M.Ə.Rəsulzadəni ziyarət etməmək, mənə elə gəlir ki, azərbaycanlı olmamaq deməkdir. Siyasətçi üçün isə bu, çox mənfi haldır. Mən bilmirəm ki, bu sualın müəllifi nədən belə təəccüblənib. Ola bilsin ki, o, bizim fəaliyyətimizdən məlumatsızdır və bu da bizim günahımız deyil.

Mənim üçün Əbülfəz Elçibəy iki simada mövcuddur

– Emil Əfəndi yazır: “Dünən Əli müəllimi Novxanıda gördüm. “Antiböhran” deyilən koalisiya yaradıblar, 6-7 partiya üzvü ilə “M.Ə.Rəsulzadə” qışqırırdılar. Onlardan iki nəfəri Elçibəyi qəbul edir – M.Mirəlioğlu və Pənah Hüseyn. Bəs o necə, Elçibəyi qəbul edirmi?”

– Yaxşı sualdır. Müəllifə təşəkkür edirəm. M.Ə.Rəsulzadə ilə bağlı bir məsələni də deyim. Bizim partiyanın mayın 28-də təsis olunması ADR-ə ehtiramdan gələn bir məsələ idi. O dövrdə bu günü məhz ona görə seçmişdik. O ki qaldı Əbülfəz Elçibəyə, zaman keçdikcə istənilən azərbaycanlı tərəfindən tanınan və dəyər verilən bir siyasətçidir. Mənim siyasi yaddaşımda Əbülfəz Elçibəy iki simada mövcuddur. Onlardan biri prezident Əbülfəz Elçibəydir, digəri isə siyasi mütəfəkkirimiz, ideoloqumuz, siyasi maarifçimiz olan Əbülfəz Elçibəydir. Onları fərqləndirmək lazımdır. Mən bu gün də hesab edirəm ki, Əbülfəz Elçibəyin prezident olması Azərbaycan Xalq Hərəkatının çox yanlış qərarı idi. Əbülfəz Elçibəy Azərbaycan milli fikrinin başında durmalı idi. Onun yetişdirdiyi kadrlar Azərbaycanda siyasi hakimiyyətə gəlməli idilər və siyasi hakimiyyətdə səhv etdikləri şəraitdə Əbülfəz Elçibəy onları dəyişməyə nail olmalı idi. Çünki Əbülfəz Elçibəyin Azərbaycan siyasətində bir müəllim missiyası var idi. O vaxt xalq hərəkatının başında olan insanların mütləq əksəriyyəti onun tələbələri idi. Əbülfəz Elçibəyi o statusdan – milli ideoloq statusundan prezident səviyyəsinə endirmək, mənə elə gəlir Azərbaycan siyasətinin, Azərbaycan milli-demokratik hərəkatının əlinin yalın qalması anlamını verdi. Sonradan da biz bunun fakt olaraq, şahidi olduq. Ona görə də mən prezident Əbülfəz Elçibəyi müəyyən məqamlarda haqlı saymasam da, ancaq fikir mütəfəkkiri Əbülfəz Elçibəy mənim üçün çox böyükdür, onun səsləndirdiyi fikirlər, onun səsləndirdiyi tezislər, onun cızdığı xətt, onun göstərdiyi siyasi vektor həqiqətən də çox nəhəng vektordur, Azərbaycan dövlətinin qayəsidir.

– Biz bir qədər əvvəl bu haqda danışdıq. “Qafqaz-Qafqaz” adlı profildən sizə belə bir sual ünvanlanıb: “Əli bəyi, Sərdar bəyi və Lalə xanımı Milli Şura ilə bir yerdə görmək istərdim. Sizlər də  – Cəmil müəllim, Gültəkin Xanım, Əli Bəy kimi etibarlı və ləyaqətli insanlar hesab edirəm. Təəssüf ki, sizin potensialınızdan milli dövlət üçün istifadə olunmadı”. Bu, hər halda maraqlı bir məqamdır. Siz Milli Şura ilə bir yerdə ola bilərsinizmi?

Oxu 768 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.