“Quduz köpək”müdafiə naziri olacaq Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

ABŞ-da Donald Trampın prezident seçilməsinə dünyada ən çox sevinən ölkə Rusiyadır. Bu da əsassız deyil. Çünki Tramp seçki kampaniyası dövründə dəfələrlə Putinə şəxsi simpatiyasını ifadə edib, seçiləcəyi halda onunla “əla dostluq münasibətləri” quracağını bildirib.

Habelə Putin onun barəsində bir neçə dəfə tərifli sözlər deyib. Tramp seçiləndən sonra ona ilk zəng vuran xarici liderlərdən biri də məhz Putin olub. Lakin Trampın komandasını kimlərdən formalaşdırmağa hazırlaşdığı barədə xəbərləri təhlil edəndə belə təxmin etmək olar ki, milyaderin ABŞ-a rəhbərlik etməsi deyəsən Rusiyanı onun qələbəsi qədər məmnun etməyəcək. Çünki Tramp mühüm vəzifələrə sərt anti-Rusiya mövqeyinə malik “qırğıları” seçib yerləşdirməyə başlayıb.

Donald Tramp istefada olan dəniz piyadaları generalı Ceyms Mattisin Pentaqona rəhbərlik etməsini təklif edib. Bu barədə Trampın keçid komandasının yüksək rütbəli üzvü CNN-ə məlumat verib. Mənbə deyib ki, Tramp generalla görüşərək təklifini ona çatdırıb. ABC News kanalı da analoji məlumat yayıb. Bildirilir ki, Tramp generalın keçmişindən, xidmət karyerasından olduqca təsirlənib və onun müdafiə naziri vəzifəsini tutmasında çox maraqlıdır.

Bəs general Ceyms Mattis kimdir? Onun Pentaqona rəhbərlik etməsi və Trampın komandasında mühüm postlardan birini tutması Rusiyanı nəyə görə narahat edə bilər?

“Amerikanın səsi”nin məlumatına görə general Mattis prezident Barak Obamanı Amerikanın müttəfiqlərinə yetərincə kömək etmədiyi üçün amansız tənqid edir. Onun fikrincə, Obamanın dövründə ABŞ “strateji atrofiyaya” məruz qalıb. General deyir ki, Rusiyanın Krımı ilhaq etməci və Donbassda müharibə aparması Vaşinqtonda və Avropa İttifaqında düşünüldüyündən daha ciddi məsələdir.  Ceyms Mattisin fikrincə Putinin məqsədi NATO-nu parçalamaqdır.

Ötən il “The Heritage Foundation”-da çıxışı zamanı general deyib ki, Rusiyanın Ukraynada törətdikləri “çox təhlükəli”dir. “Putin axşam yuxuya gedəndə tam əmin olur ki, o,  bütün qaydaları poza bilər, Qərb isə istənilən halda qaydalarla oynamaqda davam edəcək. Bu, çox təhlükəli dixotomiyadır”-general deyib.

Ceyms Mattisin fikrincə, Rusiya demokratik ölkə ilə qonşu olmağı müsbət hesab etmir. “O, ətrafa qeyri-stabillik saçaraq özü üçün təhlükəsizlik qarantiyası yaratmaq istəyir”-general bildirib.

Potensial Pentaqon rəhbəri hesab edir ki, əslində məsələ təkcə Putində deyil, bütövlükdə Rusiyadadır. “Ola bilsin Putin qəfəsdən buraxdığı gücü özü də idarə etmək imkanında deyil. Hesab edirəm ki, o, 2020-ci il ərəfəsində ölsə varisi Putinin azad etdiyi impulsları nəzarətdə saxlaya bilməyəcək”-Mattis bildirib. Generalın fikrincə Putin hakimiyyətdən gedəndən sonra Rusiyanın dəyişəcəyi haqda təsəvvürlər illuziyadır.

Ceyms Mattis Amerika dəniz piyadalarının sıralarında 44 il xidmət edib. O, olduqca təcrübəli komandir hesab olunur. 2001-ci ildə Əfqanıstanın cənubunda gedən hərbi əməliyyatlara komandirlik edib. Daha sonra ABŞ-ın İraqa müdaxiləsi zamanı əsas komandirlərdən  biri olub.

Həmin il Amerika qoşunları sürətlə irəliləyərək Bağdadı tutsalar da Səddam rejiminin tərəfdarları, habelə radikal sünnü qəbilələri Əl-Fəlluca şəhərinə nəzarət etməkdə davam edirdi. 2004-cü ildə general Mattisin rəhbərliyi altında Əl-Fəllucaya hücum başlayıb. Bu, İraq hərbi kampaniyasının ən qanlı əməliyyatı idi.

General Mattisin komandanlığı ilə Amerika qoşunları Əl-Fəllucada xüsusi amansızlıq nümayiş etdirdilər. Həmin əməliyyata görə Mattis “quduz köpək” təxəllüsü qazandı.

2010-cu ildə o, ABŞ-n Yaxın Şərqdəki qüvvələrinin tabe olduğu Mərkəz komandanlığının rəhbəri təyin edilib. Bu vəzifədən istefaya gedib və Obama administrasiyasının siyasətinin qatı tənqidçilərindən birinə çevrilib.

Mattisin digər ləqəbi “Döyüşçü-monax”dır. Bu ləqəbi heç vaxt evlənməyən general bütün həyatını hərb işinə sərf etməklə qazanıb. Generalın hərb işinə necə bağlı olmasını onun hərbi mövzuda 700 cildən çox kitabın olduğu şəxsi kitabxanası da təsdiq edir.

“Amerikanın səsi” general Mattisin onun ləqəblərinə tam uyğun gələn  bir neçə sitatlarını dərc edib.

“Amerika demokratiyasını məhv etmək istəyən düşmənləri tapın və onların hər birini öldürün, o vaxta qədər ki, onların ürəkləri ölümdən bulanmağa başlasın və bizim azadlıqlarımızı rahat buraxsınlar”.

“Nəzakətli olun, peşəkar olun, ancaq qarşınıza çıxan hər kəsi öldürmək üçün hazır planınız olsun”.

“Mən sülhlə gəlmişəm. Topsuz. Və mən gözlərimdə yaş, sizi xəbərdar edirəm: Siz mənə toxunmağa cəhd eləsəniz hamınızı axırıncı nəfərinizə qədər öldürəcəm”.

“Siz elə qüvvənin hissəsisiniz ki, ondan qorxurlar və hər şeydən çox etibar edirlər. Silahı tətbiq etməzdən əvvəl ağlınızı işlədin”.

“Heç bir müharibə başa çatmayıb, nə qədər ki, bu haqda düşmənin özü elan etməyib. Biz hesab edə bilərik ki, müharibə bitib, hətta bu haqda bəyanat verə bilərik, əslində isə bizim düşmənimiz bu məsələdə söz sahibidir”.

“Mən sizi çağırıram ki, yolumuzu kəsməyəsiniz. Əks halda kim sağ qalsa hələ 10 min il bundan sonra sizə necə divan tutduğumuzu danışmaqda davam edəcək”.

“Əfqanıstanda bizə qarşı çadra taxmayan qadını beş il boyu döyən uşaqlar döyüşür. Bilirsiniz, bu uşaqlarda heç kişilik qalmayıb. Ona görə də onları güllələmək ikiqat əyləncəlidir”.

CNN bildirir ki, general Mattisin Pentaqona rəhbərlik etməsinə bir əngəl ola bilər: qanuna görə müdafiə naziri postunu tutmaq üçün ən azı 7 il istefada olmaq lazımdır. General Mattis isə 2013-cü ildə istefaya çıxıb. Lakin Konqres bu hüquqi maneəni aşaraq onu vəzifəyə təsdiqləyə bilər.

Qeyd edək ki, Tramp seçki kampaniyası dövründəki çıxışlarında Putini tərifləyib onunla dost olacağını desə də eyni zamanda öz proqramına Amerika ordusunun gücləndirilməsi, silahların və texnikanın yenilənməsi, habelə hərbi gəmilərin sayının artırılması barədə vədlər daxil edib.

Habelə o, çıxışlarından birində deyib ki, əgər Rusiya qırıcıları Amerika gəmisinə yaxınlaşsa vurulmalıdır. Bu baxımdan ekstravaqant milyarderin Ağ Evə rəhbərliyinin nə dərəcədə Rusiyanın maraqlarına cavab verəcəyini hələ izləyib görmək lazımdır. Xüsusən də onun komandasını general Mattis kimi "qırğılardan" formalaşdırmağa hazırlaşdığı bir vaxtda...(virtual.az)

Oxu 469 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.