Tuesday, November 21, 2017

AKP Davudoğlu ilə yollarını ayırır Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün hakimiyyət partiyasının qurultay qərarı elan edəcəyi gözlənilir

Mayın 4-ü axşam saatlarında baş nazir Əhməd Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü. Görüş Beştəpə prezident iqamətgahında 1 saat 40 dəqiqə davam etdi. 

Əslində sıradan bir görüş də deyilə bilərdi, amma həm görüşlə bağlı bəzi detallar, həm də son günlər hakimiyyət daxilində baş verənlər sıradan bir görüş olmadığını deməyə əsas verir. 

Görüş saat 18:00-da nəzərdə tutulsa da, 40 dəqiqə gec başlayıb. Eyni zamanda yerli jurnalistlərin müşahidəsinə görə, bu dəfə həftəlik görüşə gələn baş nazirin adətən hər zaman olduğu kimi əlində çanta və sənədlər olmayıb. Yəni baş nazirin hər zaman olduğu kimi hökumət fəaliyyətini müzakirə etmək və prezidentdə hesabat vermək üçün gəlmədiyi hiss olunub. Həmçinin görüş sonrası açıqlama verilməyib. 

Əl-Cəzirə kanalının Türkiyə ofisi isə AKP-nin növbədənkənar qurultaya getməyə hazırlaşdığını yazıb. Yeri gəlmişkən, mayın 5-də AKP-nin Mərkəzi İdarə Heyətinin toplantısı olacaq. Gələn son bilgilərə görə, İdarə Heyətinin toplantısından sonra Davudoğlu mətbuat konfransı keçirəcək və yeni qurultayın tarixini elan edəcək. 

Ancaq buna qədər Türkiyə hakimiyyəti daxilində bir sıra olaylar oldu. Baş nazir və prezident arasında fikir ayrılığının olması haqda daha öncə də müxalif mediada iddialar vardı. Ancaq son aylarda bu iddialar ciddiləşdi və prezidentə yaxın şəxslər açıq şəkildə baş nazirə hücuma keçməklə, belə davam etməyəcəyini bildirdilər. 

Amma Davudoğlunun hakimiyyətdə mövqeyini itirdiyinə dair ilk rəsmi addım aprelin 29-da AKP Mərkəzi İdarə Heyətinin partiyanın vilayət və rayon təşkilatları sədrini təyin etmək hüququnu sədrdən alması qərarı oldu. Daha öncə bu hüquq partiya sədrində olub. Ancaq son dəyişikliklə AKP-nin yerli təşkilat sədrlərini təyin etmə və vəzifədən çıxarma səlahiyyəti MİH-ə verildi. AKP Mərkəzi İdarə Heyətində isə üzvlərin böyük əksəriyyəti partiyanın qurucusu olan hazırkı prezidentə yaxın şəxslərdir. 

Bu hadisədən iki gün sonra isə “Pelikan Dosyası” adlı bloqda “Salam olsun” başlıqlı yazı yayıldı. Hökumətə yaxın şəxslər tərəfindən yazıldığı iddia olunan yazı baş nazir və prezident arasında münaqişəni faktlarla açıqlayırdı. Yazıda Davudoğlunun Ərdoğanla gərginliyinə səbəb olan hadisələr sıralanırdı. Kəşfiyyat rəhbəri Hakan Fidanın deputatlığa namizədliyi, “Şəffaflıq dosyası”, koalisiya hökumətinə münasibət, eləcə də partiyada kadrların yerləşdirilməsi, bir sıra qanunların qəbulu, son olaraq universitet müəllimlərinin mühakiməsi mövzusunda prezident və baş nazir arasında ciddi fikir ayrılığının olduğu iddia olunurdu. AKP-də bəziləri bu yazını prezident ətrafından baş nazirə xəbərdarlıq, bəziləri isə “üçüncü qüvvənin pozucu fəaliyyəti” olaraq qiymətləndirdi. 

Ancaq hadisələr çox sürətlə cərəyan etdi. Mayın 3-də AKP deputatlarının qrup toplantısında baş nazir Davudoğlu çox qısa və sərt çıxış etdi.

“Nəfsimi ayaqlar altına alaram, bir faninin tərk etməyəcəyi düşünülən hər məqamı əlimlə itələyərəm, amma heç zaman bu mübarək hərəkatdakı heç bir mübarizə yoldaşımın qəlbini qırmaram”. Davudoğlunun qısa və sərt çıxışından əsas önə çıxan cümlə bu idi. 

Türkiyə siyasi dairələri bunu baş nazirin istefa siqnalı kimi dəyərləndirdi. Bir gün sonra isə baş nazirin prezidentlə qısa görüşü və istefa xəbərləri... 

Gələn son bilgilərə görə, AKP daxilində artıq mayın 29-da Ankara Arena salonunda partiyanın növbədənkənar qurultayı keçiriləcəyi,  AKP-yə yeni sədrin və paralel olaraq baş nazirin seçiləcəyi ilə bağlı söhbət gəzir. 

Qeyd edək ki, keçmiş xarici işlər naziri Əhməd Davudoğlu 2014-cü ilin avqustundan Türkiyənin baş naziri postunu tutur. Bu vəzifəni 16 aydır icra edir. Bu dövr həm beynəlxalq siyasətdə, həm də ölkə daxilində ciddi olaylarla müşayiət olundu. Davudoğlu akademik dairələrdən gəlmiş, beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssislərdən biridir.(musavat.com) 

Oxu 519 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.